El dərdi, bala yanğısı

Dəyirmanlı camaatı yurdsuzluğunun üçüncü gününü yaşayırdı... Tifağı dağılmış kənd əhalisinin bir qismi üzüaşağı kəndlərdəki qohumlarının, tanışlarının evinə pənah apardı; digər qismi isə Bakıdakı, Sumqayıtdakı yaxınlarının yanına getdi. Hadrutu atəş altında saxlaya bilən Dəyirmanlının əldən verilməsi üzüaşağı digər kəndlərin də əhalisinin gözünü qırdı. Ümidsizliyə düçar olmuş adamların arasında bir kabus dolanmağa başladı. Bu kabus onların qulaqlarına pıçıldayırdı: “Torpaqları satıblar, qaçın canınızı qurtarın... yoxsa, sizləri də Xocalı, Dəyirmanlı müsibəti gözləyir...”
Qozludərə kəndləri boşalırdı... İmkanlılar arvad-uşağı çəkidə yüngül əşyalarla Horadiz dəmiryol stansiyasına, oradan Bakıya göndərirdilər.
Qozludərənin qurtaracağında, burdan o yana dağların kiçilib təpələrə çevrildiyi yerdə bir kənd vardı. Bu, Qozludərənin sonuncu kəndi idi. Üçüncü gün idi ki, qar kimi ağsaçlı bir kişi kəndin qırağındakı dikdirə qalxıb, saatlarla buradan hələ də tüstülənən Dəyirmanlıya, düşmənin fitnə-fəsadını, məkrli planlarını qoynunda gizləyən Hadruta baxırdı... Baxdıqca dərd-kədərdən əriyir, saatbasaat qocalırdı. O, Elbəyi müəllim idi. Üç gün öncəki ağlı-qaralı saçları indi dümağ olmuşdu. Al-qırmızı hamar yanaqları solmuş, sifətində qırışlar əmələ gəlmişdi. Ucaboy kişi yumağa dönmüşdü. Dərd üstən gələn dərd onun qəddini əymişdi... Qızını girov aparmışdılar... Qardaşı oğlu toy günündə gəlini ilə qanına qəltan edilmişdi. Dədə-baba yurdu yağmalanıb viran olunmuşdu...
“Onun namusuna toxunsalar, özünə əl qaldıracaq”, – deyə pıçıldayan ata yenicə açmış qızılgül kimi təmiz qızının erməni əsgərləri əlində çırpınmasını xəyalına gətirdikdə, təsvirə gəlməyən iztirab keçirirdi, az qalırdı ağlı başından çıxsın, bayılıb yıxılsın... Bu məqamda acı göz yaşları, sinəsindən qopan hönkürtü onun dadına yetirdi, yüngülləşib özünü ələ ala bilirdi.
“İnsanın üzü necə bərk olarmış...” deyə bu dərdə dözə bilməsinə təəccüblənən Elbəyi tez-tez Tanrıya yalvarırdı ki, qızını xilas etmək üçün ona güc versin, ümidini kəsməsin...
Əslində onu ümid saxlayırdı. Yerli Qarabağ erməniləri gəlmələr kimi deyildi. Onlar əksər hallarda əsir, girov düşmüş qadın və qızların namusuna toxunmurdular, gizlincə bu tərəfə xəbər göndərir, dostluğun, tanışlığın dərəcəsinə görə, bəzən təmənnasız, əksər hallarda isə pul alıb onları təhvil verirdilər.
Dəyirmanlını tutandan sonra erməni qüvvələri hücumu dayandırmışdılar. Ertəsi gün isə əsir götürülənləri, meyitləri dəyişdirmək üçün ratsiya ilə danışıqlara başlanmışdı. Azərbaycan tərəfi Ərturla Narçiçəyin, Qasım kişinin, qızları xilas edərkən həlak olmuş Elsevər adlı döyüşçünün cəsədlərini və girov götürülmüş Aysunu istəyirdi. Ermənilərsə əsir düşmüş iki əsgəri və bir neçə meyiti tələb edirdilər. Aysu üçünsə əlavə pul istəyirdilər. Lakin ikinci danışıqda ermənilər Aysunun verilməsi məsələsinin təxirə salınmasını, bunun ayrıca danışıq mövzusu olmasını bəyan etmişdilər. Aysunun da qaytarılmasını israr edən Azərbaycan tərəfinin təkidi, nə qədər pul tələb olunmasını bilmək istəməsi nəticəsiz qalmışdı.
“Onlar çox pul qoparmaq üçün belə edirlər”, deyə yerli döyüşçülər Elbəyi müəllimə təskinlik vermişdilər. Elə buna görə də Elbəyi müəllim arvadını Bakıya pul dalınca göndərmişdi. Qönçə xanım evdəki ehtiyatı götürməli, qohum və dostlara ağız açmalı, yığılan məbləği Toğrulla göndərməli idi. Elbəyi özü isə düşərgahını müəllim yoldaşı Rəfədinli Telmanın ata evində salmışdı. Bu evdə çox çörək kəsmişdi, ömrə-günə yazılan xoş vaxtlar keçirmişdi. Qardaşıgilin ailəsi isə çökəkdəki Qaratikanlı kəndindəki qohumlarıgilə sığınmışdı. Onun düşərgahını Rəfədinlidə salmasının əsas səbəbi kəndin dağın döşündə, hündürdə olması idi. Buradan bütün Qozludərə kəndləri, Hadrut əl içi kimi görünürdü. Dağın təpəsinə qalxıb güney tərəfə aşdıqda isə göz önündə qədim Cəbrayıl bölgəsinin bir parçası, hələ heç bir rəssamın çəkmədiyi gözəl bir mənzərə canlanırdı. Ön planda Balyat, Qaracallı kəndlərinin bağlarından, taxıl zəmilərindən, rəmələrindən başlayan, kətana köçürülməmiş bu tablo getdikcə kiçilib əriyən təpəliklərdə yaşıl adaları xatırladan Horovlu, Quycaq, Nüzkar və nəhayət, Arazın qırağındakı məşhur Mərcanlı, Maraylan kəndlərindən keçərək çayın o tayındakı Qaradağ mahalında tamamlanırdı.
“İnsan oğlu üçün ən ağır əzablardan biri namus və şərəfinə toxunan düşmən qarşısında öz acizliyini görüb, için-için ürəyini yeməsidir” – deyə fikirləşən Elbəyi 1990-cı ilin 20 yanvar qırğınını xatırladı. Birinci dəfə “acizlik əzabını” o vaxt sovet qoşunları Bakıya hücum edəndə – rus əsgərlərinin arasındakı Hayastan və Rostov ermənilərinin “ananızı belə ağladarıq” deyərək bərkdən söyə-söyə şəhərin giriş yollarını bağlamış əliyalın insanlara atəş açan zaman yaşamışdı...
