Qarabağın sinəsinə qara dağ çəkildi

15 avqust qocaman Balyat kəndinin tarixinə qara hərflərlə yazılan bir gün oldu... Səhər-səhər bunu hələ heç kəs bilmirdi. Heç kimin ağlına gəlmirdi ki, bu gün son gündür.
Yetmiş beş yaşlı Famil müəllim əzbərdən bildiyi son üç yüz illik ailə şəcərəsinin yaşadığı bu kənddən ömrünün bu sinnində didərgin düşəcəyini təsəvvürünə belə gətirməzdi...
On yaşlı Aysel bilmirdi ki, ən fərəhli, xoşbəxt, atalı günlərinə elə bu səhər nöqtə qoyulacaq...
İki yaşlı Xurşud isə xoşbəxt idi...Bu faciəni anlamırdı...
Qaratelsə bu günün onun həyatında əbədi acı xatirəyə çevriləcəyini bilmirdi. Tibb bacısı diplomu alıb kəndə dönmüş qız heç vaxt bu səhərki kimi dik yoxuşu birnəfəsə qalxıb, Turafxanuçan dağının döşündən pıqqıldayan bulaqdan su gətirməmişdi... Bu gün axşam ona elçi gələcəkdi...
Səhər obaşdan qoyun-quzunu güneydə Navincir adlanan gədiyə ötürdükdən sonra eyvanda oturub çay içən Oruc müəllim bilə bilməzdi ki, bu anlar ailəsi ilə birgə oturduğu son saatın dəqiqələri gedir... Son kərə arvadının süzdüyü çayı içir... Bir azdan onun öz alın təri ilə min zəhmətlə tikdiyi ev, həyətindəki yüzillik armud ağacları, bu il caladığı gənc meyvə tingləri gülləbaran ediləcəkdir...
Peyğəmbərimiz Məhəmməd bin Abdulla Sallallah Aleyhissələm buyurmuşdur: İnsanlar çox elmlənəcəklər. Amma onlar nə vaxt öləcəklərini bilə bilməyəcəklər...
Həmin səhər heç kim onu nə gözlədiyini , kimin ölüb kimin qalacağını bilə bilməzdi...
Səhər yeməyi vaxtı çoxunun əli süfrəyə uzadılı qaldı. Dağların arxasından uçub gələn mərmilərin, raketlərin partıltısı mışıl-mışıl yatan körpələri diksindirib oyandırdı. Son zamanlar bir neçə dəfə kəndi atəşə tutmuşdular. Amma bir-iki nəfərdən savayı heç kim ev-eşiyindən çıxmamışdı. Bugünkü gülləbaran o qədər güclü idi ki, camaatı dəhşətə gətirib ev-eşiyindən çıxardı... İnsanlar ev paltarlarında kəndin atəş tutmayan küçələrinə axışıb dağın dibi ilə üzüaşağı axışmağa başladı... Çoxunun süd qazanı ocaqda qaldı... İnəyi başı çatılı, iti boynu zəncirli qaldı...
Məlikcandan atılan mərmilər Oruc müəllimgilin də məhləsini – kəndin “Allahverdi dağı” adlanan yüksəkliyinin döşündəki evləri döyürdü. Oruc müəllim tələm-tələsik altı aylıq Asimanı, səkkiz yaşlı Şövqünü anaları ilə bərabər evinin onca metrliyindəki güllə tutmayan dərənin dibi ilə gedən cığıra ötürdü... Axırda özü də onların arxasınca aşağı endikdə, dərindən nəfəs aldı. Bir neçə addım atmışdılar ki, zəncirdə bağlı qalmış itin zingildəyib ulaması onu saxladı.
– Siz qaçın, məni gözləməyin. Yazıqdır, iti, tövlədəki inəyi açım buraxım... Tez gedin, mən sizə çataram... – deyə qucağındakı oğlunu yerə qoyub on beş yaşlı qızına onun əlindən tutmasını, südəmər körpəsini bağrına basıb irəlidə gedən anasının dalınca yüyürməsini tapşırdı... O, yoxuşu birnəfəsə çıxdı, birinci özünü tövlədə böyürən inəyin yanına saldı, onun kəndirini açdı... Bu gülləbarandan hürkərək gözləri iriləşmiş inək üzüaşağı götürüldü... Onu yanında görən Alabaş isə sevindiyindən yazıq-yazıq zingildədi... Oruc müəllim “Qorxma, səni bağlı qoyub getmərəm,” – deyib itin boynundakı xaltadan zənciri açdı... Daha onun hara getməsinin fərqinə varmayıb dərəyə sarı tələsdi... Gülləbaran şiddətlənirdi... Heyhat, doqqazdan çıxmamış həyətə düşən “qrad” mərmisi onu haqladı... Qəlpə başından dəymişdi... Ölümcül yara isti olduğu üçün o, hələ ağrını hiss etmədi, cib dəsmalını çıxarıb üstünə basa bildi... Və ancaq bir neçə addım atmağa gücü çatdı...
Dağlardan enib əhalinin dalınca geri çəkilən əsgərlərin diqqətini onlara tərəf ulayıb zingildəyən, yerində fırlanan itin qəribə hərəkətləri cəlb etdi. Dönüb baxdılar, qanına qəltan olmuş Oruc müəllimi görcək yaxınlaşdılar. Boynunun şah damarı qırılmış, fışqıran qanı saxlamağa çalışan, həyatı boyu insanlara ancaq yaxşılıq etmiş bu gözəl insan ömrünün əlli səkkiz yaşında can verirdi... Əsgərlərin yaxınlaşmasını görcək onun sifəti işıqlandı, dodaqlarında solğun bir gülüş oynadı...
– Yaxşı ki, balalarımı vaxtında çıxardım, yoxsa... – deyə pıçıldaya bildi, sözünün dalısını gətirməyə gücü çatmadığı üçün gözü ilə yanan evinə işarə eləyib xırıldadı, əzab qarışıq sevinc ifadəsi sifətində dondu, başı köksünə düşdü.
Oruc müəllimin bu həyatda son sevinci balalarını vaxtında atəş altından çıxara bilməsi oldu... Əsgərlər onun cəsədini götürüb artıq kənddən çıxmış qohumlarına çatdırdılar...
Hər gülləbaran başlayanda kəndin ağsaqqalı Səfəralı yüzbaşının nəvəsi 75 yaşlı Famil müəllim tez-tez silib yağladığı qoşalüləsini paltar dolabının arxasından götürər, donuz qırmaları doldurduğu patronları cibinə yığıb evin zirzəmisinə enərdi. Burada, mazğala bənzəyən kiçik pəncərənin önündə dayanar, hərdən tüfəngi üzünə götürüb qənşərdəki yolu nişan alardı. Belə gülləbaranlar zamanı kənd camaatından bəziləri atlanıb ev-eşiklərini tərk eləmiş, ara sakitləşəndən sonra geri dönmüşdülər. Bakıda yaşayan övladları bir neçə dəfə Famil müəllimgili şəhərə aparmaq istəmişdilər. O, başı ilə uşaqların anasına işarə eləyib:
– Bunu aparın, – demişdi, – əl-ayağıma dolaşmasın. Mən çıxsam, hamı kənddən gedəjək, töhmət yiyəsi olajam. Babam Səfəralı yüzbaşı ermənilərin qabağında kişi kimi dayandı, düşməni dağlardan bəri keçməyə qoymadı. Deyirsiniz, indi biz onların qabağından qaçaq? O nadürüstlər mənim evimi talan eləməyə gələndə, yanı onlardan birini vura bilmiyəjəm?
