Buludlar boşalanda səma açılır

İvan getdikdən sonra yır-yığışını qurtarmış Aksana əllərini yuyub Aysunun yanına gəldi. Onun hənirtisinə gözünü açan qız bilaixtiyar gərnəşib əsnədi. Elədiyi hərəkətdən utanıb üzr istədi.
– Bağışlayın, Aksana xanım. Özümdən asılı olmadı.
– Ürəyini sıxma, belə şeylərə görə Allah yel də verib, yol da verib.
Onun bu zarafatı Aysunun dodağını qaçırtdı:
– Alimlər hələ də bilə bilməyiblər ki, bu əsnəyi beynin hansı nöqtəsi idarə eləyir. Bizdə belə məsəl var: Əsnək əsnək gətirir. Bax, indi siz də əsnəyəcəksiniz.
Gerçəkdən, Aksana da əlini ağzına tutub əsnədi. İkisi də gülüşdülər.
– Dediyim məsəllə bağlı əski bir rəvayət var.
– Hə, danış görək, çoxdandı nağıla qulaq asmıram.
– Deyirlər, bir evə qonaq gəlir. Onun qarşısına yemək qoyan evin xanımı əsnəyir. Qonaq da onu təkrarlayır. Kişi arvadının hərəkətlərindən şübhələnir. Ortaya çay gələndə bu əsnəmələr yenə təkrarlanır. Kişi tam yəqin eləyir ki, arvadıyla qonaq nəsə dilləşirlər. Kişinin tutulduğunu görən qonaq “Əsnək əsnək gətirir” deyə eyham vurub, onun şübhələrini dağıtmaq istəyir. Kimə deyirsən? Kəmhövsələ və qısqanc ər işarəylə arvadını bayıra çıxarır, onu mərəyə, sizin dilcə desək, saraya çəkib sorğu-sualsız öldürür, geri qayıdıb heç nə olmamış kimi söhbəti davam etdirir. Qonaq çox arif adammış, hər şeyi başa düşür. Söhbət əsnasında bir neçə dəfə əsnəyir, ardınca da ev sahibi. Hirsi soyuyub ağlı başına gələn ev sahibi peşmançılıqla deyir: Səni eşitməyib arvadı öldürdüm. Doğrudan da əsnək əsnək gətirirmiş.
– Fu, nə böyük dəhşət!.. Amma ibrətamiz məsəldir. Yaxşı, danış görüm, o köpəkoğlu necə gəldi bura? Canını necə qurtardın ondan? – deyə bayaqdan bəri Aysu ilə erməni əsgəri arasında olmuş çarpışmanı, qızın onu necə öldürməsini təfərrüatı ilə bilmək arzusuyla qovrulan Aksana söhbəti dəyişdi.
Aysu heç nəyi gizlətməyərək, baş vermiş hadisəni təfsilatı ilə danışdı. Onu heyranlıqla dinləyən Aksana dedi:
– Sən çox qoçaq və güclü qızsan. Bunu hər qadın bacara bilməz. Şəxsən bu hadisə mənimlə baş versəydi, mənə hücum edilsəydi, toyuq kimi yerə çökərdim. Amma ölən əsgərin qohumları bizi sakit qoymayacaqlar. Bunlar çox kinlidirlər.
– İvan çox arxayın danışdı.
– Orası elədir. Lakin İvan bu adamları mənim qədər tanımır. Həmişə gözdə-qulaqda olmaq lazımdır.
– Qəsəbədə nə var, nə yox?
– Hə, əvvəlcə mağazaları gəzdim. Sənin ölçünə uyğun olan yubka, kofta və palto gördüm. Sonra Asyagilə getdim. O dedi ki, Beniklə görüşəndə lal qadın haqqında ətraflı məlumat alıb sənə gətirəcək. Ordan evimə dəydim. Qonşum axır sözünü dedi: ev erməni millətinin mülkiyyətidir. O boyda mebellərə, bir sözlə, dolu evdəki əşyalara vur-tut ikicə yüz dollar verir. Bir vaxtlar qabağımda ikiqat olan, dostluqdan, insanlıqdan dəm vuran qonşumun əclaflığı qanımı yaman qaraltdı. Sizinkilər həmişə deyərdilər: ermənini qapında gör... Səndən asılı olanda ipək kimidirlər... Bu söz indi mənə çatır... Əgər qonşum imkansız olsaydı, mənə bu qədər yer eləməzdi, heç üstünü vurmazdım. Amma onun pulu çoxdur, oğlunu da evləndirmək istəyir, mənzilə ehtiyacı var. Küçəyə çıxandan sonra isə gördüklərim məni o qədər dilxor elədi ki, o əclaf yadımdan çıxdı. Burda əsirlərə verilən zülmü Allah bağışlamayacaq.
