Araz qana boyandı...

İvan Qafqazın kiçik bir dərəsində otursa da regionda baş verən olaylar ona məlum idi. Aldığı qısa tapşırıqlar, xəbərlər vəziyyətdən onu hali edirdi. Çünki o, imperiya maşınının şüurlu bir hissəciyi idi. Bu imperiyanı saxlayanları on minlərlə baş, beyin hesab eləsək, onlardan biri Hadrutda oturmuşdu. O, Moskva kanallarından başqa, VVS, Röyter, Amerikanın səsi, Azadlıq, Saut əl– Arab kanallarının informasiyalarını da dinləyirdi. Bununla dünyanın necə nəfəs almasını, xəstə Rusiyanın nəbzinin necə vurmasını müəyyən eləyə bilirdi... Bu günlərsə təkcə Moskvanın yox, bütün dünyanın diqqəti, onun üstündə gəzdiyi bu torpaqlarda baş verənlərə yönəlmişdi. Rus qoşunlarını öz torpaqlarından qovub çıxarmış Azərbaycan siyasi-coğrafi mövqeyinə, təbii sərvətlərinə görə böyük dövlətlərin böyük maraq obyektinə çevrilmişdi. Xəzər neftinin qoxusu İngiltərə, ABŞ, Norveç və s. ölkələrin şirkətlərini buraya çəkirdi... Arı şirəyə gələr... Amma bu şirəyə milçəklər də cumurdular... Rusiya neft şirəsinə gələnləri yaxına buraxmaq istəmirdi...
İnsan itiyinin qədrini sonra bilir... Nəyi itirdiyini sonradan dərk edən Rusiya necə olursa-olsun Azərbaycandakı mövqelərini qaytarmaq istəyirdi. Hələlik, regionda söz sahibi o idi...
İvanın gecə-gündüzü yoxudu. Burada baş verən olayları yuxarı ötürməyə güclə vaxtı çatırdı. Qubadlı tamam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının çox hissəsi alınmışdı. Bütün strateji yüksəkliklər ermənilərin əlində idi. İranla sərhəd boyu ensiz zolağın tutulması haqqında əmr gözləyirdilər. Azərbaycan ordusu dağılmış vəziyyətdə idi. Xalq Cəbhəsinin batalyonları buraxılmışdı. Yerdə qalan hissələr baş nazir təyin edilmiş Surət Hüseynovun əlində idi. O, digər güc nazirliklərini də tam təsir altına almağa çalışırdı. Milli Təhlükəsizlik naziri də onların adamı təyin edilmişdi. Lakin İvan siyasi hakimiyyəti əlinə almış Heydər Əliyevdən baş aça bilmirdi. O, addımbaşı Rusiya ilə əlaqələri korlamış Xalq Cəbhəsi hakimiyyətini tənqid atəşinə tutsa da, MDB-yə girməyin vacibliyini iddia eləsə də, rus qoşunlarının, sərhədçilərinin geri qayıtmasına izn verməyə tələsmirdi, nə “hə”, nə də “yox” deyirdi. İvan yaxşı bilirdi, rus iqtidarı bu ensiz zolağı saxlamışdı ki, gənc dövləti qorxudub təzyiq göstərsin: əgər rus qoşunları qayıtmasa, bu torpaqlar tamam əldən çıxacaq... Kəşfiyyat xəbər gətirdikdə ki, Heydər Əliyev rus qoşunlarının geri qayıtmasına qəti yol verməyəcək, vaxt qazanmaqla Qərbdə özünə havadar tapmaq istəyir, məsələ aydın oldu. Aydın oldu ki, Baba uşaq-muşağın tayı deyil, bununla onu qorxutmaq mümkün olmayacaq. Odur ki, Moskvadan ermənilərin hücumu davam etdirməsinə icazə verdilər... Artıq ilk qələbələrin əldə edilməsində– dörd rayon mərkəzinin alınaraq Azərbaycan hərbi hissələrinin pərən-pərən salınmasında əsas qüvvə olmuş rus qoşunları, demək olar ki, öz işini bitirib rahat nəfəs almaqda idi...
... Oktyabrın axırlarında birləşmiş erməni qoşunları Zəngilana, Cəbrayıl və Füzuli rayonlarının Arazboyu kəndlərinə hücuma keçdilər. Əslində, bu kəndlərin sakinləri və “bəlkə” ümidi ilə buraya sığınmış yuxarı kəndlərin camaatı müdafiəsiz qalmışdılar. 4-5 kilometrlik eni olan bu zolağı almaq üçün elə də bir gücə ehtiyac yox idi. Heç bir maneə görməyən, qan dadmış siçovullar kimi erməni əsgərləri daha da sırtıqlaşıb, vəhşiləşmişdilər. Horadiz qəsəbəsini tutduqdan sonra çıxış yolu olmayan dinc əhalini qırıb çatır, ölülü-dirili payızda suyu çoxalmış Arazın soyuq sularına tökürdülər...
Qoşunların İran sərhədinə çatması, erməni əsgərlərinin İran sərhədçiləri ilə üz-üzə dayanması xəbərini alan İvan da rahat nəfəs aldı. Onu mükafat gözləyirdi... Döyüşlərin bu mərhələsi bitmişdi. Ermənilərin planında Kürlə Arazın qovuşduğu ərazilərədək bütün Qarabağı tutmaq olsa da hücum dayandırılacaqdı. Hər şeydən əvvəl tutulan yerlərdə möhkəmlənmək, hadisələrin necə inkişaf etməsini gözləmək gərək idi.
Yolun açıq olduğunu, heç bir təhlükə gözlənmədiyini yəqinləşdirən İvan İran sərhədinə getmək, bu tarixi məqamları yaşamaq, rəislərinə ətraflı, dəqiq məlumat vermək, hər şeyi – Arazı, sərhədi, çayın o tayını öz gözü ilə görmək istəyirdi...