Qısa fasilələrlə davam edən budəfəki gülləbaran kəsmək bilmirdi. Başlanğıcda yalnız şimaldan – Məlikcan yüksəkliyindən atırdılar, bu da kəndin quzey hissəsini tuturdu. Sonra kəndin güney hissəsini də vurmaq üçün Quşçular yüksəkliyindən atmağa başladılar... Balyatın sağ yönündə yerləşən bu yüksəkliyi ermənilər bir neçə ay öncə tuta bilmişdilər. Famil müəllim istədi arvadını üzüaşağı qaçan camaata qoşsun. Amma arvadı razı olmadı, hərçənd o, eldən də ayrılıb qalmaq fikrində deyildi...
Qohum-qonşu hamısı çıxıb getmişdi. Famil müəllimin evi dərənin dibində olduğu üçün nə şimaldan, nə də qərbdən atılan mərmilər onu tutmurdu. Famil müəllim “mazğalından” bir nəfərin əyilə-əyilə onlara tərəf tələsdiyini gördü.
– Aa...z, deyəsən bu gələn qardaşın oğlu İsmayıldır, – deyə o, fərməşin üstündə oturmuş arvadına sarı çevrildi.
– Hə, odur. Ay başına dönüm, yenə sən dadımıza çatdın, – deyə bərk qorxu keçirən Nənəş xala bir az toxtadı.
Bənizi saralmış İsmayıl onları haraylayaraq pilləkənlərlə yuxarı qalxmaq istədikdə Famil müəllim səsini çıxardı:
– Əyə, burdayıq, aşağı düş.
İsmayıl pilləkənlərlə aşağı enməyə başladı.
– Yaxşı ki, səsini çıxardın, yoxsa səni erməni bilib vurajaxdım, – deyə Famil müəllim zarafat elədi.
– Əşi, zarafat vaxtı deyil. Hamı kənddən çıxıb. Baxıb gördüm siz yoxsunuz, dalınızca gəldim. Tez olun, geyinin, nə götürürsünüz götürün, gedək.
– Əyə, hamınız ağciyərsiniz. O Qara quzeyin yalındakı əsgərlər, toplar dura-dura erməni bura gələ bilər?!
– Əşi, sənin dünyadan xəbərin yoxdur. Əsgərlər hamılıqla mövqelərindən çoxdan çıxıb.
– Ə, nə danışırsan? Heylə şey olar?!
– Olur də!.. İndi nə desən eliyirlər. Camaat onların arxasınca gələn əsgərlərdən birinin qabağını kəsdi ki, siz hara qaçırsınız? Niyə siz də onların kəndlərinə atəş açmırsınız? Nə desələr yaxşıdır? “Biz əmrə tabeyik. Əmr gəldi ki, atmayın, mövqelərinizdəki ağır silahları partladıb çıxın...” Əşi, billah yuxarıdan bizi satıblar...
Ərinin tərsliyini bilən Nənəş xala yalvardı:
– Kişi, gəl daşı ətəyindən tök. Allah eləməsin, birdən ermənilər kəndə gəlsələr, biz burda qalsaq, uşaqlara sinə dağı çəkmiş olajayıq. Ölümüzün, ya dirimizin geri alınması üçün, Allah bilir onlar nə əziyyət çəkəjəklər.
Bu sözlər kişini ayıltdı. On dəqiqədən sonra Famil müəllimin veteranlar üçün verilmiş qırmızı “Zaporojes”i dərə ilə üzüaşağı hərəkət eləyirdi.
– Ə, ana yola çıxanda ehtiyatlı ol, nişan alıb maşını vurarlar. Quşçular postundan ora əl içi kimi görükür.
Famil müəllim düz deyirdi. Ermənilər Cəbrayıl-Füzuli yolunu ara-sıra atəşə tutmağa başladılar. Kəndin iki kilometrliyindən keçən bu yolun qırağındakı Lalavacan bağında kölgəlikdə daldalanmış camaatın arasına vəlvələ düşdü. Lalavacan bulağı hündür təpənin dibindən çıxırdı, onu güllə tutmurdu. Amma qarşısındakı bağ açıq-aydın nişangah idi. Avqustun qızmar günəşindən qorunmaq üçün camaata kölgəlik, içməyə su lazım idi. Ermənilər buraya atmağa başlayanda adamlar oradan yaxınlıqdakı başqa bağa– Korcaya tərəf axışdılar. Camaat Korca bulağının suyundan içib təzəcə toxtamışdı ki, əsgərlər kəndin birinci qurbanı olmuş Oruc müəllimin meyidini gətirdilər... Bir himə bənd olan qadınlar şivən qaldırdılar... Lakin camaatı ağlayıb ürəklərini boşaltmağa da qoymadı düşmən. Araz çayına qədər bütün ərazi Quşçular yüksəkliyindən çox aydın görünürdü. Harada əhalinin toplaşdığı gözə dəyirdisə oraya atəş açırdılar... Camaat burdan da pərən-pərən düşdü, ağacsız, susuz dəmyə rəmələrə dağılışdı...
Adət üzrə kəndin xeyir-şərini yola verənlər təhlükəyə baxmayaraq Oruc müəllimin nəşini dərələrlə geriyə – Lalavacanda yerləşən kənd qəbiristanlığına gətirdilər. Buradakı bulağın kənarında yuyat yeri düzəldib onu qüsl elədilər... Kəfən tapmadıqları üçün bacısının, qardaşı arvadının kəlağayısına bürüyüb atəş altında torpağa tapşırdılar...
Qaçqınlığın birinci gecəsini Güney camaatı – Balyat, Qaracallı, Doşulu, Süleymanlı kəndlərinin əhalisi çöllərdə olsa da öz torpaqlarında yatdı... Onlar hələ də ümidlə şərqə, Bakıya tərəf baxırdılar. Oradansa heç bir xəbər yox idi... Səhər erkən oyanıb kənddən ərzaq, çöldə müvəqqəti yaşamaq üçün yüngül əşyalar gətirməyə gedənlər də oldu. Onlara heç kim maneçilik eləmədi. Ermənilər atəşi dayandırmışdılar. Bundan cürətlənən, evdən heç nə çıxarmağa macal tapmamış bir neçə nəfər günorta çağı kəndə yollandı...
Bəhram oğlu Orduxan kəndin içindən başlayaraq üzüaşağı uzanan bağı keçib yeni salınmış Çaqqalaşdı məhəlləsində təzə tikdiyi evinə sağ-salamat girə bildi. O, tövlədəki eşşəyi həyətə çəkdi, qızlarının cehizini – xalçaları, ipək yorğan-döşəkləri ona yüklədi, uzun sicimlə yaxşı-yaxşı sarıdı, sevincək “toş” deyib darvazadan çıxdı... Onun sevinci qısa oldu. Dağın başından– Xırxa tərəfdən atılan güllə ulağı gəbərtdi. Yerə sərilən Orduxan kişi bir az gözlədi, sonra ulağın üstündəki iki xalçanı uzanılı açdı, əyilə-əyilə bağa tərəf qaçaraq onları arxasınca sürüməyə başladı. Qarşısına düşən güllə onu təzədən yerə uzanmağa məcbur elədi. Qalxmaq istədikdə yenidən atəş açıldı. Sanki ona atəş açan erməni əsgəri “Onlar mənim qənimətimdir, hara aparırsan?” deyirdi.
