Naməlum sonluğun başlanğıcı

Aysu gözünü açanda başının üstündə kürən zabiti gördü. Yaxınlıqda BTR və UAZ markalı maşından başqa heç nə yox idi. Bayaqkı qələbəlikdən, hay-küydən əsər-əlamət qalmamışdı. Qızları aparmış, Qozludərə bağları ilə qonşu kəndə tərəf qaçan qadınlara məhəl qoymamışdılar... Çox qəribə, öldürücü bir sakitlik vardı. Aysu ömründə duymadığı dəhşətli bir yalqızlıq, tənhalıq hiss etdi. O, öz doğma torpağında, ata yurdunda olsa da, sanki yad bir elə, başqa bir planetdə əcaib, barbar məxluqların içərisinə düşmüşdü.
“Yox, mən sizə asanlıqla can verməyəcəyəm”, – deyə düşünən Aysu Allaha yalvardı ki, sonadək mərdliklə dayanmaq üçün ona güc və səbir versin.
Kürən zabit isə öz dilində sevincək: “Allaha şükür, gedə bilərik”, – deyib ayağa durmaq üçün əlini qıza uzatdı. Aysu onun yardımından imtina edərək özü qalxdı və heç nə soruşmadı. Təxmin edirdi ki, onu Hadruta aparacaqlar.
– Mənim adım İvan, familim Bulqanindir. Buyurun, – deyə o, UAZ-ın qapısını açdı, özü sükan arxasına keçdi. Maşın tərpənib yola çıxdı. Arxalarınca gələrək onları müşayiət edən BTR-i gördükdə Aysu məyus oldu... Qozludərə bağlarından keçərkən qapını açıb, özünü maşından ataraq, qaçmaq fikrinin sadəlövhlük olduğunu anladı. Ancaq maşında erməni hərbçilərinin olmaması onu bir az sakitləşdirdi. İvan nəvazişlə qıza baxıb soruşdu:
– Bəs, sizin adınız nədir?
– Aysu.
– Bunun mənası necədir? Bilirəm, su “voda” deməkdir. Bəs “ay” nədir? Bu sözü də bilirəm, amma qarışıq salıram.
– Ay “luna” deməkdir.
Qızla danışa bilməsindən sevinən İvan ağızdolusu onun adını təkrarlamaq istədi:
– Aha, yadıma düşdü... Aysu... Ayısu.
– ”Ayısu” yox, Aysu. Ayı rusca “medved” deməkdir.
– Ax, ayı, rus ayısı. Mən rus ayısıyam, sənsə Ay suyusan. Axı Ayda su yoxdur.
Aysu istədi izah etsin ki, azəri türklərinin ay işığında əkdiyi ağac bərəkət, aylı gecədə bulaqdan gətirilən su şəfa verər. Və onun adı da bununla bağlıdır. Həm də istərdi onun sözünü təsdiqləsin ki, düz deyirsən, sən bu yerlərin ayısı olubsan. Aslanlar olmayanda ayılar, böyür-başındasa çaqqallar meydan sulayır... Amma susmağı üstün tutdu.
Onlar çayı keçmək üçün ağacların, böyürtkən kollarının sıxlaşdığı dərəyə endikdə, qəribə mənzərə ilə rastlaşdılar: ermənilərin bir BTR-i yolun kənarında böyrü üstə aşıb tüstülənirdi. Torpaqda laxtalanmış qan gölməçələri vardı. İki zirehli maşınla köməyə gəlmiş erməni əsgərləri tüstülənən BTR-i çəkib çıxarmaq üçün əlləşirdilər. Yolun qırağında bir neçə hərbi geyimli meyit uzadılmışdı.
İvan əyləci basıb başını kabinədən çıxardı:
– Burada nə baş vermişdir?
Bir erməni zabiti UAZ-a yaxınlaşdı, yarım saat öncə baş vermiş hadisəni rusca İvana danışdı:
– Azərbaycanlılar burada pusqu qurublarmış. Onlar hiylə işlədərək, polkovnikin BTR-ni, ardınca əsgərlər olan maşını sağ-salamat buraxıb hamını arxayın salmışlar. Beş dəqiqəlik intervalla qızları aparan maşın, arxasınca ikinci BTR gedirmiş. Maşın yavaş sürətlə çayın üstündəki körpüdən keçib, dərədən çıxan zaman bir nəfər hərbi geyimli, əli avtomatlı yola çıxır, işarə ilə maşını saxlamağı tələb edir. Onu erməni əsgəri hesab edən sürücü əyləci basır. Maşının dayanmağı ilə həmin əsgərin avtomatdan kabinəyə atəş açmağı bir olur. Kabinədəki sürücü də, onun yanındakı zabit də yerindəcə ölürlər. Maşının üstəki əsgərlərdən birinin açdığı atəş həmin Azərbaycan əsgərini yerə yıxır, o birisi isə cəld aşağı enir ki, maşını sürüb aradan çıxartsın. Lakin artıq gec olub. Kolluqda pusquda dayananlar qranatamyotla arxadan gələn BTR-i vurub aşırmışdılar. Aşağı enib kabinəyə cuman əsgəri də yerə səriblər. Yuxarıda maşının kuzasında olan bizim əsgərin üstünə cuman qızlar onu daha atəş açmağa qoymayıblar, avtomatını əlindən alıblar. Bizim əsgər güclə özünü maşından yerə ata bilib. Yoxsa onu girov götürəcəklərmiş. Maşını ələ keçirən azərbaycanlılar onu bağın içindəki bu yolla aparıblar, – deyə erməni zabiti əli ilə ortasını ot basmış yolda maşın təkərlərinin açdığı qoşa cığırı göstərdi.
– Ölən və yaralananların sayı nə qədərdir?
– Bizdən beş nəfər ölən, üç yaralanan var. Onlardan isə bir nəfər ölüb. Bu “Qızlar əməliyyatı” bizə baha başa gəldi. Axırı da boşa çıxdı. Azərbaycanlılarda adət bir az başqa cürdür: qadınlarını özlərinin namusu sayırlar, namusları uğrunda ölümə gedirlər, bax bu əsgər kimi, – deyə sözünə yekun vuran zabit kənarda ayrıca uzadılmış meyiti göstərdi.
Ona diqqətlə qulaq asan İvan “namus” sözünün rusca nə demək olduğunu soruşdu. Zabit çiyinlərini çəkdi:
– Rusca tərcüməsini bilmirəm. Qadını yad gözdən, yad əldən qorumaq kimi başa düşmək olar. Bu söz bizim dilə də türklərdən keçib.
Bayaqdan bəri bu söhbətin hər kəlməsini yaddaşına yazan Aysunun sevincdən gözləri yaşardı, ürəyində dua etməyə başladı: “Ey böyük Allah, ey Ulu Tanrı! Sənin mərhəmətinə şükür edirəm. Qızları ölümdən qat-qat dəhşətli olan rüsvayçılıqdan qorumaq üçün özünü qurban vermiş əsgərin ruhunu cənnətlik elə!”.
Maşın yerindən tərpəndikdə o, yarıyumulu gözlərini açdı, UAZ-ın Hadrut tərəfə yön aldığını gördükdə, bədəninə üşütmə çökdü. “Qarşıda onu nələr gözləyirdi? Namusunu qoruya biləcəkdimi? Əgər namusuna toxunulsa... İndi bu namus tək bir ərin namusu deyildi, Vətənin namusuydu... Ata-anası indi haradadır?” – deyə fikirləşən Aysu bayaqdan bəri yığılaraq boğazında tıxaclanıb qalmış hıçqırtısını saxlaya bilmədi. Ümidsizliyə qapılan biçarə qız acı-acı ağlamağa başladı. “Əgər mən də qızların arasında olsaydım, qurtulmuşdum”, deyə hönkürərək onu dəstədən ayırmış İvana için-için qarğış tökdü. İvan maşını kənara çəkib saxladı, qıza su verdi. Bir neçə qurtum sərin sudan içən Aysu sakitləşdi, özünü ələ alıb, İvana yalvarmağa başladı:
– Əgər anan-bacın, qızın varsa, and verirəm onların xatirinə, məni burax, gedim. Qohumlarım nə qədər istəsən, tapıb sənə pul verərlər.
Gözlərinə soyuq, laqeyd bir ifadə çökmüş İvan üzünü bozardıb qəti şəkildə bildirdi:
– Bu indi mümkünsüzdür və təkcə məndən asılı deyil.
Aysu ümidsizcəsinə başını söykənəcəyə dirəyib gözlərini yumdu. Maşın yenidən enli yola çıxdı. Təhlükəli sayılan yerlərdən keçib qəsəbəyə yaxınlaşanda BTR aralandı. UAZ baş küçə ilə irəliləməyə başladı, qəsəbənin ortasındakı qocaman çinarın yanından ötüb sağa buruldu, yoxuşu çıxdı.
Bu yerlər Aysuya tanış idi. O, bir neçə dəfə Hadrutda olmuşdu. Axırıncı dəfə səkkiz il öncə atası ilə buraya gəzməyə gəlmişdilər. Onlar bu dikdirlə qalxmış, atasının dostu – raykomun təbliğat şöbəsində işləyən Mədət müəllimlə görüşmüşdülər. Azəri türkcəsincə səlis danışan Mədət İkinci Dünya Savaşından sonra ətraf kəndlərdəki türk məktəblərində müəllimlik etmiş, rus dilindən dərs demişdi.