– İrəli, İran sərhədinə tərəf sür, – deyə o, BTR-in sükanı arxasında oturmuş əsgərə əmr elədi. Bir azdan maşın üzüaşağı şütüməyə başladı.
– Serjant, sən hardansan?
– Tambovdanam, yoldaş podpolkovnik.
– Aha, demək sən Tambov canavarısan, ona görə belə cəsarətlə, saymazyana sürürsən. Ehtiyatlı ol, yola nabələdsən.
– Oldu!
Onlar qarşıdakı döngəni burulduqda yolun kənarında dayanmış UAZ-ın sərnişinləri əl elədilər. İvan maşının nömrəsindən bildi ki, özününkülərdir, daha doğrusu Hadrut maşınıdır. Odur ki, sürücüyə saxlamağı əmr elədi. UAZ-ın sürücüsü onlara yaxınlaşdı. İvanın yanındakı digər əsgər başını çölə çıxardıqda BTR-dəkilərin ruslar olduğunu anlayan erməni əsgəri pozuq rus dilində maşınının xarab olduğunu, iki nəfərin aşağı, sərhəd tərəfə getmək istədiklərini deyib, onları da götürməyi xahiş elədi.
– Qoy gəlsinlər, – deyə İvan razılıq verdi. Sonra dodağının altında öz-özünə mızıldandı: “Bəlkə təzə bir şey öyrəndik”.
İvan içəri girən sərnişinləri salamlayıb soruşdu:
– İşlər necə gedir?
– Yaxşı, – deyə onlardan biri cavab verdi.
– Hara gedirsiniz?
– Bu yoldaş İran sərhədinə baxmaq istəyir, – deyə bayaqkı cavab verdi.
İvanı maraq götürdü:
– Bəyəm o, rusca bilmir?
– Yox, o, Livan ermənisidir.
İvanın çiçəyi çırtladı:
– Hadratuk yəhki arabi? (Cənabınız ərəbcə danışır?)
Livanlı diksindi.
– Eyva. Mən əntə? Min eynə taarif arabi? (Bəli. Sən kimsən? Ərəbcəni hardan bilirsən?)
İvan özünü təqdim eləyib kim olduğunu söylədi. Onların söhbəti tutdu. İvan əlüstü onun “anketini” doldurdu. Aram əslən livanlı idi, buraya Daşnaksütyun partiyasının Paris şöbəsindən gəlmişdi, iki il idi Qarabağda vuruşurdu.
Bakı-Ordubad magistral yolunu keçdikdən sonra onlar üçün adi olan acınacaqlı bir mənzərə ilə rastlaşdılar. Qarşıda ucu-bucağı görünməyən, ikimərtəbəli imarətləri, yaşıl ağacları belə od tutmuş bir kənd yanırdı. İvan xəritəsini çıxarıb baxdı.
“Bu kəndin adı Böyük Mərcanlıdı. Bunların əhalisi yaman döyüşkəndir. Elə təkcə bu kəndin əli silah tutanını silahlandırsaydılar, erməniləri Hadrut dərəsindən bəri çıxmağa qoymazdılar”, – deyə öz-özünə danışan İvan qımışdı, üzünü sürücüyə tutub səsini ucaltdı: – Hə, elə bu yolla sür, xəritəyə inansaq, bizi çıxaracaq çayın sahilinə.
On dəqiqədən sonra onlar çayın sahilində idilər. İvan durbinini çıxarıb qarşı tərəfə baxmağa başladı.
O taya keçə bilmiş insanların bir qismi yük maşınlarının, traktor lafetinin yan-yörəsinə toplaşmışdı, bir qismi isə çayın daşlı sahilində sudan çıxa bilməmiş yaxınlarının meyitlərini axtarırdı. O, durbini çayın o taylı – bu taylı sahillərinə tuşlayıb dolandırdıqda birdən gözünə yaxınlıqdakı kolluqda qızartı dəydi. Avtomatını ayağa çəkərək onu müşayiət edən əsgəri irəli göndərdi.
On beş – iyirmi addım atmış əsgərin səsi gəldi:
– Cənab podpolkovnik, burda canlı bir kəs qalmamışdır, hamısının axırına çıxmışlar.
Onlar əsgərin səsi gələn yerə irəlilədilər. Lap yaxındakı kolluğun arasında kiçik talada ətürpədici bir mənzərə gördülər.
Üç qadın, üç uşaq qanlarına qəltan olmuşdular. Qadınlardan biri yaşlı, ikisi gənc idi. Uşaqlardan ən kiçiyi, 6-7 yaşlı oğlan anasının qucağına sığınmış halda keçinmişdi. Yaxın məsafədən atılmış avtomat güllələrinin açdığı yaralardan hələ də qan axması, bu dəhşətin bir az öncə baş verdiyini göstərirdi. Son nəfəslərində yaşadıqları dəhşət, qorxu uşaqların məsum sifətlərindəcə donub qalmışdı...
İvan irəli yeridi, gənc qadının yaxınlığında otların arasına düşmüş bükülü yaylığı götürüb açdı. Sənədlər, bir neçə fotoşəkil, on dənə min manatlıq əskinas... Görünür, biçarələr evdən ancaq bunları götürə bilmişlər, deyə pıçıldadı, pasport və doğum şəhadətnamələrini vərəqləməyə başladı... Hamısı bu kəndin, Cəbrayıl rayonu Mərcanlı kəndinin sakinləri idilər...
Bu qanlı səhnə İvanı sarsıtmışdı. O, uşaq ölümünü pis keçirirdi.
– Yırtıcı vəhşilər, – deyərək ardınca rusca məlum ana söyüşü söydü, sonra təzə tanış olduğu Arama meyitləri göstərib ərəbcə dedi:
-Belə vəhşiliklər eləyənlərlə faşistlər arasında bir fərq görürsənmi?