“Deyəsən, bu erməninki xalça-palaz davasıdı. Görünür, qismət deyilmiş” fikirləşən Orduxan kişi xalçaları qoyub bağa tərəf süründü. Onun əliboş getdiyini görən snayper daha atmadı...
Orduxan kişi əli ətəyindən uzun camaatın daldalandığı Alaöküz dərəsinə qayıtdı.
Onunla getmiş güneyli İsanınsa nə dirisindən, nə ölüsündən xəbər çıxmadı, onun başına nə gəldi, heç kim bilmədi...
* * *
Həmin gün Məzrə kəndinə qəfil hücum eləyən ermənilər yatmış on beş döyüşçünün başını kəsdilər. Yağılar buna Məzrə postunda səhərə yaxın, hava işıqlaşmamış keşikçiləri aradan götürdükdən sonra nail ola bilmişdilər.
Cəbrayıl bölgəsi erməni komandanlığının bu tərəfdə işğal planlarına qarşı dayanmış güclü bir yumruq idi. Hələ 88-ci ildən erməni hərbi dəstələrinin dinc kəndlərə ara-sıra hücumlarının qarşısını hökumətin almadığını görən əhali müdafiə dəstələri yaratmışdı. Moskvanın göstərişi ilə əhalidən bütün ov silahları yığılsa da Xalq Cəbhəsi dəstələrində birləşənlər rus hərbçilərindən pulla, ermənilərin özlərindən müxtəlif yollarla əldə etdikləri silahlarla torpaqlarını qoruyurdular. Moskvanın ermənilərin tərəfini saxladığını görən yerli hakimiyyət orqanları və polis bu dəstələrə dəyib toxunmurdu. Cəbrayıl torpağı çox erməni yaraqlılarının qəbrinə çevrildi. Ermənilərin növbəti gecə həmləsindən sonra döyüş meydanında qalmış meyitlərin içərisində yekəpər bir zəncini görən yerli müdafiəçilər təəccüblənmişdilər. Onu hakimiyyətlə xalq arasında tərəddüd eləyən bəzi rayon rəhbərlərinə göstərib sonra ilim-ilim itirmişdilər. Ermənilər həmin meyidi almaq üçün çox çalışmışdılar... 90-cı ildən başlayaraq Cəbrayıl polisi ilə yerli müdafiə dəstələri dədə-baba torpaqlarını birgə qoruyurdular. Demək olar ki, Bakıdan gələn, camaatı mübarizədən çəkindirən göstərişlərə məhəl qoymurdular... Respublikanın Baş prokuroru, bu bölgədə doğulmuş Murad Köçərioğlu gizlicə bölgə rəhbərlərinə yuxarılardan çəkinməyib torpağın müdafiəsində möhkəm durmağı tövsiyə eləyirdi... Cəbrayıllılar hələ sovet hakimiyyəti dövründə, 91-ci ilin yazında erməni hərbi birləşmələrinin, muzdluların yerləşdiyi 12 kənddən erməni sakinlərini bircə gündə çıxara bilmişdilər... Xalqın qırımını görən sovet hərbi hissələrinin komandirləri rüşvət alıb buna göz yummuşdular...
Qarabağ xanlığı şəcərəsində əsas budaqlardan biri olan Cavanşirlərə yaxın qohumluğu çatan cəbrayıllılar onların torpağında yerləşdirilmiş ermənilərlə sovet dövründə, xüsusilə İkinci Dünya Savaşından sonra əminliklə yaşayırdılar. Ancaq 88-ci ildən sonra namərd qonşular dinc oturmurdular. Camaatın canı boğazına yığılmışdı. Bir may səhəri erməni kəndlərinin sakinləri belə bir ultimatum aldılar:
– Babalarımız sizin babalarınıza yer verdilər. Taleylə barışıb sizinlə dinc yanaşı yaşayırdıq. Amma sizin araqarışdıranlar buna imkan vermirlər. Burda qalmağınız sizin üçün də, bizim üçün də təhlükəlidir. Biz razı ola bilmərik ki, sizin evləriniz silahlı dəstələrin, muzdluların səngərinə çevrilsin. Yaxşısı budur, köçün gedin Ermənistana...
Ermənilər könüllü-könülsüz çəkidə yüngül, qiymətdə ağır əşyalarını götürüb, hər kənd üçün ayrılmış onlarla yük maşınlarına doluşmuşdular. Sonra maşın karvanı onları sağ-salamat Qubadlının Ermənistanla sərhədində töküb geri qayıtmışdı... Köçürülənlərin içərisində 18-50 yaş arasında cavan kişi xeylaqları yox idi. Əli silah tutan erməni kişiləri xüsusi cəza dəstələrinə cəlb edilmişdilər, meşələrdə təlim keçirdilər... Həmin boşaldılmış kəndlər bufer zonasına çevrilmişdi... O kəndlər boşaldılmasaydı, orada möhkəmlənmiş erməni yaraqlıları, muzdluları cəbrayıllılar yaşayan kəndləri döyüşlərin getdiyi qanlı səhnəyə döndərəcəkdilər...
15 avqustda erməni-rus hərbi birləşmələri Cəbrayıl bölgəsinə hücum üçün iki istiqamət seçmişdi: cənub-şərqdəki Güney kəndləri və şəhərin qərbində yerləşən Məzrə kəndi. Güney kəndlərini, xüsusilə, Füzuli bölgəsi ilə həmsərhəd olan Balyat kəndini, onun yanından keçən Füzuli-Cəbrayıl yolunu tutmaqla bu iki bölgənin əlaqəsi kəsilir, bir-birinə yardım etmək imkanı olmurdu. Məzrə kəndi isə strateji bir mövqedə yerləşirdi, Cəbrayıl bölgəsinin qərb səmtindəki Qalacıq, Nüsüslü, Tatarlar, əfsanəvi Sirik və s. kəndlərə yol buradan keçirdi. O Sirik ki, 40-cı illərə qədər əkin yerlərini, meşə və bulaqlarını yavaş-yavaş tutan ermənilərə qarşı əldə silah mübarizə aparmışdı. Onun igid oğulları erməni bolşeviklərinin fitvası ilə sovet hökuməti qurulandan 20 il sonra “xalq düşməni” adıyla tutulub güllələnmişdilər... Özü də kəndin ortasında, yaxınlarının gözü qabağında... Onların ailə üzvlərini, qohumlarını tutub, kənddən sürgün eləmişdilər. İndi Məzrənin işğalı – Şakir Abbasovun komandanlığı altındakı Sirik döyüşçülərini, yuxarı kəndlərin əhalisini mühasirəyə salmaq idi. Cəbrayıl şəhərinin on kilometrliyində yerləşən bu kəndi tutmaqla rayon mərkəzinə hücum üçün zəmin yaradılırdı...