İkinci dəfə isə indi yaşayırdı... Üçüncü gün idi ki, qızı düşmən əlində idi, heç nə edə bilmirdi. Əvvəlcə özünü lənətləyirdi ki, qızını gəlin otağına göndərməsəydi, birgə qaçıb qurtula bilərdilər. Amma sonra kəndin alınmasını təhlil etdikdə, mağardakı qız-gəlinin hamısının girov götürülməsini yada saldıqda görürdü ki, yox, yanılır.
... Elbəyi Aysu ilə Narçiçəyi qızlarla gəlin otağına göndərdikdən sonra ərzaq ehtiyatına baxmaq üçün həyətin aşağısına enmişdi. Toyun qızğın vaxtı ev qadınları buradakı talvarın altında salat hazırlamaqla, qab-qacaq yumaqla və s. işlərlə məşğul idilər. Yemək qazanları da burada asılmışdı, toyda kəsiləcək qoyunlar da bir kənarda bağlanmışdı. Elə bu dəm erməni əsgərləri mağara hücum çəkmişdilər. Onları görən Elbəyi sövq-təbii olaraq, keçmiş hərbçi kimi alçaq səslə göstərişlər verməyə başlamışdı:
-Əlinizdəkiləri yerə qoyun, səssizcə Böyük bağa gedin. Cınqırınızı çıxarsanız, ermənilər bura atəş açacaqlar.
Qönçə də içərilərində olmaqla iyirmiyə yaxın qadını Böyük bağa ötürüb üzüaşağı getmələrini tapşıran Elbəyi müəllim geri qayıdıb, ağacların arası ilə Aysugilin gizləndiyi otağa sarı getmək istədi. Bu zaman atışma qızışdı. Qasım kişi tapançasını çıxarıb bir erməni əsgərini gəbərtdi. Onun özünü də vurdular. Tapançası olan bir neçə nəfər də ermənilərlə atışa-atışa özlərinə Böyük bağa tərəf yol açmağa çalışdı. Mağarı mühasirəyə almış erməni əsgərləri yerə yatıb Böyük bağ tərəfi atəşə tutmağa başladılar. Qaçanlardan birini də vurdular. Ağacların arxasında daldalanıb 3-4 tapança ilə son güllələrinə qədər vuruşan həmkəndlilərinə heç bir kömək edə bilməyən Elbəyi naəlac qalmışdı. O, bu vəziyyətdə qızların yanına gedə bilməyəcəyini anladı. Güllələri qurtarmış həmkəndliləri geri çəkilərkən onlardan birini də vurdular. O yumbalanıb Elbəyinin daldalandığı ağacın yanında bənd aldı. Elbəyi ehmalca bu cavan oğlanı ağacın arxasındakı çalaya çəkdi, istədi yarasını sarısın. Amma tez də qərarını dəyişdi. Əvvəlcə onu təhlükəsiz yerə aparmaq lazım idi. Hadrut tərəfdən ermənilərin ikinci dəstəsinin gəlməsini hər an gözləmək olardı. Elbəyi kolluqların arası ilə əyilə-əyilə yaralını Böyük bağa tərəf çəkib aparmağa başladı. Əlli metr getmişdi, dönüb arxaya baxdı. Yaşıl çayırlığın üstündə qırmızı cığır salınmışdı. Oğlanı qan aparırdı. O, qan itirməkdən ölə bilərdi. Elbəyiyə vəhşi bir güc gəldi, bayaqkından ikiqat sürətlə onu Böyük bağın içərilərinə sarı çəkməyə başladı. Bağa girdikdən sonra qarşıdakı zoğallığın arxasına keçdi. Yaralını yerə uzadıb toxtaqlıq verdi.
– Qorxma, oğlum. Bu saat yaranı sarıyaram. Özünü necə hiss edirsən?
Bənizi qaçmış gənc gözlərini açdı:
– Qorxmuram, amma gücüm getdikcə tükənir.
Elbəyi onun yaralarını müəyyən etdi. Bir güllə sağ ayağının baldırına, o birisi sol çiyninin sümüyünə dəymişdi.
– Yaraların ölümcül deyil. Qanaxmanı kəsməliyik.
Onun bu sözləri gənci toxtatdı, gözlərində ümid işığı yandı.
– Sol əlimlə sağ ayağımı tərpədə bilmirəm. Amma sağ əlimlə sol ayağım normaldır. Avtomat olsa birəlli də ata bilərəm.
Gəncin döyüş əzmini itirməməsi Elbəyinin gözlərini yaşartdı:
– Kimin oğlusan?
– Məni tanımadınız, Elbəyi müəllim? Xalanız qızı Yasəmənin nəvəsiyəm, adım Buluddur.
– Maşallah, nə yaman böyüyübsən... İndi bu saat hər şeyi yoluna qoyarıq. Ən əsası budur ki, özümüzü itirməyək, – deyə Elbəyi həmişə özü ilə gəzdirdiyi kiçik cib bıçağı ilə Buludun yaralanmış qılçasında şalvarın ayağını uzunlamasına kəsdi, qısaqol köynəyini soyundurdu. Sonra özünün alt köynəyini çıxarıb iki yerə böldü, şok vəziyyətindən çıxıb azacıq özünə gəlmiş Buluda arxasını ağaca söykəyib oturmağa kömək etdi.
– Oğul, indi yaranı bişirib sarımaq lazımdır. Bizim nə spirtimiz, nə də yodumuz var. Durna nənə uşaq barmağını kəsəndə neylərdi? İşədərdi üstünə. İndi bunları sidiyinlə islat, yaralarını sarıyım, – deyə Elbəyi ikiyə böldüyü alt köynəyin bir parçasını cırıb Buluda verdi, üzünü yana çevirib dedi:
– Utanmaqdan keçib, bala, tez elə.
Bir neçə dəqiqədən sonra Elbəyi Buludun yaralarını sidikli əsgi ilə silib təmizlədi. Daha sonra qanaxmanı kəsmək üçün yan-yörələrindəki gicitkanların başındakı körpə yarpaqlardan, qantəpər otundan bir ovuc dərdi, onları suyu çıxana qədər yaxşıca ovub yumşaltdı, yaraların üstünə basıb ikisini də sarıdı. Qanaxması getdikcə azalan Bulud zəif səslə dedi:
– Məni ölümdən qurtardınız, Elbəyi müəllim. Allah əvəzini versin.
