Toğrulun Aysu harayı

Səksəkə içində yatmış Toğrulu xoruzun səhər banı oyatdı. Hava işıqlaşırdı. O, nə yatmaq, nə də yerindən qalxmaq istəyirdi. Gözünü tavana zilləyərək fikir dəryasına cummuşdu... 29 illik ömrünün ən ağır günlərini yaşayırdı. O, son doqquz ildə həyatın hər üzünü görmüşdü. Ölüm bir neçə dəfə onun burnunun ucundan, qulağının dibindən vıyıltıyla keçib getmişdi. İyirmi yaşında Əfqanıstan müharibəsi, 89-cu ildən bəri Qarabağ savaşı... İkisi də bir-birinə bənzəyirdi, həm haqsızlığına, həm də amansızlığına, qəddarlığına görə...
Elbəyi müəllimi ölümün pəncəsindən ala bildilər. Yaxşı ki, Bakıdan və ətraf kəndlərdən həkimlər köməyə gəlmişdilər. İlk yardımı Toğrulun dədə-baba yurdu olan Balyatdan Yusif həkim göstərdi, onu öz rayonlarının xəstəxanasına apardı. Orada nisbətən təhlükəsiz idi, həm də Bakıdan cəbhə bölgəsinə gəlmiş təcrübəli həkimlər çalışırdılar. Görünür, Elbəyi müəllimin savab əməlləri çoxmuş: Böyük Yaradan beş gün ərzində iki dəfə onu ölümdən qurtardı... Bir dəfə erməni gülləsindən, ikinci dəfə infarktın birinci həmləsindən... Bu ürəktutması da qəfil güllə kimi bir şeydir: insan bilmir ki, harada və haçan onun üstünə atılacaq...
Əfqanıstanda keçirdiyi birillik cəhənnəm əzablarından sonra Toğrula elə gəlmişdi ki, xarakterindəki romantiklik, sentimentallıq, xəyalpərəstlik kimi duyğularını qanla suvarılan, top və raket mərmiləri, kalaşnikov güllələri ilə “əkilən” o torpaqda basdırmışdır... O qanlı savaşlarda kimisi əl-ayağını itirib sağ qalmışdı... Toğrulsa şairanə duyğularını qurban verərək cismini xilas etmişdi... Lakin həyat öz axarına düşdükdən, o ağrı-acılar canından çıxdıqdan, ələlxüsus bir şüşə arağı bir insan həyatından baha qiymətləndirən hərbçilərdən uzaqlaşdıqdan sonra anladı ki, səhv eləyir... İyirmi ildə varlığına hakim kəsilmiş kövrək duyğular onun ruhunu tərk etməmiş, müharibənin od-alovu onları yandırıb tüstüyə çevirə bilməmişdi... Sadəcə soyuqqanlılıq, laqeydlik, dözümlülük, “ölüm-qalım” hallarından necə olursa-olsun canını qurtarıb sağ qalmaq hissləri onun romantikliyini, sentimentallığını arxa plana keçirmişdi... İyirmi yaşlı dördüncü kurs tələbəsi üçün bütün bunlar ölüm-dirim imtahanı oldu... Amma ha çək-çevirə salsa da müəyyən edə bilmirdi: Əfqan müharibəsində hərbi tərcüməçi kimi iştirak etdiyi bir il onu irəli aparmış, yoxsa geri salmışdır... Orada nəyi itirmiş, nəyi qazanmışdır... Bakıya, doğma universitetə döndükdən bir müddət sonra qəlbinin dərinliklərində gizlənmiş o şairanə duyğular yenidən baş qaldırmışdı. Universiteti bitirdikdən sonra Moskvada ikiillik əks-kəşfiyyat kurslarında oxuyanda, burada Yelena ilə həyatını birləşdirəndən sonra da o kövrək duyğulardan uzaqlaşa bilməmişdi. Bu kövrək duyğular onu karyera eləməkdən, vəzifə pilləsi ilə sürətlə yüksəlməkdən saxlamışdı.
...Aysu ilə münasibətləri soyuduqdan sonra Toğrul qət etmişdi ki, istər Bakıda, istərsə də Moskvadakı kolleqaları kimi praqmatik olsun, qızlarla münasibətdə daşqəlblilik göstərsin, həmişə əhval-ruhiyyəsini yaxşı saxlasın... Qarşıya qoyduğu məqsədə doğru irəliləyən müasir, işgüzar, çevik bir adam olsun... O, içindəki şairanəliyi boğub məhv etmək istəyirdi. Ən acığı gələn ifadə “biz şair xalqıq” sözləri idi. Ürək qızdırdığı yaxınlarına deyərdi: Hanı bizim generallarımız, iqtisadçılarımız, diplomatlarımız?.. Onları barmaqla saymaq olar... Çünki uşaqlarımızın əksəriyyəti orta məktəb partasından gələcəkdə şair, müğənni, yaxud raykom işçisi və ya prokuror olmağı düşünür... Sonralar o başa düşmüşdü ki, “sovetlər ailəsində” neft çıxarmaq, pambıq becərmək rolu ayrılmış azərbaycanlılara ancaq çalmaq, oynamaq, oxumaq məsələlərində sərbəstlik verilmişdi... Hərb, siyasət, iqtisadiyyat məsələləri ilə yalnız və yalnız Moskva özü məşğul olurdu. Bu sahələrdə çalışıb yüksəlmək üçün gərək moskvalıya çevriləsən. Bunun da bircə asan yolu vardı... Universitetdə Azərbaycan tarixindən dərs deyən qocaman müəllimi yarızarafat, yarıciddi deyərdi: “Onsuz da bilirəm, çoxunuz vəzifə tutmaq üçün ağ kələmə bənzər rus qızlarının qoynuna girəcəksiniz”...
İş elə gətirdi ki, o, öz taleyini bir neçə müddətə müəlliminin dediyi kimi “ağappaq” qızla bağladı. Onu bu izdivaca itələyənsə yalnız kövrək duyğuları oldu. İldırım sürətli karyera eləmək–yaxşı vəzifə qazanmaq üçün qarşısında açılmış qapını da öz əlləri ilə bağladı...
Moskvada oxuyarkən Yelena, onun rəfiqəsi Olya ilə gəzib əylənirdilər. Toğrul heç gözləmədiyi halda Olya ona vuruldu. Kremldə yaxşı vəzifə tutmuş, bircə ilin içində Toğrulu ev-eşik və məqam sahibi eləyə biləcək atası olan Olya onu qarabaqara izləyirdi. İki rəfiqə onun uğrunda açıq, gizli rəqabət aparıb çarpışırdı. Yelenanın göz yaşları, sınaqdan keçmiş vəfalılığı, ən əsası Əfqanıstan xatirələri qalib gəldi... Yelena ilə yaşadığı o cəhənnəm əzabı, od-alov, mərmilərin ölüm, qan qoxuyan səsi Moskvada hər ikisinin kövrək yaddaşına çevrilmişdi...