Məzrə əhalisinin də başı çox bəlalar çəkmişdi... “Yersiz gəldi, yerli qaç” məsəlini sanki bu kəndin sakinlərinin halına baxıb demişdilər. Gəlmə ermənilər üç tərəfdən kəndi mühasirəyə alaraq, dövrədəki torpaqları yağmalamış, saf sulu bulaqları, bərəkətli meyvə bağlarını zəbt etmişdilər. El yolunun üstündə yerləşən Məzrəni tutmuşdular. Beləliklə, ermənilər yüz illərlə apardıqları etnik təmizləmə siyasətinə uyğun olaraq bu kəndi də köçürməyə müvəffəq olmuşdular. 50-ci illərin əvvələrində “pambıqçılığı inkişaf etdirmək” adı altında, hansısa erməni vəzifəlisinin qurğusu ilə kəndin əhalisini daş evlərindən otuz kilometrlikdəki boş çöllərə köçürüb, qamışdan tikilmiş çovustanlarda yaşamağa məcbur eləmişdilər... Onlara kəndə ayaq basmaq, heç olmasa, bağlarındakı meyvələri yığıb aparmaq belə qadağan olunmuşdu. İpə-sapa yatmayanları daha uzağa sürgünlə qorxudurdular. Yalnız 60-cı illərdə əhalinin “pambıqçılıqla məşğul olmayan” qisminə Məzrəyə qayıtmağa icazə verilmişdi. 69-cu ildən sonra bu qadağa tamam götürülmüşdü...
50-ci ildə dədə-baba evindən zorla köçürülmüş 27 yaşlı Qarsalan kişi indi 70 yaşında yenidən yurd-yuvasını qoyub gedirdi... O zaman isti aran yerində qırmızı şüarlar altında pambıq əkib becərən Qarsalan kişi bir sualın cavabını tapa bilmirdi: niyə ermənilər sovet hökumətinin bu mühüm işindən qıraqda qalır, onlara “gözün üstə qaşın var” demirlər? Pambıqdan yayınan azərbaycanlıları isə “xalq düşməni” adlandırıb başlarına oyun açırlar? O bu sualın cavabını yeni kəndin olmayan məktəbinə direktor təyin olunmuş balyatlı Famil müəllimdən soruşmuşdu. Qarsalana qanı qaynayan, ağzıbütövlüyünə inanan Famil müəllim demişdi: “Bala, Marks pambığın becərilməsi üçün qul əməyi tələb olunduğunu yazmışdı. Ermənilər bizim kimi qul deyillər, ha!..”
Məzrədə başı kəsilən döyüşçülərin hamısı yerlilər idi. Erməni komandanlığı bununla cəbrayıllıları qorxudaraq, onların döyüş əzmini qırmaq istəyirdi. Ermənilərə hərbi durum yaxşı məlum idi. Əslində rus kəşfiyyatı tərəfindən idarə olunan Azərbaycan ordusunun komandanlığı özü hərbi hissələrdə başıpozuqluq yaratmışdı... Bölgədəki hərbi hissələrə “geri çəkilmək” əmri verilmişdi. Xalq Cəbhəsinin batalyonlarının komandirləri isə “qoy bizi hakimiyyətdən salanlar gəlib vuruşsunlar”, deyərək döyüşə girmirdilər. Döyüşənlər ancaq könüllülər idilər, cəsurlar idilər... Təbii, onların da çoxu öz kəndi, torpağı, ailəsi uğrunda vuruşan cəbrayıllılar idi... Lakin qüvvələr bərabər deyildi... Bakı isə susurdu...
Bu döyüşlərdə adı əfsanəyə dönmüş Tiqana ləqəbli 16 yaşlı döyüşçü Samir Qədiroğlu həlak oldu... 12 yaşından döyüşçülərə su, yemək, patron daşıyan Samir sinifdəki yoldaşlarından ən fağırı idi. O, nə dəcəllik edər, nə dil-dil ötərdi, tay-tuşlarının mübahisələrində, oyunlarında sakitcə bir qıraqda durardı... Dindirməsən dinməzdi, oxumaqda da fərqlənməzdi. Hamı ona adi, istedadsız uşaq kimi baxırdı. Doğulduğu Qaracallı kəndinin yerli müdafiə dəctəsinin başçısı, gecə-gündüz öz kəndini erməni hücumlarından qoruyan Sahib onun idealına çevrilmişdi. Kənddən göndərilən yemək-içməyi, isti corabları əsgərlərə çatdırdıqdan sonra o, tay-tuşları kimi geri qayıtmır, axşamadək onların yanında qalıb gücü çatan işdə kömək eləyirdi. Əsgərlər ona ara-bərə işləri gördürür, bu zirək oğlandan ayrı-ayrı dəstələr arasında rabitəçi kimi istifadə edirdilər. Fransız futbolçusu Tiqanaya oxşadığı üçün onu elə bu adla da çağırırdılar. Bu dağların, dərələrin hər qayasını, dəlmə-deşiyini yaxşı tanıyan Tiqananı kəşfiyyata da aparardılar. Artıq o, gecələr də evə dönmürdü. Bəzən döyüşün qızğın çağında üç tərəfdən mühasirəyə alınmış, qaya dibindəki atəş nöqtəsində bir neçə dəqiqəliyə belə silahı yerə qoya bilməyən əsgərlər bir də baxıb görərdilər ki, Tiqana patronla, su ilə, yeməklə onların yanındadır... Bu fağır uşaq od-alova dönmüşdü, qorxu nədir bilmirdi. Mühasirəyə düşmüş mövqelərdəki döyüşçülərə patron, su apararkən güllə yağışı altında daşların, qayaların arası ilə ilan kimi sürünən Tiqanadan soruşardılar: bəs qorxmursan güllə sənə dəyər? O isə gülümsəyib başını bulayardı. Hətta bəziləri hesab edirdilər ki, hələ uşaqdır, ölüm nədir ağlı kəsmir. Amma bir dəfə az danışan bu uşağın söylədikləri çoxlarına dərs olmuşdu... “Mən əsgərlərin yanına sürünəndə tək ondan qorxuram ki, patronu çatdırmasam, düşmənlər bizim dağları, kəndimizi, məktəbimizi tutarlar...”
Tiqananın dərsdən yayındığını eşitmiş böyük komandir onun hissədən uzaqlaşdırılmasına göstəriş vermişdi. Tiqana həmkəndlisi, rayonun hərbi komissarı polkovnik Zakir Vəliyevin yanına gələrək onu könüllü əsgər göndərməyi xahiş eləmişdi... Polkovnik də onu orduya yox, məktəbə göndərmişdi... Əsrin əvvəllərində Balyat və Qaracallı kəndlərinin ortasında tikilmiş məktəbdə dərslər pozulmuşdu... Atəş güclənəndə şagirdləri evlərinə buraxırdılar, Allahverdi dağının güneyindəki məktəbin raketlə vurulmasından qorxurdular... Tiqananın atası alçaqboy, qaradinməz, yazıq görkəmli Qədir kişi boy-buxunda onu ötmüş oğlunu idarə etmək imkanına malik deyildi. Tiqana yenidən hərbi hissəyə döndü... Əsgərlər onu qucaqladıqda dözə bilməyib birinci dəfə ağladı. Kiçik komandirlərin xahişini nəzərə alan böyük komandir Tiqananın hissədə “alay oğlu” kimi qalmasına etiraz eləməyib hətta ona əsgər paltarı verilməsini, adının siyahıya yazılmasını əmrlə rəsmiləşdirmişdi...
Əsgər geyimində evə gələrkən bədənnüma güzgüdə özünə baxan Tiqanaya elə gəlirdi ki, o, birdən-birə xeyli uzanmışdı... Bu paltar onu uşaqlıq simasından çıxarmışdı... Həmkəndliləri artıq ona böyük oğlan kimi baxıb hörmətlə salam verirdilər, onunla fəxr edirdilər. Tiqana ömrünün ən fərəhli günlərini yaşayırdı. O, əvvəlkindən qat-qat fəallaşmışdı. Tez-tez düşmənin arxasına xüsusi tapşırıqla kəşfiyyata göndərilirdi. Tiqana adını tez-tez eşidən ermənilər onun yeniyetmə yox, xaricdən gəlmiş təcrübəli bir döyüşçü olduğunu zənn edirdilər...