İvanın gözləmədiyi halda rəngi saralmış, dodaqları əsən Aram onunla razılaşdı:
– Bu vəhşiliyin qarşısında mən xəcalətdən ancaq başımı aşağı dikə bilərəm. Neyləməli, erməni ordusu da sadistlərdən xali deyildir.
– Belə mənzərələri Qarabağda mən çox görmüşəm. Hər dəfə də zabitlərinizə demişəm: Sizə yeni ərazilər tutmaq gərəkdir, yoxsa lüzumsuz qan tökmək? Torpaq alınandan sonra dinc sakinləri vəhşicəsinə öldürmək nə üçün? Sizi də, bizi də dünyada biabır eləyən Xocalı qırğınından nəticə çıxarmadınızmı?
Aram bir siqaret yandırdı, dərindən qullab vurdu, handan-hana dilləndi:
– Sadistlər çox ölkələrin ordularında var. Bu, bəşəriyyətin bəlasıdır. Hər bir zorakılığın yenisini doğurması məlumdur. Şərqdə isə qanı qanla yuyurlar... O uşaqların, qadınların intiqamını nə vaxtsa bizdən alacaqlar... Ola bilsin, başqa günahsız ermənilər bu intiqamın qurbanı olacaqlar. Ağıllı ermənilər bunu fikirləşirlər. Ağıllı ermənilər hər şeyi yaxşı başa düşürlər, cənab kolenel,* – deyə Aram sözünü ikibaşlı eyhamla bitirdi. Hər ikisi susaraq çayın o tərəfinə baxmağa başladı.
“Qəribədir, hələ təzə rütbə almamış hamı məni polkovnik çağırır” deyə fikirləşən İvan qımışdı.
Aramın eyhamının arxasında çox şey dururdu... O, uzaqlarda doğulsa da Qafqazda qurulmuş Ermənistan dövlətinin qüdrətlənməsi, torpaqlarını genişləndirməsi üçün hər şeyə hazır idi. Bütün erməni uşaqları kimi, Arama da məktəb partası arxasından “Dənizdən dənizə Böyük Ermənistan” ideyaları aşılanmışdı və o bu ideyalarla yaşayırdı. Doğrudur, sonra universitetdə tələbəykən başqa dillərdə başqa millətlərin tarixçilərinin yazdıqlarını oxuyanda görmüşdü ki, erməni məktəblərində ona öyrədilənlərlə bunların arasında yerlə göy qədər fərq var. Hayların birinci vətəni İraqın şimalında olmuşdur. “Dənizdən dənizə” deyəndə, ilk əvvəl Qara dənizlə Aralıq dənizi nəzərdə tutulmuşdu. Lakin Türkiyə Birinci Dünya Savaşından sonra dağılmayıb güclü dövlətə çevrildikdən sonra bu şüar dəyişilmiş, Qara dənizlə Xəzər arasındakı ərazilərə aid edilmişdir. Bütün belə manevrləri Aram qəbul edirdi. Amma Hayastandakı siyasətçilərin bütünlüklə Rusiyaya arxalanması və Qərbdən uzaqlaşması ilə razılaşa bilmirdi. Başa düşürdü ki, regiona təsir düymələri Rusiyanın əlinin altındadır. Hayastanın bütün uğurları Rusiya vasitəsi ilə baş tutmuşdur. Aramın rus-erməni əlaqələrinin tarixindən kifayət qədər məlumatı vardı. Bilirdi ki, I Pyotrun vəsiyyətinə əməl edərək I Yekaterina 1726-cı ildə ermənilərin yüksək mərhəmətə və himayəyə götürülməsi haqqında fərman vermişdi. Ermənilərin Qafqaza köçürülməsi hələ 1797-ci ildə başlanmışdı. 1828-ci ildə I Nikolay İrəvan və Naxçıvan xanlıqları ərazisində erməni vilayəti yaradılması haqqında fərman imzalamışdı.

___________
* Fransızca polkovnik deməkdir
İran, Türkiyə ermənilərinə rus təbəəliyini qəbul elətdirib, Azərbaycanın qərbindəki İrəvan xanlığında yerləşdirmişdilər. XX əsrdə də yüz minlərlə erməni başqa ölkələrdən İrəvana köçürülmüşdü. Rus hakimiyyəti onların etnik təmizləmə planını da həmişə dəstəkləmiş, Azərbaycan türklərinin Azərbaycanın qərbindən şərqinə köçürülməsini təşkil etmişdi. İkinci Dünya Savaşından Rusiya qalib çıxdıqdan sonra onların partiyası KQB ilə əməkdaşlığa başlamışdır. Aram şəxsən dəfələrlə KQB-dən gələn tapşırıqları Livan da, Suriyada, Fransada yerinə yetirmişdi. Bunun əvəzində partiyanın Yerevanla əlaqəsinə, Qarabağ, Bakı, Sumqayıt erməniləri arasındakı fəaliyyətinə maneçilik törədilmirdi. Kommunist, komsomol olan daşnaksütyunçular partiya məktəblərinə oxumağa göndərilir, yuxarı vəzifələrə qoyulurdu.
70-ci illərin ortalarında Həsən əl-Bəkr dövründə SSRİ daha İraqa girib onunla iqtisadi və hərbi əlaqələr qurduqdan sonra kürdlərin lideri Molla Mustafa Bərzani müəmmalı surətdə aradan götürüldü. O Bərzani ki, otuz il idi Moskvanın verdiyi silahla, pulla İraq hökuməti ilə vuruşurdu... Bundan sonra kürd hərəkatının mərkəzi Türkiyəyə keçirildi. Daşnaksütyun Türkiyədə kürdlərin qiyamını təşkil etmək üçün dəridən-qabıqdan çıxırdı. O kürdlər ki, 1915-18-ci illərdə ermənilərin, ermənilər də onların atalarını yandırmışdılar. İndisə müəyyən vaxtadək onlarla dost olmaq gərək idi. Çünki ermənilərə Türkiyəylə, Azərbaycanla aralarında bir bufer ərazi lazım idi. Bunun üçün onlar Azərbaycanda hələ 70-ci illərdən Laçın və Kəlbəcərdəki bir neçə kürd kəndində təbliğata başlamışdılar. Moskva belə şeylərə göz yumurdu. Məqsəd məlum idi: Rusiya bütün bunları ermənilərin yekə burunlarına hörmətdən eləmirdi. Ona Güney Qafqazda, İranda və Türkiyə ilə sərhədi olan Hayastanda öz siyasi və hərbi mövcudluğunu saxlamaq gərək idi, vəssalam! İndi dünyanın dəyişdiyi tarixi dönəmdə Rusiya hərbi bazalarını Hayastanda yerləşdirməklə onu boynuxaltalı xidmətçisinə çevirmişdir. Sabah dünyada, yaxud onun daxilində siyasət dəyişsə, Rusiya əlüstü öz qoşunlarını çəkib aparacaqdı. Ruslar dönə-dönə belə qırdı-qaçdılıq etmişdilər...