Mədət müəllim onları qəsəbənin kənarında təmiz ab-havalı, gözəl seyrangahlı bir yerdə tikilmiş kafeyə aparmışdı. Onlara xoş niyyətlə baxmayan bəzi ermənilərin gözündən uzaq bir guşədə – ağacların altında stol açdıran Mədət müəllimin yüz qram tut arağından sonra dili açılmışdı. O, köhnə tanışları bir-bir soruşub, demişdi: “Oğlum diş həkimliyini qurtarıb gəlmişdi. Bizim paxıllar bu boyda rayonda ona iş vermədilər. Yenə sağ olsun köhnə dostlar. Sizin rayonun Minbaşılı kəndində ona məntəqə açdılar”.
Sonra o, səsini alçaldıb pıçıltı ilə söyləmişdi: “Bu köpək uşağı yerevanlılar buraya gəlib, aranı yaman qızışdırırlar. Onlarla bizimki heç tutmur. Nə xasiyyətimiz, nə də dilimiz uyğun gəlir”. Atası isə gülərək yarızarafat, yarıciddi demişdi: “Ona görə ki, siz əldəqayırma ermənisiniz. Sizin kökünüz erməni olmayıbdır. Xristian Alban dövlətində türklərlə yanaşı digər Qafqaz tayfaları da olublar. Ərəblər gələndə türklərin əksəriyyəti islamı qəbul etdilər. Yüksək, çətin keçilən dağlı-meşəli yerlərdə məskunlaşanlara əl çatmadı. Vaxtilə bizim əcdadlarımızın da ibadət elədiyi xristian Alban məbədləri sonralar erməni kilsəsinin təsiri altına düşdü. Rusiya Qafqazı tutduqdan sonra Alban kilsəsi ləğv olunub ermənilərin ixtiyarına verildi. Ermənilər başladılar Alban kilsələrinin xaçlarını dəyişdirib özlərininki ilə əvəz etməyə. Doğum, ölüm, nikah, təhsil qeydiyyatlarını aparan kilsə sizin əcdadlarınızın familinin sonuna “yan” əlavə etdi və hamınız oldunuz erməni”.
O zaman 10-cu sinifdə oxuyan Aysuya bu söhbət tam aydın olmamışdı. Mədət müəllimdən ayrıldıqdan sonra geriyə dönərkən atası ona izah etmişdi ki, Qarabağda indi “erməni” adlananları iki yerə bölmək olar: özlərini “hay” deyə əsl adlarıyla çağıran ermənilər və sonradan erməniləşmişlər. Hayların çoxu Rusiya Qafqazı işğal etdikdən sonra XIX yüzilliyin əvvəllərində İrandan, Türkiyədən Azərbaycana köçürülənlərdir. Sonradan zorla qriqoryan məzhəbi qəbul etdirilmiş yerli xristian sakinlər isə, bayaq dediyim kimi, Alban kilsəsinə itaət etmiş bizimkilərdi, yavaş-yavaş erməniləşdirildilər.
Qızının sual dolu baxışlarını sezən Elbəyi bir neçə cümlə ilə hələ eramızdan bir neçə yüz il əvvəl Azərbaycanın şimalında qurulmuş, on üç– on dörd əsr yaşamış güclü Alban dövləti haqqında məlumat da vermişdi: onun sərhədləri şimalda Dəmirqapı Dərbənddən tutmuş cənubda Araz çayınadək uzanırdı.Sonra atası “alban” sözünün kökündən danışmışdı.
Bir gün məktəbdən qayıdan Aysu tarix dərsində Alban tarixi ilə bağlı mübahisələri zəminində atasından onun üçün qaranlıq qalmış bir məsələ haqqında soruşmuşdu:
– Alban dili, alban əlifbası niyə indiyədək öyrənilməyib ?
– Qızım, mən də sənə bir sual vermək istəyirəm: niyə bizim böyük Turan tarixinə, türk mənşəyimizə məxsus olduğumuzu yaza, danışa bilməmişik? Cavabını deyim: əvvələn, ona görə ki, tarixi saxtalaşdırmaqda səriştəli olan ermənilər, sonralarsa ruslar qəsdən bunu aşkarlamağa imkan verməyiblər. Bizə dolayısıyla belə qadağa qoyublar: mənşəyimizi hara istəyirik, yoza bilərik, lap afrikalılar olsun, fərqi yoxdur... Təki özümüzə türk deməyək... Adını çəkməsək də, türklük hər yerdə, hətta qonşularımızın da məişətində mövcud olmuşdur. Uzağa getməyək, Mədət müəllimdən soruşaq, görək, öz adının mənasını bilirmi? Bilməyəcək. Ona görə ki, valideynləri bu adı elə-belə, kor-koranə qoymayıblar ona. Mədət ərəb dilindən gəlmə, türkləşmiş sözdür: kömək, yardım mənasında işlənir. Görünür, azəri türklərinə minnətdarlıq mənasında bu adı qoyublar. Mədət müəllim də bu ənənəni azərbaycanlılara münasib istiqanlıqla yaşadır. Alban dili ilə bağlı isə, inşallah, axtarışlarımı çap etdirəndən sonra oxuyub, görərsən. Hələlik onu deyə bilərəm ki, alban tayfalarının çoxu türkdilli olmuşdur. Moiseyin Eçmiədzində gizlədilən “Aqvan tarixi”nin əlyazması ələ keçsə, orada alban həqiqətləri axıracan açılar. Bununla sizin nəsil məşğul olmalıdır. Birinci də ondan başlamalısınız ki, alban kilsələri qriqoryanların inhisarından alınsın, tarix səhifələrində öz adı ilə səslənsin. Bu işə beynəlxalq təşkilatları da cəlb etmək lazım gələcək.
UAZ-ın cır səsli siqnalı Aysunu xəyaldan ayırdı. “Qaçıb qurtarmaq haqda fikirləşmək əvəzinə mən də tarixi– Nadir kitabı açmışam”, – deyə fikirləşən Aysu özünü danladı. Maşın ikimərtəbəli şəxsi bir evin qapısına yaxınlaşan kimi darvaza açıldı, onun arxasında dayanmış iri sifətli gənc əsgər hərbi təzim etdi.
– Salam, Saşa, – deyə İvan sağ əlini qaldırıb onun salamını aldı, maşını çardağın altında saxladı, aşağı düşüb Aysu oturan tərəfin qapısını açdı.
– Buyurun, xanum, – deyə onun aşağı enməsinə kömək üçün əlini uzatdı. Aysu özü aşağı düşdü. Əli havada qalmış İvan pərtliyini büruzə vermədi.
– Xoş gəlibsiniz. Bura bizim villadır. Bu xanumsa bizim təsərrüfatı idarə edən Aksana Aleksandrovadır, – deyə İvan içəridən çıxan dolubədənli, ortayaşlı rus qadınını təqdim etdi. – Bu gözəl qızsa Aysu xanumdur, bizimlə yaşayacaqdır. Xahiş edirəm, onu ailəyə qəbul edəsiniz.
Aysu yaşı əllini haqlamış bu qadına imdad dolu nəzərlərlə baxdı. Pis adama oxşamayan Aksana əlini ona uzadıb azəri türkcəsincə “Xoş gəlib, səfa gətiribsiniz” – deyə salamlaşdı, sonra onları içəri dəvət edib, ikinci mərtəbəyə qaldırdı. Palıddan zövqlə düzəldilmiş qapını cibindən çıxardığı topa açarların ikisi ilə açıb, onları geniş aynabəndə buraxdı.
Aysu gözünün ucu ilə aynabəndə nəzər saldı. Ortada kürsüləri ilə bərabər böyük yemək stolu qoyulmuş, küncdə divar boyu yumşaq mebel düzülmüşdü. Yuxarı başda isə köhnə dəbli bir servant və ağzıbağlı dolablar vardı. Divarlara asma kitab rəfləri vurulmuşdu.
Bu aynabənd ona Qozluçaydakı qohumlarının evlərini xatırlatdı. Orada da aynabənd əsas oturaq yeri idi. O, sonradan biləcəkdi ki, bu ev yaxın kəndlərdən olan, Hadrut rayon ticarət idarəsində işləmiş Həmdalı adlı bir nəfərin imiş. Əsas işi Bakı anbarlarından bölgüyə əsasən bu rayon üçün ayrılmış malları gətirmək olan Həmdalının bacarığına görə qəsəbədə böyük hörməti varımış. Xüsusilə, yerli ermənilər onun xətrini çox istəyirmişlər, ona burada torpaq ayırmış, ev tikməsinə kömək etmişdilər. Ara qarışanda daşnaklar onu qəsəbədən qovmuşdular.
– Çox yorulduq, – deyə İvan divana sarı yönəldi, özünü çul kimi onun üstünə yıxdı. Aysunun ayaq üstə dayandığını gördükdə təəccüblə soruşdu:
– Niyə oturmursunuz, xanum?