Nəfəsini dərib söhbətinə ara verən Aksana Aysunun ona qulaq kəsildiyini gördükdə lap həvəslə danışmağa başladı:
– Hə, küçəyə çıxanda gördüm ki, əsgərlər bir dəstə girov və əsirin əlinə süpürgə, vedrə verib, küçələri süpürdə-süpürdə gəzdirirlər, əhaliyə göstərirlər ki, baxın, görün nəyə qadirik.
– Kim idilər onlar? – deyə Aysu həyəcanla soruşdu.
– İçərilərində hər cürə adam vardı: cavan, qoca, qadın, uşaq. Qabaqda gedən yaraşıqlı gənc kişininsə döşündən taxta lövhə asılmış, üstündə iri hərflərlə nəsə yazılmışdı. Bunların danışıqlarını az-maz başa düşsəm də, yazılarından bircə hərf də bilmirəm. Böyrümdəki tanış kişidən o lövhədə nə yazıldığını soruşdum. Dedi ki, orda “Cəbrayıl şəhərinin qəhrəman meri” yazılmışdır. Mənimlə söhbəti uzatmaq istəyən kişi ona canı yanırmış kimi sözünə davam eləyib söylədi: “Başıboşu nə qədər döyürlərsə də təslim olmur, Cəbrayılın Dağlıq Qarabağ Respublikasının tərkibinə girməsini təsdiqləyib qol çəkmir. Döyə-döyə öldürəcəklər onu.” Hə, camaatı ələ almaq üçün beləcə alçaldırlar yazıqları. Aysucan, başını dik tutaraq vüqarla yeriyən o mavigözlü, yaraşıqlı cavan merin bulud kimi tutulmuş sifətinə baxdıqda ürəyimə sanki bıçaq soxdular. Mən indiyə qədər belə canlı şəkildə, çəkdiyi əzablara baxmayaraq, düşmən qabağında özünü məğrur aparan, baxışlarından mərdlik, kişilik, müdriklik tökülən adam görməmişdim. Üz-gözü qançır edilmiş mələk sifətli bu insan sanki kinoda gördüyüm İsus Xristos idi, ətrafındakılarsa kafirlər.
İkinci dəfə o səhnələri yaşayan Aksananın gözləri yaşardı, stəkana su süzüb bir neçə qurtum içərək sözünə davam elədi:
– Hələ bu harasıydı?! Əsirlərdən cılız bədənli birisi dönüb, yanından keçdikləri bulaqdan bir ovuc su içərkən, arxadan gələn əsgər avtomatın qundağı ilə onun gicgahından necə vurdusa, tirtap uzandı. Digər əsgərlər də tökülüşdülər, yerdə qıvrılan yazığı futbol topu kimi saldılar ayaqlarının altına. Bunu görən mer özünü atdı döyülənin üstünə, zərbələri qəbul eləyib, onu qoruya-qoruya rusca əsgərlərdən xahiş elədi ki, vurmasınlar, döydükləri əsir xəstədir. “Onda əvəzində səni döyərik, patriot” deyən əsgərlər daha da quduzlaşdılar. Bu səhnələrə baxmaq üçün, gərək adamın ürəyi daşdan ola. Mənə elə gəldi ki, kinoya baxıram, Roma legionerləri üsyançı qulları döyürlər. Yaxşı ki, camaatın içindən bir-iki yaşlı kişi və qadın əsgərlərin üstünə çımxırdılar, “bəsdirin” dedilər. Yanımdakı tanışım mənə eşitdirdi ki, bu əsgərlər Yerevandan gəlmiş haylardır, çox hirslidirlər. Sonra Cəbrayılın meri haqqında bunu da dedi ki, onun axırına çıxacaqlar, günahı böyükdür. Soruşdum, niyə? Cavab verdi ki, onu girov götürəndə öz bayraqlarını veriblər ki, tapdala, erməni bayrağınısa öp qoy gözlərinin üstünə, səni buraxaq, çıx get. O isə tərsinə eləyibdir.
