Vicdanmi oyanır?!.

Axşam 8-ə qalmış İvan özünü evə çatdırdı. Aksanaya şam yeməyi hazırlamağı, özü çağırmayınca onu narahat eləməməyi tapşırıb otağına girdi. Onu başa düşən Aksana “Oldu” deyib mətbəxə sarı getdi. Adətən, İvan öz rəisləri ilə radio əlaqəsinə girəndə belə eləyirdi.
İvan dəftər– qələm götürüb yuxarı ötürəcəyi mətni yazmağa başladı. O, İran sərhədinə çıxmış erməni qoşunlarının itkisi, İran sərhədçilərinin bu hərbi əməliyyatlara reaksiyası, rus hərbçilərinin vəziyyəti, sabah neçə nəfərin Hadrutu tərk etməsi və onlarla heç bir ÇP baş verməməsi, döyüşlərin necə getməsi, Azərbaycan ordusunun itkisi, əsir və girovlar haqqında məlumatları yığcam raport şəklinə saldıqdan sonra oxuyub redaktə etdi. Yalnız bundan sonra radiostansiyanı işə saldı, mətni şifrləyib həmişəki ünvana göndərdi. Mətnin çatması təsdiqini alandan sonra ayağa qalxmaq istəyirdi ki, “Gözlə, sənə göstəriş var” sözləri onu yerində oturtdu. Beş dəqiqə keçməmiş çoxdan gözlədiyi xəbəri aldı: ona polkovnik rütbəsi verilmişdi, üstəlik “Qırmızı Bayraq” ordeni ilə təltif olunmuşdu. Və ona əmr olunurdu ki, yır-yığış eləsin, yaxın günlərdə Stepanakertdə təzə qulluq yerinə getməyə hazır olsun.
Məlumatı təkrar bir də oxuyan İvan dərindən nəfəs alıb yaylı kürsüyə yayxandı. Bu xəbərlər son iki ayda çəkdiyi əzab-əziyyəti möcüzəli məlhəm kimi çəkib canından çıxardı. O, həm rütbə, həm orden, həm də yuxarı vəzifə almışdı. Üstəlik bu kalafadan çıxıb gedirdi. Aysunun erməni əsgərini öldürməsindən sonra burdan getmək lazım idi. Su bir yerdə duranda iylənər, deyiblər... Bundan başqa, Stepanakert, Azərbaycanın əski adını qaytardığı Xankəndi kiçik də olsa şəhər idi.
İvan şad-xürrəm halda otağından çıxdı, divanda oturub əmrə müntəzir onu gözləyən Aksanaya yaxınlaşdı. Öz sevincini bölüşmək üçün burada Aksanadan yaxın kimsə yoxudu. Onun yanında oturan İvan yaxın bir dost kimi qadını qucaqlayıb öpüşlərə qərq elədi. Məsələdən hali olmayan Aksana boyun-boğazını yalayan kişi nəfəsindən məst oldu, bilaixtiyar bu öpüşlərə cavab verməyə başladı. Ürəyindən keçdi ki, kaş İvan bu xoşbəxtliyi ona elə divanın üstündəcə axıracan verəydi. Atalar demişkən, kar könlündəkin anlar. Aksananı özündən aralayan İvan sevincək dedi:
– Məni təbrik elə, əziz dost! Axır ki, polkovnik oldum. Tezliklə burdan sürüşüb gedirik.
– Oy!.. Nə yaxşı!.. Təbrik eləyirəm, – deyə bu dəfə Aksana İvana cumdu, onu qucaqlayıb təzədən öpdü.
Əsnəyib kənara çəkilən İvan dedi:
– Yetər, bir şey ver, yeyək. Səhərdən bəri dilimə əməlli-başlı yemək dəyməyib.
– Bu dəqiqə, yoldaş polkovnik. Əla borş bişirmişəm, ət qızartmışam. İçməyə nə gətirim?
– İkisindən də gətir. Ağdan başlayıb keçərik qırmızıya. Neçə vaxtdır adam kimi içmirəm. Bizim xanum hanı?
– Yatıbdır. Sənə yemək çəkib onu da çağıraram.
Araq və çaxır şüşələrini stolun üstünə düzən Aksana İvana borş çəkdi, üstünə bir qaşıq xama qoydu, sonra Aysunun otağına sarı getdi, qapını yavaşca döyüb iki kərə asta səslə çağırdı:
– Aysucan, şam yeməyi hazırdır. Qalx, vacib xəbər var.