– Mən hüquqsuz bir əsirəm, özbaşına heç nə edə bilmərəm, – deyə Aysu tam ciddiliklə cavab verdi.
Bu sözlərdən təsirlənən İvan ayağa qalxdı, ədəb-ərkanla “buyurun!” deyib ona yanında yer göstərdi, dalınca da əlavə etdi:
-Siz özünüzü bu evin tam hüquqlu xanumu kimi hiss edin.
Sifətindən acı bir təbəssüm keçən Aysu divanı yox, kreslonu seçib oturdu.
– Yeməkdən başlayacaqsınız, yoxsa içməkdən? – deyə Aksana üzünü İvana tutdu.
İvan eyni sualla Aysuya müraciət etdi. Susaraq çiyinlərini çəkən qızın donuq baxışlarında biganəlik ifadəsini görən İvan Aksananı mətbəxə göndərərək “hamısını birdən gətir”, – dedi, ürəyində isə Aysuya acıyaraq düşündü:
“Biçarə qız, həyat çox amansızdır, xüsusilə bizim bu dövrümüzdə və məkanımızda. Bir neçə saat öncə sən öz yaxınlarının əhatəsində sevinclə xoşbəxtlik dəryasında üzürdün... İndi isə bizim əlimizdə girovsan... Heç bir qanunun işləmədiyi eksperiment və sınaq meydanına çevrilmiş, bizdən başqa kimsənin əli yetmədiyi bu ucqar cənnət guşəsində səni hansı cəhənnəm əzabının gözlədiyini bilmirsən... Heç mən özüm də bilmirəm ki, sabah məni nə gözləyir... Burdan sağ-salamat rədd olub getməyi bacaracağammı? Deməli, sən jurnalistsən, çox güman ki, məlumatlısan. Səni dişimə vuraram, bizim işimizə yarasan, çox əla. Yox əgər, yaramasan, səni saxlamaq üçün digər səbəblər taparam. Ən mühümü budur ki, çox xoşuma gələn, indiyəcən qarşılaşmadığım bir qızı tale özü mənə ürcah edibdir. Bəlkə getdikcə gözümdə öz mənasını itirən bu maraqsız dünyanı sən mənə maraqlı edəcəksən? Bəlkə içimdəki boşluğu sən dolduracaqsan? Məni valeh edibsən, gözəl qız! Səni bu vəhşilərin əlinə vermərəm... Bilirəm, səni zorlamaq, əzmək, məhv etmək nə qədər asansa, təslim etmək bir o qədər çətindir. Yorulmuşam zorakılıqdan. Çalışacağam ki, ən ali duyğularla səni özümə təslim edim. Məndə hələ ölməmiş, yaxşı nə varsa, sənə verim... Əvəzində ancaq və ancaq sevgi istəyəcəyəm... İstərəm ki, bayaq səni erməni əsgərinin caynağından alarkən mənə sığındığın kimi sığınasan, baxdığın kimi baxasan...”
Gözləri özünün də bilmədiyi məchul bir nöqtəyə zillənmiş Aysu da, təxminən, İvanla eyni bir ünvan istiqamətində düşünürdü... Əgər zırpı bir ayı qarşısındakı maral balasını necə yemək haqda fikirləşirdisə, maral balası da eləcə ayıya yem olmamağın yollarını arayırdı... Onlar paralel xətt üzrə düşünürdülər... Belə xətlər isə kəsişmir... Qızcığaz zahirən özünü təmkinli, sakit saxlasa da səyi əbəs idi. İçərisində fikir dalğaları təlatüm edirdi... Bir neçə saat içərisində qəflətən baş vermiş olaylardan aldığı sarsıntı ona öz durumunu dəqiq qiymətləndirməyə, qurtulmaq üçün bir plan cızmağa imkan vermirdi... Aysu iradəcə möhkəm qız idi. “Kitabi-Dədə Qorqud” dastanından tutmuş üzü bəri Azərbaycan tarixində, folklorunda təsvir olunmuş qəhrəman, igid qızlar, qadınlar haqda çox oxumuşdu, həmişə özünü onlarla müqayisə etmişdi... İndi başa düşürdü ki, stresdən çıxmağa çalışmalıdır, İvanla münasibətlərində ona yalnız ümid verərək vaxt qazanmaq gərəkdir.
– Yaxşı, xanum efendi, yemək hazır olanadək bir az işləyək. Çalışın mənim suallarıma dəqiq və düzgün cavab verin, – deyə İvan kağız-qələm çıxarıb sualı sual dalınca yağdırmağa başladı:
– Adınız, familiniz?
– Aysu Qaramanlı.
– Atanızın adı, peşəsi, iş yeri?
– Elbəyi Qaramanlı, tarixçi, ölkəşünas, Şərq ölkələri üzrə mütəxəssis, elmlər doktoru, professor. Əlyazmalar institutunda, universitetdə işləyir.
– Sizin doğum iliniz, ailə vəziyyətiniz?
– 1968– ci ildə doğulmuşam, jurnalist fakültəsini və aspiranturanı bitirmişəm. Nişanlım var, toyumuz hələ olmayıb.
– Nişanlınız kimdir, peşəsi nədir?
Aysu kəkələsə də əlüstü cavab verdi:
– Filosofdur, elmi işlə məşğul olur.
– Sizin qəzetlərlə, digər mətbuat orqanları ilə əlaqəniz necədir?
– Tez-tez yazıram, imzam tanınır. Əsasən Azərbaycan televiziyası və “AssA-İradə” beynəlxalq xəbər agentliyi ilə əməkdaşlıq edirəm.
– Nədən yazırsınız?
– Həyatın bütün sahələrindən yazıram.
– Ata-ananızın, nişanlınızın dövlət işində, MTN və Müdafiə Nazirliyində işləyən qohumları varmı?
– Atamı hamı tanıyır, çox vəzifəli şəxslər onun tələbəsi olmuşlar.
– Hələlik bu qədər, – deyə İvan bloknotunu qapadı, Aysuya iki vərəq verib dedi:
– Xahiş edirəm sonra boş vaxtınızda avtobioqrafiyanızı yazın. Ata-ananız və digər yaxınlarınız haqda ətraflı məlumat verin.
Aksana çoxdan bişirdiyi, indisə yüngülcə qızdırdığı borşu, jarkonu süfrəyə qoydu. Sonra xiyar, kələm, sarımsaq şorabalarını, tut arağını, qırmızı çaxırı süfrəyə düzdü, üzünü onlara tutub “Şam yeməyi hazırdır, buyurun”, dedi.
İvan hərbçilərə məxsus cəldliklə ayağa qalxdı. Aysunun önündə yüngülcə baş əyib nəzakətlə dedi:
– Buyurun, xanum efendi.
Fikir dəryasına qərq olmuş Aysu təşəkkür etdi:
– Sağ olun.
– Sən heç nədən narahat olma. Adamyeyən deyilik. Bizimlə süfrədə oturmalısan. İştah diş altdadır. Yeyib-içməyin heç nəyə dəxli yoxdur, – deyə Aksana Aysuya yaxınlaşıb, onu yemək stolu arxasına apardı, öz yanında oturtdu. Sonra hamıya borş çəkdi. İvan araq şüşəsinin ağzını açıb yüzqramlıq stəkanı doldurdu, üzünü Aksanaya tutdu:
– Bilirəm, burada adətən, yeyib sonra içirlər. Mən öz adətimlə gedirəm. İçib sonra yeyəcəyəm. Sizin sağlığınıza! – deyib yüz qramı bircə qurtuma içdi. Aysunun sirk foksçusuna baxırmış kimi onu maraqla süzməsi və bu zaman gözündəki donuq ifadənin bir anlığa yox olması İvanın xoşuna gəldi. O, hərbçilərə xas cəldliklə bir neçə dəqiqəyə boşqabı boşaltdı, ardınca ikinci yüz qramı vurdu və Aksana jarkonu çəkənəcən daraşdı şorabalara. Aksananın təkidi ilə Aysu bir az borş yedi, tərəvəz tutmalarının dadına baxdı, Aksananın qabiliyyətini tərifləyib minnətdarlıq etdi.
İvan stəkanını üçüncü dəfə doldurduqdan sonra çaxır şüşəsinin qapağını açdı, stəkanlara süzmək istəyəndə dayandı. Şüşəni yerə qoyub ayağa qalxdı. Servantdan iki büllur piyalə götürüb qayıtdı, onları çaxırla doldurub sağlıq deməyə başladı:
– Aksana! Bu gün bizimlə oturan nə adi rus “baba”sıdır, nə də sırtıq, ayağısürüşkən erməni qızıdır. O, əlçatmaz, gözəl bir xanum efendidir, sanki göydən enmiş mələkdir. Sən diqqətlə bax, heç belə qüsursuz gözəl görübsənmi? Gəl, içək onun sağlığına. Mən bir centlmen kimi onun sağlığına ayaq üstə içəcəyəm.
İvan bayaqkının əksinə olaraq bu dəfə arağı yavaş-yavaş, sümürə-sümürə içməyə başladı. Sanki o, 50-60 dərəcəlik tünd tut arağı yox, şirin şərbət içirdi. Aksana Aysunun şəraba toxunmadığını görüb pıçıltı ilə dedi:
– İç, yoxsa o inciyəcək, içməyi israr edəcək.