Aksana susdu, gözlərini silib şikayətləndi:
– Anlaya bilmirəm. Böyük Yaradan niyə belə zülmə, ədalətsizliyə yol verir?..
Bayaqdan nəfəsini içinə çəkib, bu ürəkyaxıcı söhbəti dinləyən Aysu səssiz-səssiz ağlayırdı. Aksana susduqdan sonra o, dodaqları altında pıçıldadı:
– Gələcək, intiqam günü gələcək!..
Sonrasa onun azəri türkcəsincə dediklərini yaxşı anlamadığı üçün başını yaxına gətirən Aksanaya xitabən dedi:
– Allah verəcək onların cəzalarını, ya bizim əlimizlə, ya da başqa vasitələrlə. Bu dünyada cəzasını almayan zülmkarlar o dünyada alacaqlar. Mən buna inanıram. İnanıram ki, yaxşılığın da, pisliyin də gec-tez əvəzi verilir.
Başı ağırlaşan Aysu halsızlaşdı,bərk yorğunluq hiss elədi, sanki bütün günü daş daşımışdı. Bayaq azacıq mürgüləməsi onu dirçəltmişdi. İndi əsirlər haqqında eşitdikləri təzədən əhvalını pozdu, üzgün halda dedi:
– Məni bağışla, əziz Aksana xanım. Başımdan ağrı qalxdı.Otağıma keçib uzanmaq istəyirəm. Əsgidən-zaddan versəydin, oranı yuyub təmizlərdim.
Aksana gülümsəyərək qızı uşaq kimi əzizlədi:
– Mənim qəşəngim, şam yeməyi hazır olanadək keçib çarpayında uzana bilərsən. Hər şeyi özüm eləmişəm.
Aksananın növbəti xeyirxahlığı qızı riqqətə gətirdi, bu dəfə gözləri xoş duyğulardan yaşardı. Bunu hər kəs eləməzdi. Adətən otağını özü süpürər, yığıb yığışdırardı, bütün mənzilin təmizlik işlərində isə yalnız köməkçi rolunu oynayırdı. “Sən qonaqsan” deyən Aksana mənzili təkbaşına silib süpürməyi ona rəva görməzdi. Aysu yaxşı başa düşürdü ki, Aksana bunu onun ürəyinə başqa şey gəlməməsi üçün eləyirdi.
O, Aksananı qucaqlayıb ürəkdən gələn duyğularını bir-iki kəlmə ilə söylədi:
– Sən yaxşı insansan, bacı. Allah ürəyinə görə versin, arzularına çatdırsın.
Onun yaşarmış gözlərindəki dərin minnətdarlıq ifadələrini oxuyan Aksana da riqqətə gəldi:
– Özünü ələ al, qız. Neyləmişəm ki? Mən öz insanlıq borcumu yerinə yetirirəm, vicdanımın səsinə qulaq asıram. Sən özün qəlbən təmiz olduğun üçün xeyirxah adamlardan yaxşılıq görürsən. Bir daha sənə xatırladım ki, İvan da yaxşı adamdır, öz kolleqaları ilə müqayisədə mələk kimi insandır. Sən bu hərbçiləri yaxşı tanımırsan. Heç bilirsən aralarında nə qədər əclaf, vicdansız var? Bütöv şəhəri, kəndi sakinləriylə yerlə-yeksan edərlər, heç “uf” da deməzlər, təki yuxarıdan əmr olunsun. Onlar üçün bircə müqəddəs şey var: əmr!.. Yaxşı, get dincəl.
Aysu hamam otağına girib əl-üzünü yudu. Həkimin verdiyi dərmanları ikinci dəfə üzündəki zərbə yerlərinə sürtdü, sonra otağına keçdi. Burada əvvəlki səliqə-sahman yaradılmışdı: döşəmə yuyulub silinmiş, döşəkağıları dəyişilmişdi. Elə bil heç bir neçə saat öncə burda adam öldürülməmişdi. O soyunub yatağına girməzdən qabaq bədənnüma güzgüdə özünə baxdı. Qarnı hiss olunacaq dərəcədə iriləşmişdi. Hamiləliyin ilk vaxtlarında üzündə əmələ gəlmiş ləkələr qismən kiçilmişdi.