Bütün bunları çək-çevir eləyən Aram Gəncə ilə Daşkəsən arasındakı Çaykənd döyüşlərini xatırladı... 1991-ci ilin yazında SSRİ-nin saxlanıb-saxlanmaması haqqında respublikalarda referendum keçirildi. Azərbaycanın o zamankı rəhbərliyi buna “hə” cavabı verdi. Ermənilərə güclü SSRİ dövlətini saxlamaq əl vermirdi. Onlar artıq “Dənizdən dənizə Böyük Ermənistan” proqramını həyata keçirməyə başlamışdılar... Ermənilər “Biz Azərbaycanla bir dövlətdə olmaq istəmirik!” deyib “Yox” cavabı verdilər. Rusiya rəhbərliyi o zaman erməniləri qulaqburması ilə cəzalandırdı: daxili qoşunlara bir qədər Azərbaycanın tərəfini saxlamaq göstərişi verildi. Azərbaycanın xüsusi təyinatlı polis və təhlükəsizlik orqanları rusların dəstəyi ilə ermənilərin for-posta çevirdikləri Çaykəndi aldılar. O zaman buraya yenicə gəlmiş Aram canını güclə qurtara bilmişdi...
Bu hadisəni unuda bilməyən Aram qəti olaraq bu fikrə gəlmişdi ki, indiki dönəmdə Rusiyanın müttəfiqi olması ilə Hayastan dünyada nüfuzunu itirir. Rusiyanın öz qoşunlarını Hayastanda saxlamaqda digər məqsədi erməniləri öz təsir dairəsindən çıxmağa qoymamaqdır. Rusiya Hayastanın Qərb dünyası ilə inteqrasiyasına hər vəchlə mane olacaqdır. Hayastan gərək Türkiyə ilə, Azərbaycanla dil tapsın, sülh bağlasın. Çünki bu üç qonşu dövlətin heç biri digərinə görə öz ərazilərindən köçüb getməyəcəkdir...
Aram Qarabağ savaşında edilən vəhşiliklərlə heç cür barışa bilmirdi. Elədiklərinin cavabını qarşı tərəf hökmən verirdi. Əgər başı bədənindən ayrılmış, əl-ayağı kəsilmiş meyit verirdilərsə, eləsini də alırdılar. Təkcə qarşı tərəf onların əksinə, qadınlara, uşaqlara əl qaldırmırdı. Bəli, bu iki ildən çox müddətdə o, çox dəhşətlər görmüşdü. Və bu qənaətə gəlmişdi ki, məqsədə çatmaq üçün ən dəhşətli, qeyri – insani hərəkətlərdən belə çəkinməyən, lazım gəldikdə öz millətinin nümayəndələrini də güdaza verən daşnaksütyunçuların yüz il öncə qəbul edib rəhbər tutduqları mübarizə üsulları köhnəlmişdir... O qayda – qanunlar zəmanə ilə ayaqlaşmır... Ayaqlaşa da bilməz... Çünki bu yüz ildə iki Dünya müharibəsi olmuş, kommunist və faşist rejimləri yaranıb dağılmış, təkcə sərhədlər yox, insanların dünyaya, hadisələrə baxışı, münasibəti də dəyişmişdir. Daşnaksütyun ideyaları, partiyanın nizamnaməsi, məramnaməsi, hədəf və məqsədləri isə bu müddətdə, əsasən dəyişilməmiş qalmışdır... “Mən öz sözümü Beyrutda deyəcəyəm... Çalışacağam ki, erməni xalqını gözləyə biləcək təhlükədən hamını xəbərdar edim. Yox, əgər orada da buradakı kimi məni başa düşməsələr, bu partiyadan çıxacağam...”
İvansa o taydakıların hərəkətlərini izləməkdə davam edirdi... Deyəsən, çayda boğulmuş qızcığazın cəsədi tapılmışdı. Qadınlar meyidin üstündə şivən qoparırdılar. Saçını yolan kim, üzünü cıran kim... Çayın şırıltısı onların səsini batıra bilmirdi. Yenə uşaq ölümü... Sinirləri daş kimi möhkəm olsa da İvan bu səhnədən təsirləndi, durbini sağa çevirdi. Aha, iranlılar gəlirlər... Üç, dörd, beş maşın... Adi insanlardır, deyəsən, yemək, paltar gətirmişlər. Gör necə qucaqlaşırlar... Hə, axı onlar da Azərbaycan türkləridirlər...
Bu zaman onlara sarı yaxınlaşan yük maşını İvanın da, Aramın da diqqətini çəkdi. Maşından düşənlər cəsədləri götürüb kuzovdakı meyitlərin üstünə qolayladılar. Bu xoşagəlməz səhnədən çimçəşən İvan tez üzünü yana çevirdi. “Onlar canfəşanlıqla yığdıqları bu meyitləri Azərbaycan tərəfinə baha qiymətə satacaqlar. Pul düzəltməyi bacarırlar, hiyləgərlər!..” – deyə fikirləşən İvan BTR-ə sarı üz tutdu, Aramdan onlarla gedib-getməyəcəyini soruşdu. Aram geriyə özününkülərlə qayıdacağını bildirib sağollaşdı.