– Oğul, bu bizim borcumuzdur. Siz hamınız bizim balalarımızsınız, vuran əllərimizsiniz.
– Biz çalışdıq ki, gəlini başının qızları ilə xilas eliyək. Nə fayda, düşmən güc gəldi. Mənim deyiklim də gəlin otağında qaldı... – deyərkən Buludun gözlərində sanki ildırım çaxdı. Çox keçməmiş onun naməlum nöqtəyə zillənmiş qəzəb və nifrət dolu baxışlarını acizlik və gücsüzlük ifadəsi əvəz elədi... Bir cüt göz yaşı yanaqları aşağı yuvarlandı. Onun dərdi yurd-yuvasını dağıdıb sevgilisini aparan düşmənə qarşı heç nə edə bilməyən gənc bir aşiqin bu dünyada çəkdiyi ən ağır işgəncə idi...
Elbəyi hirsini boğmaq üçün dodaqlarını gəmirən Buluda pıçıltı ilə toxtaqlıq verdi:
– Özünü ələ al, oğul. Həyat davam eləyir. Yurdunu, sevgilini qaytarmaq üçün, intiqam almaq üçün sən yaşamalısan...
Elbəyinin dili bu sözləri desə də ürəyi yarpaqtəki əsirdi. Düşmən əlində qalmış qızını, qardaşı oğlunu, gəlini xatırladıqda dizləri titrədi, qolları boşalıb yanına düşdü. Onu qəhər boğduğu üçün sözünün gerisini gətirmədi. Əgər dillənsəydi Buluda qoşulub hönkür-hönkür ağlayacaqdı. Amma indi nəsə etmək lazım idi. Neyləsin? Yaralını burada qoyub geriyəmi, ciyərparasına köməyəmi qayıtsın? Geriyə qayıtsa o, əliyalın neyləyə biləcək? Yoxsa yaralı Buludu irəliyə aparıb camaata təhvil versin, orada girovları xilas eləmək üçün birgə tədbir töksünlər? Ətrafda insanı vahimələndirən bir uğultu vardı. Bağ çox qalın olduğundan yuxarıda mağar tərəfdəki səs-küy çox zəif, boğultulu şəkildə eşidilirdi, heç nə ayırd etmək olmurdu.
Amma deyəsən atışma kəsmişdi. Tərəddüdlər içində üzülən Elbəyi ağlın hökmünə qulaq asıb, son qərarını verdi və onu həyata keçirmək üçün zoğallıqdan çıxıb ehtiyatla ətrafdakı ağaclara göz gəzdirdi. Bağın içi təhlükəsiz idi. Ermənilər risk edib indi bura girməzdilər. O, yaxınlıqdakı cavan qızılağacın şaxəli budaqlarından birini dartıb gövdədən ayırdı, sürüyüb zoğallığa qayıtdı. Onun nə etmək istədiyini anlamayan Buluda dedi:
– Oğul, sənin yaraların ölümcül olmasa da ağırdır, təcili müalicə gərəkdir. Biz özümüzü camaata çatdırmalıyıq, hərbçilərlə əlaqə saxlamalıyıq. Sən yeriyə bilməzsən. Mən səni bu qızılağac şaxının üstünə uzadıb sürümək istəyirəm.
Sonra yan-yörəsindəki ətirli otları qoparıb şaxın üzərinə düzdü, Buludun etirazına baxmayaraq onu şaxın üstünə uzandırdı. Hər ehtimala qarşı əvvəlcə başını zoğallıqdan çıxarıb ətrafa baxdı. Kimsə yox idi... Allahı çağırıb ustufca şaxı sürüyüb zoğallıqdan çıxardı, yıxılmamaq üçün Buluda pıçıltı ilə salamat əli ilə şaxın gövdəsindən yapışmağı tapşırdı. Üzüaşağı olduğu üçün yük çox ağırlıq eləmirdi. Hər əlli-altmış metrdən bir o dayanır, çöməltmə oturub nəfəsini dərir, ətrafa qulaq verirdi. Təxminən üç yüz metrdən sonra o, sağ tərəfdə bir şaqqıltı eşitdi. Başını ehtiyatla qaldırıb ətrafa göz gəzdirdikdə arxadan onu səslədilər:
– Elbəyi müəllim, narahat olmayın, özümüzünkülərdir.
Sonra hər şey asanlaşdı. İki nəfər gənc onlara yaxınlaşdı, Buludu şax qarışıq götürüb yaxınlıqdakı şəlliyə apardılar. Kənardan içərisi görünməyən şəllikdə on nəfər vardı. Elbəyi müəllim onların bir neçəsini sifətlərindən tanıdı, həmkəndliləri idilər. İçərilərində tanımadığı əli avtomatlı hərbi geyimlilər də vardı.
Onlarla qısa söhbətdən sonra Elbəyi baş verən bu müsibət haqda ümumi bilgi ala bildi.
... Rusların da iştirak elədiyi erməni hərbi hissələri Dəyirmanlı kəndinin işğalından başqa üzüaşağı bir neçə kəndi atəş altda saxlaya bilən yüksəklikləri də tutmuşdular. Amma, nədənsə hücumu dayandırmışdılar. Həm texnika, həm də canlı qüvvə cəhətdən ermənilərdən geri qalan bizim müdafiəçilərin köməyinə əlavə qüvvələr gəlmədiyi üçün vurulub mövqelərindən çıxarılmışdılar. İndi hərbçilərlə kəndin müdafiəçilərinin bir məqsədi vardı: Nəyin bahasına olursa-olsun girov götürülmüş qız-gəlini azad eləmək!...
Bu sözləri eşidən Elbəyi tanımadığı səlahiyyət sahibi olan üçulduzlu zabitin boynunu qucaraq hönkürmüşdü. Təsirlənmiş zabit isə ona toxtaqlıq vermişdi:
– Professor, biz sizin yazılarınızı oxuya-oxuya böyümüşük... O qızlar bizim namusumuzdur. Namusumuz uğrunda ölümə də getməyə hazırıq... Allahın köməyi ilə qurduğumuz plan baş tutacaq. Kəşfiyyatçılarımız ermənilərin hərəkətlərini izləyib mənə məlumat verirlər. Bizim işimizi asanlaşdıran budur ki, kənddən Hadrut magistralına çıxan bircə maşın yolu var. Siz arxayın gedin. Bağın içi təhlükəsiz olsa da döyüş zonasıdır. Görüşənədək.