Aysunun bütün fikri-zikri köksü altında gəzdirdiyi körpəsi idi. Öz həyatını unutmuşdu. Hər addım atanda da, ağzına bir tikə aparanda da onu düşünürdü... Nəfəs alanda sanki onun ağzı ilə alırdı havanı... Gül-çiçəyə, üzüyuxarı dağlara, üzüaşağı yaşıl bağlara, göy səmaya baxanda körpəsinin gözü ilə baxırdı... Hələ körpəsini görmədən, ona döş verib əmizdirmədən böyük analıq hissi, övladına sonsuz sevgi və bağlılıq qızın bütün varlığına hakim idi. Səbirsizliklə gözləyirdi onun yolunu... Daha ürəyi bulanmırdı, toksikozu ötüb keçmişdi. Özünə təlqin eləmişdi ki, iştahası çəkdi, çəkmədi, yeməlidi, çünki iki cana qulluq eləyirdi... Axşam-səhər həyətə düşüb gəzişir, sağlamlıq gimnastikası ilə məşğul olurdu. Bu, günbəgün, saatbasaat ətə-qana dolub insan şəklinə düşən ciyərparasının sağlam doğulması üçün gərəkliydi... Bugünkü hadisəyədək sinirləri bir az sakitləşmişdi. Buna səbəb özünü bir qadın kimi böyük, şərəfli, əzəli və müqəddəs borcunu verməyə həsr etmiş sanmasıydı... Sinəsi altında övlad, bəşəriyyətin davamı olacaq milyonlardan birini bəsləməsiydi... Belə yerdə deyiblər: Sən saydığını say, gör fələk nə sayır... Cəhənnəmə vasil elədiyi erməni qatili təzədən onu stressə saldı... Amma sağ olsunlar Aksana ilə İvanı, onu başa düşdülər, stressin güclənməsinə yol vermədilər.
“Bəs indən belə həyətdə necə gəzəcəyəm? Axı, mənə hərəkət gərəkdir...” fikri onu düşündürdü. “Allah kərimdir” deyib yatağı açdı.
Yerinə uzandı, gözlərini yumub mürgüləmək istədi. Amma fikir yenə onu çəkib Bakıya apardı. Göndərdiyi məktubun doğmalarına yetişəcəyini, onların necə sevinəcəklərini təsəvvürünə gətirdikdə kefi duruldu, öz-özünə pıçıldadı: keşkə məktub çox ləngiməyəydi. Əgər məktubu aparan sabah burdan çıxsa, birisigün olacaq Moskvada. Ordan da yubatmadan göndərsələr, deməli, on günə Bakıya çatacaq. Lap uzağı on beş günə ata-anası, sevgilisi onun haqqında müjdə-xəbər alacaqlar. Bəs görəsən indi ölkədə durum necədir? Hücum-zad planı hazırlanırmı? Bu qədər əsir və girovu yağıların zülmündən qurtarmaq üçün bir iş-zad görülürmü? Siyasi qüvvələr Qarabağ uğrunda çəkici bir yerə vura bilirlərmi?
O, televiziya və radioya hər gün qulaq asırdı. Lakin əksər informasiyalar birtərəfli və yarımçıq verilirdi, əsasən rəsmi mövqeni əks elətdirirdi. Bircə şeyə görə Aysu bu informasiyalardan razı idi: düşmən əlinə fakt-zad verilmirdi. İvan tez-tez Aysunun hazırladığı xülasələrin üstünə qırmızı qələmlə yazırdı: Kim? Harda? Nə üçün? Aysusa “Mən özümdən xəbər yaza bilmərəm, deyilənlərdən kənara çıxıb yalan-palan toqquşdura bilmərəm” deyirdi. Ölkədə baş verənlər, əhalinin əhval-ruhiyyəsi haqda Aysunun tam məlumatı yox idi. Bəzi sətiraltı mənalardan, çıxışlardakı ifadələrdən, xüsusilə Milli Məclisdən verilən reportajlardan özü üçün nəticə çıxara bilirdi. Amma öz mülahizə və təhlillərini hazırladığı xülasələrdə yazmazdı.