Həmin o tarixi gün – 15 avqust səhəri alaqaranlıqda düşmənin 20 kilometrlikdəki Məzrə kəndinə hücumu ilə bağlı Tiqananın xidmət elədiyi taborun bir bölüyü köməyə getdi... Onların içərisində Tiqana da vardı... Lakin nə onların bölüyü, nə də Şakir Abbasovun göndərdiyi qüvvə BTR və tanklarla hücuma keçmiş düşmənin qarşısını ala bilmədi... Bu döyüşdə 16 yaşına keçmiş Tiqana gözlərini əbədi yumdu...
* * *
23 iyulda Ağdam tutulduqdan sonra Qarabağın bel sütunu qırıldı. Surət Hüseynova tabe olan dəstələr şəhəri, onun kəndlərini müdafiə yox, talan eləyirdilər.
Üzərində iri hərflərlə “Surət” yazılmış tankları azərbaycanlılar da, ermənilər də “xilaskar” adlandırırdılar... Bu döyüşlərdə Surətin tankları sanki “ovsunlanmışdı”. Uzaqdan oxunan “Surət” sözünü görən erməni nişançıları tankvuran mərmilərin ağzını başqa səmtə yönəldirdilər...
Tərtərdə isə Surətin dəstələrini yaxşı tanıyırdılar. Rayonun icra başçısı Sərdar Həmidov yerli əhalidən olan döyüşçüləri səfərbər edib düşmənin qabağında dayanmağı bacarırdı. Orada gedən qanlı döyüşlərdə düşmən irəli buraxılmırdı... Hər həmlədə ermənilər itki verib geri çəkilirdilər...
Avqustun 21-də Füzuli şəhəri tutuldu. Ermənistandakı Rusiya bazasından gətirilmiş tankların, BTR-lərin qarşısında yerli müdafiəçilər bir şey edə bilmədilər. Birləşmiş erməni qoşunları hücumu genişləndirib İran– Azərbaycan sərhədinə bir neçə kilometr qalmış dayandılar. Bakı isə susurdu...
Füzuli tutulduqdan sonra mühasirə halqası daralan Cəbrayıl şəhərində də durum saatbasaat ağırlaşırdı. Hakim yüksəklikləri ələ keçirmiş düşmən gecə-gündüz top və tanklardan, “Qrad” qurğularından şəhəri atəşə tuturdu. Yaşayış evləri, çoxmərtəbəli binalar dağılır, yanırdı, yaralananların, ölənlərin sayı günbəgün artırdı. Bakıya getmiş rayon ağsaqqallarını Nazirlər Kabinetinin sədri təyin edilmiş Surət Hüseynovun qəbuluna yönəltmişdilər. Onlar baş nazirə hərbi hissələrdə yaranmış başıpozuqluğu, Gəncə və Yevlaxdan gəlmiş batalyonların, əhalisi çöllərə çəkilmiş kəndləri soyub-talamaqla məşğul olduqlarını deyərək tələb etmişdilər: “Əgər ordu bacarmırsa, bizi silahlandırın, yerimizi-yurdumuzu özümüz qoruyaq”...
Heç bir yardım ala bilməyən nümayəndələr əlləri ətəklərindən uzun geriyə dönmüşdülər... Biçarə sadəlövh cəbrayıllıların o zamanlar heç ağıllarına da gəlmirdi, hansı siyasi oyunlar gedir ölkədə... Əhalinin təhlükəsizliyi üçün dövlət tərəfindən tədbir görülmürdü. Hər şey yerli camaatın öhdəsinə buraxılmışdı. Yalnız iki ildən sonra hamı kimi cəbrayıllılar da televiziya vasitəsilə biləcəkdilər ki, o zaman əlində real hərbi güc cəmlənmiş Surət Hüseynov bu yerləri ermənilərə “əlborcu” veribmiş...
Avqustun 23-də düşmən Bakıdan heç bir kömək almayan Cəbrayıl şəhərinin müdafiəçilərinin müqavimətini qıra bildi...
Sumqayıt ətrafındakı hərbi aerodromdan 16-20 avqustda Cəbrayıl və Füzulinin müdafiəçilərinə kömək üçün göndərilmiş təyyarələr bomba və raketlərini erməni qoşunları qərargahının yerləşdiyi məntəqələrə yox, Cəbrayıl və Füzuli şəhərlərinin kənarlarına boşaldıb geri dönürdülər... Bütün bunları görüb çaş qalmış əhalinin əl-qolu lap soyudu... Adamlar dolu evlərini qoyub Araz qırağına, İran sərhədinə tərəf qaçırdılar. Cəbrayıl şəhəri boşalırdı... Dövlət idarələrinin arxivləri, rayonun idarəetmə aparatları müvəqqəti olaraq daimi atəş altında olan şəhərdən təhlükəsiz əraziyə – Mahmudlu dəmiryol stansiyasına köçürülürdü. Sadəlövh insanlar İran sərhədinə pənah aparırdılar. Düşünürdülər ki, İran dövləti yol verməz ki, Ermənistan onun sərhədinə yaxınlaşsın, burada hərbi əməliyyatlar aparsın...
Cəbrayıl şəhərinin meri İlqar Ərşadoğlu bir neçə ay idi bu vəzifəyə təyin olunmuşdu. Ailəsini, valideynlərini son saatlarda təhlükə yerindən çıxarmış İlqar Şəhər sovetinin köçürülmə əməliyyatını bitirdikdən sonra Mahmudludan şəhərə qayıtdı, qara “Volqa”sı ilə küçələri bir də fırlandı... Kapitan batan gəmini sonuncu tərk edər, deyiblər.
– Bəlkə kimsə çıxa bilməyib, yardım gözləyir, – deyə o, fikrini sürücüyə açıqladı.
Hay-küylü küçələr bomboş idi.
– Deyəsən bizdən başqa hamı çıxıb. Döndük geriyə.
– Baş üstə, – deyən sürücü Üzeyir məktəbin yanından maşını döndərib qazı basdı. Xan çinarın tuşuna çatdıqda “Saxla!” – deyən İlqarın göstərişi tələbdən çox haraya bənzəyirdi... Üzeyir əyləci basıb maşını bir neçə metr geriyə sürdü...
Aşağı enən İlqar cəbrayıllıların fəxri Xan çinarı gövdəsindən tutmuş tacına qədər həsrətlə süzdü... Həmişə adamların görüş yeri, söhbət yeri olan, yaşı bilinməyən ağacın altı birinci dəfəydi ki, adamsız idi... Xan çinar tək qalmışdı, insanlar onu düşmənlə üzbəüz qoyub getmişdilər... İlqarın gözləri doldu... Pilləkənlərlə aşağı endi, çinarın dibindən qıjıltıyla axan kəhrizin suyundan ovuclayıb içdi. Boğazına tıxanmış qəhəri yuyub apardı Çinar kəhrizinin suyu...
Bu kəhrizin suyu İlqara ana südü qədər əziz idi. Ana südündən də əvvəl onun mayası bu su ilə tutulmuşdu, bütün cəbrayıllılar bu sudan içmişdilər... İndi Ana kəhrizlə vidalaşmalı olurdu...
Bilmirdi ki, bu, doğma yurdla son vidası idi. Bu bir ovuc su Ana kəhrizin ona verdiyi son qurtumlar idi...