“Bərk həyəcan keçirib, indi yuxu ona dərmandır, oyanmasa, qoy yatsın” deyə fikirləşən Aksana İvanın yanına döndü.
Birinci araq stəkanını, həmişəki kimi tək içəri ötürmüş İvan ikincisini Aksanayla toqquşdurdu, “Allaha şükür, canımızı sağ-salamat burdan qurtarırıq” deyib başına çəkdi, qaşığı götürüb düşdü borşun üstünə. Üçüncü stəkanı da boşaldıb təzə dana ətindən bişirilmiş langeti, qızardılmış kartofu acgözlüklə təpişdirməyə başladı, yeyib doyandan sonra siqaret yandırıb ləzzətlə sümürdü, üzünü Aksanaya tutub dedi:
– Bu qız həmişə daş kimi yatır. O əclafı necə öldürməyini sənə danışmayıb ki? – deyə İvan mənalı-mənalı gülümsəyərək Aksanadan soruşdu.
– Əlbəttə, danışdırdım, hər şeyi təfsilatıyla öyrəndim.
– Onda hadisəni özün nəql elə. Yazıqdır, bir də ondan soruşub o dəhşətləri xatırlatmayaq... Sualım olsa, sonra soruşaram.
Aksana Aysunun söylədiklərinin hamısını İvana danışdı. Amma onun erməni əsgərini hansı bıçaqla öldürməsi, sonra o bıçağı neyləməsi barəsində İvanı maraqlandıran məlumatı verə bilmədi. İvan başa düşürdü ki, əşyayi-dəlil olan bıçaq haqqında soruşmaq Aksananın heç ağlına gəlməyib. Qətlin hansı bıçaqla edildiyi İvana bəlli olduğu üçün dərinə getmədi.
– Çox ürəklidir. Bunu hər qız eləyə bilməz. Yaxşı, mənə bir fincan qəhvə dəmlə, – deyə İvan göstəriş verdi.
– Baş üstə, – deyən Aksana bir fincan qaynar su, şəkər və Neskafe qutusunu gətirib soruşdu: – Şəkər az, çox, yoxsa orta?
– Aksana, bəyəm bilmirsənmi mən şirini çox xoşlamıram? Bircə qaşıq bəs eləyər.
Ətirli qəhvədən iki-üç qurtum içən İvan sinədolusu ləzzətlə nəfəs alıb dedi:
– Bu başqa məsələ. Buna deyərlər polnıy kayf. Burdakı araq-çaxırın, şorabanın həsrətini gedəndən sonra çəkəcəyik. Bəs Aysu niyə gəlmədi?
Həmişə sərvaxt yatan Aysu bayaq qapı döyüləndə oyansa da qalxıb onlara qoşulmağa tərəddüd eləyirdi. Çoxdandır İvanla yemək stolunun arxasında oturmurdu. Əslində, İvan səhər obaşdan gedib gecəyarısı gəlirdi. İndi şərait, hadisələrin axarı dəyişmişdi. Bundan başqa, məktubunun taleyi, bayaq Aksananın dediyi mühüm xəbərin nədən ibarət olması onu çox maraqlandırırdı. İndi onlarla bir süfrə arxasında oturmaqdan qaçmaq düzgün olmazdı. “Özünü toparla, qız!.. Belə yerdə artist olmaq, diplomat olmaq gərəkdir” deyə pıçıldayaraq yerindən qalxıb geyindi. Üç saatlıq yuxu onu özünə gətirmişdi. Hamama keçib əl-üzünə su vurduqdan sonra yemək stoluna yaxınlaşdı.
– Xanum, xoş bulduq, – deyə İvan ayağa qalxıb onu salamladı. – Sizə demək istəyirəm ki, məktub etibarlı adamla göndərildi, arxayın ola bilərsiniz.
– Çox sağ olun. Bilmirəm sizin xəcalətinizdən necə çıxım.
Aysu minnətdarlığını İvanın üzünə baxmadan, baxışlarını ondan gizlədərək bildirdi. Həmin gecəni rüsvayçılıq sayan qız onu çılpaq görmüş kişinin sifətinə baxa bilmirdi.
– Plov bişirməlisən. İvanı böyüdüblər, – deyə Aksana qıza göz vurdu.
– Baş üstə, – deyə Aysu razılığını bildirdi.
– Əla! O dəfə bişirdiyinizin dadı damağımdan getməyib. Amma, görünür, siz onu burda yox, Xankəndində, yaxud Şuşada təzə məskənimizdə bişirəcəksiniz.