Yelena onu əsl məhəbbətlə sevirdi. Toğruldan fərqli olaraq, onu Əfqanıstana romantika aparmışdı. Oraya “Vətənpərvər komsomolçu” kimi getmiş gələcək həkim Yelena tamam başqa adam olub qayıtmışdı. Bir çox sovet-rus zabitlərinin qeyri-insani hərəkətləri onun qəlbində pozulmaz izlər buraxmışdı. Qırx yaşını qeyd eləyən sərxoş zabitin əmriylə gecəyarısı dinc əhalisi yuxuda olan kəndə toplardan qırx dəfə atəş açılmasını o, qəzetə də yazmışdı... Yelena təhlükəsiz, yaxşı şərait yaradılmış mənzil-qərargahda generalın geterasına çevrilmək istəmədiyi üçün onun qəzəbinə tuş gələrək döyüş xəttinə göndərilmişdi... Burada da fars dili tərcüməçisi leytenant Toğrulla tanış olmuşdu. Bu iki həmyaş komsomolçu bir-birilərini neçə kərə havayı ölümdən qorumuşdular... Toğrulun vəzifəyə, pula uymayaraq Olyanı yox, onu seçməsini Yelena yüksək dəyərləndirirdi... Yelena göz yaşlarını uda-uda Toğrulu qucaqlayıb demişdi: “Ömrüm boyu sənə borcluyam... Xəyanətkar rəfiqəmin yanında məni sındırmadın...”
Haradasa oxumuşdu: sevgi ilə səni sevənin halına acımağın, yazığı gəlib rəhm etməyin arasında bircə addım var... Aysudan əlini üzən Toğrul o zaman hissə qapılaraq “İlk oxum daşa dəydi. Mən Aysu qədər kimsəni sevə bilmərəm. Qoy heç olmasa ilk sevgisi mən olduğum bu biçarə qızı xoşbəxt eləyim...” deyərək qərarını vermişdi...
Lakin o özü ilk sevgisini unuda bilmirdi... Bəzən yuxuda Aysunu görüb Yelenanı qucaqlayırdı... Aysunun şəkillərini albomunda görən Yelena qızın kimliyini soruşmuşdu. Toğrul hər şeyi ona etiraf etmişdi. Bir gün evə dönərkən Aysu ilə çəkdirdiyi şəkillərdən birini kiçik çərçivədə yazı stolunun üstündə gördükdə gözləri yaşarmışdı...
– Lena, bu nə üçün?
– Mən sənə nə xoşdur, onu etməyə həmişə hazıram... Özümü sənin istəklərinə qurban verməyə and içmişəm... Səni necə varsansa, eləcə də sevirəm... Bütün günahlarınla, başqasına sevginlə səni sevirəm... Sevəcəyəm, sən sevməsən də...
Toğrul onun böyüklüyünə bir daha heyran olmuşdu... Aşkarlıq erası başlayanda islam dinini qəbul etməyə qərar verən Lena demişdi:
– Mən bu dini təkcə sənə görə yox, ruhuma yaxın olduğu üçün də qəbul edirəm...
Toğrul Lenanı, onun Toğrulu sevdiyi kimi sevə bilmədi. Lena onun gözlərinə baxarkən yaşadığı ali hissləri Toğrul yaşaya bilmirdi... Lenanın onu qucarkən aldığı zövqü Toğrul ala bilmirdi... Toğrul onun daxili zənginliyini, xoş, mərd xasiyyətini, insanpərvərliyini qiymətləndirirdi. Toğrul Aysunun bir çox xasiyyətlərini Yelenada tapsa da o, Aysunu əvəz edə bilmirdi və bilməyəcəkdi. Bəlkə də beləcə yaşayacaqdılar... Amma bir bazar Lena Toğruldan bütün günü onunla olmağı xahiş etdi. Toğrulun ən çox xoşuna gələn paltarı geyinən Lena onu görüş yerləri olan Puşkin bağına, birgə gəzdikləri, şənləndikləri digər yerlərə apardı... Evlənmələrini qeyd etdikləri “Arbat” restoranına gəldilər. Yeyib içdilər... Sonda Yelena mərdliklə sakitcəsinə dedi:
– Toğrul, əzizim, mən əsl sevginin, onun dadının necə olduğunu yaşadım... Bunu sən mənə bağışladın... Amma sən məni mənim səni sevdiyim qədər sevmirsən. Buna dözərdim, əgər sənin ürəyində başqası olmasaydı... Mən sənin sevdiyin qızın şəklinə necə baxdığını çox görmüşəm... Gecələr, bəzən, yuxulu-yuxulu məni qucaqlayaraq “Aysu” deməyini eşitmişəm... Elə buna görə də o qızın ünvanını səndən icazəsiz götürüb məktub yazmışam. Sənin onu sevdiyini, sizin məhəbbətiniz naminə öz birtərəfli sevgimdən əl çəkməyə hazır olduğumu bildirmişəm... O isə səni uşaqlıqdan sevdiyini, bundan sonra da sevəcəyini, ilk sevgisinə sadiq qalaraq heç kimə ərə getməyəcəyini mənə yazıbdır. Ziyanın yarısından qayıtmaq da yaxşıdır. Sən azadsan... Mənim qəlbimdə həmişə yaşayacaqsan... Dost kimi qala bilərik... Heyf ki, övladımız olmadı, səndən bir nişanə qalmadı.
Beləcə onlar bir dost kimi ayrıldılar...
Toğrul yüyənsiz at kimi baş alıb gedən xəyalını cilovlayıb bu günə qaytardı... Bəli, o, həyatının ən ağır çağlarını yaşayırdı... Son doqquz ildə gördüyü, məruz qaldığı təhlükələrə, məşəqqətlərə, mənəvi basqı və sıxıntılara kişiyana mərdliklə dözmüşdü, qarşılaşdığı problemləri çözmüşdü, ağırlıqları yüngül etmişdi. Bu dərdə isə dözə bilmirdi... Dünyalar qədər istədiyi sevgilisinin, kəbinli arvadının, namusunun düşmən əlində girov saxlanması, alçaldılması dözüləsi dərd deyildi. Bu dərdə kişi ürəyi tab gətirə bilmirdi. O, hər cür işgəncə ilə ölməyə hazır idi, təki Aysunu buraxsınlar... İndi bir şey edə bilmədiyi üçün az qalırdı hirsindən partlasın... İllah da Aysunu – o pak, dağ döşündə bitmiş, yad barmaq dəyməmiş o zərif çiçəyi vəhşiləşmiş düşmən əlində təsəvvür eləyəndə inildiyirdi...
Kənddə günəş çıxmamış yataqdan qalxırlar. Ev sahibləri oyanmışdılar. İnəyi, qoyun-keçini sağıb, balalarını altlarına buraxmışdılar. Əmizdirdikdən sonra buzovları, quzu və çəpişləri ayırıb, analarını naxıra ötürdülər...
Anasından zorla ayrılmış kiçik bir quzusa yanıqlı-yanıqlı mələyir, özünü salındığı ağulun çəpərinə vuraraq “azadlığa” çıxmaq, anasına qovuşmaq istəyirdi...