Bayaqkı səhnəni unutmağa çalışan İvan sərhəd boyu irəlilədikcə qürurla düşünürdü: “Rusiyanın sərhədi yüz kilometr də bərpa olundu... Mən də bunda iştirak elədim...”
Amma bu qələbənin nəyin bahasına başa gəldiyini düşündükdə, xüsusilə, indicə gördüyü dəhşətli səhnə gözləri önündə canlandıqda sustaldı. “Bu hələ mənim gördüklərimdir. Allah bilir, ermənilərin muzdlu banditlərdən, canilərdən yığıb düzəltdiyi hərbi dəstələr heç kimin görüb bilmədiyi nə qədər cinayətlər eləmişlər. Bu günahsız qanların tökülməsində bizim də təqsirimiz var. Mən də bu cinayətlərin iştirakçısıyam” – deyə İvan öz-özünə pıçıldadı. Birdən eyninə gəldi ki, bir-birini qucmuş halda öldürülmüş ana-bala Aysu ilə hələ bətnində olan uşağıdır... Anasının qanı can verib dünyaya gətirdiyi ciyərparasının qanına qarışıb axır... İvanın ürəyi xarab oldu, onun daş qəlbi muma döndü, hətta gözləri də yaşardı. Sanki bu dəhşətlər onun doğmalarının başına gətirilmişdi... Yox, İvan Aysunun, onun gələcək övladının başına belə bir iş gətirilməsinə yol verməz. O, bundan sonra bütün varlığı ilə çalışacaqdır ki, Aysunu bu cəhənnəmdən çıxarsın. Qoy uşağı da dünyaya gətirsin. Allahın yaratdığı bu canlını ya doğuşdan sonra, ya da əvvəl tələf elə, fərqi yoxdur, ikisi də ölümdür. Aborta icazə verməyən islam gör nə gözəl qadağa qoymuşdur.
Ziddiyyətli xarakteri olan İvan məsələyə başqa səmtdən də yanaşdı: Neyləməli? Azərbaycan üçün əsgərmi böyütməli? Təsdiqləsin ki, uşaq ondandır, qızın iradəsini qırıb ona sahib olmuşdur. Aysu buna üsyankarlıqla yanaşarsa, belə bir fəndlə onun dil-ağzını bağlar: bütün günahlar məndədir. Mən bu gözəlliyə biganə qala bilmədim.Sənə olan məhəbbətim ağlımı başımdan oynatdı. O gecə səni elə bihuş elədim ki, özündən xəbərsiz oldun... Əgər bunu qəbul etməyib, uşağı tələf edərsənsə, sən də məhv olarsan. Özün seç! Təmizliyini, Tanrının sənə bəxş etdiyi bu gözəlliyi saxlamağı arzulayırsansa, ata-ananın gözünün yollarda qalmasını istəmirsənsə, onda xudbin olma. Nə çoxdur bir millətdən olub başqa millətə ərə gedənlər. Belələri azərbaycanlılar arasında da az deyil, sizin minlərlə kişilərin arvadları rusdurlar, ermənidirlər. Biz ailə qurarıq, Moskvada yaşayarıq, qan içində dünyaya gətirdiyimiz övladı böyüdüb, təhsil verib tanınmış şəxsiyyət edərik...
Bu fikirlərə özü zidd çıxdı. “Nə üçün mən özümə də, gözəl bir qadına da şər yaxım? Axı, mən ona sahib ola bilmədim!.. Aysu bəlkə də canını qurtarmaq üçün indi buna razılıq verər, sonrasa ikiqat intiqamını alar. Uşağı həkim müayinəsindən keçirər, qanında mənim qanım olmadığını rəsmi sübuta yetirəndən sonra... lomba ilə həyatıma tüpürər.”
Hər halda müəyyən qərara gəlməliydi və gəldi də: Aksananın atmacalarını qulaqardına vurmaq, Aysu ilə arasında heç nə olmamış kimi rəftar eləmək, hər şeyi baş hakim olan zamanın ixtiyarına vermək!
Təzadlı, indiyəcən eyninə gəlməyən qəribə düşüncələr içində çırpınan İvan sanki yuxudan ayıldı, onda Aysunu görmək, söhbət eləmək, qayğısına qalmaq arzusu baş qaldırdı. “Son hərbi əməliyyatlar məni tamam – kamal hər şeydən ayırıbdır”, – deyə donquldanan İvan sürücüyə əmr elədi:
– Birbaşa Hadruta sür!..
* * *
İvan heç vaxt evə belə tələsməmişdi. Heç özü də bilmirdi nədir onu evə çəkən. Yoxsa yorulmuşdu? Hə, doğrudan da yorulub. Amma özündə fiziki yorğunluq hiss eləmirdi, qolu-qıçı ağrımırdı. O, mənən usanmışdı. Son iki ildə Qarabağda gördüyü qan, ölüm, on illərlə tikilib qurulmuş kənd və qəsəbələrin bir neçə gündə viran edilməsi ona pis təsir edirdi, əsəblərini yerindən oynadırdı. Hətta bir dəfə işğal olunmuş kəndlərin birindəki məktəbdə yerləşdirilmiş tabur qərargahına getdikdə dəhlizə səpələnmiş sinif jurnallarını, divarda güllələrdən deşik-deşik olmuş SSRİ xəritəsini gördükdə uşaq kimi kövrəlmişdi... Yurd – yuvasından qovulmuş bu insanlar ona yad deyildilər, onunla birlikdə keçmiş sovet vətəndaşı olmuşdular...