Qızın çaş qaldığını görən Aksana söhbətə qoşuldu:
– İvanın vəzifəsini də, rütbəsini də böyüdüblər. İndi o polkovnikdir.
– Sizə daha yüksək nailiyyətlər arzulayıram, – deyə Aysu məsələnin mahiyyətini hələ tam başa düşməsə də İvanı təbrik etdi.
Aksana qızı qucaqlayıb sevincini bölüşdü:
– Hə, indi deyə bilərəm o şad xəbəri... Canımız burdan qurtarır, bizi yeni həyat gözləyir...
Yanaqları pörtmüş İvan Aksananın sözünü kəsdi:
– Bəli, yaxın günlərdə biz bura ilə vidalaşacağıq. Düzünə qalsa, mən bunu çox istəyirəm. Əlacım olsa günü sabah gedərəm. Siz o erməni əsgərini öldürdükdən sonra burda qalmağımız xatadır. Bunlar çox kinli millətdir. Sizi uzaqdan snayper gülləsi ilə vurmalarından çox ehtiyat eləyirəm. Düzü, mənə göstəriş gələndə ki, yerini dəyişirik, çox sevindim. Hazırlaşın, götürəcəklərinizi yığışdırın. Bir də xahiş edirəm, burdan gedənə qədər balkona çıxmayın, heç pəncərə ağzında da durmayın.
Bu gözlənilməz xəbərdən Aysu birtəhər oldu, bilmədi sevinsin, yoxsa kədərlənsin. Kədərlənməyinə səbəb ata yurdundan ayrılması idi. Uşaqlıqdan gəlib getdiyi bağlı-bağatlı bu dərə onun üçün doğma idi. Pəncərədən üzüaşağı baxdıqda təsəlli tapırdı, əhvalı yüngülləşirdi. İnanırdı ki, Toğrul onun yerini bilibdir, sevgilisini qurtarmaq üçün gecə-gündüz düşünür, yollar arayır. Göndərdiyi məktubu alandan sonra o, nəsə eləyəcək. İndi təzə yerə getmək izi itirmək deməkdir. Amma başqa yol yoxdur. Cəhənnəmə göndərdiyi əsgərin yaxınları, güman ki, onun qanına susayırlar. Özü bir yana, onsuz da həyatı faciələrsiz keçməyəcək... Allah eləməmiş, ona güllə atılsa körpəsi...
Qızın sifətinin rəngdən-rəngə düşməsi gözündən yayınmayan İvan onun qorxuya düşdüyünü zənn edib acıdı:
– Xanum, qorxmayın, rahatsız olmayın. Nə qədər mən sağam, başınızdan bir tükün də əskik olmasına yol vermərəm. Aksana, xanuma yemək çək, içməyə bir şey ver. Mənə də qırmızıdan süz.
– Onun içkisini gətirmişəm, – deyə Aksana özü hazırladığı, şəkərə qoyulmuş al rəngli, ətirli çiyələk şirəsini stəkana süzüb qızın qarşısına qoydu, ona yemək çəkdi. – Hə, götürün stəkanları. İçək, burdan sağ-salamat getməyimizin sağlığına və arzu eləyək ki, gün gəlsin, ordan da o yana getməyimizin sağlığına badə qaldıraq.
Onlar çaxır stəkanlarını, Aysusa giləmeyvə şirəsini başına çəkdi. İçki ona ləzzət elədi, iştaha gətirdi, qarşısındakı yeməkləri yeməyə başladı.