İlqar qayıdıb motoru söndürülməmiş maşına oturan kimi “Volqa” yerindən sıçradı. Şəhərdən çıxdılar, sonuncu binanı – ikimərtəbəli xəstəxananı keçərək yoxuşu qalxıb Mahmudlu magistralına çathaçatda gördülər ki, BTR-lər yolu kəsib...
Xəbərləri yoxudu ki, beş kilometrlikdəki Çərəkən və Papı kəndlərini tutmuş erməni hərbçiləri şəhərdən dəmiryol stansiyasına gedən magistral yola çıxmışdılar. Qara “Volqa”nın yaxınlaşdığını görən düşmən əsgərləri avtomatdan havaya xəbərdarlıq atəşi açıb maşını saxlatdılar. Onsuz da yolun BTR-lə kəsildiyini görən sürücü sürəti azaltmışdı. Əvvəl onlar heç nə anlamadılar. Yolu kəsənlərin ermənilər olduğunu başa düşdükdə artıq gec idi... Müqavimətin yersiz olduğunu görən İlqar Üzeyirə “Saxla” işarəsini verdi. Maşın dayanar-dayanmaz dörd əsgər irəli cumdu, onlardan əlləri başlarının arxasında maşından çıxmağı tələb etdilər. İlqargil maşından çıxan kimi hərəsinin üstünə iki nəfər düşdü, qollarını arxaya qanırıb bağladılar, üst – başlarını axtarmağa başladılar. Heç nə tapmadıqdan sonra maşının yük yerini, salonunu ələk-vələk elədilər. Əsgərlərdən biri salondakı saxlanc yerindən bir dəstə çağırış vərəqəsi, İlqarın sənədlərini tapdığına sevinərək, onları qıraqda dayanmış zabitə verdi.
– Aqa, nam popala jirnaya rıbka!* – deyə sənədlərə baxan zabit onlara sarı yeridi, əlindəki çağırış vərəqələrini İlqarın üzünə çırparaq bağırdı, azəri türkcəsi ilə dedi:– Ara, sən bizə qarşı əsgər yığırmışsan, ha!.. Hanı bizə qan udduran o əsgərlər, zabitlər! Qoy, çıxsınlar meydana! Çıxa bilməzlər. Hamısı tülkü kimi quyruğunu qısıb qaçıbdır.
Bu sözlər İlqarı yaman göynətdi. Kaş, qolları açıq, əlində avtomat olaydı... Onda göstərərdi tülkü kimdir... Özünü ələ aldı, soyuq başla düşünüb qərara gəldi ki, səbrini basmalı, özünü təmkinli aparmalı, hər sözünü, hərəkətini ölçüb biçməlidir... İndisə susub, dözməkdən başqa çarə yoxdur.
Zabit ratsiya ilə özündən böyük komandirlə danışdıqdan sonra əsgərə nəsə dedi. Həmin andaca onlardan biri “Volqa”nın sükanı arxasına keçdi. Üzeyiri qabaqda, İlqarı isə arxada iki silahlının arasında oturtdular, maşının ağzını üst yolla şəhərə sarı döndərdilər. Pendir zavodunun yanına çatdıqda maşını saxlamaq işarəsi verildi. Bu zaman zavodun həyətindən çıxan “Jiquli” onların qarşısında dayandı. Arxa oturacaqda əlisilahlı erməni əsgəri ilə qolubağlı ahıl bir kişi oturmuşdu. Çevrilib onlara baxan kişini İlqar tanımadı.
_____________
* Aha, əlimizə yağlı balıq keçdi
Düz bir saat beləcə oturub gözlədilər. Onun sağında oturmuş, üz-gözündən zəhrimar yağan serjanta ratsiya ilə nəsə deyildikdən sonra maşınlar yerindən tərpəndi.
Qolubağlı girovları rayon icra hakimiyyətinin binası qarşısında maşından düşürdülər, həyətdəki bağçada qollarını açıb sıraya düzdülər. Bir vaxtlar rayon rəhbərlərinin dincəlmə və söhbət yeri olan kiçik fəvvarənin ətrafındakı oturacaqlarda rütbələri bilinməyən bir neçə erməni hərbçisi şellənirdi. Bağçanın, binanın giriş-çıxışında əliavtomatlı əsgərlər durmuşdular. İki nəfər binanın üstündə dalğalanan Azərbaycan bayrağını endirməklə məşğul idi.
Hərbçilərdən biri qalxaraq əsirlərə yaxınlaşdı, onları başdan-ayağa süzüb, İlqarın tanımadığı kişidən azəri türkcəsincə soruşdu:
– Kimsən? Adın nədir?
Kişi özünü dik tutub halını pozmadan dedi:
– Adım Yusifdir, həkim-cərraham, özüm də Beyləqan sakiniyəm.
– Bura niyə gəlmisən?
– Əslim buradandır. Çoxlu yaralı olduğunu eşidib, öz maşınımla gəldim köməyə.
Girovun səsində qorxu-zad olmaması, məğrur dayanması deyəsən, erməni hərbçisinin xoşuna gəlmədi; onun çənəsindən tutub bərk silkələdi, qəzəblə donquldandı:
– Baxarıq, görək necə cərrahsan.
O, həkimi buraxıb ortada dayanmış İlqara yaxınlaşdı, istehza ilə dedi:
– Şəhərin merisən, ha? Bu gün səni işdən çıxardıq. Artıq sənin merliyin də, Azərbaycanın bu yerlərdə hakimiyyəti də qurtardı. Bayrağınız həmişəlik endirildi. İndi sən ancaq öz həyatını saxlamaq haqqında düşünməlisən. Dediklərimi eləməsən, işin bitdi.
Zabit elə indicə Azərbaycan bayrağını endirmiş, erməni bayrağını onun yerinə asmağa hazırlaşan əsgəri yaxına çağırdı. Onun əlindəki ortasında aypara, səkkizguşəli ulduz olan üçrəngli bayrağı alıb İlqarın ayağı altına atdı:
– Bu bayrağa tüpürüb tapdala! – deyə qışqırdı, sonra erməni bayrağını ona uzatdı: – Bunusa öpüb gözlərinin üstə qoy.
İlqar onun uzatdığı erməni bayrağını alıb yerə tulladı, diz çöküb Azərbaycan bayrağını müqəddəs tutya kimi ikiəlli yerdən qaldırdı, öpüb gözləri üstə qoydu. O, bunu tövrünü pozmadan elə təmkinlə, sakit tərzdə elədi ki, sanki günlərlə məşq eləyib buna hazırlaşmışdı. Əlində Azərbaycan bayrağı ayağa qalxan İlqar tələsik başını yana qovzayıb, onu öldürənə qədər bir neçə anlığa doğulduğu şəhərə, Xan çinara baxdı... Onlarla yalnız baxışları ilə vidalaşdı, sözsüz, kəlamsız...
Belə bir səhnə ilə qarşılaşacaqlarını gözləməyən ermənilər ölməz bir sənət əsərinin təsirli səhnəsinə tamaşa edirlərmiş kimi donub qaldılar. Sonra... Sonra döş qəfəsindən aldığı zərbədən İlqar ikiqat oldu. Kürəyindən vurulan ikinci zərbədən yerə yıxıldı... “Yox, ayaq üstə ölməliyəm!” – deyə düşünən İlqar Tanrıdan güc istədi... Ayağa qalxıb bayaqdan müstəntiqlik eləyən hərbçinin ona tuşlanmış tapançasının qara lüləsinə baxdı. Başını dik tutdu. O, ölümü qəbul etməyə hazır idi...