Çox həqiqətləri ancaq burada anlayan İvan hadisələrə təsir eləyə bilməzdi, faşizmdən betər bu soyqırımını, etnik təmizləməni dayandırmaqla bağlı cınqırını belə çıxara bilməzdi. Onu əlli-ayaqlı yox edərdilər... Ermənilərin dinc əhaliyə divan tutması barədə rəislərinə gözü ilə gördüyü dəqiq məlumatlar verməkdən başqa onun əlindən bir şey gəlmirdi. Hər dəfə bu məlumatlarla yanaşı azərbaycanlı əsirlərin rusları da bu cinayətlərin şəriki hesab etməsini yazıb göndərmişdi. Həmin hadisələrdən bəzisi istər-istəməz yadına düşdü...
... Aprelin 18-də Kəlbəcərin bir kəndindən girov götürülmüş otuz nəfərin yarıdan çoxunu ermənilər heç nahaqdan vermişdilər güllənin ağzına.
... İki yaşlı qızı ilə girov düşmüş Səmayə adlı qadın əsgərlərin alçaldıcı təhqirlərinə dözə bilməyib, iki dəfə damarlarını kəsmişdi. Üçüncü dəfəsə özünü öldürməyə nail olmuşdu.
... Yaralanmış əsir və girovların müalicə adıyla qol-qıçlarını kəsib şikəst edirdilər...
... Nəzakət adlı 15 yaşlı yeniyetmə qızı ata-anasının gözləri qarşısında zorlayarkən erməni hərbçilərinə müqavimət göstərən atasının qulaqlarını kəsmiş, ağacdan asaraq ayaqları altında tonqal qalamış, onu diri-diri yandırmışdılar. Bu müsibətə dözə bilməyən qızcığazın anası dəli olmuşdu...
... Avqustun 7-də məşhur Qacar kəndinin işğalı zamanı iyirmi beş nəfər sakin girov götürülmüşdü. Elçin və Fidayə adlı iki uşaq ermənilərə tutduruq vermədikləri üçün bədənləri avtomat güllələri ilə şanı-şanı edilmişdi...
O günahsız qurbanların heç birinin meyidinə İvan yaxından baxmayıb üzünü çevirmişdi. Bu gün gördüyü səhnəsə gözləri önündən getmirdi. Anasına sığınmış uşağın sifətində donmuş qorxu, imdad diləyən məsum ifadə onun vicdanını ağrıdırdı. Bu qətldə bütün rus hərbçiləri ilə bərabər özünü də günahkar sanırdı... Erməni hərbçiləri ilə belə əməllərinə görə toqquşurdu, mübahisə edirdi... Kimə deyirsən? Dəyirman öz bildiyin edir, çax-çax baş ağrıdırdı.
Erməni hərbçiləri niyə bu qədər qəddardılar? Bu amansızlığın hərəkətverici qüvvəsi nədir?
O, bu sualın cavabını hələ Buxarinin redaktorluğu ilə çıxmış Böyük Sovet Ensiklopediyasında, Aysunun ona göstərdiyi, əsrin əvvəllərində Tiflisdə yaşayıb yaratmış Veliçkonun və digər müəlliflərin kitablarında axtarmış, tez-tez hallandırılan “erməni xəstəliyi”nin mahiyyətini, əmələgəlmə səbəblərini anlamağa çalışmışdı. Axırda bu qənaətə gəlmişdi ki, erməni xalqını məhvə sürükləyən bu xəstəliyin “mikroblarını” erməni kilsəsi, adətən, sifətlərini gizlətməyə çalışan, orta əsr inkvizitorlarına bənzəyən erməni keşişləri yayırlar. Ermənilərin qriqoryan kilsəsi qonşu millətlərə qarşı nifrət, kin-küdurət ocağını sönməyə qoymayıb daim körükləyir. Erməni uşaqları beşikdən qonşulara nifrət ruhunda, “Böyük Ermənistan” ideyası uğrunda mübarizədə hər cür alçaqlıqdan, qəddarlıqdan, hiyləgərlikdən çəkinməmək ruhunda tərbiyə olunurlar... “Türk sənin düşmənindir!” deyə körpəlikdən ermənilərin canına bir qorxu yeridilir... İvanın rəyincə tarix boyu ermənilərin birliyini təmin etmiş qriqoryan kilsəsi cızığından çıxmışdır, son yüz ildə öz xalqını terrorçuluğa təşviqləndirir... Hələ SSRİ dövründə üç cənubi Qafqaz respublikasının sərhədlərinin qovuşduğu yerdə, səhv etmirdisə Azərbaycanın Qazax rayonunda qoyulmuş dostluq, sülh abidəsini partladaraq, özləri də ölmüş üç ermənidən birinin keşiş olması təsadüfi deyildi... İvan, ümumiyyətlə, həyatda “təsadüf” deyilən anlayışı qəbul etmirdi. Bu gün qarşılaşacağı sürprizlər də onun üçün təsadüf deyildi...
Sağdakı magistrala çıxmağa yol tapmayan BTR ara-sıra sökülmüş tikanlı sərhəd məftillərinin qırağı ilə gah Araza yaxınlaşıb, gah da uzaqlaşan yolla Maraylana sarı şütüyürdü. Bu kənd də tüstülənirdi. Qabağa baxsa da sağ-solu diqqətlə izləyən İvan kəndin qənşərinə çıxanda sürücüyə maşını saxlamaq əmrini verdi:
– Stop! Bir az geriyə sür. Hə, yaxşıdır.
Sürücü ilə nişançı yalnız indi yolun qırağında ağaca söykənmiş, başı sinəsinə düşmüş, döşündə tanış orden və medallar parıldayan ağsaçlı nurani bir kişini gördülər.
İvan aşağı düşüb ona sarı getdi. Başını çölə çıxaran nişançı komandirini naqafil hücumlardan qorumaq üçün ayağa çəkilmiş avtomatın lüləsini sağa-sola hərləməyə başladı.