Belə çağlarda – vəzifəsini, işini unudub yaxın sandığı adamlarla yeyib içəndə üçüncü stəkandan sonra İvanın şəxsiyyəti ikiləşirdi, dönüb başqa adam olurdu. İçində iki İvan bir-biriylə çarpışırdı. İndi o, qəşəng gözlərində sanki bütün dünyanın dərdi-qəmi yığılmış Aysuya altdan-altdan baxdıqca kövrəlirdi. Yayda pardaxlanmış, ətri adamı məst eləyən bu gözəl çiçəyi payız xəzanı vurmuş, hicran küləyi soldurmuşdu. Bu çiçəyin solmasının səbəbkarı ona orden, polkovnik rütbəsi və s. qazandırmış Qarabağ müharibəsi idi. Qaydasız, qanunsuz, ədalətsiz bir müharibə. İndiyədək eyninə gəlməyən bir arzu keçdi ürəyindən. Aysunun ayaqlarına düşüb bağışlanmasını, onun qohum-əqrabaları kimi on minlərlə günahsız insanın qətlə yetirilməsində, cismani, mənəvi şikəst olmasında, yüz minlərin yurd-yuvasının dağıdılmasında payı olmuş zabit kimi əfv olunmasını xahiş etsin. Hətta ayağa da durdu, bir addım da atdı. Hərbçi İvan romantik İvanın qarşısını kəsdi. “Ağlını başına yığ! Sən rus ordusunun zabitisən!” – dedi. Və bilaixtiyar yolunu dəyişdi, səndirləyə-səndirləyə otağına keçdi, tez də qayıtdı. Əlində gətirdiyi bir dəstə sənədi stolun boş küncünə qoyub üzünü Aysuya tutdu:
– Bunların yiyələri bir neçə gün öncə günahsız, sadə, namuslu insanlar idilər. Artıq onlar bu dünyada yoxdular, müharibə qurbanlarına çevrilmişlər. Yeddi yaşdan yetmiş beşədək. Anasının qoynuna sığınmış o yeddi yaşlı cocuğun sinəsini güllələr parçalarkən sifətində donub qalmış, ölümqabağı keçirdiyi qorxu ifadəsini unuda bilmirəm.
Bir az susub nəfəsini dərən İvan SSRİ orden və medallarının vəsiqələrini Aksanaya sarı uzadıb dedi:
-Bu sənədlərin sahibi – Rusiya uğrunda faşistlərlə döyüşmüş, əsir düşmüş, əsirlikdən çıxıb yenə döyüşmüş 75 yaşlı şikəst qoca gözümün qabağında can verdi. Heç bilirsən o biz rusları necə söydü? Tarixə yazılası mədəni, ibrətamiz sözlərlə söydü bizi. Düz də elədi. Siz bilmirsiniz mən nələr yaşayırım.
– Biz o dəhşətləri çox görmüşük, İvan Nikolayeviç. Xocalı qırğınından çəkilmiş kadrları necə, görübsünüzmü?– deyə Aysu özünü saxlaya bilmədi.
Başıyla “hə” cavabı verən İvan üzünü Aysuya tutdu:
– Xanum, xahiş edirəm ki, bunları tərcümə eləyin, doğum tarixi və yerlərini səliqə ilə yazıb mənə verin, – deyib əlinin altındakı bütün sənədləri ona tərəf uzatdı, azacıq susdu, nəfəsini dərərək sözünə davam elədi: – Bu əclafların elədiklərini mən Moskvaya yazacam, sübut üçün bu bədbəxtlərin siyahısını göndərəcəmE Bir daha nəzərlərinə çatdıracam ki, bu cinayətləri biz rusların da adına yazırlar.
– Bu vəhşiliyin tarixi əsrin əvvəllərinə, kökü isə erməni millətçi-şovinist partiyalarının proqramlarına gedib çıxır. Bunu bilmək üçün, heç olmasa bizim kitabxanadakı kitabları, Veliçkonu oxuyun. Oxumağa vaxtınız çatmırsa, heç olmasa vərəqləyin... Bilirsinizmi, bizim əsrin əvvəllərində dünyada təbəddülat başlayanda dediyiniz o əclaflar nələr etmişlər? 1915-ci ildə Türkiyənin şimalında etnik təmizləmə apararaq qadınları, uşaqları tonqallarda yandırmışlar. 1905-07-ci illərdə elə bu Qarabağda, Zəngəzurda, 1918-ci ilin martında Bakıda, yenə Zəngəzurda, Şamaxı və Qubada dinc əhalini kəsib doğramışlar, məscidə yığıb yandırmışlar. Siz Azərbaycan Cümhuriyyətinin banilərindən Məmmədəmin Rəsulzadə haqqında eşidibsinizmi? – deyə tribunadan çıxış eləyirmiş kimi danışan Aysu İvandan soruşdu.
– Təbii, eşitmişəm, onun haqqında az-çox məlumatım var.
– O, şahidi olduğu Mart qırğınları haqqında yazmışdı ki, erməni daşnak terrorçuları Bakıda, Kürdəmirdə hamilə müsəlman qadınlarının qarınlarını cırıb, dünyaya göz açmamış körpələri süngüyə keçirmişlər. Uzun müddət azərbaycanlılara o tarixi həqiqətlərdən yazmaq, danışmaq yasaq olunmuşdu. Çox təəssüf ki, bizlər yalnız son üç-dörd ildə erməni faşizminin əməllərini görəndən sonra əsrin əvvəllərində törətdikləri qırğınların mahiyyətini anladıq. Gün gələcək, bəşəriyyət də onların iç üzünü görəcəkdir.