– Mən içən deyiləm. Arağın iyi başıma vurub, az qala məni sərxoş edib.
– Götür, heç olmasa bir-iki qurtum iç ki, o səni rahat buraxsın. Bu tünd deyil, bax, kompot kimidir, – Aksana şərabı birnəfəsə boşaltdı. – İç, bu sənin stresdən çıxmağına kömək eləyər, – deyib badəni yerə qoydu.
Aysu bir neçə dəfə Toğrulla ad günü və toy məclislərində şampan şərabının, yüngül çaxırların dadına baxmışdı. Bilirdi ki, badəni axıracan içsə də onu sərxoş etməyəcək. Sadəcə o, belə məclisdə yad kişi ilə şərab içməyi şəninə sığışdırmırdı. Lakin Aksananın səmimiliyinə inanaraq, sözünü sındırmadı. Şərabdan bir qurtum içdi. Bayaqdan ona göz qoyan İvan şıltaq uşağa dərman içiribmiş kimi sevindi:
-Bravo, Aysu xanum, siz kübar cəmiyyətin qızları kimi içirsiniz, – dedi, gözlərini qıyaraq şəhadət barmağını alnına dirədi, nəyisə yadına salmağa çalışdı, sonra yenidən Aysuya sarı çevrilərək sözünə davam elədi: – Sizin jurnalistlər çox aktivdirlər. Səhv eləmirəmsə, Qarabağ döyüşlərində Azərbaycanın altı mətbuat işçisi öldürülüb. Salatın Əsgərovanın cəsarəti haqda xəbərim var. Moskvada çıxan “Krasnaya Zvezda” qəzeti iki il öncə hay-haray salmışdı ki, Sona xanım adlı bir qadın jurnalistin yazılarından sonra Sovet Ordusunda xidmət edən azərbaycanlı əsgərlər qaçıb Qarabağ döyüşünə gedirlər.
İvanın məlumatlılığı qızı təəccübləndirsə də bunu büruzə vermədi.
– Demək istəyirsiniz ki, mən yeddinci olacağam? – deyə o, sifətində acı gülüş və istehza İvanın sözünü ağzında qoydu. – Mən ölümdən qorxmuram!
– Yox, nə danışırsınız? Mən sizin sağ-salamat qalmağınıza kişi kimi söz verirəm. Bir şərtlə: bu işdə sizə kömək edə bilməyim üçün mənə kömək edin. Bütün bunlar sonra. İndi biz əylənirik, – deyən İvan boş piyalələri doldurub ikinci sağlığı söylədi: – Gəlin, badələrimizi qaldıraq bizim Aksananın sağlığına. Mənim əzizim, cəngəllik qanunlarının hökm sürdüyü, dünyanın qaynar nöqtələrindən sayılan bu Qarabağ torpağında sən mənə etibarlı dayaqsan. Sən çox çestnaya və mudraya babasan, əziz Aksana. Gəl, səni öpüm, – deyə İvan yüngülcə səndirləyərək Aksanaya yaxınlaşdı. Gözləri yaşarmış Aksana ayağa qalxdı, məmnunluqla onu qucaqlayan İvanla öpüşdü. Qayıdıb öz yerində oturan İvan sözünə davam etdi:
– Aksana, sənin övladın Saşa da yaxşı oğlandır. Biz burada ona görə rahat oturmuşuq ki, o bizi qoruyur, – sonra yarızarafat, yarıciddi Aksanadan soruşdu: – Düzünü de, Saşanın atası kimdir? Əslinə qalsa, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Saşa sənin oğlundur, mən də sənə görə ona hörmət edirəm. Neçə illərdir üzünü görmədiyim arvadım da yaxşı bilir ki, mənə oxşamayan bizim qızımız hansı kişidəndir... Eh, qadınlar xoşbəxtdirlər. Onlar dəqiq bilirlər ki, övladlarının atası kimdir.
İstər-istəməz bu sağlığa da bir qurtum içən Aysu təlaşla növbəti qədəhi sümürən İvana, sonra Aksanaya baxdı. O, indiyədək özünü centlmen kimi aparmış İvanın sərxoş olub, hətərən-pətərən danışmasından və məclisin pis nəticə ilə qurtaracağından qorxurdu. Qadın həssaslığı ilə onu başa düşən Aksana pıçıltıyla azəri türkcəsi ilə soruşdu:
– Onunla yatmaq istəmirsən, eləmi?
Belə birbaşa sualdan özünü itirən Aysu dili dolaşa-dolaşa dedi:
– Siz nə danışırsınız?! Bu mənim üçün ölümə bərabərdir. Mənim nişanlım var.
İvanın yataq otağından nəsə gətirməyə getməsindən istifadə edən Aksana gülərək rus dilinə keçdi, zavallı qıza təskinlik verdi:
– Elə isə heç narahat olma. Ağlın sizin kişilərə getməsin. O, nə qədər çox içsə, bir o qədər yaxşıdır. Yıxılıb yatacaq, – sonra müəmmalı şəkildə irişərək əlavə etdi: – Düzünə qalsa, heç bilmirəm, sən onun nəyinə lazımsan? Onun qadın cinsi ilə maraqlandığını birinci dəfədir görürəm. Şəxsən mən onun öpüşməkdən başqa bir şey elədiyini görməmişəm.
Ahıllaşmış Aksananın bədəni şoraba çəlləyini xatırlatsa da, onun göyçək, sağlam sifəti, alışıb yanan mavi gözləri, mütənasib ayaqları vardı. Aysu bu qiymətli xəbəri – İvanın kişi zəifliyini eşidib sevindiyindən Aksananı qucaqlayıb öpdü.
Bulaq suyu kimi saf, təmiz olan zavallı qız nə qədər savadlı, bilgili olsa da qadın-kişi münasibətlərindən bir o qədər xəbərsiz idi...
Səndirləyə-səndirləyə siqaretlə qayıdan İvan Aysunun Aksananı qucaqladığını görüb ucadan dedi:
– Siz niyə məni qoyub bir-birinizi öpürsünüz?
İvanın Aysuya yaxınlaşmasına imkan verməyən Aksana onu öz yerində oturtdu:
– Öpüşmək hələ tezdir, hər şeyin vaxtı var, – deyib qədəhləri doldurdu və İvanın şərəfinə sağlıq deməyə başladı:
– Əziz İvan Nikolayeviç! Bu iki ildə mən sənin üçün bacardıqlarımı etmişəm. Sən də borclu qalmayıbsan, əvəzini veribsən. Biz bu çətin şəraitdə bir slavyan provaslavı kimi bir-birimizə həyan durmuşuq. Oğlum Saşanı güllə qabağına göndərməkdən saxladığın üçün ömrüm boyu sənə minnətdaram. Sən çox qədim, boyarlardan gəlmə əsilzadə bir familiya daşıyırsan, özün də centlmen kişisən. İçək sənin sağlığına ki, bu çətin şəraitdə də öz centlmenliyini, əsilzadə adını saxlayasan.
Bu sözlərdən xoşallanan İvan stəkanı götürüb başını dik tutmağa çalışdı. Onlar badələrini axıradək içdilər. Aksananın məharətinə heyran olan Aysu deyilən sağlığa yox, sevincini bir qurtum şərabla qeyd elədi. Sezdi ki, əsilzadəliyi vurğulamaqla qadın nə demək istəyir.
– Ax Aksana, Aksana... Sən çox yaxşı, etibarlı dostsan, – deyən İvan onu qucaqlayıb öpməyə başladı. Aksana da ona borclu qalmayıb ara-sıra cavab verirdi. Bu, qadın-kişi öpüşməsindən çox içəndən sonra sərxoş kişilərin sədaqət ifadəsi olan marçamarçını xatırladırdı.
Birdən İvan Aksananı buraxdı, “Muzıka!” – deyə qışqırıb aşa-aşa otağın baş tərəfindəki maqnitofona tərəf getdi, xeyli əlləşdikdən sonra, “Tapdım” deyərək axtardığı kaseti maqnitofona qoyub düyməni basdı. Aysu heç gözləmədiyi halda, Tofiq Quliyevin oynaq musiqisinin sədaları ətrafı bürüdü. İvan Aysuyla rəqs etmək üçün ona sarı yönəldi. Aksana cəld ayağa qalxıb özünü qabağa verdi.
– Onunla hələ işin olmasın. Biçarə stresdən özünə gəlməyib.
Artıq sərxoş olmuş İvan üçün, deyəsən, kimlə oynamağın bir o qədər fərqi yox idi. Onlar ara-sıra öpüşərək xeyli oynadılar. Tanqodan valsa keçdikdə səndirləyən İvan daha oynaya bilmədi. Aksana onun qoluna girərək divana tərəf apardı, birtəhər uzandırdı. Bir neçə dəqiqədən sonra İvanın xorultusu eşidildi.