Sonra Elbəyini Buludu xərəklə aparan iki həmkəndlisinə qoşmuşdular. Onlar bağın içi ilə üzüaşağı qonşu Sarıca kəndinə üz tutmuşdular. Kəndin girəcəyində onları qarşılayanlar Buludu xəstəxanaya, onu isə kəndin baş kəhrizinin üstünə gətirmişdilər. Həmkəndlilərinin çoxu buradakı ağaclıqda oturmuşdu. Elbəyini görən qohum-əqraba onun başına toplaşmışdı. Ağlamaqdan gözləri şişmiş Qönçə, qardaşı arvadı Gülzar sual dolu baxışlarını ona dikərkən Elbəyi zabitdən eşitdiklərini danışıb onlara toxtaqlıq vermiş, səbrə çağırmışdı...
Yaxınlıqdakı hinduşkaların “həyəcan siqnalı” Elbəyini xəyaldan ayırdı. Şən halda qurtuldaşa-qurtuldaşa yem axtaran balalar “gizlən!” əmrini alan kimi qurtultularını xırp kəsib özlərini kolun içinə təpdilər.
Elbəyi uşaq vaxtı bu dağlarda çox hinduşka otarmışdı, bu maraqlı ev quşlarının “dilini” bilirdi. O, anaşla xoruzun baxdığı səmtə baxdı. Bir cüt çalağan çox hündürdə onların başı üstündə fırlanırdı. Özlərini didib tökən hinduşkalar balalarını qorumaq üçün döyüşə hazır idilər. Pipiklərini şişirtmiş xoruzun gözləri qan çanağına dönmüşdü. Deyəsən, çalağanlar, yanında insan dayanmış hinduşka sürüsündən bir şey apara bilməyəcəklərini anladılar, bir dövrə də vuraraq aralanıb getdilər. Çalağanların hücumdan vaz keçmələrini özünün qələbəsi sayan xoruz tüklərini qabardaraq boğazını irəli uzatdı, bir-iki ağız “qulu-qulu” eləyərək quqquldadı. Balalar sevincək kolluqdan çıxdılar... 50-ci illərin sonlarınadək bu dağlarda adamın ayağının altından addımbaşı kəklik pırıldardı. Bu quzeylərdə ətirli otlar dizəcən qalxardı. Buranın yemiliyi, turşəngi çox dadlı olardı. Günəşlidən tutmuş Xələc dağınadək bu silsilə dağların yamyaşıl quzeyinin nəyə görə “Qara quzey” adlandırılmasını Elbəyi o zamanlar anlaya bilmirdi. Universitetin şərqşünaslıq fakültəsinə girdikdən sonra çox sözlərin, yer adlarının mənasını öyrənib bilmək onun üçün maraqlı məşğuliyyətə çevrilmişdi... Heç demə, “qara” sözünün əski türk dilində bir neçə mənası varmış: “torpaq”, “böyük” və “qara rəng, boya”... Qara quzey – Böyük quzey demək imiş...
Hinduşka balaları öz valideynlərinin himayəsi altında yenidən Qara quzeyin döşünə yayılaraq şən səslə civildəşə-civildəşə sevimli yemləri olan çəyirtkə ovuna çıxdılar. Balalarının keşiyində ayıq-sayıq durmuş quşlara baxan Elbəyi pıçıldadı: “Bu quşca da olmadım, adar-madar bir balamı qoruya bilmədim...” Yenidən onu fikir apardı...
...Girov götürülənlərin pusquda olan döyüşçülər tərəfindən azad edilməsi xəbərini eşidən camaat kəndin başına sarı axışdı. Ölümdən betər dəhşətli bir bəladan qurtulmuşları qucaqlayan yaxınları sevindiklərindən ağlayırdılar. Gələnlərin içində nə Aysu vardı, nə Narçiçək, nə də Ərtur.

Hamının balası gəldi,
Bəs mənim balam hanı?

Bayatı çəkən Qönçə ilə Gülzar, Narçiçəyin anası bir-birilərini qucaqlayıb şivən qopardılar.
Girovluqdan qurtulanlar ağlaya-ağlaya Narçiçəklə Ərturun müsibətini, erməni əsgərlərinin etdiyi zülmü, Aysunu rusa oxşayan bir hərbçinin ayrı maşınla aparmasını xəbər vermişdilər...
– Balam hey!.. Qızım hey!..
Üzüüstə torpağa düşən Elbəyinin hayqırtısı hamını ağlatmışdı... Bunu ona sonra demişdilər... O, ömründə birinci kərə idi ki, belə bağırtı ilə hönkürmüşdü. Bu hönkürtü onun hüceyrələrindən tutmuş bəni-insanın hələ görə bilmədiyi auralarınadək bütün varlığından qopmuşdu... Bu hayqırtıda bala yanğısı vardı... Ədalətsizliyə, haqsızlığa, hətta Tanrının özünə qarşı üsyan vardı... Vəhşilik və zülmə qarşı qəzəb vardı... Amma bu hayqırtı onu xilas etdi: nəfəsini genişləndirdi, onu özünə gətirdi... Yoxsa boğulub bağrı çatlayardı, dərd üstündən dərd gətirərdi qohum-əqrabaya...
Elbəyi ona uzadılan fincandan bir qurtum sərin su içib, üz-gözünə bir-iki ovuc su vuraraq özünü ələ ala bilmişdi. Zəiflik göstərdiyinə görə özünü qınamışdı. O dözməli idi, bütün ağrılarını, hıçqırtılarını, göz yaşlarını udmalı idi, içəri verməli idi. O, yetim kimi boyunlarını burmuş, əlləri qoyunlarında qalmış, neyləməli olduqlarını bilməyərək stress vəziyyətinə düşmüş kənd camaatına yol göstərməli idi... Meyitləri almaq, Aysunu azad etmək üçün tədbir qılmalı idi...
– Müəllim, bayaqdan sizi axtarıram, qonaq gəlib, sizi gözdüyür.
Elbəyi diksinən kimi oldu. Geriyə baxdıqda ev yiyəsinin on iki yaşlı oğlunu gördü. Bu mahalın hər yerində olduğu kimi, Telmangilin də ata evinin çırağının keşiyində qardaşlardan biri dururdu.
Elbəyi saatına baxdı. On tamam idi. Düz iki saatdı burda dayanmışdı. Səhər xahiş-minnətlə ona içirdikləri bir stəkan südün üstündə idi.
– Oğlum, kimdi gözlüyən?
– Balyatdı Oruc müəllimdir.
Elbəyi tələbəlikdən dostluq etdiyi Orucla görüşə tələsdi.