Son vaxtlar İvanın üzünü heç görmürdü. O, evə gec qayıdır, bəzən isə heç gəlmirdi. Aysu radio və televiziyadan verilən gündəlik xəbərlərin xülasəsini yazdığı xüsusi jurnalı İvanın yemək stolunun üstündə qoyurdu. Əksər vaxtını kitab oxumaqla, kiçik hekayələr, esselər yazmaqla keçirir, gələcək yaradıcılığı üçün gündəliyində qeydlər aparırdı. O, son illərdəki olaylardan bir roman yazırdı. Adını da “Qaradağnamə” qoymaq istəyirdi. Bu adı “Qarabağnamə”lərə iqtibas olaraq seçmişdi. Əsərdə xalqının sinəsinə necə çarpaz dağ çəkildiyini göstərməyi qarşısına məqsəd qoymuşdu. Hadisələri fantastik bir planetə – bizim Qalaktikanın başqa bir ulduzunun başına fırlanan yeddi səyyarədən birinin üzərinə köçürürdü.
...Ra adlı məmləkət səyyarədəki bir neçə ölkəni işğal eləyib öz müstəmləkəsinə çevirmişdir. Həmin ölkələrdən biri gözəl təbiəti, zəngin torpağı, yaraşıqlı insanları olan An adlı diyardır. Bu diyarın insanlarını əldə saxlayıb, qul kimi işlətmək üçün Rada ayrıca mərkəz yaradılmışdır. Alimlər doğulan uşaqların üzərində körpəlikdən xüsusi əməliyyatlar aparırlar: onların bir qismini kor, bir qismini kar, üçüncü qismini şikəst eləyir, digər qisminin ağlını alıb, küt bir məxluqa çevirirlər.”Damazlıq” adlandırdıqları seçmə bir qisminə isə toxunmurlar. Anı idarə eləmək, öz həmcinslərini qul kimi pambıq plantasiyalarında, mədənlərdə işlətmək üçün onları xüsusi məktəblərdə oxudur, özlərinə sadiqlik ruhunda tərbiyə edib yetişdirirlər. Beləliklə, korlar on metrdən uzağı görmürlər. Karlar on addımlıqdan o yanda, istəyirsən top at, eşitmirlər. Ayağı şikəstlər yüyürə, uzaq məsafəyə gedə bilmirlər. Əl-ayağı, göz-qulağı salamat olanlarınsa ağlı yoxdur, nə desən onu da edirlər. Buna görə də Anlılar Ranın zülmünə qarşı qalxıb mübarizə apara bilmirlər. Anlılar çalışırlar ki, aralarından elə bir şəxsiyyət çıxsın ki, kar-korları, şikəstləri arxasınca apara bilsin, onları Ranın zülmündən qurtarsın. Belə bir şəxsiyyətin gözləri çox uzaqları görməli, qulaqları darı dəlməli, əl-ayağı yerində olmalıdır. O, dərin zəkaya, iti ağla, geniş bilik və məlumata malik bir adam olmalıdır... Yeri gələndə igid sərkərdəyə, çoxbilmiş diplomata, mahir artistə belə çevrilməyi bacarmalıdır. Belə şəxsiyyət isə ancaq Ralıların üzərində əməliyyat aparmadığı “damazlıqlar”ın arasından çıxa bilərdi. Yaşamaq üçün hər cür şərait yaradılmış “damazlıqları” ayrıca tərbiyə etsələr də, üzərlərində xüsusi nəzarət vardı. Bu nəzarəti də onlar bir-birilərinə edirdilər... Ümidverici yeganə amil onların genləri idi. Ra alimləri bu genləri, Tanrının verdiyi irsiliyi yox edib yenisini yarada bilmirdilər... Bu genlər bəzən “damazlıqlar”da özünü göstərirdi. Anlılar buna ümid edirdilər. İnanırdılar ki, onların arasından bir oğul çıxacaq, xalqına başçılıq eləyib zülmdən qurtaracaqdır. Bunu anadangəlmə kor baxıcı da təsdiqləyirdi. Sonra əsərin qəhrəmanı ortaya çıxacaq, uzağı görə bilməyən, uzağı eşidə bilməyən, uzağa gedə bilməyən həmvətənləri ilə hiyləgər, məkrli Ralılara qarşı mübarizəyə başlayacaqdı... Bu çarpışmada əsas aparıcı amil Anlıların içindəki inam, qanlarındakı irsi yaddaş, ruhlarındakı birləşmək istəyi idi.