Toğrul pəncərədən bu əsl həyat səhnəsinə baxırdı... Neçə min illərdi ki, onun əcdadları bu həyat tərzini sürmüşdülər... Obaşdan yataqdan qalxmış, kimi heyvan dalınca, kimi də əkinə-biçinə yollanmışdı... Toğrul kənd həyatı ilə az tanış olsa da bu yaşam tərzi xoşuna gəlirdi. Özünü didib tökən quzunun yanıqlı “zəngulələri” Toğrulun yadına bir xalq mahnısını saldı:

Dağlarda quzu mələr,
Bil ki, o mənəm sənsiz...

İçindən gələn həsrət onun üzündən acı bir təbəssüm kimi keçdi... Və qəfildən Toğrula elə gəldi ki, Aysu haradasa bu dağlardadır, körpə quzutək əl-ayağını əzə-əzə gəzərək onu haraylayır...
Otaq ona dar gəldi, ürəyi sıxıldı. Tələsik geyinib aşağı endi, həyətdə dümələnən Tərxan kişiyə “sabahın xeyir” deyib, hal-əhval tutdu. Bu yerlərin insanları çox saf, mərd, qonaqpərvər idilər. Elbəyini xəstəxanaya aparandan sonra Tərxan kişi onu buraxmayıb demişdi: “Madam əvvəldən düşərgahınızı mənim evimə salıbsınız, başqa yerə getmək ayıbdır. Eşidən, bilən məni qınayar”.
Toğrul evdən azacıq aralıdakı dikdirə çıxmağa başladı. Onun heç ağlına gəlmirdi ki, Elbəyi müəllim də axşam-səhər gününü elə bu dikdirdən Hadrut tərəflərə baxmaqla keçirirdi... Təpənin üstünə qalxdıqdan sonra baxışları ilə Hadrutu, onun sağındakı Qaradağlını, aşağıda Dəyirmanlını dolandı... hər iki kəndi, üstəlik Günəşli dağını-strateji önəmə malik çox mühüm mövqeləri ermənilər tutmuşdular... Onun baxışları Dəyirmanlıdan sürünərək Günəşlinin yamacları ilə gəzməyə başladı. Birdən diksinən kimi oldu, ona elə gəldi ki, bu dəqiqələrdə Aysu da ona tərəf baxır... Qışqırıb səsləsə eşidəcək... Var gücüylə onu haraylamaq üçün havanı dərindən içinə çəkdi... Lakin içindən gələn tükürpədici hayqırtısı boğazına çatanacan beyni sürətlə işləyib onu saxladı... Ağız boşluğundan özünün eşidə biləcəyi xışıltılı boğuq bir səs çıxdı:
– Aysu!!! Aysu!!! Aysu!!! Hardasan? Mən bu hayıfı onlarda qoymuyajam!.. Qoymuyajam!..
İçərisində yığılmış enerji – həsrət, nisgil, qəzəb və nifrət qarışıq enerji sanki bu sözlərlə boşaldı... Dalğa kimi havaya yayıldı. Bir az toxtadı... Öz-özünü danladı: “Yaxşı ki, özümü saxladım. Bu dəli qışqırtını eşidib bilən kənd camaatı sabahkı gün mənim haqqımda nə fikirləşərdi? Özümü möhkəm saxlamalıyam, zəiflik göstərməməliyəm...”
Heyhat!.. Bu onun öz taleyi idi. O bilə bilməzdi gələcəkdə hələ nələrlə qarşılaşacaq... Heç indinin özündə də bilmirdi ki, bayaqkı harayı həmin anlardaca Aysuya çatdı... Günəşli dağından bu səmtlərə baxan Aysunun qulağı “Aysu, hardasan?!” səslərini aldı... Eyni dalğada köklənmiş iki sevgilinin ruhları bir-birinin içindən gələn pıçıltını eşitdi... Tək-tək adamların yaşadığı bu möcüzənin – uzaqdan bir-birini eşitməyin, bir-birinə fikir ötürməyin sirrini, Allah bilir, insanlar nə vaxtsa bilə biləcəklərmi?!.
Toğrul vasitəçilərdən xəbər gözləyirdi. O, bölgədəki həmkarlarını da bu işə cəlb eləmişdi. Neçə nəfər bu suallara cavab axtarırdı:
Aysu kimin əlindədir?..
Onu qaytarmaq üçün hansı şərtlər qoyurlar?
Kimləsə dəyişdirməkmi, ya pulmu almaq istəyirlər?..
Bir neçə ay öncə girovları pul verib azad eləmək, əsir ermənilərlə dəyişmək çox çətin deyildi. Füzuli rayonunun hansısa kəndindəki dostunu ratsiya ilə çağıran erməni komandiri onun girov düşmüş qohumlarını – qadın və uşaqları UAZ maşınına yığıb gətirdiyini xəbər vermiş, onları sağ-salamat bizim tərəfə ötürmüşdü. Amma son zamanlar, erməni komandanlığı o tərəf – bu tərəfli yerli əhalinin bir-biri ilə əlaqəsinin qarşısını almışdı. Ümumiyyətlə, axır vaxtlar ermənilər özlərini inamlı aparırdılar. Qədim Zəngəzurun Mehri bölgəsində Araz çayı üzərində İranla aralarında körpü tikdikdən sonra onlar əməlli-başlı qudurmuşdular. Bu yolla İrandan yanacaq alırdılar. Son günlər onların həyasızlaşmasının bir səbəbi də Azərbaycanın daxilində baş vermiş qarmaqarışıqlıq idi. Onlar həmişə belə hallardan, hakimiyyət uğrunda çəkişmələrdən məkrlə, məharətlə istifadə edib yeni torpaqlar tuturdular.
Buradan cəbhə xəttində baş verə biləcək olaylar aydın görünürdü. Toğrul komandanlıqdan buraya ezamiyyət götürmüşdü. Topladığı materialları təhlükəsizlik xidmətinin qonşu rayonlardakı bölmələrinin xüsusi rabitəsi ilə yuxarı göndərirdi... Artıq ona gün kimi aydın idi: ermənilər hücuma başlayacaqlar. Füzuli şəhəri əldən gedirdi. Bu bölgədə ermənilər güclü idilər. Cənub-qərbdəki rayonlarda, xüsusilə, Cəbrayıl və Qubadlıda vəziyyət nisbətən yaxşı idi. Bu rayonların yerli müdafiə dəstələri münaqişənin əvvəllərindən aparıcı yüksəklikləri tutmuşdular. Bundan başqa, döyüşçülərin tərkibində hər bəndi-bərəni beş barmağı kimi tanıyan yerlilər çoxluq təşkil edirdilər. Lakin düşmən Füzuli tərəfdən hücuma keçib, Bakıya gedən asfalt və dəmir yollarını kəsə bilərdi. Bununla da mühasirədə qalan üç rayonun taleyi öz-özünə həll olunardı. Buna görə də ermənilər əsas güclərini zəif tərəfdə cəmləmişdilər.
Milli ordunun hissələrinə baş çəkmiş Toğrul bərk narahat olmuşdu. Hərbi hissələrdə güclü siyasiləşmə gedirdi. Onun “Ordunun vəzifəsi torpaqları qorumaqdır” sözlərini batalyon komandirləri nəzakət xatirinə dinləsələr də öz partiya liderlərinin göstərişi ilə hərəkət edirdilər...