– Dayan! Onun başına istənilən vaxt güllə çaxmaq olar. Əlimizə bir vəzifəli şəxs keçib, sən də onu tezcənə öldürmək istəyirsən. Bizə jivoy tovar gərəkdir, – deyə hovuzun qırağında oturmuş ermənilərdən digəri irəli yeridi, İlqarın hərəkətindən bərk qəzəblənmiş, qana susamış həmkarının tapançasını yana döndərib əlavə etdi: – Onu bax, belə tərbiyə eləmək gərəkdir, – deyib döş qəfəsinin altından – “günəş düyünü” adlandırılan nöqtədən qəfil zərbə endirdi.
Ağrıdan səsi çıxmayan İlqar qollu-budaqlı ağac kimi yerə yıxıldı. Buna bəndmiş kimi əsgərlər düşdülər onun üstünə. Üzeyir dözə bilməyərək özünü İlqarın üstünə gərdi, bununla zərbələrin yarısını üzərinə götürdü.
– Bəsdirin, belə zorakılığın axırı yoxdur. Biz humanist bir xalq olmağımızı göstərməliyik. Neyləmişiksə, gec-tez hayıfını çıxacaqlar, – deyə zabitlərdən üçüncüsü köməksiz insanları döyməkdən ləzzət alan əsgərləri saxladı.
– Vax, bu nə danışır, ara? Aramcan, sən niyə qorxursan? Arvad– uşağın, ev-eşiyin burdan çox uzaqda, Beyrutdadır. Onların əli sizə çata bilməz, – deyə İlqarı birinci vurmuş zabit irişdi.
– Söhbət millətdən, gələcək nəsildən gedir.
– Biz onların hamısını qırıb çatsaq, sağ qalanları aparıb Xəzərə töksək, hayıf almağa bir kəs qalmasa, necə?
Bu sözlərə hamısı güldü. Başını bulayan Aram dillənmədi, demək istədiklərini uddu. O istərdi desin ki, dövran o dövran deyil. İndi orta əsr vəhşiliklərini eləməklə erməni xalqı dünyanın qınağına məruz qalacaq. Arxada o boyda Türkiyə durur. Beş-altı milyonluq erməni xalqı özündən on dəfələrlə çox sayda olan bütün türk millətini qırıb qurtara bilməz. Bu boş xülyanı başlardan çıxarmaq gərəkdir... Amma susdu. Bu sözlərin məqamı deyildi. Bu fanatiklər üçün çöl-biyabanda adam öldürmək tum çırtlamaq kimi bir şey idi...
Ağız-burunları qızıl qana boyanmış, zərbələrə ah-ufsuz kişi kimi dözən həmyerlilərinə kömək eləmək iqtidarında olmayan Yusif həkim hiddətindən az qalırdı bayılsın... Əsgərlər əl saxladıqdan sonra özünü yarıhuşsuz İlqarla Üzeyirin üstünə atdı, əsgərlərdən biri ona əl qaldırmaq istədikdə üzünü zabitlərə tutub qışqırdı:
– Mən həkiməm, borcumu yerinə yetirirəm, onlar ölə bilərlər!..
Onun sözləri öz təsirini göstərdi. Zabitlərdən biri itə dönmüş əsgərlərə çımxırıb, zəncirlərini çəkdi, sonra üzünü həkimə tutdu:
– Ölməzlər, türkün canı bərk olur. Bax, özünü yaxşı aparmasan səni də bu hala salarlar.
Yusif həkim hovuzun kənarındakı gülləri sulamaq üçün qoyulmuş vedrəni doldurdu, cib dəsmalını isladıb İlqarla Üzeyirin üz-gözünün qanını sildi, aldıqları zərbələrin yerlərini yoxladı.
– Qorxmayın, xatalı şey yoxdur, – deyib onlara toxtaqlıq verdi. Qabdakı sudan bir neçə qurtum içən İlqar güclə gülümsəyib dedi:
– Doxtur, biz qorxu duyğusunu çoxdan bu torpağa gömmüşük.
Onları sərbəst nəfəs almağa belə qoymadılar. Bir azdan əsgərlər üçünün də qollarını arxadan bağlayıb, başlarına kisə keçirdilər, yük maşınına mindirdilər. Çox keçməmiş maşın yola düşdü. Bilmirdilər onları hara və nə üçün aparırlar. İnsanın gözlərini bağlayıb bir neçə dəfə fırlatdıqdan sonra o, səmti itirir. Belə hala düşəndə çaşmamaq üçün gərək çox güclü yaddaşa və hafizəyə malik olasan, qulağın vasitəsilə “görməyi” bacarasan...
Maşın bir neçə dəfə şəhərin içində ora-bura döndükdən sonra İlqar daha harda olduqlarını bilə bilmədi. Ermənilər yol boyu ələ keçirdikləri qənimətləri maşına yükləyirdilər. İlqar kürəyini sıxan yükü əllədikdə onun xalça-palaz olduğunu duydu. Maşını növbəti dəfə saxlayanda qulağına dəyən şırıltıdan anladı ki, şəhərdən çıxmışlar, üç yol ayrıcında kəhrizin suyundan düzəldilmiş şəlalənin yanındadırlar. Getdikləri səmti araşdıranda İlqar müəyyən edə bildi ki, onları ata yurdu Balyata tərəf, Hadruta aparırlar...
* * *
Famil müəllimin oğlu qara xəbəri eşidən kimi valideynlərinin arxasınca gəlmişdi. O, ata-anasını çöl-biyabanda axtarmalı olmuşdu. Oğul valideynlərini kövşəndə, Alaöküz dərəsinin gədiklərində üç-üç, beş-beş köç salmış, bezdən, kəlağayıdan özlərinə gölgəlik düzəldərək isti avqust günəşindən qorunan həmkəndlilərinin arasında tapdı... Adamlar hələ ümidlərini kəsməmişdilər, üçüncü gecə də ilan-çəyənin arasında gecələməyi qərara almışdılar. Amma toran qovuşanda Balyat, Qaracallı, Süleymanlı kəndlərindən ərşə qalxan alov və tüstünü gördükdə son ümidləri də qırıldı... Çarəsiz insanlar üzüaşağı Araz qırağına, Bakı yoluna tərəf üz tutdular...
Sirikli Səmərqənd isə Bakıdan Cəbrayıla gəlirdi. O, döyüşlərdə həlak olmuş oğlunun qəbrinin üstünü götürtmək üçün Xırdalanda qara mərmərdən düzəltdirdiyi başdaşını, sinədaşını gətirirdi. Onun xəbəri yoxudu ki, Sirik də, Cəbrayıl da düşmən əlinə keçmişdir. Oğlunu uğrunda qurban verdiyi torpağın özü qurban getmişdir. Səmərqənd arvad-uşağını Mahmudluda tapdı. Ana qara mərmərə həkk olunmuş oğlunun şəklini gördükdə nalə çəkdi... Ürəkləri dolmuş qadınlar onun səsinə səs verib insanın iliyinə işləyən kədər, ələm dolu ağı dedilər... Min illərlə burada məskən salmış insanlar yeni minilliyin astanasında yurd-yuvalarını tərk edirdilər... İki yüz ilə yaxın idi Azərbaycan türklərini, bəşəri sivilizasiya başlayandan məskunlaşdıqları torpaqlardan çıxarırdılar... İrəvandan, Göyçədən, Zəngəzurdan başlamış bu zorla qovma, köçürmə indi Qarabağda baş verirdi...