Oruc aynabənddə açılmış çay süfrəsinin arxasında əyləşmişdi. Onlar görüşüb, qucaqlaşdılar, bir müddət beləcə dayanıb, hıçqırıqlarını içəri uddular, özlərini ələ alıb oturdular. Xeyli susdular. Sanki ağızlarını açmağa qorxurdular... Qorxurdular ki, ağızlarını açsalar, bayaq udduqları hıçqırıq içərilərindən çıxıb hönkürtüyə çevriləcəkdir.
“Yazıq Elbəyi, gör nə günə düşüb... Bala dərdi əymiyən qəddi heç nə əyə bilməz. Ata-ana üçün heç nəylə müqayisəyə gəlməyən əzabdır bu... Biçarə qız...” – deyə dostunun dərdini bütün ağırlığı ilə çəkən Orucun ürəyi göynəyirdi.
Elbəyinin həmişə təmkinli, vüqarlı görməyə adət etdiyi, iki yaş ondan böyük olan dostu indi uşaq kimi kövrəlmişdi. Orucun taleyi tələbəlikdən sonra üzünə gülməmişdi. Ucaboy, mütənasib bədənli, saf, təmiz insan olan Oruc çalışqan tələbə idi. Müəllimlər də, tələbələr də onun xətrini istəyirdilər. Xeyirxah, əliaçıq idi. Son tikəsini dostları ilə bölüşərdi. Evdən gələn üzlü motal pendirindən, nehrə yağından, beçə balından, əmlik ətindən bütün dostlarına pay verməsə, yaxud hamısını yığıb bir yerdə yeməsələr, rahat olmazdı. Oruc yaxşı da geyinərdi. Heyvandarlıqla məşğul olan böyük qardaşı, bu yerlərdə qoçaq, xeyirxah insan kimi tanınan atası Həmzə kişi Orucu korluq çəkməyə qoymurdular. İnstitutun son kursunda aspiranturaya hazırlaşırdı. Onu institutda saxlamağa razılıq verilmişdi. Çoxları onun simasında gələcəyin tanınmış alimini görürdü. Ən sevimli yeri laboratoriya idi. Kimyanı da, biologiyanı da eyni dərəcədə sevib öyrənirdi. Fakültənin ən gözəl qızlarından biri ilə sevişirdi. Öz gözəlliyini Zaqatalanın füsunkar təbiətindən almış Süsən ona layiq idi. Dərsdən sonra saatlarla gözləyib onunla institutdan qoşa çıxardı... Oruca zarafatla deyəndə ki, bir əldə üç qarpız tutma, ya kimyanı, ya biologiyanı, ya da Süsəni seç, o deyərdi: “Yox, onların üçünü də sevəcəyəm. Kimya ilə biologiyaya gəldikdə, onlar əkiz qardaşdırlar. Mən elmi işimi onların qardaşlığından, onları ayırıb birləşdirən amillərdən yazacağam, Süsən isə bunlar üçün katalizator olacaq”... Amma bütün bunların heç biri baş tutmadı. Qardaş sevgisi, ailə borcu Orucun gənclik istəklərinə qalib gəldi. Beşinci kursun ikinci semestrində diplom işinə çıxanda Oruca xəbər gəldi ki, böyük qardaşı, evin çörək ağacı, yeddi uşaq atası ağır xəstədir. Oruc gedib onu Bakıya gətirdi, məşhur həkimlərə göstərdi. Həkimlər onun xəstə ayağını saxlamaq üçün müalicənin illərlə uzanacağını, bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılacağını dedilər. Orucun qarşısında iki yol vardı: ya institutda qalıb aspiranturaya girmək, ya da təyinatını kəndə alıb işləmək, qardaşını müalicə etdirmək... Ya özü üçün yaşamaq, ya da ailəni yaşatmaq... Qardaş sevgisi, ailə borcu hər şeyə üstün gəldi. Oruc elmi işə olan böyük marağı ilə yanaşı, Süsənə olan sevgisi ilə də vidalaşmalı oldu. Süsən çox çalışdı, çox təkid etdi... Axırda yalvarıb dedi ki, özü də işləyəcək, atası da onlara kömək edəcək, təki nişanlansınlar, institutda qalsınlar.
Orucun simasında gələcəyin elm adamını görən institutun çox hörmətli professorları Verdiyevlər sevimli yetirmələri ilə görüşüb danışanda o demişdi: “Mən qardaşımın sağlamlığını, ailəmizin xoşbəxtliyini öz şəxsi uğurlarıma dəyişə bilmərəm. Onların başına bir iş gəlsə, ömrüm boyu özümü bağışlaya bilmərəm”.
Oruc dediyini elədi, təyinatını rayona aldı. Süsən də acığa düşüb, təyinatı öz rayonlarına aldı... Amma gözü yolda qaldı, Orucun elçiləri gəlmədi... Elbəyi bunun səbəbini bilirdi. Orucun maddi imkanı yox idi. Oruc bilirdi ki, evlənsə başı öz ailəsinə qarışacaq, qardaşını sağaltmaq mümkün olmayacaq... Süsən bir neçə il gözləyib ərə getdi. Orucsa düz on üç il sonra evləndi. Daha doğrusu, evləndirdilər... Evlənmək xatirinə evləndi... Çox qəribə idi ki, bu illərdə o, gözünün ucu ilə də kimsəyə baxmamışdı. Süsən ürəyindən çıxmırdı.
İndi onun dörd qızı, bir oğlu vardı. Oğlu ən kiçiyi idi. Böyük qızı Şəlalə Aysu ilə yaşıd idi, bir-birilərini tanıyırdılar, dostluq edirdilər. Şəlalə çox sakit, başıaşağı, çalışqan, işgüzar idi. Atasına çox bağlı idi, onun ixtisası üzrə təhsil alırdı. Bu il kimya-biologiya fakültəsini bitirirdi.
– Şəlalə gəlibmi? – deyə handan-hana Elbəyi dilləndi.
– Yox, hələ Bakıdadı, – deyə boğuq səslə cavab verən Oruc, birbaşa mətləbə keçib soruşdu: – İndi nə deyirlər, nə qədər pul istəyirlər, nə qədər toplaya bilibsən?
– Hələ dəqiq bir şey deməyiblər, gözləyirəm. Bu gün-sabah deməlidirlər.