– Hə, indi səhərədək porasyonok kimi xoruldayacaq. Səhər saat 6-da ştık kimi ayağa qalxacaq. Bu hərbçilər qəribə adamdırlar, – deyə Aksana qədəhini doldurub başına çəkdi, sonra İvana işarə ilə əlavə etdi: – Pis adam deyil, amma bədbəxtdir. Elə mən də bədbəxtəm. Hərəmiz bir cürə bədbəxtik. Sovet hökumətinin dağılmağıynan bizim yaxşı yaşayışımıza nöqtə qoyuldu. Öz aramızdır, pis yaşamırdıq.
Aksana yenidən qədəhini doldurdu, Aysunun da azacıq yarımçıq olan qədəhinə çaxır süzdü, köksünü ötürüb sözünə davam etdi:
– Mən sovet hökumətinin pis günlərini də görmüşəm, müharibədən sonra jmıx da yeyirdik. Anam deyərdi ki, bizim Ukraynada 30-cu illərdə bundan da qat-qat dəhşətli vəziyyət olub. Kolxozun əleyhinə çıxdıqları üçün Stalin bir milyon adamı acından öldürüb.
– Siz ukraynalısınız? – deyə Aysu maraqlandı.
– Mənim kökümdə kazak, ukrayna, rus qanı qatışıb bir-birinə. Nənəm kazaçka olub, anam ukraynalı, atam rus. Amma atasız böyümüşəm. Anamın aşnaları çox idi. Ağlım kəsəndən sonra atamın kim olduğunu tez-tez anamdan soruşurdum. O isə susurdu. Bir gün o bezərək mənə kolxozun anbarının keşikçisi qozbel Kolyanı nişan verib, dedi: “Müharibə zamanı kənddə ondan başqa kişi yox idi. O illərdə kənddə doğulan uşaqların çoxunun atası bax, bu kişidir...” O zaman 14 yaşım vardı... Mən qorxub qaçdım. Ona görə yox ki, mənim atam qozbel və miskin idi. Yox, o Kolyanı heç kim sevməzdi. Çox zloy, qaraqabaq idi. Adamlara nifrətlə baxardı, söyüş söyərdi. Hətta bir dəfə mənə sataşmışdı da...
– Bəs necə oldu ki, buraya gəldiniz?
– Bizim kəndin yaxınlığında bir hərbi hissə vardı. Orada qulluq eləyən Volodya adlı bir leytenantla tanış olmuşdum. Klubda həmişə mənimlə rəqs edərdi. Bir dəfə 8 Mart bayramında rəqsdən əvvəl də, sonra da möhkəm içdik. Gecələməyə bizə gəldik. Yatışdıq, olduq ər-arvad. Əslinə qalsa o, əkilmək istəyirdi. Hədələdim ki, kəbin kəsdirməsə komandirin, partkomun yanına gedib şikayət edəcəyəm. Qorxub məni aldı. Sonra onu Hadruta göndərdilər. Üç il yaxşı yaşadıq. Sonra bir neçə aylığa başqa şəhərə ezam olundu. Gəldi, bir ay keçdi, indi də başqa yerə göndərdilər.
– Bəs sizi niyə özü ilə aparmırdı?
– Bilirsən, burda bizə ikiotaqlı mənzil vermişdilər, kurort kimi yerdir. Ezamiyyətə göndərilən yerdə iş müvəqqəti olduğu üçün zabitlər yataqxanada yaşayırlar. Getmək istəmirdim, o da israr etmirdi. Beləliklə, mən onsuz həyata öyrəşdim. Hərbi hissədə, qəsəbənin özündə maraqlı kişilər vardı, məni darıxmağa qoymurdular. Həm də hərbi hissənin yeməkxanasında işləyirdim. Kefim kök idi. Növbəti ezamiyyətlərin birindən o, geriyə qayıtmadı. Mənə yazdı ki, onu şimalda saxlayırlar, ikiqat maaş verirlər, istəyirəmsə, köçüb gedim onun yanına. Getmədim. İsti yerimi soyuq etmədim. Hardan biləydim ki, sovet hökumətinin axırı belə qurtaracaq. Sovet pulları öldü, burda əlimdə olanı dollara, qızıla çevirə bilmədim, qaldım lüt. İndi pulsuz hara gedim?
– Burda evin yoxdurmu? Onu niyə satmırsan?
Aysu bu sualı ilə, deyəsən, Aksananın yaralı yerinə toxundu.
– Ağlın Bakıya getməsin, orda hərbçilərin hamısı evlərini yaxşı qiymətə satdılar. Birincisi, burada evlər çox ucuzdur. İkincisi, ermənilər satmağa qoymurlar. Qonşuma dedim ki, heç olmasa, yol pulumu, əşyalarımın haqqını verin, çıxım gedim. Dedi ki, gedirsən, buyur, yol açıqdır, amma evi satmaq olmaz... Sən onu bizə verməlisən... Vicdansızlar!..
Aksana kişilər kimi yumruğunu stola vurdu, şərabı başına çəkdi, sonra üzünü Aysuya tutub dedi:
– Mən heç, ömrümün yaxşı dövrlərini yaşamışam. Bəs sən zavallı nə edəcəksən? Neyləmək fikrindəsən?
Sual çox düz qoyulmuşdu. Aysu karıxmamaq, artıq-əskik danışmamaq üçün susdu ki, fikirləşib cavab versin. O, hələ Aksananı yaxşı tanımırdı. Bəlkə Aksana ondan söz almaq istəyir? Əslinə qalsa onun planı yox idi, hələ qəti bir qərara gəlməmişdi. O, hələlik namusuna təcavüz edilməməsi üçün yollar arayırdı. Bunu da bilirdi ki, ermənilər girov götürdükləri adamları satırlar. Ümid edirdi ki, atası, Toğrul fərdi yollarla ermənilərlə danışıq aparacaq, qohum-əqrabadan pul toplayıb onu azad edəcəklər. Bax, bu müddətə qədər gərək o, özünü saxlaya bilsin, namusunu qoruya bilsin.
– Aksana xanım, mən görürəm ki, siz çox humanist qadınsınız. Mənə elə gəlir ki, siz günahsız bir qızın xilası üçün əlinizdən gələn yardımı edərsiniz, – deyə Aysu ondan cavab gözləyən Aksanaya qısıldı.
– Tamamilə düz fikirləşirsən. Amma mənim əlimdə bir imkan yoxdur. Burdan qaçmaq mümkün deyil. Belə fikrin varsa, başından çıxar.
– Valideynlərim, nişanlım, qohumlarım çalışacaqlar ki, məni xilas etsinlər, pul verib buraxdırsınlar.
Aksana onun valideynləri, qohum-əqrabaları haqqında ətraflı soruşdu, bir az fikirləşəndən sonra dilləndi:
– Elə ən düzgün və real yol budur.
İvanın xorultusu aynabəndi başına götürmüşdü. Aksana ona baxıb:
– Çox yorulubdur. Səhər evdən çıxanda demişdi ki, bu gün ova gedəcəklər. Onun ovu sən oldun, – dedi, sonra Aysudan bu gün Qozluçayda baş verənlər haqqında danışmasını xahiş elədi. Aysu özünü toplayaraq erməni hərbçilərinin toyu necə dağıtmasını, qadınların ziynət əşyalarının alınmasını, bəylə gəlinin öldürülməsini hıçqıra-hıçqıra danışdı. Gözləri yaşarmış Aksana “yırtıcı vəhşilər” deyərək qədəhini çaxırla doldurub başına çəkdi. Sonra ovcunun içi ilə gözlərini silib üzünü Aysuya tutdu:
-Sən mübariz, dözümlü, səbirli olmalısan, ən mühümü hiyləgərlik etməlisən öz məqsədinə çatmaq üçün... Nümunə götürmək lazımdır erməni, yəhudi qadınlarından... Müsəlmançılığı burda unut... İvanla münasibətlərini özün qurmalısan. Sənə necə sərf eləyir, elə hərəkət etməlisən. Sənin taleyin tamamilə olmasa da İvandan çox asılıdır. Burda İvan böyük nüfuz sahibidir. O, mənimlə nə qədər açıq-saçıq olsa da öz işi haqqında bir kəlmə də olsun demir. Bu barədə danışmağı xoşlamır. Buna görə də bilmirəm o, burda rəsmidir, qeyri-rəsmidir, yoxsa muzdla qulluq edir. Amma onu bilirəm ki, əsl hərbçidir, – deyə həm şərabdan hallanmış, həm də Aysunun danışıqlarından təsirlənmiş Aksana Aysuya gərəkli məsləhətlər verdi. Sonra saata baxıb ayağa qalxdı:
– İndisə yatmaq vaxtıdır, gedək sənə yataq otağını göstərim, – dedi, qızın əlindən tutub yandakı otaqlara tərəf apardı. – Burada üç yataq otağı var. Biri İvanın həm yataq otağıdır, həm də kabineti. Oraya heç mənim də girməyə ixtiyarım yoxdur. Ancaq özünün yanında silib-süpürməyə icazə verir. Bu iki yataq otağı isə gəlib-gedənlər üçündür. Hansını istəyirsən seç.
Aysu pəncərəsi Qozludərəyə baxan otağı seçdi. Aksana paltar dolabını açdı, oradan təmiz döşəkağılarını, yastıqüzünü götürüb çarpayının üstünə atdı, amiranə tərzdə dedi:
– Soyun, yat! – Sonra Aysunun paltarına baxıb dedi: – Dayan, dayan! Sənin paltarın elə əynindəkidir?