Toğrul alnını ovuşdurub “Bir az idman eləmək lazımdır,” – deyə fikirləşdi. Təpənin kənddən görünməyən arxasına endi, əlləri üstə əyilib qalxdı, yoq üsuluyla nəfəs gimnastikası ilə məşğul oldu, özü-özünə bir neçə karate nömrəsi “göstərdi”... O, xeyli yüngülləşdi, fikirdən tutulmuş başı açıldı, zehni durulaşdı. “İndi işləmək olar”,– deyərək qonaq qaldığı evə yönəldi. Onu həyətdə gözləyən Tərxan kişi ilə yuxarı qalxdı. Aynabənddə onları səhər yeməyi gözləyirdi.
– Sən bizdən yaxşı bilərsən, bu işlərin axırı nejə olajaq? Biz də köç etməyə hazırlaşaq, ya yox? – deyə Tərxan kişi çəkinə-çəkinə soruşdu.
– Hələlik, yaxşı heç nə görünmür. Hər ehtimala qarşı bahalı şeylərinizi, gündəlik lazım olmayan əşyalarınızı panika-zad qaldırmadan aparsanız yaxşıdır. Çünki hər tərəfdən topların, tankların tuşlandığı bu dərə döyüş meydanıdır. Müharibədə döyüş meydanında mülki adamlar olmamalıdır. Balaca uşaqların burada qalması heç məqsədəuyğun deyil.
– Allah ömrünü uzun eləsin, bizim gül balamızın da işi avand olsun, tezliklə torpağımızı geri alasınız, – deyə Tərxan kişi minnətdarlığını bildirdi.
Yeməkdən sonra Toğrul otağına çəkildi, ratsiya ilə bölgədəki həmkarları ilə danışdı. Yeni bir şey yox idi. Sonra o, Cəbrayıl bölgəsindəki həmkarından onun arxasınca maşın göndərməsini xahiş elədi. Öz maşınını bir neçə günlüyə təmirə qoymuşdu. Həmkarı 30-40 dəqiqəyə maşının gələcəyini bildirdi.
Toğrul otaqdakı yeganə kresloya çökdü, həmişə özü ilə gəzdirdiyi sevgilisinin şəklini çıxarıb baxmağa başladı... O, Aysusuz günlərində saatlarla qarşısına qoyduğu şəkildən ona baxan gözlərdən doymaq bilmirdi... Baxdıqca sehrlənirdi, canına bir nəşə, ilıq duyğu yayılırdı. Xəyalən gah sevgilisi, gah da özü ilə danışırdı... “İlahi, bu nə gücdür o gözlərdə, maqnit kimi məni özünə çəkir? Çəkdikcə alovlandırır, yandırır... Yandıqca cismim hissiz, tüstüsüz ləzzət verir mənə... İlahi, bu nə hikmətdir, nə sehrdir o gözlərdə, məni həm dəli, həm ağıllı edir?.. Həm ağladır, həm güldürür?.. İstəsə göylərə qaldırır, istəsə quyunun dibinə salır?.. Məni uzaqlaşdıran da, uzaqlardan çəkib gətirən də o gözlər olmamışdımı?..”
Toğrul lap erkən – 13-14 yaşlarından o gözləri sevmişdi. Uşaqlıqdan həmişə həyan olduğu on yaşlı qızcığaza istək haqqında söz deməyə utanırdı. Bəlkə də onlar həmyaşıd olsaydılar, bir sinifdə oxusaydılar Toğrul qəlbini açardı. Toğrul orta məktəbi qurtarana qədər onlar hər gün görüşürdülər. Bir gün görüşməsəydilər bağırları çatlardı. Bir bəhanə ilə bir-birinin evinə gedərdilər. Uşaqlıqdan dərsə gedib gələndə, hərdən gəzməyə çıxanda əl-ələ tutardılar. Birinci dəfə Qönçə xala altı yaşlı Aysunun əlini Toğrulun əlinə verərək, məktəbə gedib gələndə, küçəni keçəndə dəcəl qızın əlini buraxmamağı tapşırmışdı. Hər ikisi əl-ələ tutmağa vərdiş etmişdilər. Oğlan on yeddiyə, qız on üçə adlayanda qəribə bir hadisə olmuşdu. Aysu rəfiqəsinə demişdi ki, Toğrulun əlində tok var. O da Toğrula yaxınlaşıb, onun əlindən tutaraq bir xeyli saxlamış, sonra çönüb Aysuya demişdi:
– Yalançı. Onun əli adi əldir, heç bir tok-zad yoxdur.
Onlar geri dönərkən Aysu sadəlöhvcəsinə özü hər şeyi açıb Toğrula demişdi:
– Sənin əlindən elə bil mənə tok keçir. İstədim müəllimə sual verib soruşum ki, insan bədənində tok olurmu? Olursa, onu necə ölçmək olar? Rəfiqəm qoymadı ki, əvvəlcə mən yoxluyum, sonra sual verərik.
Sonralar bu hadisəni xatırlayanda gülərdilər...
Orta məktəbdə tək bircə dəfə Aysu özünü Toğrulun sinəsinə sıxmışdı... Onun atası rəhmətə gedəndə... Bu bəd xəbəri eşidən Aysu tələsik onlara getmiş, hönkürə-hönkürə özünü səssizcə göz yaşı axıdan Toğrulun üstünə atmışdı. Aysu da Toğrulla bərabər bu ölümü çox ağır keçirdi. Polkovnik Hüseyn Hüseynxanoğlunu tanıyanların hamısı onu sevərdi. O, bacardığı qədər insanlara kömək edərdi, yüksək bəlağətə və məntiqə malik idi. Rusca yaxşı danışırdı, azəri türkcəsini incəliyinə qədər bilirdi. Ərəb və fars dillərindən məlumatlıydı. Ən çox sevdiyi məşğuliyyət sözlərin, yer adlarının kökünü araşdırmaq idi. Çoxdan dostluq və qonşuluq elədiyi yaşca özündən kiçik həmyerlisi Elbəyi müəllimlə söhbət eləyəndə gileylənərdi:
– Zalım uşağı, ağzımızı açan kimi adımızı pantürkçü qoyurlar. Bizimkilərə imkan vermirlər ki, sözlərin etimologiyası, toponomiya kimi sahələrdə alimlər yetişsin. Bu ixtisaslar üzrə elmi mövzu götürmək istəyən, gərək Leninqrada getsin.
– Axı toponomiya və etimologiya ilə məşğul olanda Rusiyada, Ermənistanda çox sözlərin, yer adlarının mənşəyi hamıya aydın olacaq, – deyə Elbəyi onun sözlərini təsdiqləyərdi.