– Elbəyi, bu xəbəri eşidəndən yata bilmirəm. Özün bilirsən, bizlərdə dollar-zad olmur. Mənim gümanım bu gəbəyə gəlir, – deyə Oruc gətirdiyi kisəni açdı, Qarabağ çeşnisi ilə toxunmuş qədim bir xalçanı çıxarıb yerə sərdi, etiraz eləmək istəyən Elbəyinin sözünü ağzında qoydu: – Xahiş eləyirəm, day başqa söz danışmayasan, bu bizim borcumuzdur. Gəbə qədimidir, nənəmin cehizidir, yüz ildən çox yaşı var, təbii boyayla boyanmışdır. Bu it uşağı belə şeylərin qiymətini yaxşı bilir. Daha kənddə-kəsəkdə qədimi gümüşdən, qızıldan kəmər, papaq, silsilə, canım sənə desin xalça, kilim, heybə, farmaş qoymadılar, on-on beş il qabaq camaatın xam vaxtında su qiymətinə alıb apardılar. Eşitdiyimə görə onlar çalıb çapdıqları belə xalçaları xaricdə çox baha satırlar. Sən ermənilərlə danışanda bu xalçanın adını çək, güman ki, tamahsılanacaqlar.
Elbəyi etiraz etməyə söz tapmadı, daha doğrusu, ilkin olaraq dilinə gələn sözləri də demədi.
Demədi ki, dədə-baba yadigarını, xalq sənəti nümunəsini öz əlinlə düşmənin ayağı altına atmaq şərəfimizi onun tapdağına vermək kimi bir şeydir. Lakin indi o, namus yolunda hər şeyi verməyə hazır idi. Balasını xilas eləmək üçün ömürlük qul olmağa, əsir olmağa hazır idi... Ermənilər qızını qaytarıb əvəzində onun gözünü, böyrəyini, lap ürəyini də istəsəydilər verərdi o... Bədən üzvlərini satmaq üçün onların əsirləri saxladıqları xüsusi gizli yerlərdə qurbanlıq qoyun kimi bağlanmasına razı idi o... Təki Aysunu buraxsınlar. O, ciyərparasının uğrunda hər əzaba mənən hazır idi.
– Hə, niyə fikrə getdin?
Orucun sözləri onu xəyaldan ayırdı:
– Düz deyirsən, bu onları tamahsılandıra bilər. Kəlbəcəri tutanda bəsdi deyincən qədim xalça-kilim apardılar. Bu da olsun onlardan biri... Çox sağ ol, qardaş, Allah əvəzin versin. Özün yaxşı bilirsən ki, Aysunu girov götürməsəydilər, mən heç vaxt bunu ermənilərə verməyə qıymazdım. Mən bu ilmələrdə, əski türk nişan və rəmzlərində nənələrimizin nəfəsini, buraya sərf elədikləri enerjini duyuram, dedikləri bayatıları eşidirəm... Allah heç birinizin başına mənim faciəmi gətirməsin...
Amma Elbəyi müəllim bilmirdi ki, Orucu hansı tale gözləyir... Heç Oruc özü də bilə bilməzdi...
– Ay Elbəyi, sən çox ölkələr gəzib görmüşsən, dünyanın gərdişini yaxşı anlayırsan. Nəydi bizim günahımız? Bəlkə mən bilmirəm, xalqımızın Allah-taala qarşısında günahı var? Bu faciələrə göz yuman dünya xalqlarının nəzərində bir taxsır sahibidir? Biz niyə bu günə düşdük? Erməni terrorçularının elədiklərinin yüzdə birini biz eləsək, atamıza od vurardılar. Sovet dövründə də belə idi, indi də belədir... Yoxsa bunun səbəbi bizim xristian olmamağımızdır?
Elbəyi həmişə siyasətdən kənar olmuş, başını aşağı salıb dərsini demiş dostunun bu sadə sualını dərhal cavablaya bilmədi. Sualın cavabı çox uzun idi... Buna görə də o, uzaqdan başladı:
– Düz deyirsən, elə birinci səbəb odur. Avropa nə qədər demokratikləşsə də, orada xristian amili çox güclüdür. Xristian dünyası orta əsrlərdə səlib yürüşlərində edə bilmədiyini keçən əsrdə etdi, islam dünyasına girişməyə başladı. Bunu Şərqdə – Qafqaz və Orta Asiyada rus imperiyası, Qərbdə – Şimali Afrikada Qərbi Avropa dövlətləri həyata keçirdilər. O zamandan bu təcavüzlərə qarşı islam dünyasının, türk ölkələrinin birləşməsinə çağıranları panislamçı, pantürkçü kimi qələmə verdilər. Bu proseslər indi də bu və ya digər şəkildə davam eləyir. Buna görə də erməni terroruna Qərbdə göz yumurlar, çoxları isə bunu xristianların “özünümüdafiəsi kimi” qələmə verir. Ermənilərsə uzun illərdir müsəlmanların onları sıxışdırıb zülm etmələri haqqında dünyaya məqsədyönlü iftiralar yayırlar.
– Bəs biz?
– Bizi onlar kimi təşkilatlanmağa qoymadılar. 20-ci ildən 50-ci illərədək bolşeviklər xalqımızın savadlı, təmiz, milli dəyərlərə söykənən oğullarını müsavatçı, pantürkçü, antisovet damğası ilə zindanlarda, Sibir tayqalarında, Qazaxıstan çöllərində çürütdülər. Məmmədəmin Rəsulzadə kimi böyük şəxsiyyəti xalq düşməni elədilər, ailəsini Qazaxıstan çöllərinə sürdülər, onların qurduqları dövləti, yaratdıqları bayrağı, müsavat ideyalarını dilə gətirməyi, qələmə almağı yasaqladılar. Meydan verildi millətin tör-töküntülərinə: yaltaqlara, iftiraçılara, kəmsavadlara, ikiüzlülərə... Onlar bolşevik baltasının sapına çevrildilər, öz həmvətənlərinə qənim kəsildilər. Erməni kommunistləri əski Dədə Qorqud oylaqlarında qurduqları dövləti yavaş-yavaş bir daha Azərbaycan torpaqları hesabına genişləndirəndə, öz uşaqlarını “Türk – sənin düşmənindir” deyə tərbiyə eləyəndə, uydurma genosidə abidə tikəndə, Qarabağda silah anbarı yaradanda, Azərbaycan türklərini günün günorta çağı Xankəndinin ortasında öldürüb, yandıranda bizim bolşeviklər Hayastanla qardaş olmaları haqda mahnılarla öz xalqını yuxuya verirdilər... 88-89-cu illərdə ermənilər münaqişəyə başlayandan sonra Moskvanın əmriylə bütün respublikada, Bakının özündə belə, evlərdə olan ov tüfənglərini də yığdılar. Ermənilərinsə avtomatlarla, raketlərlə silahlanmasına göz yumuldu. Sovet ordusu həm onları müdafiə edir, həm də silahlandırırdı. O zaman hələ sovet hökumətinin “mənəm-mənəm” deyən vaxtında KQB-də işləyən yaxın tanışımla görüşüb abrını ətəyinə bükdüm. Dedim ki, niyə oturubsunuz orda? Bəyəm, sizin erməni rayonlarında şöbələriniz yoxdur? Niyə onların silahlanması, diversiya dəstələri yaratması, xaricdəki terrorçularla əlaqələri haqda Moskvaya məlumat göndərmirsiniz? O, dərindən ah çəkib dedi ki, balıq başından iylənər. Kremldəkilər ermənilərlə əlbirdilər. Bizim göndərdiklərimiz Moskvada arxivdə yatıb qalır.