Başı ilə “hə” deyən Aysu paltarı olan yol çantasının pasportu və digər şeyləri ilə toy evində qaldığını söylədi.
– Narahat olma, İvana deyərəm tapar. Yaxşı, gecən xeyrə qalsın, sabahadək, – deyə Aysu ilə sağollaşdı.
– Aksana xanım, mən sizsiz qorxuram. Siz mənim yeganə pənahımsınız.
Aksana kövrələrək onu qucaqlayan Aysunun saçını sığallayıb dedi:
– Qız, özünü ələ al, müsəlmançılıq eləmə. Möhkəm ol, mənim otağım birinci mərtəbədədir, elə bu otağın altındadır. Döşəməni taqqıldatsan mən eşidəcəyəm. Hə, bax burada valerianka da var, iki-iki qəbul edərsən, həm ürəyə, həm də əsəblərə xeyirdir. Qrafindəki su içməlidir. Tualet qapıdan çıxanda sol tərəfdədir.
– Gecəniz xeyrə qalsın. Mən sizin yaxşılığınızı heç vaxt unutmayacağam, – deyə Aysu dərin minnətdarlıqla ona baxdı.
– Mən sizinkilərdən heç vaxt pislik görməmişəm. Ermənilərdən çox sizinkilərlə dostluq eləmişəm. Ermənicə öyrənə bilməmişəm, amma sizinkinə dilim yatdı, öyrəndim. Onsuz da bütün ermənilər sizin dili bilir. Yaxşı, sağ ol, get yat, – deyib Aksana otaqdan çıxdı.
Aysu arxadan qapının cəftəsini keçirtdi, sonra pəncərəyə yaxınlaşdı, pərdəni azacıq aralayıb baxdı. Bayırdan pəncərəyə şəbəkəli dəmir barmaqlıqlar vurulmuşdu. Qapı da möhkəm idi, deyəsən palıddan düzəldilmişdi. Bunlar Aysunu sakitləşdirdi. İki ədəd valerianka götürüb dilinin üstünə qoydu, qrafindən tökdüyü su ilə uddu. Təmiz döşəkağını səliqə ilə çarpayının üstünə sərdi, yastıqüzünü yastığa geyindirdi, paltarını soyunub yatağa girdi. “Allah bilir bu çarpayıda kimlər yatmışdır”, – deyə yırpına-yırpına düşündü. Sonra düşdüyü vəziyyətə real qiymət verməyə çalışdı: “Mən kiməm? Əsir, girov, yoxsa qul?.. Özü də harada... Yırtıcılığın, vəhşiliyin, sadizmin, ən böyük əxlaqsızlığın hökm sürdüyü, nə cəmiyyətin, dövlətin, nə də Qur’anın, İncilin qanunlarının işləmədiyi bir yerdə. Mənimlə necə istəyirlər elə də davrana bilərlər. Başımı kəsərlər, tikə-tikə doğrarlar, bədən üzvlərimi dünya bazarlarında satarlar, kimsə də bundan xəbər tutmaz...”
Aysu əsirlikdən qurtulanların dediklərini, itkin düşmüş gənc qızlar, oğlanlar haqda eşidib, oxuduqlarını yada saldıqda bədənini üşütmə tutdu. 24 saat əvvəl özünü dünyanın ən xoşbəxti sanmış qız indi özünü dünyanın ən bədbəxti hesab eləyirdi... Dünən bu vaxt sevgilisinin qolları arasında özünü cənnətdə sanan qız bu gün cəhənnəm dəhşətlərini görmüşdü və dərk edirdi ki, bunlar hələ onu gözləyən əzabların başlanğıcıdır... Bir anlığa Aysuya elə gəldi ki, bütün bunlar çox qorxunc bir yuxudur... Adətən, yuxusunu qarışdıranda oyanantək nənəsinin öyrətdiyi kimi salavat çəkib “Bismillah” deyərdi. Amma əfsuslar olsun ki, bu, yuxu yox, acı həqiqət idi. Sadəcə olaraq o, heç vəchlə bir neçə saat ərzində həyatının, təkcə özünün yox, bütün Dəyirmanla əhalisinin həyatının alt-üst olmasına inana bilmirdi... Xoşbəxtliklə bədbəxtliyin bu qədər yaxın olmasını, onları günlər, saatlar nədir, saniyələrin ayırmasını qəbul edib, bu gerçəkliklə razılaşa bilmirdi... Lakin bu belə idi, danılmaz fakt idi... Aysu bütün bunları anlamalıydı və anlayırdı da. Bu hisslərin təsiri altında o, hövlnak yerindən qalxdı, dizi üstə üzünü qibləyə tutdu, əllərini göyə qaldırıb pıçıldadı:
– Ey Böyük Yaradan! Ey yeri-göyü xəlq etmiş Ulu Tanrı! Nədir mənim günahım? O qanına boyanmış iki gəncin – Ərturun, Narçiçəyin günahları nə idi? Dədə-baba yurdundan didərgin düşmüş o kəndlərin, şəhərlərin əhalisinin sənin yanında günahları bu qədərmi böyük idi?! Axı, sən Adilsən, Bağışlayansan?! Niyə bağışlamadın onları? Niyə mənim ata-anamı, nişanlımı gözüyaşlı qoyursan?! Axı, bu insanlar kimsəyə pislik etməmişlər, həmişə Sənin yolunu saxlamışlar? Niyə qoyursan bəşər övladları bir-birinin qanını töksün?! Niyə xoşbəxtliyi insanlara damcı-damcı, bədbəxtliyi, əzabı ovuc-ovuc verirsən?! Budurmu ədalətin, Ulu Tanrı? Hansı qanunlarla bizim dünyamızı idarə edirsən, ey Böyük Allah?
Get-gedə qəzəblənən Aysu ürəyinə gələn digər hədyan sözləri geri qaytarıb özünü ələ aldı. Qur’ani– Kərimdəki “İnnə Allah alimun” – “Allah hər şeyi biləndir” ayəsini xatırlayıb “Əstəğfürullah” dedi, salavat çəkdi, təzədən yerinə uzandı. Başa düşürdü ki, ona yatmaq, dincəlmək gərəkdir. Beynini çox yormamalıdır... Ancaq onun indiki halında bunu demək nə qədər asan idisə, əməl etmək bir o qədər çətin idi... “ Düşünməmək olmur.. Amma mən gərək dərrakə ilə hərəkət edim, göylərlə əlləşməyim, düşdüyüm vəziyyət haqda fikirləşim. Mən gərək İvanın mənə, Aksananın İvana və mənə olan münasibətləri haqda fikirləşəm, təhlil aparam”, – deyə Aysu fikrini əlçatmaz, ünyetməz dərinliklərdən yığışdırıb aşağı endirdi. “Deməli, mən İvanın xoşuna gəlirəm”... Əgər başqa şərait olsaydı, əsir düşməsəydi Aysu deyərdi ki, itin axmaqlığıdır qaysavadan pay umur. Amma indi o it onun ağası idi. Qoy o it qaysavadan pay gözləsin. Qaysavadan pay uman it, görəsən bu ləziz yeməyi yeyə bilirmi? Bayaq Aksananın sözlərindən belə çıxdı ki, İvan bir kişi kimi təhlükəli deyil. Yəni onda kişi acizliyi var, elə dil pəhləvanıdır. Kaş belə olaydı, İvan Aysudan heç nə ummayaydı. Lakin bayaq İvanın Aksana ilə rəqs etməsini, ara-sıra Aksananı öpməsini xatırlayan Aysu bu səhnənin onunla olmasını təsəvvür etdikdə əti çimçəşdi “Allah uzaq eləsin” – deyə pıçıldadı. Bəs Aksana necə? Qadın kimi İvandan bir şey gözləyirmi? Aysu hiss etmişdi ki, yaşca İvandan böyük olsa da Aksananın ondan xoşu gəlir. O, bunu bayaq onlar ikisi oynayanda, öpüşəndə Aksananın sifətindəki xoşbəxt ifadədən duymuşdu. Deyəsən, Aysunun İvana şans verməməsi Aksananın xoşuna gəlmişdi. Bəlkə buna görə Aksananın Aysuya rəğbəti artmış, onunla çox səmimi olmuşdu? Yox, deyəsən Aksanada qısqanclıq hissi yoxdur. Aksana onu İvana qısqansaydı, deməzdi ki, “İvanla əlaqəni özün qurmalısan... Sənin taleyin İvanın əlindədir və s.” Bütün hallarda Aksanada müsbət keyfiyyətlər mənfidən çox idi. “Bəlkə də bizim millət ən qısqanc millətdir. Bizdə təkcə ər arvadı, arvad əri qısqanmır. Qardaş bacını, ana oğlunu qısqanır. Bu isə çox pis nəticələr verir”, – deyə Aysu nədənsə qonşuları Firəngizlə Mətini xatırladı...