– Aysu, sənə belə həyəcanlanmaq olmaz, – deyə Aksana onu sakitləşməyə çağırdı.
– Dediklərinizə şübhə etmirəm, xanum. Mən onları burada tanımağa başladım. Bu millətin qabağında gedənlər öz xalqını uçuruma aparır. Başqalarına belə nifrətlə yaşamaq, gənc nəsli xəstə ruhda tərbiyə eləmək cinayətdir, – deyə Aysunun “nitqinə” münasibət bildirən İvan stəkanı yenə çaxırla doldurub başına çəkdi, bir az toxtayıb yerində oturdu.
Aksana bilirdi İvanın ürəyiyumşaqlığını... Amma belə sözləri onun dilindən birinci dəfəydi eşidirdi, çılğınlığını birinci dəfəydi görürdü.
“Görəsən, onu vicdanı dilləndirir, yoxsa araq? Bəlkə artistlik eləyir?” – deyə düşünən Aysu isə özünü saxlaya bilməyib soruşdu:
– İvan Nikolayeviç, indicə buyurdunuz ki, bu vəhşilikləri rusların da adına yazmaq düz deyil. Əgər ruslar bu vəhşiliklərin iştirakçıları deyillərsə, neynirlər burda? Ermənilərlə bir sırada döyüşən rusların sizi dəhşətləndirən cinayətlərdən kənarda durmalarını necə iddia eləmək olar? Bu tarixi ləkəni onların üzərindən necə götürə bilərsiniz?
– Xanum, siz bir jurnalist kimi elə məntiqli sual verdiniz ki, cavab tapmaqda çətinlik çəkirəm. Onu deyə bilərəm ki, biz rus hərbçiləri hökumətlərarası razılaşmalara əsasən ermənilərə texnika ilə kömək edirik. Bizimkilər tankdan, BTR-dən yerə düşmürlər, qəsdən evləri uçurmurlar, dinc əhaliyə atəş açmırlar.
– Bəs Xocalı şəhərinin yerlə-yeksan edilməsinin əsas iştirakçısı olmuş 366-cı alay necə? O boyda şəhəri elə həmin alayın tankları dağıtdı ki!..
– O alayın şəxsi heyətinin əksəriyyəti ermənilər idilər. Onlar polku ələ keçirmişdilər. O vaxtlar vəziyyət çox qarışıq idi. Bizimkilərdən onların fitvasına uyanlar, ciblərini dolduranlar da tapılmışdı. Cavab sizi qane elədimi, xanum?
– Belə başa düşdüm ki, ermənilər qırğınlar törədəndə, uşaqları, qadınları, qocaları süngüləyib, bədən üzvlərini kəsib əzabla öldürəndə sizinkilərdən bu dəhşətlərə baxa bilməyənlər ya üzlərini yana çeviriblər, ya da əlləri ilə gözlərini qapayıblar!.. Bəziləri isə mal-dövlət yığıblar.
– Bizim müsahibənin mətbuat üzü görməyəcəyindən xatircəm olduğum üçün sizin sözlərinizi təsdiqləyirəm.
– Bizdə, elə sizdə də belə bir məsəl var: dostunu göstər, sənin kimliyini söyləyim.
– Mən bunu dostluq yox, siyasi, hərbi müttəfiqlik adlandırardım. Tarixin bu dönəmində belədir. Ermənistan bizim müttəfiqimizdir, NATO-ya, Türkiyəyə qarşı... Sabah, birisigün necə olacaq, deyə bilmərəm. Çünki siyasət maraqlardan asılıdır və əbədi deyil. Nə bilmək olar, bəlkə Rusiya ilə Azərbaycan gələcəkdə yaxın müttəfiq olacaqlar?
– Amin!
Bunu Aksana dedi, Aysusa başı ilə təsdiqlədi.
İvan növbəti stəkanı başına çəkdi. Onun araq-çaxır içməsinə həmişəkitək təəccüblə baxan Aysu düşündü: “Bunun qarnı quyudur, çəlləkdi, nədi? Bu qədər içki hara gedir?”
Yaranmış fasilədən istifadə eləyən Aksana söhbətə qarışdı:
– Gəlin, bu siyasət məsələlərini qoyaq qırağa. Əgər tezliklə köçəcəyiksə, gərək fikirləşək görək, burdan nə aparmalıyıq. Köç məsələsi sizə asan gəlməsin. Normal ev şəraiti düzəltməkdən ötrü ayaqqabı şotkasından, qab-qacaqdan tutmuş mebelə qədər hamısı lazımdır.