Orta məktəbi Balyatda bitirmiş Hüseyn Hüseynxanoğlu müharibənin sonuncu ili yaşı çatanda könüllü olaraq orduya getmiş, Azərbaycan diviziyasında xidmətə başlamışdı. Müharibədən bir neçə il sonra ancaq respublika vətəndaşlarının qulluq etdiyi, əmrlərin azəri türkcəsincə verildiyi bu diviziyalar ləğv olundu. O, hərbi məktəbdən sonra Leninqradda hərbi akademiyanı da fərqlənmə ilə bitirmişdi. Respublika hərbi komissarlığında xidmət edirdi. Azərbaycan diviziyasında milli ruhda yetişmiş Hüseyn Hüseynoğlu da, onun dostu general da faciəvi surətdə həlak olmuşdular... Onlar haqqında uydurulanlara isə heç kim inanmırdı... Şuşanın, sonra Abşeronun birinci katibi olmuş, millətçi kimi tanınan Qəşəm Aslanovun da 80-cı illərdə avtomobil qəzası nəticəsində həlak olmasına heç kim inanmadı... Bu ölkədə millətini sevənləri, onun yolunda çalışanları gizli əllər ustalıqla aradan götürürdü...
Aysu ilə kədərləri də, sevincləri də bir olmuşdu. Onların ailələrinin get-gəli atasının ölümündən sonra daha da çoxalmışdı. Elbəyi müəllim dostunun ölümündən sonra onlara qayğını artırmışdı. Toğrulun istəyinə görə çox dəbdə olan şərqşünaslıq fakültəsinə girməsinə kömək etmişdi. Yoxsa Toğrul o zaman yalnız biliklə-zadla ora düşə bilməyəcəkdi.
Toğrulun universitet həyatı başladıqdan sonra vəziyyət dəyişdi. Onlar məktəbə birgə gedib gələ bilmirdilər. İlk əvvəllər dərs caatları uyğun gələndə Toğrul səhərlər qızı məktəbdə qoyub universitetə gedərdi, dərsi az olanda gəlib qarşılayardı. Qonşu məhlələrdə, məktəbin özündə çoxları onları bacı-qardaş, ya da qohum sanırdı. Dərslər çoxaldıqdan, vaxt azlıq etdikdən sonra daha Toğrul tez-tez onu məktəbə ötürüb – qarşılaya bilmirdi. Bir dəfə Qönçə xala Toğrula eşitdirmişdi ki, zəhmət çəkmə, daha Aysu böyük qızdır, özü gedib gəlir. Buna baxmayaraq, Toğrul məhlə uşaqlarından başqa qonşu binada yaşayan, Aysu ilə bir sinifdə oxuyan Bəbir adlı oğlana tapşırmışdı ki, qızdan muğayat olsun, məktəbə gedib gələndə ona göz olsun. Bəbir vəzifəsini can-başla yerinə yetirirdi...
Onların ikisi də bir-birinin həsrəti ilə yaşasalar da görüşləri seyrəlirdi. Ancaq məclislərdə, ad günlərində, toylarda görüşə bilirdilər. Çox zaman Toğrul Elbəyi əmi ilə görüşmək adı ilə onlara gedərdi, bəzən şama qalardı. Bayramlarda, müəyyən tədbirlərdə Aysunu dostları, yaxınları ilə birgə əylənməyə, kinoya, teatra aparardı. Hərdən ailəlikcə gəzintiyə çıxardılar. Hər belə gəzintilər onun üçün də, Aysu üçün də şirin xatirəyə çevrilirdi. İndi əlləri bir-birinə dəyəndə yox, baxışları da toqquşanda onların hər ikisini “tok” vururdu. Belə anlarda əgər Toğrul nəsə danışırdısa, dili topuq çalmağa başlayır, rəngi qızarır, sürətlə vuran ürəyi az qalırdı pırıldayıb uçsun. Onlar çox istərdilər ki, ikilikdə şəhərə gəzməyə çıxsınlar, kinoya, teatra getsinlər... Buna onların haqqı vardı. Tanışlar, qohumlar onları birgə gəzən görsələr də bunu dramatikləşdirməzdilər. Çünki həmişə onları birgə görmüşdülər. Toğrul hisslərini boğurdu. Məsələ bundaydı ki, onların aralarındakı dörd yaş fərq münasibətlərinə sədd çəkirdi. Toğrul universitet tələbəsiydi, yetişmiş gənc oğlan kimi qəbul edilirdi. Aysusa orta məktəb şagirdi idi, hələ məktəbli forması geyib saçına bant vururdu. Toğrul rəva bilməzdi ki, mərhum atası qədər hörmət elədiyi Elbəyi müəllimin şagird qızını xəlvətcə gəzməyə aparsın... Anlayırdı ki, ikilikdə olan bu görüşlərin birində özünü saxlamayıb əliuzunluq eləyə bilər... O istəmirdi ki, gözəlliyindən məst olduğu, gül butası kimi indi-indi açan bu nadir çiçəyə vaxtı çatmamış əl vursun... Bir dəfə az qala öpüşəcəkdilər... Özünü saxlayan Toğrul dözməyərək ürəyindən keçənləri Aysuya demişdi:
– Gözləməkdən gözümün kökü saraldı... Sən nə vaxt şagirdlikdən çıxıb tələbə statusu alacaqsan...
Atalar belə yerdə deyib, ayı nə qədər tələssə də, armud öz vaxtında yetişəcək. Aysusa onu başa düşürdü. Anlayırdı ki, orta məktəb partasından çıxıb universitet auditoriyasına girdikdən sonra Toğrulla münasibətlərində nisbətən sərbəstlik olacaqdı. Tez-tez universitetdə görüşəcəkdilər, dərsdən sonra boş vaxtlarında kinoya, gəzməyə gedə biləcəkdilər. Ata-anası da buna heç nə deməyəcəkdi. O, artıq tələbə idi, böyümüşdü, yetkin qız idi. Bir sözlə, onların gələcək izdivacına heç bir maneə yox idi... Eh, belə yerdə deyiblər: sən saydığını say, gör fələk nə sayır...
Universitetdə çox qız istəyirdi ki, boy-buxunlu, yaxşı oxuyan Toğrulla dostluq eləsin. Toğrul ona məhəbbətlə, ehtirasla baxan, utanıb eləmədən ona sürtüşən neçə qızı yana-yana qoymuş, heç biri ilə yaxınlıq etməmişdi. Yalnız qrup, fakültə qızları ilə tələbə yoldaşı kimi oturub dururdu, ad günlərində-zadda rəqs eləyirdi. Qrupun əksəriyyəti qızlar idi. Bir gün universitetə guya atasının yanına gəlmiş Aysu soraqlaşıb Toğrulgilin qrupunun dərs keçdiyi auditoriyanı tapır, içəri boylananda onu beş-altı qızın arasında şirin-şirin danışan görür. Pərt olmuş Aysu geri dönür. Toğrul bunu çox sonralar biləcəkdi... Aysunu şaşırdan ikinci hadisə də buna bənzər olmuşdu...
Onuncuda oxuyarkən bir gün o, sinif yoldaşları ilə dərsdən sonra şəhərə gəzməyə çıxmışdı. Rəfiqələrindən biri “Nizami” kinoteatrının yanından keçəndə kassanın qabağında hər qolundan bir qız sallanmış Toğrulu göstərib demişdi:
– Aysu, odur ey, sənin Toğrulun.
Həmişə Aysunun yanını kəsdirən Bəbir kinayə ilə mızıldamışdı:
– Afərin, qədeş. Qızları cüt-cüt sevir.
– Aley, kül başıva. Kar könlündəkini anlar. Kinoya getmək, bəyəm sevişməkdir? Onda sən bizimləsən, demək hamımızı sevirsən?