Aysu romantik esselərindən fərqli olaraq belə ciddi yazıları çox vaxt atasına göstərər, məsləhət alardı. Tez-tez qan yaddaşı, tarixi gerçəkliklər haqqında söhbət edərdilər.
“Biz çox unutqan, kin saxlamayan xalqıq. Düşmənin sözünə inanıb düşmənçiliyi unuduruq. Bu, bir tərəfdən yaxşıdır. İnsanlar ədavəti unutmayıb, bir-birlərindən intiqam almağa uysalar, gərək bütün tayfalar, millətlər, xalq və dövlətlər müharibələrə ara verməsinlər” deyərdi Elbəyi müəllim. Bir dəfə o, Sabir Rüstəmxanlının “Ömür kitabı”nı qızına verib demişdi:
“Bunu oxu. Burdan çox şey götürə bilərsən. Belə əsərlər bizə çox lazımdır... Yatmışları oyatmaq üçün. Bizim gəncliyimiz bu ruhla yaşamalıdır. O başladı, siz davam etdirin!..”
Atası milli bayramları təntənə ilə keçirməyi xoşlayırdı, xüsusilə Novruz bayramını, axır çərşənbəni... 20 Yanvar qırğınından sonra qara parçadan bayraq düzəltmişdi, milli matəm günü onu balkondan asardı.
“Bayramlarda küçələr al-əlvan bayraqlar, şarlarla bəzədilir. Ölkəyə gələn müsafirlər də bilirlər ki, şənlik, şadlıq, gülüb əylənmək məqamıdır. Matəm günlərimizdə isə küçələrdə, evlərdə gərək qara bayraq asılsın” deyərdi Elbəyi müəllim dost-tanışa, qonum-qonşuya, Aysuya...
Aysu Bakı ilə yaşayırdı. Gözlərini yuman kimi həmişəkitəki xəyalı uçurdu doğma yerlərə, əzizlərinin yanına... Onlarla söhbət eləmək istəyirdi... Heç kim eşitmirdi onu... Bəlkə buna görəydi ki, onda təzə bir adət yaranmışdı: öz-özü ilə danışmaq. Öz-özünə sual eləyir, cavabını da verirdi. Amma siyasətlə bağlı bir sualına cavab tapa bilmirdi: Prezident Heydər Əliyev necə şəxsiyyətinə sığışdırıb, baş nazir təyin etdiyi qondarma polkovnik, savadsız bir adam olan Surət Hüseynovla bir stolun arxasında otura bilir? Niyə onu da Əlikram Hüseynovun, Rəhim Qazıyevin gününə salmır?.. Bəyəm, bu qiyamçıların arxasında duranlar bir o qədər güclüdürlər? Axı, bircə il əvvəl əliyalın xalq rus ordusunu ölkədən çıxara bildi. Bəlkə onlar yenidən qayıtmaq üçün çıxmışdılar?.. Aysu məlumatsızdı belə şeylərdən... Bütün hallarda ölkənin prezidentinin ona layiq olmayan mafioz bir adamla, hərdənbir olsa da, qoşa addımlamasını heç cürə qəbul edə bilmirdi. Düzdür, ağlına gəlirdi ki, Baba qəti, öldürücü zərbəni endirməyə məqam gözləyir. Amma bu gözləmə çox uzanırdı.
“Ayı nə qədər tələssə də armud öz vaxtında yetişər” məsəlini xatırladıqda dodaqları qaçdı. Baba yaxşı bilir ki, onların üçü də bir bezin qırağıdır, bir-biriylə əlbirdirlər, bir mərkəzdən idarə olunurlar. Qəribəydi, həmişə bu üç nəfərlə bağlı xəbərləri oxuyanda İvanın gözləri gülürdü.
Aysu vətən xainləri haqqında düşüncələrini də esselərlə ifadə edirdi. İndi də eyninə gələnləri kağıza köçürdü.