İvan onu dəstəklədi:
– Haqlısan, Aksana Aleksandrovna. Məncə mebeldən başqa hər şeyi götürmək lazım olacaq. Aysu xanum nə fikirdədir?
– Dərziyə dedilər köçürük, iynəsini taxdı yaxasına. Amma mümkün olsa burdakı kitablardan bəzilərini götürərdim. Məni saxlayan o kitablardır.
Onun cavabı İvanın dodağını qaçırtdı.
– Buyurun, xanum, ürəyiniz nəyi istəyir, götürə bilərsiniz. Siz bu evin xanumusunuz. Maşın sarıdan korluğumuz olmayacaq. Nəyi aparacaqsınızsa, indidən yığıb yaxşı-yaxşı qablaşdırın. Eşitdinmi, Aksana? Bu ən çoxu sənə aiddir.
– Eşitdim, – deyə Aksana yerindən dikəldi.
İvan sözünə davam elədi:
– Əşyaları yük maşını aparacaq, onu əsgərlər yükləyib boşaldacaqlar. Hər şey yaxşıca bükülüb sarınmalıdır. Bizim köçməyimiz buradan çıxacağımız saata qədər sirr saxlanmalıdır. Heç kimə bircə kəlmə də demək olmaz, Aksana. Bu isə tamam-kamal sənə aiddir.
İvanın əhval-ruhiyyəsinin yaxşı olduğunu görən Aysu uzaqgörənliklə gələcəyə baxıb fürsəti fövtə vermədi:
– İvan Nikolayeviç, mənim sizdən yenə xahişim var.
– Buyurun, imkanım çatan xahişlərinizi yerinə yetirməkdən zövq alıram.
– Mən çox şey istəmirəm. Xahiş edirəm, vaxtaşırı sağ olmağım haqda valideynlərimə məktub yazmağa icazə verəsiniz, onu göndərməyə köməklik göstərəsiniz,– deyib yardım istəyirmiş kimi Aksanaya baxdı.
– Məncə İvan Nikolayeviç bir centlmen kimi belə gözəl xanımın sözünü yerə salmaz, – deyə o da Aysunu müdafiə etdi.
– Niyə gözəlliyə məftun aşiqtəki yox, məhz centlmen kimi? Şərqdə belə yerdə deyirlər: Bəyəm ağ at arpa yemir? Mən kişi deyiləmmi? Düşünürsən ki, bu cəhənnəm döyüşlərində mən öz incə duyğularımı itirmişəm? Yox, səhvin var. Bizim kumirimizin əla bir sözü var: “Lyubov – tvorets vseqo dobroqo, vozvışennoqo, silnoqo, tyoploqo i svetloqo”.* Böyük çekistin məhəbbətə verdiyi belə qiymətli sözləri mən hələ kursant olarkən əzbərləmişdim. Tostlar deyəndə hökmən bu cümləni söylərdim. Ancaq Aysunu görəndən sonra, gerçəkdən, bu sözlərin hikməti ürəyimi riqqətə gətirdi, duyğularımı oyadıb məni gəncləşdirdi. Görün sevgi haqqında Lermontov nə deyib:
______________
* Məhəbbət – bütün xeyirxah, ulu, qüdrətli, hərarətli və işıqlı duyğuların yaradıcısıdır.
Bıla bez radostey lyubov,
Razluka budet bez peçali.**

– Afərin! Gözəl dedin. Doğrudanmı sən Aysunu sevirsən? – deyə birdən-ikiyə ondan belə şey eşitməmiş Aksana təəccübləndi.
– Belə gözəli kim sevməz... Hə, de görüm, mən nə etməliyəm, ay oxumamış diplomat, – deyə İvan ona göz vurdu.
– Qoy cavabı Aysu özü versin, – deyə heç nə başa düşməyən Aksana gülərək yaxasını kənara çəkdi.