Birnəfəsə danışan Elbəyi söhbətinə ara verdi, gilənar mürəbbəsini qonağın qabağına çəkdi:
– Sən də mənim kimi danışmırsan ha, çayını iç, – deyib öz fincanını dodağına yaxınlaşdırdı. – Soyuyub, qoy təzələsinlər.
– Yox, içməlidir. Sən, deyəsən, çayı qaynar-qaynar içmək adətindən əl çəkməyibsən. Yadında saxla, isti şey mədəyə soyuq şey qəbul eləməkdən daha çox ziyan vurur.
Çaylarını içdikdən sonra Elbəyi sözünə davam elədi:
– Qaldı bütün kartların açılmasından sonrakı dövrə... Yəni Sovet hakimiyyəti dağılandan sonra ruslar açıqdan-açığa, ermənilərə kömək etməyə başladılar. Bizimsə başçımız olmadı. Birinci prezidentimiz küt getdi. Birinci katiblik kürsüsündən avtomatik olaraq keçib prezidentlik kürsüsündə oturmuş Ayaz Mütəllibov mülayim, humanist adam olsa da iradəsi zəif idi, qətiyyətsizlik göstərirdi, müstəqil qərarlar çıxara bilmirdi. Çünki o da Moskvanın buyruq qulu idi, indi yenə onun qoltuğuna sığınıbdır. O, torpaqlarımızı işğal etmək üçün çoxdan hazırlanmış planı olan ermənilərlə mübarizəyə yaramırdı. Erməni komandanlığı onu yumurta kimi dişinə vurmuşdu, görmüşdü boşdu, döyüşmək olar. 91-ci ilin noyabrında daxili işlər nazirimizi, baş prokurorumuzu, millət vəkillərimizi, bir sözlə 23 nəfər seçmə-saytal ərənlərimizi aparan vertolyotu Xocavəndin Qarakənd həndəvərində vurub saldılar. Sonra Yuxarı Qarabağda Azərbaycan kəndlərini bir-bir alıb əhalisini qırıb-çatıb qovdular, Xocalının başına o müsibəti gətirdilər, uşaqlı-qocalı yüzlərlə adamı vəhşicəsinə qırdılar. Ölkənin prezidenti isə bir-birinin dalınca gələn bu fəlakətlərin qarşısını almaq üçün bir şey edə bilmədi. Ordu yaratmaqda, xaricə işləyən qüvvələri susdurmaqda aciz qaldı... Nədənsə, son vaxtlar boğazım tez-tez quruyur,-deyə Elbəyi növbəti çay stəkanını əlinə götürdü.
– Əşi, mən onların başarısızlığını bizim Cəbrayılda gördüm, – deyə Oruc Elbəyinin sözünə dayaq verdi. – İki il qabaq yaz vaxtı bizim rayonun camaatı gözəl, səfalı yerlərimizdə məskunlaşdırılmış ermənilərə dedilər: madam ki, bizlə yaşamaq istəmirsiniz, gəmidə oturub gəmiçi ilə dava eləyirsiniz, çıxın bizim torpaqlardan. Sonra isə onları xoşaxoşluğunan bir yerə yığıb, Ermənistan sərhədindən o yana ötürdülər. Bir erməninin də burnu qanamadı. Bununla da həmin kəndlərdə xaricdən gəlmiş terrorçuların, yerli silahlı dəstələrin yerləşdirilməsinin qabağı alındı. Bu işdə uşaqdan böyüyə qədər, kəndçisindən tutmuş Bakıdakı ziyalısınadək bütün Cəbrayıl əhlinin böyük əməyi oldu. Rayonun polis rəisi əslən Ermənistandan olan Rəşid Məmmədov da igid ər idi. Deyirlər ki, ermənilər onun qardaşını hələ bu savaşdan qabaqlar elektrik mişarının ağzına verib iki parça eləmişlər. Ermənilər Rəşidin başına mükafat qoymuşdular və hey artırırdılar. Nə başını ağrıdım, hamı əl-ələ verib bu işi çox gözəl təşkil elədi. Amma payıza dönəndə, ermənilər Hadrutdakı rus hərbi hissəsindən aldıqları BTR və digər silahlarla iki tərəfdən hücum eləyərək o kəndlərdən ən mühümü olan Şayağı tutdular. Bizim Şayaqdakı postumuzda olan iyirmiyə yaxın polisimiz bir neçə gün döyüşmüşdü. Amma onlara heç bir kömək göndərilmədi. Rayonumuzda olan OMON-çuların komandiri ona Bakıdan göstəriş verilmədiyini deyərək döyüşə qatılmadı. Bakıya nə qədər teleqram, zəng vurdular xeyri olmadı. O mühüm postun ermənilərə satılması apaydın idi, – deyə Oruc müəllim əli ilə eyvandan yaxşı görünən, Hadrutun sol tərəfindəki başı dumanlı dağı göstərərək heyfsiləndi: – Oradan Hadrut əl içi kimi görünürdü. O yüksəkliyi qoruyan dəstəyə Süleymanlı Süleyman müəllimin oğlu mayor Qəhrəman komandirlik eləyirdi. Ermənilərin qəfil hücumu zamanı dəstə bir neçə nəfər itirsə də ölənəcən dayanacaqlarını ratsiya ilə məlumat vermişdi, kömək tələb eləyirdi. O zaman Rəşidi, elə bil, qəsdən rayondan aralamışdılar. Onun müavini Vaqif bir dəstə polislə Şayağın altındakı Zamzur kəndində döyüşürdü, Qəhrəmanın üzük qaşı kimi mühasirəyə alınmış dəstəsinə kömək eləmək istəyirdi. Onlar Zamzuru azad elədilər, amma Şayağa qalxa bilmədilər. Ermənilərin qüvvəsi həm çox idi, həm də iki BTR-ləri vardı.