Qocaya yaxınlaşan İvan onun yanında buğlana-buğlana sızqa-sızqa axan qanın qırmızıya boyadığı qoltuqağaclarını gördükdə hər şeyi anladı... İndicə öldürülmüş biçarə Böyük Vətən Müharibəsi əlili imiş... İvan qocanın, ətəyini qan islatmış pencəyinin yaxasındakı “Şöhrət” və “Qırmızı Bayraq” ordenlərinə, “İgidliyə görə”, “Stalinqrad uğrunda” və s. medallara baxdıqda sarsıldı... İvan bu orden və medal sahiblərinə hörmət və ehtiram ruhunda tərbiyə olunmuşdu... Rusiya uğrunda vuruşub əlil olmuş qoca döyüşçü indi ömrünün bu qürub çağında elə həmin Rusiyanın siyasəti nəticəsində dəhşətli ölümə məhkum edilmişdi. Onun daxilində bu haqsızlığa qarşı bir üsyan qalxdı. “Ermənilər biz rusları da öz cinayətlərinin şəriki etmişlər. Mən bu detalları sənədlə-sübutla yazıb göndərməliyəm... Bəlkə də bu qoca orden və medalları taxılmış pencəyini geyinmişdi ki, ona silah qaldıran keçmiş sovet vətəndaşları əl saxlasınlar... Onlarsa veclərinə almadan gülləni onun qarnına doldurmuşlar...” – deyə pıçıldayan İvan qocanın üstündə sənədinin olub – olmamasını bilmək üçün əliylə onun döş ciblərini yoxladı... Vardı... Qocanın sol cibindəki sənədləri götürdükdə hiss elədi ki, kişinin bədəni istidir, ürəyi vurur...
Yad bir əlin ona toxunduğunu hiss eləyən qoca gözlərini açdı, ağır-ağır başını qaldırdı, xırıltılı səslə öz dilində dedi:
– Heç nəyim yoxdur, əclaf!.. Niyə öldürmürsən məni? Yoldaşın qarnımdan vurub getdi, dedi ki, qoy əzabla ölüm... İnsafın varsa, bircə güllə çax başıma, tez ölüm... Vurmursan... Hamınız bir bezin qırağısınız... Vicdansızlar, çörəyi dizinin üstündə olan donuz uşaqları...
İvan qocanı tam başa düşməsə də anladı ki, onu erməni hərbçisi hesab eləyir... Nədənsə, İvanda yad sana bilmədiyi bu qoca əsgərlə, vətəni Rusiya uğrunda qan tökmüş döyüşçü ilə söhbət eləyib, son sözlərini eşitmək istəyi baş qaldırdı...
– Mən erməni deyiləm, qoca əsgər! – deyə o, rusca cavab verdi.
Üz əzələləri gərilən qocanın bəbəkləri genişləndi, sifətini yaxşı seçə bilmədiyi müsahibini görmək istədi:
– Onda russan, hə? – deyə rusca soruşdu, cavab gözləmədən ağır-ağır ürəyini boşaltdı: – Mən qvardiya starşinası Məşi Qasımov dörd il rus ivanları ilə səngərdə kürək – kürəyə yatdım, onların torpağı uğrunda faşistlərlə döyüşdüm... İndi həmin ivanların törəmələri o faşistlərdən on dəfə betər erməni terrorçuları ilə birgə bizim torpaqları tutuqlayıb günahsız insanları qırırlar... Aç götür mənim bu orden və medallarımı, apar ver Kremldəkilərə... De ki, ermənilər bu orden– medallara güllə atdılar. De ki, biz çox peşman olmuşuq Rusiya uğrunda vuruşmağa...
Ölüm ayağında olan qocaya nəyisə sübut eləməyin yersizliyini görən İvan başı ilə onun sözlərini təsdiqləyib, niyə burda qaldığını soruşdu.Get-gedə bənizi saralan qoca başını dik tutmağa çalışaraq ağır-ağır dedi:
– Düşünmə ki, məni atıb gediblər... Kəndin gülləbaranı birdən başladı... Heç gözləmirdik.... Oğluma dedim ki, tez arvad-uşağı çıxar, ermənilərin əlinə keçməsinlər... Oğlum uşaqları aparıb Arazdan İrana keçirdi, geriyə məni götürməyə qayıtdı. Mən yeriyə bilmirəm, çəkim də ağırdır... Özümü güclə həyətdə hərləyə bilirdim... Oğluma dedim ki, nahaq qayıdıbsan, həyatımı yaşayıb qurtarmışam. Sizə ağır yük olmaqdansa, qoy qalıb doğma evimdə ölüm. Oğlum razı olmadı, məni kürəyinə alıb, gah da qoluma girib güc-bəla ilə kənddən çıxara bildi. Sürətimiz çox az idi,oğlum dincəlmək üçün tez-tez dayanırdı. Yaxınlaşan ermənilərin səsini eşitdikdə oğluma yalvardım, yerə-göyə and verdim ki, məni qoyub getsin uşaqların yanına... Arazın o tayında, qərib yerdə mələyə-mələyə qalmış uşaqların... Biz ikimiz də burda qalıb ölsək, uşaqlar başsız qalarlar, məhv olarlar. Oğlum başa düşdü, gözündən qan-yaş tökə-tökə sözümə əməl elədi...
Gözləri yumulan qocanın səsi lap zəifləmişdi. Ağırlaşmış kipriklərini artıq saxlaya bilmirdi. O susduqda İvan ümidsizliklə soruşdu:
– Bilmirəm, sənə necə kömək eləyə bilərik, qoca döyüşçü...
Qoca gözünü açıb su istədi. İvan nişançıya su gətirməyi əmr elədi. Yerə sıçrayan əsgər plastmas qabdakı suyu İvanın işarəsi ilə qocaya içirtdi. Bu dünyada son qismətini – Cəbrayıl kəhrizindən doldurulmuş sudan doyunca içən qocanın sifəti bir neçə anlığa nurlandı, onlara “sağ ol” dedi, son nəfəsini toplayıb başını qovzadı, dönüb, doğulduğu Qarabağın bu Arazqırağı kəndinə, o taydakı Qaradağ torpaqlarına baxdı və bu dünyada son sözlərini pıçıldadı:
– Kremldəkilərə onu da de ki, bu haylara çox bel bağlayırsınız... Amma onlar kimi xain, etibarsız ikinci millət bir də özləridir... Gün gələcək, Rusiyanın kürəyinə bıçağı onlar sancacaqlar...