Qovaqların niyə əyri bitir, Vətən!..

Torpağında əkilmiş, düz qalxıb qol-budaq atmalı olan bu qovaqların niyə əyri bitir, Vətən? Bu torpağın suyunu içib havasını udmuş, çörəyini, naz-nemətini yemiş, azərbaycanlı ananın döşündən süd əmmiş bu övladlarını naxələfliyə, satqınlığa nə vadar etmişdir?.. Mal-dövlət, hakimiyyət hərisliyimi? Bu satqınlıq, naxələflik onların mayasındanmı gəlir? Onlara döş vermiş ana niyə südünü haram eləmir? Ata, qardaş, bacı, qohum-əqraba niyə üz döndərmir onlardan? Əgər o bədbəxtlərin beyinlərini təmizləyib zombi eləmiş, satqınlara çevirmişlərsə... bəs onların yaxınları? Axı, bütün ailədəkilərin, tayfadakıların üzərində “beyintəmizləmə” əməliyyatı aparmamışlar, onları manqurd eləməmişlər?!
Bu millət niyə bu qədər vəzifə, pul hərisidir, Uca Tanrı? ..
Bu dəm Toğrulla olmuş söhbətini xatırlayan Aysu qələmi yerə qoydu. O üç nəfərdən biri Lefortovoda olmuşdu. Toğrul deyirdi ki, bu siyasi həbsxanaya düşənlərin çox əksəriyyəti oradan ya əqidəsi dəyişdirilmiş casus çıxır, ya da ölümə məhkum xəstə. Böyük şair Xəlil Rza kimi... Atasının da dostu olan şair onlara çox gəlmişdi. Həbsxanadan çıxdıqdan sonra bir gün atasının kimləsə telefon danışığını eşitmişdi. “Həbsxanaya düşənə qədər canı buz baltası kimi möhkəm olan, xəstəlik-zad tanımayan şair gündən-günə solur. Qışda dənizdə çimən, fiziki cəhətdən çoxlarının həsəd apardığı şairin dərdindən həkimlər baş aça bilmirlər...”
O zaman Toğrul demişdi: “Güman ki, onu “yavaş ölüm” bəlasına düçar eləyiblər. Arzuolunmaz siyasətçiləri, ictimai xadimləri aradan bu yolla götürürlər. Onların yaşam üçün çox əhəmiyyətli orqanlarından birini sıradan çıxarmaq üçün bədənə xüsusi maddələr yeridirlər.”
Bərk mütəəssir olmuş Aysu bilaixtiyar çoxları kimi dilinin əzbəri olmuş misraları pıçıldamışdı:

– İstəmirəm azadlığı damcı-damcı, qram-qram,
Qolumdakı zəncirləri gərək qıram, qıram...

Aysu bu mövzuda – millətin yaxşı-pisi barəsində tez-tez atası ilə diskussiya açardı. Professor satqınlığın, düşmən dəyirmanına su tökməyin digər səbəbini bir çoxlarının naqisliyində, uzağı görə bilməməsində, siyasi şüurun inkişaf etməməsində görürdü.
“Yox, zombi məsələsindən bəri esseyə getmir. Mən ürəyimi deşən bu düşüncələrimi Anlılarla Ralıların çarpışmasını yazarkən boşalda bilərəm.”