– Aaz, nə danışırsan, ömrümün axırınadək atam evində qarıyaram, Bəbirə getmərəm, – deyə qızlar onun üstünə düşüb həmişəki kimi dolamışdılar.
Üz-gözünü turşudan Bəbir də borclu qalmamışdı, üzünü “qarıyaram, Bəbirə getmərəm” deyən qıza tutmuşdu:
– Qız evində toydur, oğlanın xəbəri yoxdur. Kimdir axı səni alan, ay yazıq!..
Onları görən Toğrul bərk sevinmişdi. Qolundan sallaşmış qızları Aysuya təqdim eləmişdi:
– Qrup yoldaşlarımdır. Məni tutub əsir kimi kinoya aparmaq istəyirlər. Qollarımı buraxmırlar ki, qaçaram. Gəlin, siz də bizimlə gedək kinoya.
Aysu əli ilə divardakı afişada çəkilmiş sinəsiaçıq qızı göstərib kinayə ilə demişdi:
– Biz hələ orta məktəb şagirdləriyik, belə şeylərə baxmağa yaşımız çatmır. Belə kinolar böyüklər üçündür. Sağ olun, biz getdik...
Aysunun incik halda belə deməsi, sərt hərəkətlə dönüb getməsi Toğrul üçün yenilik idi. Nədən o, belə hərəkət eləsin?
O, sonra bunu da biləcəkdi ki, bu hadisəyə qədər Bəbir bir dəfə Aysuya yalandan deyib ki, guya Toğrulu bağda qızla öpüşən görübdür. Heç eyninə gəlməmişdi ki, Aysu onu qısqanırmış... Heç bir oğlanın ona barmağı ilə də toxunmasına imkan vermədiyi kimi, sevgilisinin də özü kimi olmasını istəyirmiş... Toğrulun tələbə qızlarla belə davranması onu qıcıqlandırırmış... Bəbirsə onun Toğruldan soyuması üçün əlindən nə gəlirsə eləyirmiş. Onların heç biri qızxasiyyət, qorxaq, həmişə ehtiyatla davranan bu oğlanın qarnının altında nələr yatdığını bilmirmiş. Toğrul onu həmişəki kimi sözəbaxan uşaq bilib özünə rəqib saymamışdı. Aysunun da uzun müddət heç ağlına gəlməmişdi ki, Bəbirin ürəyindən onu almaq keçirmiş...
Bəs Bəbirdə bu iştah necə yaranmışdı?.. Aysunun yanında Toğrulun “yerini tutması” heç kəsin nəzərini çəkməyən Bəbiri tay-tuş arasında nüfuza mindirmişdi. O, belə gözəl, hörmətli ailədən olan bir qızla məktəbə birgə gedib gəlməsinə görə sayılmasından qürur duyurdu. Bığ yeri tərlədikdən sonra onda Aysuya qarşı intim hisslər oyanmışdı... İstər evdə, istərsə də məhlədəki dost-tanışı onu ürəkləndirib deyirdilər:
– Əyə, yaxşı tapmısan, əldən buraxma.
Gerçəkdən, Bəbir onunla oturub durmağa çox can atırdı. O, təsəvvürünə gətirəndə ki, gün gələcək, Aysu ilə onunku qurtaracaqdır, qız başqasına nişanlanıb ərə gedəcəkdir, hikkəsindən bilmirdi neyləsin... Odur ki, Aysunun bütün söz və tapşırıqlarına əməl eləyir, yeri gəldikcə Toğrulun ayağının altını qazıyırdı... Onların aralarını vurmaq, ürəklərinə şübhə toxumu səpmək üçün dəridən-qabıqdan çıxırdı. Dördüncü kursda Toğrul Əfqanıstana getdikdə hamıdan çox kədərlənən Aysu idisə, ən çox sevinən Bəbir olmuşdu. Getməzdən qabaq ikilikdə görüşərək Aysunu ona tapşıran Toğrul üzünə gec tük çıxan bu oğlanın sifətindəki məmnunluğun mənasını çox sonralar başa düşmüşdü... Onun Əfqanıstandan Aysuya göndərdiyi məktublar bir-birinə oxşayırdı... Bir kəlmə də olsa sevgi barəsində yazmırdı... Bilirdi ki, məktubu Elbəyi müəllim, Aysunun rəfiqələri də oxuya bilərlər... Toğrul ürəyini deşən sözləri gündəliyinə yazırdı...
Bir ildən sonra canını bu dəhşətdən qurtaran Toğrul bərkimiş, kişiləşmiş yetkin bir gənc kimi fakültəyə dönmüşdü...Və Aysunu universitet tələbəsi kimi görəndə bütün varlığı ilə sevinmişdi... Lakin onunla görüşdükdə sevincini ifadə eləyə bilməmişdi... İlk vaxtlar o, əməlli-başlı sevinib gülə bilmirdi... Sanki unutmuşdu sevinib gülməyi... Bu bir ildə o, soyuqqanlı olmağı, sevincini, kədərini, qəzəbini içində saxlayıb büruzə verməməyi özünə aşılamışdı. Aysusa onun xasiyyətindəki bu dəyişikliyi özünə qarşı soyuqluq, etinasızlıq kimi başa düşmüşdü... Ölümdən qayıtmış bir insanın keçirdiyi sarsıntıları duya bilməmişdi...
Toğrulun Elbəyi müəllimə, Qönçə xanıma münasibətlərində əvvəlki yaxınlığı görən Aysu istəmişdi ki, onu içindən yeyən şübhələri özündən uzaqlaşdırsın... Əfqanıstandan Bakıya qayıdan Toğrul ertəsi gün birinci olaraq Aysugilə gəlmişdi, hamısı üçün çox da ucuz olmayan maraqlı hədiyyələr gətirmişdi. Elbəyi müəllim “Parker” qələmini götürmüş, gümüş-qızılla işlənmiş topaz qaşlı üzüyü qəbul etmək istəməmişdi:
– Oğul, sənin sağ-salamat qayıtmağın bizim üçün ən dəyərli hədiyyədir. Bir də axı, sən bir ildə nə qazandın ki, hələ hədiyyə də alasan?!
– Elbəyi müəllim, atamdan sonra ən böyük ehtiram və sevgi bəslədiyim insan sizsiniz. Hesab eləyin ki, atamla sizə bir hədiyyə almışam... O yoxdur... Deməli, oğulun ilk qazancı ilə alınmış hədiyyəni siz qəbul etməlisiniz! – deyə Toğrul təkid etmişdi...