Ərini erkən itirmiş bir oğul, iki qız anası Fatmabacı ilki Mətini evləndirmişdi, təkcə Mətinin deyil, ailəlikcə bəyəndikləri Firəngiz adlı mülayim təbiətli, gözəl bir qız almışdı. Bir-birilərinə çox yaraşırdılar. Di gəl ki, Fatmabacı gəlinini oğluna yaman qısqanırdı. O, bunu gizlətmirdi də. Hamı bilirdi ki, toylarda oynamaqdan tutmuş birgə yatmağadək hər şey Fatmabacının icazəsi ilə olmalıydı. Ər-arvad Fatmabacı evdə olmayanda görüşürdülər. Axırı Firəngiz dözməyib atası evinə getmişdi. Fatmabacı “Gəlin mənim süpürgəmdi, hara qoysam, orda durmalıdır... Kişi gərək gözəl qızla evlənməsin”, deyərək oğluna başqa qız axtarırdı. Arvadını və bir yaşlı qızını sevən Mətin bir gün dərd-qəmini boğmaq üçün dostları ilə möhkəm içmiş, sonra “Yox, mən ailəmi dağıtmayacağam! Bu saat gedirəm onların yanına”, – deyib sükanın arxasına oturmuş, maşını ağaca çırpıb rəhmətə getmişdi.
Belə fikirlərdən başının ağırlaşdığını duyan Aysu “Yox, mən yatmalıyam, dincəlməliyəm”, deyib gözlərini yumdu. İstədiyi vaxt yatıb durmağı özünə təlqin etməyi, necə deyərlər, “daxili saatı qurmağı” ona Toğrul öyrətmişdi. Axşamdan səhər saat 6-da durmağı özünə təlqin edirdisə, altı radələrində oyanırdı. Yaxud, gündüzlər, xüsusilə imtahana hazırlaşarkən yorulan zaman 15-20 dəqiqəliyə gözünün acısını ala bilirdi...
Bir azdan Aysu yuxuya getdi. Onun yatışı da gözəl idi... Adətən, sağ böyrü üstə uzanır, əl-ayağını büründüyü mələfənin altında elə gizlədirdi ki, təsadüfən onun otağına girənlər başqa mənzərə ilə rastlaşmazdı... Yatarkən sifətində mələk ifadəsi olur, körpə uşaq kimi mışıl-mışıl nəfəs alırdı... Bu gecə isə o, çox narahat yatırdı. Baxan olsa görərdi ki, sifətindəki həmişəki xoş ifadəni qorxu, təlaş əvəz edibdir... Bu, onun gördüyü vahiməli yuxuların təsirindən idi...
... Yuxuda görürdü ki, doğma şəhərdədir... Amma burda hər şey dəyişib... Qardaş qardaşla, qonşu qonşuyla, məhəllə məhəllə ilə vuruşur...Doğma insanlar manqurdlaşıblar, qəhqəhə çəkərək bir-birini qırırlır... Yamyaşıl ağaclar, budaqlarındakı yetişməmiş meyvələr od tutub yanır... Qızılgül kollarındakı açılmamış butalar alova bürünür... Bu cəhənnəmdən qaçıb qurtulmaq istəyən qadın və uşaqların səsi ərşə yüksəlir. Aysu qorxub qışqırmaq istədikdə bir məlakə peyda olur. İstəyir qışqırsın ki, bacı, qurtar məni bu dəhşətdən, bu manqurdların əlindən. Apar məni özünlə göylərə... Amma səsi çıxmır və heç buna ehtiyac olmur. Məlakə onun fikirlərini oxuyur. O, ilahi bir təbəssümlə Aysuya baxır, fikirləri qızın beyninə axır: “Səni anladım”. Sonra haradansa qucağında peyda olmuş oğlan uşağını Aysuya uzadır, ona heyrətlə baxan qıza qayğı və sevgi dolu gözləriylə deyir: “Sən artıq anasan, bu uşağı dünyaya gətirmədən göylərə gedə bilməzsən. Müqəddəs analıq borcunu, insan kimi sənə ayrılmış vəzifəni yerinə yetirməlisən”... Bayaqdan bəri bu məlakəni, uşağı harada gördüyünü xatırlamaq istəyən Aysunun birdən səsi açılır və o, heyrətlə qışqırır: “Müqəddəs Ana, bu Sizsinizmi?”...
Aysu öz səsinə oyandı. Oyanan kimi “Bismillah” deyib salavat çəkdi. Tər içində idi. Dan yeri sökülürdü. Bərk susamışdı. Yarıyuxulu olduğu üçün qalxmadı. Bilirdi ki, tam oyanmamış yataqdan qalxmaq ziyandır. Bir neçə dəqiqə keçdi. Özünə tam gələndən sonra qalxdı, bardaqdan bir fincan su süzüb içdi. Yenidən yatağa girib gördüyü yuxunu yozmağa çalışdı. Durna nənəsindən eşitmişdi ki, səhərə yaxın görülən yuxular çin olur!...
Aysu yuxugörmələrinə inanırdı. Dəfələrlə sınamışdı, yuxusu çin çıxmışdı. Hələ birinci kursda oxuyanda bir gecə yuxuda görmüşdü ki, Toğrul xəstəxanadadır ... Bu xəbəri eşidib həkimin yanına gedir. Ağsaçlı, nurani sifətli həkim təhlükənin sovuşduğunu söyləyir. Aysu xoş xəbər üçün ona, qəribə olsa da, bir alışqan və bir qutu “Kent” siqareti verir... Səhər yuxudan duran kimi Toğrulgilə telefon açmış, Bənövşə anadan Toğrulun hansı xəstəxanada yatdığını soruşmuşdu. Ünvanı alan Aysu xəstəxanaya cummuşdu. Yolüstü bir alışqan, bir qutu da siqaret almışdı. Onu palataya buraxmadıqları üçün əvvəlcə həkimin yanına getmişdi və hər şey yuxuda gördüyü kimi olmuşdu. Həkim ona ağ xalat verib özü ilə xəstənin yatdığı palataya aparmış, Toğrula “Sənin çox həssas bacın var” demişdi... Aysunun sonralar ata-anası, yaxın rəfiqəsi ilə bağlı gördüyü yuxuları da çin çıxmışdı... İndiki yuxusu isə ona həm sevinc, həm də kədər gətirdi...
“Deməli, daxili qarşıdurma şiddətlənəcək, düşmənlərin qurğusu baş tutacaq... Mən hamilə olacağam...” deyə düşünən Aysu diksindi. İvanın umacaqlı baxışlarını yadına saldıqda cismini istilik basdı, yerindən dikəldi, əllərini göyə qaldırıb Allaha yalvardı: “Ulu Tanrı, məni özün qoru!” Sonra birdən srağagün Toğrulla yaxınlığı yadına düşdü, sanki həyəcandan alışıb-yanan bədəninə sərin su səpdilər... “Mən artıq hamilə olmuşam, Toğruldan uşağım olacaq... Onu yaşatmaq üçün yaşamalıyam”, deyə sevinclə pıçıldadı, ixtiyarsız olaraq əlini qarnına çəkdi: “Dörd həftədən sonra hər şey bilinəcək”.
Həyəcanı ötüşmüş qızı süstlük basdı, bərk yorğunluq hiss etdi. Başını ehmalca yastığa qoyub gözlərini yumdu... Amma daha yuxu görmədi, daş kimi yatdı...
Onu pəncərədən düşən günəş şüaları oyatdı. Saata baxdı. Artıq on idi. Dincələ bilmişdi. Fikirləri durulmuş, başındakı ağırlıq keçib getmişdi. Adətən, səhərlər elə otaqdaca yarım saatadək bədən hərəkətləri ilə məşğul olardı. İndi də yataqdan qalxıb yüngül səhər gimnastikası etməyə başladı. Çox keçmədi bədəni qızışdı. Otağın havasını təzələmək üçün pəncərənin bir tayını açdı. Təmiz havanı ciyərlərinə çəkib Qozluçaya tərəf baxdıqda kövrəldi. Dərindən ah çəkib ürəyindən gələn bayatını pəsdən Yetim Segah üstə zümzümə etdi:

– Əzizinəm Qarabağı,
Günümün qara bağı.
Gorbagor olsun cəllad
Kor qoydu Qarabağı.

Mən aşıq qəm daşıyan,
Od vurdum, qəm daşı yan!
Kimsə olmaz mənim tək
Dərd çəkib, qəm daşıyan...

Əslində o oxumurdu, ağı deyirdi... Viran qalmış bir yurd üçün ağlayırdı... Nahaq yerə deməyiblər ki: Qarabağda uşaq ağlayanda da muğamat üstə ağlayır...
– Aysu, oyanıbsanmı?
Qapını taqqıldadan Aksananın səsi onu öz aləmindən ayırdı. “Yaşatmaq üçün yaşamalıyam, taledən qismətimə belə məram çıxıb!”– deyib özünü ələ aldı.
– Oyanmışam, – deyib qapını açdı.
– Mənim sənə sürprizim var, – deyən Aksana onun yol çamadanını qapının kandarına qoydu. – Görürsən də, İvan sənin üçün nələr edir. O, tezdən evdən çıxandır, bunu başqası ilə göndərib. Onu gözləməyəcəyik, çay hazırdır, əl-üzünü yu, gəl. Sonra paltarını dəyişərsən.
– Çox sağ olun, – deyə Aysu salonun o başındakı yemək stoluna sarı gedən Aksanaya minnətdarlığını bildirdi.