Doğrudur, tanışlıqlarının ilk vaxtlarında İvan Aysunun gözəlliyi şəninə çox sözlər demiş, dolayısı yolla bu gözəllikdən “pay” umduğunu andırmışdı. Amma indi ondan yarızarafat, yarıciddi olsa da belə açıq-saçıq etirafı gözləməyən Aysu qıpqırmızı qızardı, özünü toplayıb sözünü sərrast dedi:
– Bu ayrılıq, başa düşürəm, sizin üçün qüssəli də ola bilər. Ancaq özünüzü aldatmayın, ölümdən qurtaracağınız qız sizə xoşbəxtlik verə bilməz. Onun öz sevgilisi var. Ancaq xeyirxahlıq, insanlıq etsəniz, Tanrı sizi bəlalardan qoruyar, yaxşılığınız özünüzə qayıdar. Çünki həyatda pislik də, yaxşılıq da gec-tez adamın özünə qayıdır. Hər halda mən sizin duyğularınızı qiymətləndirmək istərdim... Əgər onlar təmiz və alidirsə...
Cavab verməyə söz tapmayan İvan əl atıb boş stəkanını doldurdu.
Aysu stolun üstündəki sənədləri yığışdırıb ayağa qalxdı:
– İcazənizlə mən gedim, tapşırığınızı yerinə yetirim.
– Buyurun, xanum. Sağlamlığınızı qoruyun, çox düşünməyin. Siz mənim üçün çox qiymətlisiniz.
– Minnətdaram. Sizin qayğınızı dəyərləndirirəm, – deyə ikibaşlı cavab verən Aysu çönüb tələsik addımlarla otağına sarı getdi. Qorxurdu ki, dəmlənmiş İvan bu gün ondan xoş üz görüb əliuzunluq eləsin.

_________
** Məhəbbət sevinc gətirməyibsə,
Ayrılıq da heç qəm gətirməz.
Öz otağına çəkilən Aysu qapını arxadan bağladı, pasportları, uşaqların doğum şəhadətnamələrini, veteranın sənədlərini bir-bir açaraq vərəqlədi. Oradakı məlumatları ürək ağrısı ilə ruscaya tərcümə eləyib, İvanın tapşırığına əsasən, ağ vərəqə köçürməyə başladı, başlıq qoyub arayış şəklinə saldı. Sonra səhv buraxmamağından xatircəm olmaq üçün yazdığını bir də oxudu:
“1993-cü il oktyabrın 24-də erməni qoşunlarının hücumu zamanı Böyük Mərcanlı kəndində güllələnmiş uşaq və qadınlardan təsadüf etdiklərimin siyahısı:
Seyidəliyeva Göyçə Xəlil qızı, doğum ili 1931-ci il;
Məmmədova Təranə İsmayıl qızı, doğum ili 1974;
Məmmədova Tamilə Fərmayıl qızı, doğum ili 1970;
Məmmədov Mübariz Fərmayıl oğlu, doğum ili 1980;
Məmmədov Seyidəli İsmayıl oğlu, doğum ili 1982;
Seyidəliyev Faiq Fazil oğlu, doğum ili 1986...”
Aysu uşaqların doğum ilinə təkrar baxdıqda İvanın bircə cümlə ilə ifadə elədiyi səhnəni təsəvvürünə gətirdiE Ana qucağını ən təhlükəsiz yer hesab eləyən biçarə cocuq ona sığınıbmış. Bütün uşaqlar kimi... Hamı balalar kimi...
Aysu bətnindəki körpəsinin indi-indi maya tutduğu bir vaxtda özünü qəmli, kədərli düşüncələrdən uzaq saxlamağa çalışsa da bacarmırdı. Bir də onda ayılırdı ki, o duyğuların ağuşundadır. İndi də elə oldu. Anasının qoynunda bədəni güllələrdən şanı-şanı olmuş körpəni, yavrusunu qorumağa çalışaraq qana boyanmış ananı xəyalında canlandıran Aysu özünü saxlaya bilməyib hönkürdü. Bayaqdan içində burulan acılar göz yaşları ilə çıxmağa başladı. Duzlu göz yaşları aşağı süzüldükcə qançır olmuş yanaqlarını göynədirdi. Amma hər vurduqca damarlarıyla bütün cisminə yayılan ürək ağrıları yanında bu göynərti heç nəydi. Bir az ağlayıb ürəyini boşaldandan sonra dəsmalını qrafindən tökdüyü su ilə isladıb üz-gözünü sildi.
“Gör biçarələrin ölümü necə müdhiş imiş ki, rus zabitini belə sarsıtmışdır” deyə pıçıldayan Aysu İvanda özünü büruzə verən dəyişikliyin səbəbini anlamağa çalışdı.