Yazdıqlarını bir də oxuyan Aysu son cümləni bilaixtiyar bərkdən deyib qalxdı, kiçik dolabın üst gözündən başqa dəftəri götürdü, yazacağı əsər üçün fikrinə gələnlərin mabədini qısaca qeyd eləməyə başladı:
“Anlılarla Ralıların mübarizəsi getdikcə kəskinləşir. Harınlamış Ralılar yeni-yeni ölkələr tutmaq üçün yürüşlər edirlər. Ranın dünyaya meydan oxuması digər güclü məmləkətlərin xoşuna gəlmir, onu yerində oturtmaq üçün planlar cızıb yollar axtarırlar. Nəhayət, Ranın düşmənlərinin əlinə fürsət düşür. Onlar yeni silah icad eləyirlər, bu silahın çox böyük imkanlara malik olması, başqa ulduzlardan gələ biləcək işğalçılara qarşı da işlətməyin mümkünlüyü hər yerə yayılır. Ralılar belə silahı əldə eləmək üçün çox vəsait xərcləyirlər, amma hamısı havayı gedir. Ranın hərbi gücünü və iqtisadiyyatını çökdürən düşmənləri içəridən də ona qarşı təxribatlara başlayırlar. Belə bir vaxtda Anlılar ayağa qalxırlar. Onların içərisində azadlıq, müstəqillik ruhu olsa da aralarında xalqı arxasınca aparmağa, gah açıq, gah da gizli gedən döyüşlərdən qalib çıxmağa qadir lider, komandan yoxdur. Belə komandanın yetişməsinə Ra imkan verməmişdir, bu təşəbbüsdə bulunanları öz qanları içində boğmuşdur. İndi ortaya çıxıb xalqın qabağına düşənlər nə qədər cəsarətli, namuslu, vətənsevər olsalar da, sərkərdə kimi, siyasətçi kimi çox zəifdilər. Öz şəxsi rifahı üçün onlara qoşulan fırıldaqçıları, Ranın göndərdikləri casusları ayırd eləyə bilmirlər. Çünki başı işləyənlərin ayağı işləmir, görənlər eşidə, eşidənlər görə bilmirlər. Hərəsinin bir qüsuru var. Əgər Anlılar toplaşıb bir Şura yaratsaydılar, uzağı görən və eşidən, yeriyib yüyürə bilən, ağlı başında olan lider ortaya çıxanadək şikəst xalqı bu Şura idarə etsəydi, uğur qazanmaq, çiçəklənən diyar yaratmaq şansı çoxalardı. Amma çətini bu idi ki, Şuranı yaratmaq olmur. Öz eybini, naqisliyini bilməyən hər kəs istəyir birinci şəxs özü olsun. Xaricdəki düşmənlərin qarşısından geri çəkilməyə məcbur olan Ra vaxtilə daxildə özü yaratdığı problemlərdən məharətlə istifadə eləyir, karları korlara, qoldan, əl-ayaqdan diri dərrakəsizləri şikəst ağıllılara qarşı qoyur. Zombiləyib beynini təmizlədiyi, ancaq öz şəxsi mənafeyi – varlanmaq, hakim olmaq təlqin edilmiş əlli-ayaqlı, gözlü-başlıları cəmiyyətin içərisinə yeridir. Onları maliyyələşdirir, vəzifəyə qoydurur. Hamısının ipini əlində cəmləşdirib idarə eləyir, kukla teatrındakı gəlinciklər kimi. Heç serjant rütbəsi olmayanı komandan qoydurur, məktəbdə bir sinfi idarə eləyə bilməyəni nazir təyin etdirir. Kar musiqidən, kor rəssamlıqdan dərs deyir, şikəsti idmançılara başçı qoyur... Beləliklə, Ra Anlıların içərisində qarışıqlıq, xaos yaradıb yenidən öz müstəmləkəsinə qaytarmaq istəyir. Buna görə Anlıları bir-birinə qırdırır, onun qabaqda gedənlərini aradan götürtdürür. Anlıların çoxu – öz şikəstliyini anlayan əksəriyyət lidersiz yarıyolda qalacaqlarını dərk edirlər.
Aysu birdən-birə yenə yorğunluq hiss elədi. Amma bu yorğunluq xoş yorğunluq idi. Səhərki hadisədən qalib, sağ-salamat çıxması özünə inamını artırmışdı. Ona təcavüz etmək istəyən qatil düşməni cəhənnəmə vasil eləməsindən də razılıq duyurdu. Bundan başqa xeyli işləyib yorulmuşdu. İçində qaynayan duyğularını kağıza boşaltması onu yüngülləşdirmişdi... Ürək ağrıları səngimiş, fikirləri durulmuşdu... Dolan buludun boşalmağa ehtiyacı olduğu kimi yaradıcı adam da yazıb ürəyini boşaltmalıdır... O, dəftər-qələmi kənara qoyub, “bir az yatsaydım, özümə gələrdim”, dedi. Gözlərini təkrar yumub, yazacağı roman üçün seçdiyi surətləri çək-çevir eləyə-eləyə yuxuya getdi.


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.