Aysu “Əclaflar talanı da, oğurluğu da nizam-intizamla edirlər”, deyə düşünsə də, nadir bir tapıntıya rast gəlmiş kimi sevinirdi. Acı-acı gülümsəyərək atasının son zamanlar tez-tez təkrarladığı bir məsəli xatırladı: Allah kasıbı necə sevindirir? Əvvəlcə eşşəyini itirdib, sonra tapdırır və kasıb itirdiyi ulağını tapdığı üçün sevinir... Çamadan qızda qəribə hisslər doğurdu, onu kövrəltdi. Sanki bu çanta əlçatmaz bir dünyadan gəlmişdi... Yaxşı ki, çamadanın rəqəmlə bağlanan qıfılını ermənilər aça bilməmişdilər. Səliqə ilə yığdığı yol paltarları, əl-üz dəsmalı, həm özü üçün, həm də tanış, qohum qızlara hədiyyə üçün götürdüyü kosmetika qutuları, ətir və dezodorantlar, əl çantası, onun dibindəki gizlinc yerdə qədimi qəmə yerində idi. O, çantadan çıxardığı xalatını geyindi, cins şalvar və köynəyini, alt paltarını geyim dolabından asdı. “Ah, bu nə yaxşı oldu, Aksananı sevindirərəm”, – deyə Aysu bir kosmetika qutusu, bir şüşə ətir və dezodorant götürüb kənara qoydu. Əl-üzünü yuyub, saçını daradıqdan sonra onu gözləyən Aksananın yanına getdi. Gətirdiyi hədiyyələri ona uzadıb dedi:
– Buyurun, Aksana xanım, kasıbın olanından.
Aksana hədiyyələri görüb bərk sevindi. Əski bir sovet adamı kimi hədiyyələrdən çox ona üzərində gözəl rəsmləri olan, yaxşı tərtib edilmiş qutular təsir etmişdi.
-Müqəddəs Mariya, ilin-günün bu vaxtında dünyanın ucqar bir yerində belə gözəl hədiyyələr!.. Axırıncı dəfə nə zaman kosmetika işlətdiyim yadıma gəlmir, – deyə o, Aysunu qucaqladı.
Aksananı qınamalı deyildi. 1989-cu ildən, Bakı ilə əlaqələri kəsiləndən sonra Dağlıq Qarabağın təminatı xeyli pisləşmişdi. İran, Türkiyə vasitəsilə Azərbaycana gündəlik tələbat malları gəlirdi. Əsasən, Rusiya ilə əlaqələri olan Ermənistana, oradan da Dağlıq Qarabağa yalnız silah, sursat gətirilirdi...
Aksana Aysu üçün çay süzdü, yağ, pendir, yumurta və soyutma toyuq ətindən ibarət səhər yeməyini onun qabağına çəkdi:
– Sən başla, mən yemişəm, – deyib hədiyyələrini götürdü, özünü girəcəkdəki bədənnüma güzgünün qarşısına verdi.
Aysunun iştahası olmasa da hər təamdan bir az daddı. O, özünü məcbur edib tikələri ağzına qoyduqca fikirləşirdi: “Mən təkcə özüm üçün yemirəm. Körpənin ana bətnində sağlam maya tutub böyüməsi üçün, gərək ilk günlərdən əlimdən gələni eləyəm”... Gördüyü yuxu onu necə əfsunlamışdısa, özünü artıq ana hesab edirdi.
Bəzənib-düzənərək üz-gözünə boya çəkmiş Aksana güzgüdən aralanıb nazlana-nazlana ona yaxınlaşdı:
– Bir mənə bax, gör necə dəyişdim, düz on yaş cavanlaşdım. Sizdə bir məsəl var, gözəllik ondur, doqquzu dondur. Hədiyyələrə görə bir daha sağ ol, – deyib Aysunu qucaqlayıb öpdü. Onun sanki qələmlə çəkilmiş qaşlarını, qırmızı totuq dodaqlarını, al yanaqlarını indi görürmüş kimi heyrətləndi: – A, sən deyəsən heç kosmetika işlətmirsən?! Allah sənə təbii gözəllik verib. Bəs onda bunlar nəyinə lazımdır?
– Hədiyyə üçün alıb gətirmişdim. Mən yalnız ətir və təbii sürmədən istifadə eləyirəm.
-Ətiri başa düşdüm. Bəs o sürməyə nə ehtiyac var? Axı, sənin qaş-gözün qapqaradır?
-Sürmə təkcə bəzək üçün yox, göz xəstəliklərinin qarşısını alır, gözü işıqlı, təravətli saxlayır. Toz halında olan təbii sürməni Şərq ölkələrindən gətirirlər. Şərqdə lap balaca qızların da gözlərinə sürmə çəkirlər,– deyə Aysu Durna nənəsinin ona öyrətdiklərini xatırlayıb əlavə etdi: – Sürməni kipriklərin alt və üstünə nazik xətlə çəkirlər... Amma mənim sürməlik halım qalmayıb, – deyən Aysunun gözləri doldu. – Çox qəribə yuxu görmüşəm. Qarşıda məni çox ağır imtahanlar gözləyir... Müharibə qızışacaq, Azərbaycan od tutub yanacaq.
Xasiyyətcə mehriban, xeyirxah insan olan Aksana getdikcə Aysuya daha çox isinişirdi. Bəlkə də bu onun uzun müddət belə saf, təmiz, ürəyiaçıq bir insanla rastlaşmamasının nəticəsi idi. Yenicə tanış olduğu bu gənc qızın dərd içində belə üzülməsi onu çox təsirləndirdi:
– Görünür, narahat yatıbsan, başında qaynayan fikirlər yuxuna girib. Belə şeyləri vecinə alma.
– Yox, Aksana, mənim yuxularım düz çıxır. Mən yuxularıma inanıram.
– Bəlkə, bir musiqi dinləyək, kefin açılsın, – deyə Aksana aynabəndin bir küncündə qoyulmuş televizor və radio cihazlarına sarı getdi. Əvvəlcə televizoru qurdaladı. İvan evin damında xüsusi antena quraşdırdığı üçün onlar televizorla çox ölkələrin telekanallarına baxa bilirdilər. O, Aysuya xoş olsun deyə Bakının üstündə dayandı. Az.Tv 1-də konsert yox idi. Amma diktor çox həyəcanlı danışırdı. Aksana pultun düyməsini basıb başqa kanala keçirmək istədikdə rəngi avazımış Aysu yerindən sıçradı, dedi:
– Qoyun qalsın, Aksana xanım! Mühüm məlumat verirlər!..
Aksana televizorun səsini artırdı. Diktorun həyəcanlı səsi otağı bürüdü. Nəfəsini içinə çəkmiş Aysu diktora qulaq asdıqca rəng verib rəng alırdı... Kadr dəyişdi, ekranda Gəncənin baş meydanında əlisilahlı əsgərlərin əhatəsində dayanmış Surət Hüseynov göründü...
Halsızlıqdan divan balışına dirsəklənən Aysu dikələrək ona təəccüblə baxıb nə baş verdiyini tam anlamayan Aksanaya eşitdiklərini danışdı:
– Azərbaycan hərbi çevriliş, vətəndaş müharibəsi təhlükəsi qarşısındadır. Öz qüvvələrini Gəncəyə toplamış üsyançı polkovnik rəsmi Bakıya qarşı çıxır. Bu, onun işi deyil. Arxasında başqa dövlət durur, döyüşçüləri yerli muzdlulardan ibarətdir...
Sonra o istədi izah eləsin ki, bu olayların arxasında Rusiya durur. Rusiyanın hakim dairələri yerli muzdluların əli ilə Bakıda hakimiyyəti yıxmaq, öz qoşunlarını geriyə qaytarmaq, Azərbaycanı yenidən əsarət altına almaq xülyasından əl çəkməyib. Amma ürəyindəkiləri dilinə gətirmədi. Düşündü ki, bunları hələ yaxşı tanımadığı Aksanaya deməyin nə lüzumu? Zatı-kökü qatışıq Aksana nə qədər neytral bir adam olsa da, rus-sovet tərbiyəsi almışdı, yaxın keçmişdə bu regionda hakim xalqın nümayəndəsi olmuşdu...
Ekranda Bakının doğma küçələrini, həyəcanlı, kədərli sifətləri görən, doğma diktorun səsini eşidən Aysu kövrəldi, sanki ürəyini tutub sıxdılar... Bütün varlığını bir sızıltı sardı... İlıq göz yaşları yanağı aşağı selləndi...
Aysu öz dərdini unutmuşdu... O, Vətən üçün ağlayırdı. Öz övladlarının bir-birini qanına qəltan etməsi ilə fəlakətə sürüklənən Vətən üçün göz yaşı tökürdü... Xalqı, milləti üçün hıçqırırdı... Onun öldü-qaldısından xəbəri olmayan, əli qoynunda nigaran qalmış ata-anası, indi qəzəbdən, dərddən üzülən Toğrul üçün hönkürürdü...
Azərbaycanın başı üstünü yenə qara buludlar almışdı... O buludların yükü qan idi, qıpqırmızı qan...


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.