“Görünür, vicdanı hərdənbir baş qaldırıb özünü xatırladır. Yəqin ki, gözü ilə gördüyü səhnələr ona çox təsir eləyibdir. Bəlkə də bir müddət keçdikdən, bunları unutduqdan sonra yenə dönüb olacaq həmişəki adam.” – deyə son nəticəyə gələrək əlindəki işini bitirməyə tələsdi. İkinci Dünya Savaşı əlilinin sənədlərini, orden və medallarının siyahısını ayrı kağıza yazdı.
Bir saatdan sonra səliqə ilə yazılmış iki sənəd hazır idi. O, bir az üşüdüyünü hiss elədi. Havalar xeyli soyumuşdu. Bir neçə kərə nəfəs gimnastikası eləyib yerinə girdi, düşüncələr içərisində yuxuya getdi...
* * *
Hamını yola saldıqdan sonra İvan divanın üstə uzandı. Bayaq ürəyindəkiləri dilinə gətirməsinə görə özünü qınayırdı. Doğrudur, o öz duyğularını zarafatla büruzə vermişdi. Amma onu çox yaxşı başa düşən Aysudan da ciddi, tutarlı cavab almışdı. Vicdanını ortaya gətirib, qızın sözlərini tərəziyə qoyduqda İvan görürdü ki, o düz deyir, düz hərəkət eləyir...
Qadınlarla münasibətdə İvan özü-özündən baş aça bilmirdi. Əvvəllər qızlar onu aldadırdılar. Sonra o özü başladı onları oynadıb aldatmağa. Amma bər-bəzəkli komplimentləriylə, çox vaxt yalan çıxan vədləriylə onları yaralayıb həyatlarını korlamırdı. Onun lətafətli cinslə münasibətləri keçici, ötəri xarakter daşıyırdı. Əslinə qalsa işlə, məişətlə bağlı kişilərlə də əlaqələri, göndərildiyi müxtəlif ölkələr, vilayətlər, yaşadığı evlər, mənzillər, işlədiyi ofislər, oturduğu kabinetlər, mindiyi maşınlar – hamısı onun üçün keçiciydi, ötəriydi, əsas işini yerinə yetirmək üçün bir vasitə idi. Daimi olan yeganə şey – Moskvada Dzerjinskinin zəhmli heykəli qarşısında olan o sirli bina idi.
Aysu isə onun qırx yaşınadək gördüyü qadınların heç birinə bənzəmirdi. İvan onu başa düşürdü: namuslu, tərbiyəli, təmiz, saf, ağıllı, savadlı, qərblə-şərqi özündə birləşdirən qızdır. Ziyalı ailəsindəndir, bu gün eşitdiyi kimi sevgilisi var... Adətən buna oxşar vəziyyətlə üzləşəndə İvan özünü çətinliyə salmaz, sakitcə kənara çəkilərdi. Amma Aysu ilə bunu edə bilmirdi. Ona görə yox ki, girov götürülmüş qızın üzərində İvan hakimi-mütləq idi. Sadəcə qızın baxışları, gözəlliyi onu varından yox edir, öz məhvərindən çıxarırdı. Bir sözlə, Aysudan xoşu gəlirdi. Zaman keçdikcə İvan yəqin edirdi ki, bu xoşagəlmək sadəcə şəhvət deyil, nəsə ruhi bir şeydir. Amma bilə bilmirdi, bu duyğular da ötəridirmi? Yoxsa... Çox hadisələrə proqnoz verməyi bacaran İvan duyğularının keçərimi, əbədimi olmasını qavramaqda aciz idi. Ona görə ki, hərbi mundiri geyəndən bəri qadın-kişi, sevgi münasibətləri haqqında onun uzun-uzadı düşünməyə, təhlillər aparmağa vaxtı olmurdu. Məzuniyyət dövrünü çıxmaq şərtilə onun özü ilə, öz düşüncələriylə qalmasına vaxt “ayrılmırdı”. Hadrutda – öz əli, öz başı olduğu müddəti çıxmaq şərtilə ilin on bir ayının hər saatı, demək olar ki, cədvəllə müəyyənləşdirilirdi. Bir də ki, ömründə Aysu kimi qızla rastlaşmamışdı... Özü də belə bir şəraitdə , onun ixtiyar sahibi olduğu əlçatmaz, ünyetməz bir yerdə... Onların münasibətləri hansı sonluqla bitəcəkdi? Bilmirdi. Bunu zaman göstərəcəkdir... Buna görə də o, beynini yormamağı, qızla münasibətini öz təbii axarına buraxmağı bir daha qərarlaşdırdı...


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.