Aysuya gümüşdən nəfis surətdə işlənmiş füruzə qaşlı sırğa, üzük, medalyon dəsti almışdı. Hədiyyə qızın ürəyincə idi. Gümüş ziynətlər onların hər ikisinin xoşuna gəlirdi. Təəssüflənərdilər ki, Azərbaycanda gümüşlə işləyən ustalar yox dərəcəsindədir. Gümüş özü bahalı olmasa da ondan ziynət əşyaları düzəldəndə qiymətə minir. Əfqanıstanda əl əməyi ucuz olduğu üçün belə əşyaların qiyməti aşağı idi... Aysunun uçmağa qanadı yox idi... Lakin onu göylərə qaldıran Toğrul iki gün sonra yerlərə çırpdı... Bunu çox sonralar Aysu demişdi... Demə bu, Toğrul Əfqanıstanda çəkdirdiyi şəkilləri ona göstərəndə baş veribmiş... Aysu Toğrula qısılmış, sifətində əzablı bir sevinc, fərəh həkk olunmuş ağ xalatlı Lena ilə şəkli gördükdə alınmışdı... Şəklin arxasındakı “Əziz dostuma xatirə. Məni unutma!..” sözləri onu lap cinləndirmişdi. Əfqanıstan yorğunluğu hələ canından çıxmamış, başı fərq imtahanlarına qarışmış Toğrul o günlər Aysunun hiss-həyəcanını görə bilməmişdi... Başı ayazıyandan, yavaş-yavaş özünə gəldikdən sonra Aysuya diqqəti artırdıqda görüb eşitdikləri onu sarsıtmışdı. Bəbir qızın kölgəsinə çevrilmişdi... Toğrul artıq hüquq fakültəsinin tələbəsi olmuş Bəbirlə bir bəhanə ilə ordan-burdan söhbət eləyərkən onun dilindən nə eşitsə yaxşıydı?!.. “Bəbirlə Aysu elə-belə gəzmirlər, bir-birlərini istəyirlər. Bəbirin anası hətta Qönçə xaladan “hə” alıbdır...” Hətta bir dəfə Bəbirin onun qoluna girmiş halda gəzdiklərini Toğrul öz gözləri ilə görmüşdü... Aysu onu gördükdə qızarıb qolunu sərt hərəkətlə çəkmişdi... Lap sonralar onlar bir-birlərinə səhvlərini etiraf edərkən məlum olmuşdu ki, Toğrulu uzaqdan görən Bəbir onlar qarşılaşan məqam girəvələyib qızın qolundan tutubmuş... Onun bu hərəkətindən hirslənmiş Aysu həmin andaca qolunu çəkibmiş...
Bir gün fürsət düşəndə Toğrul yarızarafat, yarıkinayə Bəbirə işarə ilə Aysuya demişdi: “Təbrik eləyirəm. Allah qoysa, xeyir iş nə vaxtdır?” Qızarıb bozaran Aysu eyni tonla cavab vermişdi: “Hələ oxuyuruq. İnşallah, dəvətnamə alanda bilərsən”... Demə, onun qısqanmağa başlaması Aysuya ləzzət veribmiş... Nəhayət, Toğrulun ayılıb onu “Bəbirin əlindən alacağını” düşünürmüş... Toğrul isə bütün bunları ciddi qəbul eləmiş, qızın onu heç vaxt sevmədiyi qərarına gəlmişdi: “Aysu uşaqlıq illərində mənə bir qardaş, yaxın bir adam kimi baxırmış... Ya da hələ mənə olan duyğularının dostluqmu, sevgimi olduğunu anlamırmış... Görünür, on yeddiyə çatdıqdan sonra zaman hər şeyi yerinə qoyub... Taleyin mənə ayırdığı bu acı sürprizi qəbul etməliyəm, qardaşlıq, dostluq borcunu yerinə yetirməkdə davam etməliyəm”.
Amma o özü qərarına axıradək əməl edə biləcəyinə çox da əmin deyildi... Aysunu sevirdi... Yenə əvvəlkitək seyrək də olsa Elbəyi müəllimlə söhbətə gedirdi, şam yeməyinə qalırdı, oğrun-oğrun Aysuya baxırdı... onun baxışlarını yayındırmasını isə tamam başqa yerə yozurdu... Heç ağlına gəlməzdi ki, Aysu acıqla belə eləyirmiş, hər gün Toğrulun ona yaxınlaşıb ürəyini açacağını, “Aysu, səni sevirəm!” – deyəcəyini gözləyirmiş... Toğrulsa qəlb evində ilk sevgisinə qəbir qazıb basdırmaq istəyirdi... Bacarsaydı, bu sevgini çıxarıb atardı qəlbindən... Amma bacarmırdı... Odur ki, bu sevgiyə qəlbində qara daşdan bir sərdabə qoydu... Hər gün boş vaxtında o sərdabəyə enir, sevgisini anıb sızıldayırdı... O, bu dərdi unutmaq üçün bilmirdi neyləsin...
Beşinci kursu qurtarhaqurtarda onu universitetin xüsusi şöbəsinə çağırmışdılar, Moskvadan ona ikiillik əks-kəşfiyyat kurslarında oxumaq üçün təklif daxil olduğunu bildirmişdilər.Toğrul fikirləşib qərar qəbul eləmək üçün vaxt istəmişdi. Elə həmin axşam məsləhət almaq üçün Elbəyi müəllimin yanına getmişdi. Elbəyi müəllim cavab verməyə tələsməmişdi. Qarşılarına qoyulmuş pürrəngi çayı aram-aram içib qurtaranadək fikirləşmiş, sonra soruşmuşdu:
– Özün istəyirsənmi?
– Bəli...
– Bu işə hazırsanmı?
– Hazıram.
– Geriyə yol yoxdur, ha!
– Bilirəm...
Sonra Elbəyi müəllimlə onun həyat yolunu müəyyənləşdirən, ancaq ikisinin arasında qalmalı olan söhbət getmişdi.
– Belə çıxır ki, Əfqanıstanda işləyərkən onlar sənə göz qoyub seçiblər. Şahlıq quşu həmişə adamın başına qonmur. Sən getdiyin o işdə qonşularımızla müqayisədə bizimkilər çox azdır. Orada vətənpərvər, qeyrətli, ağıllı, Azərbaycanın marağını hər şeydən üstün tutan zabitlərimizin olması çox gərəklidir. Sovet hökuməti qurulandan 60-cı illərədək müxtəlif adlar altında işləmiş o təşkilatda milli kadrlarımız çox az olmuşdur. Buna görə də xalqımızın düşmənləri 50-ci illərədək burada at oynatmışlar. Repressiyaya ən çox məruz qalan xalqlardan biri bizik.
– Bilirəm.
– Amma 60-cı illərin sonuna yaxın vəziyyət dəyişdi. Respublikada DTK-nın başçısı özümüzdən olduqda çekistlərin içində milli kadrların sayı xeyli artırıldı. Ürəyinin başına yaz: harda olsan bu Vətənə, bu xalqa xidmət eləməlisən, onun mənafeyini, maraqlarını qorumalısan, ancaq özünə güvənməlisən. Bunları qəbul edirsənsə, mən xeyir-duamı verirəm.
– Elbəyi əmi, mən atamın oğluyam, bu torpağın övladıyam. Vətən, millət mənim üçün ən uca, ən dəyərli duyğulardır. And içirəm o müqəddəs duyğulara, atamın ruhuna, idealıma sadiq qalacağam, – deyə Toğrul gözləri yaşarmış halda qalxıb Elbəyi müəllimin qarşısında baş əymişdi...