Qoca bir ağız da hava alıb əbədi susdu, bədəni sustaldı, başı köksünə düşdü...
Gözləri yaşarmış İvan bilmədi nə etsin... Ürəyindən keçdi ki, onu götürüb ədəb – ərkanla, layiq olduğu şərəflə basdırsın... Amma buna imkan yox idi...
O, sinəsində Böyük Vətən müharibəsinin orden və medalları olan qoca döyüşçünün meyidi qarşısında bir dəqiqə “Farağat” vəziyyətində durdu, avtomatını qaldırıb göyə yaylım atəşi açdı, sonra nişançıya göstəriş verdi:
– Onun döşündəkiləri aç götür, mənə lazım olacaq.
Onlar maşına oturduqdan sonra İvan nişançının uzatdığı orden və medalları qocanın sənədləri ilə birlikdə salafan kisəyə bükdü.Onun bu hərəkətini anlamayan nişançıya dedi:
– Bunlar bizim qanla yoğrulmuş tariximizdir. Həm də bir ailə başçısının gələcək nəslinə yadigarıdır. Bunları tapdaq altda qoymaq olmaz...
İvan sözünün dalısını gətirməyib ürəyində fikirləşdi: Neyniyəcək bunları? Muzeyə-zada qoymayacaq ha! Ən yaxşısı hamısını qocanın ailəsinə göndərməkdir... Geriyə dönəndən sonra bu çətin bir iş deyil...Conra qocanın sənədlərinə baxmağa başladı. Rusca yazılmış, hardasa ya Sibirdə, ya da Qazaxıstanda verilmiş reabilitasiya arayışını oxuduqda qanı yenə qaraldı. “Görünür, biçarə əsir də düşübmüş, yəqin əsirlikdən qaçıb, vuruşub, orden– medal alıb, fəxrlə evinə dönüb. Burdasa onu sürgün ediblər... Uzun əzablardan sonra günahsızlığı sübut olunub, yaşamaq üçün öz yurduna buraxılıb...” – deyə öz-özünə pıçıldadı... Salafan kisənin ağzını bağlayıb yol çantasına atdı... Ürəyi sıxılıb başı ağrıdığı üçün alnını, gicgahını bir az ovuşdurub, gördüyü ürəkağrıdan səhnələri unutmağa çalışdı. Bunun üçün ona beş-on dəqiqə mürgüləmək lazım idi.
– Uşaqlar, yorulmuşam, dincəlmək istəyirəm, maksimum on dəqiqə. Diqqətli olun... – deyib başını arxaya söykədi, gözlərini yumdu.
Mərcanlı, Maraylan, Şükürbəyli kəndlərini arxada qoyan BTR Fuğanlı yoxuşunu çıxanda sürücü irəlini göstərib dedi:
– Yolda hadisə baş verib, cənab podpolkovnik.
İvan yarıyumulu gözlərini açıb qarşıya baxdı. Yoxuşun başında üzü enişə böyrü üstə aşmış bir yük maşını çırthaçırtla yanırdı. Üstü çadırlı ikinci maşınsa salamat halda arxada dayanmışdı. Ölən və yaralananlar vardı. Hadisə yerinə on – on beş metr qalmış İvan maşını saxladıb aşağı endi.
Yaralıların zarıltı və qışqırığından qulaq tutulurdu. Sağ qalan əsgərlər sarılarını udmuşdular.
“Başqalarının qanını tökən bu millət öz qanı çıxanda yaman qorxur, barmağı qanayanda belə, haray-həşir salır” – deyə fikirləşən İvan nədənsə Puşkinin “Tı rab, tı trus, tı armenin!”* misrasını xatırladı... Ona yaxınlaşan erməni zabitinə özünü təqdim eləyib, nə baş verdiyini soruşdu.
– Bir Azərbaycan əsgəri kamikadzelik eləyib, üç-dörd qranatla özünü maşının altına atıbdır. Biz iki maşında əlli metr intervalla ön xəttə əsgər aparırdıq. Əclaf türk on nəfəri öldürdü, iyirmi nəfəri yaraladı,-deyə zabit yağlı bir söyüş söydü.
– Nə danışırsan? Bəyəm burda Azərbaycan əsgəri qalıb? Bəlkə, arxada təxribat aparmaq üçün xüsusi qüvvə saxlayıblar?
– İnanmıram. Güman edirəm, o əsgər ya azıb, ya da yatıb qalıbdır. Yəqin ki, özününkülərə çata bilməyəcəyini görüb, kişi kimi ölməyi üstün tutubdur, – deyə zabit etiraf elədi.
“Arxayınçılığa yol vermək olmaz. Ehtiyatlı olanları Allah saxlar”-deyə qədim rus məsəlini xatırlayan İvan xalaxətrin qalmasın soruşdu:

___________
* Sən qulsan, sən qorxaqsan, sən ermənisən!
– Sizə kömək gərəkdirmi?
– Ratsiya ilə xəbər vermişik, xüsusi sanitar dəstəsi gələcək. Varsa, bir az bint, yod verin.
– Yaxşı, gəlin götürün.
BTR-ə minən İvan kiçik aptekdəki dərman və sarğı materiallarını zabitə uzatdı. Sonra “İrəli!” – deyə sürücüyə göstəriş verdi, yollarına davam etdilər.
– Ehtiyatlı olun, yolun kənarlarına diqqətlə baxın, – deyə İvan sürücü ilə nişançıya xəbərdarlıq etdi...
Amma bilmirdi ki, qarşıda onu heç ağlına belə gətirmədiyi sürpriz gözləyir...


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.