Köç... Adi yerdəyişmə belə insana ayrılıq, hicran, göz yaşı gətirir həmişə... Bu köç adi köç deyildi... Dədə-baba köçü, dağ-aran, yaylaq-qışlaq köçü deyildi... İnsanlar əbədi yaşayış yerlərini daha yaxşı güzəran üçün dəyişmirdilər... Bu, beş minillik tarixdən qoparılma idi. XX yüzilliyin 30-cu, sonra 48-50-ci, lap sonra 88-ci illərində alçaldılıb zülm edilmiş, var-dövlətləri əllərindən alınmış insanları susuz Qazaxıstan çöllərinə, yaxşı halda Azərbaycanın Mil və Muğan düzlərinə zor gücü ilə sürmüşdülər...

Cəbrayıl və Füzuli şəhərlərini, bu iki rayonun əksər ərazilərini rus tanklarının köməyi ilə işğal etmiş erməni qoşunları İran sərhədinə bir neçə kilometr qalmış hücumu dayandırdılar. Erməni komandanlığı kiminsə icazəsini gözləyirdi...
Horadiz dəmiryol qovşağından günbatana doğru uzanan Araz çayı ilə paralel qıvrılan dəmir və asfalt yollar hələlik Zəngilan və Qubadlı bölgələrini ölkə ilə birləşdirən yeganə imkanlar idi. Arazboyu zolaqdakı kəndlərə sığınmış cəbrayıllılar hələ ümidlərini kəsməmişdilər. Zənn edirdilər ki, yüksəklikləri tutmuş ermənilər aşağı kəndləri atəş altda saxlamaqla kifayətlənəcəklər, cürət eləyib İran sərhədinə yaxınlaşmayacaqlar...
* * *
Ermənistanla həmsərhəd olan Qubadlı isə hələ döyüşürdü. Düşmən onu tutmaq üçün çox ucuz bir fənd işlədirdi: Ermənistan səmtindən yox, Laçın dəhlizindən keçirdikləri qüvvələrlə Qarabağ tərəfdən hücum edirdi. Artıq üç ilə yaxın idi Dağbəyi İsmayılov qələmi yerə qoyub silah götürmüşdü. O, işlədiyi redaksiyadan müddətsiz məzuniyyət alıb doğulduğu Qubadlıya getmişdi. Əli silah tutan qohumlarını, dost-tanışlarını bir araya gətirib könüllü dəstə düzəltmişdi. Belə könüllü dəstələrin sayəsində ermənilərin həmlələri uğurla dəf edilmişdi. Qonşu Cəbrayıl və Füzuli rayonlarının əksər hissəsi işğal edildikdən sonra isə Qubadlının vəziyyəti ağırlaşmışdı.
Avqustun çıxmasına beş gün qalmışdı. Dağbəyi özündən çox gənc olan dəstə üzvləriylə gecə kəşfiyyata getmişdi. Öyrənmək istəyirdilər ki, düşmən öz qüvvələrini cəm edib hücuma başlayacaq, yoxsa adda-budda həmlələrlə kifayətlənib dayanacaq...
Dağbəyi bu yerlərin hər daşına, qayasına bələd idi. On yeddi yaşınadək kənddə yaşamışdı, bu dağlarda at oynatmış, ov ovlamışdı. O, köç vaxtı dağda doğulduğu üçün adını da Dağbəyi qoymuşdular.
Təpənin zirvəsindən Dağbəyi zəif ay işığında aşağıları nəzərdən keçirməyə başladı. Birdən sol tərəfdə gözünə işıq dəydi. Əvvəl elə bildi ki, maşındı. Amma işığın hərəkət eləmədiyini görüb, onun çökəkdəki çayxanadan gəldiyini yəqinləşdirdi. Xatırladı ki, yol Qubadlıya sarı burulanda çökəkdəki kiçik çayın üstə çayxana vardı. Orada manqalın üstdən kabab əskik olmazdı. Onu işlədən Qubadlıdan idi, hər tərəfdən müştərilər gəlirdi. Silahlı toqquşmalar başlayandan çayxana suyu sovrulmuş dəyirmana bənzəyirdi.
“Gecənin bu vaxtında nə qayırırlar orda? Ermənilər qorxularından bu həndəvərdə dolanmırlar. Bizimkilər... bəlkə maşınları xarab olub?”, deyə fikirləşən Dağbəyi aşağı düşməyi qərara aldı. Cavanlar onu tək buraxmaq istəmədilər. Dağbəyi onlara əmr etdi:
– Yox, tək gedəcəyəm. Bu yerləri mənim qədər tanımırsınız. Gözləyin...
Üzü enişə olduğu üçün o, çox çəkmədən bulağın qənşərinə çatdı. Burnunu qızardılan ət qoxusu qıcıqlandırdı. “Deməli, nəsə bişirirlər”... Burdan o yana sürünə-sürünə getməliydi. Yolun sağ tərəfinə keçdikdə quruyub qaldı. Düz beş tank dayanmışdı burda. Çayxana tərəfdən səslər gəlsə də, tankların yanında kimsə görünmürdü. Çayxanadakıları görmək üçün bir az da yaxına süründü... Və gördü ki, burada dayanmış iki BTR kiçik faraları ilə aşağıdakı çayxananı işıqlandırır, ermənilər iyirmidən çox rus tankçısı üçün kabab bişirir, hədyan-hədyan danışıb gülüşürlər.
“Deməli, sabah-birisigün Qubadlıya hücum olacaq, tanklar qabaqda, ermənilər arxada...”, deyə fikirləşən Dağbəyi istədi onları versin avtomatın ağzına. Amma fikrindən daşındı. Əvvələn, tankçılar çox idilər, onu vura bilərdilər... İkincisi, o, buraya kəşfiyyata gəlmişdi. Bu vacib xəbəri rayondakılara çatdırmalı idi...
Bütün bunları çək-çevir eləyib geri süründü... Gördüyü acı mənzərə Dağbəyiyə güllə kimi dəymişdi. Otuz il sovet gerçəkliyini tərif eləmiş, rus xalqına bəlağətlə “böyük qardaş” demişdi... “Bu da bizim axırıncı qismətimiz. Top lülələri “iri addımlarla irəliləyən” xalqın sinəsini nişan almışdı. Niyə, nə üçün, hansı qəbahətinə görə?” Bir istədi qayıtsın, rastına çıxan yağıları qanına bulayıb ürəyini soyutsun... Nanəciblərin sözü ilə özünü qınadı: “müsəlmanın sonrakı ağlı...”.
“Sonrakı ağlı” əmələ çevirmədiyinin ağrısını bir də böyük oğlu şəhid olduqdan sonra çəkəcəkdi... Həmin gecə rus tankçıları ilə döyüşə girməməyinə görə... Ölüb orda qalsaydı Biləcəridən qaytarılmış böyük oğlunu öz əlləri ilə komissarlığa gətirib cəbhəyə yola salmazdı... Oğlu orduya çağrılarkən onu tanıyan zabit “Atan cəbhədə vuruşur... Get evinizə, ailəyə hayan ol... O qayıdandan sonra sən gedərsən” demişdi...
Avqustun 27-də Qubadlının da taleyi Cəbrayıl və Füzuli rayonlarınınkı kimi oldu. Buraya ayağı dəyən düşmən yüz illərdən bəri əlləşdiyi fitnə-fəsadını həyata keçirdi...


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.