Təhsilini başa vurduqdan və Lena ilə üzülüşdükdən sonra Bakıya dönən Toğrul dözə bilməmişdi, elə həmin axşam zəng vurub Aysuyla görüşə tələsmişdi... Yolda fikirləşirdi ki, onun qarşısında diz çöküb taleyin bu acı imtahanından çıxa bilmədiyi üçün günahının bağışlanmasını xahiş edəcək... Ancaq görüşərkən heç nə deyə bilmədi... Ona elə gəldi ki, ağzını açsa hönkürəcək... O, gəlib gedəni saya salmadan artıq yetkin qız olmuş Aysunu ilk dəfə bağrına basdı... Heç bir müqavimət göstərməyən Aysu ona qısıldı... Onlar beləcə, kəlmə kəsmədən, ürəkləri ilə, bir-birinə axan duyğularıyla danışdılar... Hələ insan övladının bilə bilmədiyi o gözəgörünməz, qələməgəlməz enerji birindən o birinə axdıqca sanki illər boyu qaysaqlanmış yaraları möcüzəli bir məlhəmlə bu bir neçə dəqiqənin içərisində sağalırdı... Gərili qalmış sinirləri yumşalırdı... Ürəklərindəki hicran yanğısını söndürənədək sarmaşılı qaldılar. Zaman ölçüsünü unutduqları üçün bu bir neçə dəqiqə onlar üçün saata bərabər oldu...
Maşın siqnalı Toğrulu xəyaldan ayırdı. O, bayaqdan hazır saxladığı çantasını götürüb aşağı endi, həmişəkitək həyətdə qurdalanan Tərxan kişi ilə sağollaşıb maşına mindi.
– Sür Balyata, – deyə sürücüyə əmr elədi.
Onlar Füzuli-Cəbrayıl yoluna çıxdılar, get-gedə kiçilən dağ sisiləsinin “Burun” adlanan yerindən sağa döndülər, üzüaşağı dərəyə endilər, birtağlı qədim körpünü keçib sağa buruldular, Xalaç dağı tərəfdən kəndə girdilər. “Bu yerlərdə hər dərə, təpə tarixdən xəbər verir...” – deyə uşaqlıqda yay tətili zamanı atası ilə gəzdiyi yerlərdən keçən Toğrul onun sözlərini xatırladı... Atası o zaman demişdi ki, Xalaç qədim türk tayfalarından birinin adıdır. O tayfanın bir qolu bu yerlərdə cövlan edirmiş: payız-qış aylarında qədim el yolu ilə Mil düzünə enir, yazı-yayı Laçın– Kəlbəcər dağlarına qalxırmışlar...
Atasının qalın bir dəftəri vardı. Orada əski yer adlarının, sözlərin mənasını tapıb yazardı. Boş vaxtında Toğrul onu varaqlardı. Bu dəftərdəki sözlər arasında Sirik, Qazanzəmi, Tulus kimi yer adlarının mənası açıqlanmışdı. Toğrul Balyatdan on kilometr cənub-qərbdəki Tulus, ondan o tərəfdə yerləşən Qazanzəmi kəndlərinin adlarının bu qədər əski olmasını təsəvvür etməzdi. Atası yazırdı ki, “Tulus” sözü ilə cənubdakı Talış dağlarının, Goranboydakı Talış kəndinin, Qazaxıstanla Qırğızıstan bitişiyindəki Talas meşələrinin adları eyni kökdəndir. Qədim Talas tayfalarının izləri Türküstandan başlayaraq Şam diyarınadək uzanmışdır. Şamdakı izləri atasına Elbəyi müəllim demişdi. O, yetmişinci illərdə Suriyanın daxili işlər naziri, prezident Hafiz Əsədin silahdaşı, onunla birgə Nurəddin Atasi hakimiyyətini devirmiş general Mustafa Talasla tanış olub ona tərcüməçilik etmişdi.
İtlərin səsi onu xəyaldan ayırdı. “Kənddə qonağı birinci kim qarşılar? İtlər!” bulmacasını xatırladıqda dodağı qaçdı. O, maşını birbaşa üç gün öncə qonağı olduğu Həmdalı kişigilə sürdürdü. Bu o Həmdalı idi ki, uzun müddət Hadrutda işləyib yaşamış, tikdirdiyi ikimərtəbəli evini qoyub çıxmağa məcbur edilmişdi. Erməni kəndlərində onun böyük nüfuzu vardı. Söz-sözə gələndə, yerli ermənilərin çoxunun bu münaqişədə günahsız olduğunu söylərdi. Hadrutdan qovulduqdan sonra erməni kəndlərindən olan dostları Balyatda təzə ev tikən Həmdalıya kömək üçün çəkinib eləmədən dağdan daş çıxarmağa gəlmişdilər...
İncavara, Həmdalı evdəydi. Onun üz vurmasına baxmayaraq Toğrul maşından düşmədi, elə kabinədəcə söhbət elədilər. Toğrulun sifarişini yerinə yetirmiş Həmdalı çox qiymətli, neçə gün gözlədikləri bir məlumat verdi: Aysu Hadrutda böyük nüfuza malik, indi onun evində yaşayan rus zabitinin yanında girov saxlanır. Məlumat dəqiq idi. Həmdalının dostları onun evini də, qonşularını da yaxşı tanıyırdılar...
Geri dönərək kənddən çıxan Toğrulun sevincinin həddi-hüdudu yox idi. Birincisi, ona görə ki, nəhayət izə düşə bilmişdilər. İkincisi, Aysu ermənilərin yox, yuxarı rütbəli rus zabitinin sərəncamında idi. Əlindəki faktları çək-çevir edən Toğrul soyuq başla düşünürdü: Əgər onun üçün xüsusi ev – ”villa” ayırmışlarsa, deməli, balaca adam deyil, vəzifəli zabitdir. Ya oradakı Rusiya muzdlularının komandiridir, ya da ki... Yox, orada muzdlular çox deyil, ermənilərə köməyi birbaşa Rusiyanın Ermənistandakı hərbi hissələri edir. O, bunu dəqiq bilirdi. Burdan belə çıxır ki, həmin rus zabiti rəsmi orqanların nümayəndəsidir. Güman ki, o, xüsusi xidmət orqanları ilə əlaqədədir... Nə qədər olmasa da öz hərəkətlərinə cavabdeh olan, məsuliyyət daşıyan adamdır. Bəs Aysu onun əlinə necə düşüb? Aha, az qala unutmuşdu. Girovluqdan xilas olunan qızlar demişdilər ki, Aysunu ermənilərin əlindən sarışın bir hərbçi aldı, maşının yanına apardı... Məlumatlar bir-birinə uyğun gəlirdi. Deməli, həmin zabit Aysunu öz maşınında aparıb... Yaxşı, nəyə görə məhz onu? Toğrul elə buradaca özünə yönəltdiyi sualları kəsdi. Gerisini düşünməyə qorxdu... Maşın asfalt yola çıxdıqda:
– Sür rayonun mərkəzi xəstəxanasına! – deyə sürücüyə əmr elədi.
– Baş üstə, nəçənnik, – deyə sürücü sağ əlini gicgahına apardı. Toğrul bu xəbəri qayınatasına çatdırmaq üçün tələsirdi. Bilirdi ki, bu təsəlliverici xəbər – Aysunun sağ-salamat olması onun üçün ən təsirli dərmandır.


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.