– Hə, yadıma gəlir. Deyəsən, o kənddə on nəfəri diri-diri yandırmışdılar.
– Elədir, Zamzurun müdafiəçilərini məğlub edə bilmədiklərini görən ermənilər onların daldalandığı evə od vurmuşdular ki, çıxıb təslim olsunlar. Aralarında qadın da vardı. Amma heç kim çıxmamışdı, hamısı vuruşa-vuruşa yanıb kül olmuşdu.
– Bəs, Şayaqdakıların axırı nə oldu?
– Nə olacaq, heç nə... Bütün rayonun camaatı tökülüşüb gəlmişdi. Tələb eləyirdilər ki, bizə silah verin, özümüz gedək ermənilərin üstünə. Amma onları düşmən üstünə aparan bir kəs yox idi. Əksinə, rayonun bəzi məsul işçiləri çalışırdılar ki, camaatı sakitləşdirsinlər. Axırı bizim rayonun KQB-si ilə onlarınkı görüşüb danışdılar. Razılığa gəlindi ki, Şayaqdakı polis işçilərinə çıxış yolu verilsin. Vallah, o Qəhrəman hirsindən uşaq kimi ağlayırdı. Nə başını ağrıdım, indiyəcən açılmayıb ki, Şayağı kim verdi, neçəyə verdi...
– Məsələ məlumdur. Hər iki rayonun KQB-sinin başı bir yerə bağlıydı, ipin o biri ucu isə ermənilərin əlində idi. Faşizmə qarşı müharibədən sonra – 1948-ci ildən başlayaraq Daşnaksütyunla sovet KQB-si qardaş olmuşdu. Sovet dövləti dağıldıqdan sonra özümüzün təhlükəsizlik orqanları hələ təzə-təzə yaranırdı, paqon altda buyruq qulu olan çoxları bilmirdilər ki, kimə işləyirlər.
– Bəs indi? Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra niyə o satqınları iş başından götürmür? Niyə bizim orduda vəziyyət düzəlmir? Bu əsgərlərin hamısı pələng kimi döyüşməyə hazırdır. İndi meyiti ermənilərdə olan Elsevər adlı döyüşçü bizim Balyatdandır. Rəhmətlik min əziyyətlə Sovet ordusundan qaçıb gəlmişdi ki, dədə-baba torpaqlarını qorusun. Gələn kimi də könüllülərin dəstəsinə yazılmışdı. İki il idi ki, vuruşurdu...
– Allah rəhmət eləsin, özünü qızlarımızın namusu yolunda qurban verdi... Şəhid oldu...
– O könüllülərin hamısı belədir. Onların qabağına düşən olsa, düz Yerevana gedib çıxarlar. Amma aparan olmadı, Xankəndinin bir neçə kilometrliyindən geri qaytardılar ordunu...
– Hə, keçən ilin payızında Xankəndini ermənilərin gözləmədiyi bir istiqamətdən – şimaldan almağa bir neçə kənd və kiçik bir çay qalmışdı...
– Bəs niyə almadılar? Pişik asqırdı?
– Hücumun dayandırılması və düşmənin əks-hücuma keçməsinin iki səbəbi vardı: birincisi, xəyanət, ikincisi, ermənilərin həmin vaxt Sovet ordusundan onların payına düşən tankları və digər zirehli maşınları alması idi, – deyə dərindən ah çəkən Elbəyi sözünə davam elədi: – Rusiya yenidən Azərbaycana qayıtmaq üçün burda özünə dayaq yaradır. Qiyamçıların başına toplaşmış dəstələri silahlandırır. Ümumi siyasi məqsədlərdən başqa Gəncədəki rus hərbi hissələrinin komandirlərinin də öz şəxsi maraqları var: silah və texnika alveri.
– Yaxşı, indi biz neyləməliyik? Bu xalq təzədən geriyəmi qayıtsın?
– Geriyə yol yoxdur. Əgər indi köhnə imperiya tərəfdarı və erməni faşistləri ilə əlbir olan rus qüvvələri yenidən Azərbaycana qayıtsa bir millət kimi axırımıza çıxacaqlar.
Orucun sual dolu baxışlarını sezən Elbəyi izahata keçdi:
– Bax, məsələn, inəyinin yemini bol eləyirsən ki, yaxşı sağasan. Mindiyin ulağa arpa-zad verirsən ki, yük altında büdrəməsin. Əlqərəz, qapıdakı bütün heyvanlara, həyət-bacaya qulluq göstərirsən, can yandırırsan. Çünki hamısı sənin malındır. Əvvəllər, Rusiya da bu torpağı, içi biz qarışıq, özünün dədə malı hesab eləyirdi, indi onlar təzədən qayıtsalar, tamam başqa cür hərəkət eləyəcək, bizim axırımıza çıxacaqlar. Çünki dövran dəyişdi, çox yağlı tikələr Rusiyanın əlindən çıxdı. Artıq Azərbaycan Rusiya müstəmləkəsi deyil.
– Yaman amansız danışırsan ruslara qarşı.
– Yox, elə deyil, məni düz başa düşmədin. Söhbət bütün xalqdan deyil, imperiya ambisiyalı ruslardan gedir. Rus xalqı gənc xalqdır, onun yaranıb formalaşmasında slavyanlarla bərabər şimal tayfaları və türklər də iştirak eləmişlər.
Oruc çiyinlərini çəkdi:
– Nə bilim, vallah, biz dərs keçdiyimiz tarix kitablarında belə yazılmayıb...
– Yazmaq nədir, heç işarə də edilməyibdir. Əslində ruslar bizlərə qohum xalqdır. Bu qaynayıb-qarışma rusların Kiyevdən ayrılıb şimal-şərqə yayılmasından sonra poloves, peçenenq, avar, süvar kimi türk tayfaları, sonralar Sibir türkləri ilə başlanmışdı. Tatar-monqol yürüşlərindən bu yanakı dövrlərdə, Qızıl Ordanın süqutundan sonra indiki rusların əcdadları seçim qarşısında qalmışdılar: slavyan dilini götürsünlər, yoxsa türk dilini... İndi rus siyasətçiləri imperiya ambisiyalarından əl çəksələr, tarixi düzgün yazsalar, I Pyotrdan qalma doktrinalarında düzəliş eləsələr, çox udarlar, Orta Asiya və Qafqaz xalqlarını özlərindən uzaqlaşdırmazlar. Yoxsa dünyanın tərəzisi əyilməyə doğru gedəcək.
– Necə bəyəm?
– Yəni dünyanın balansı pozulacaq. Qabaqlar yer üzərində iki super dövlət vardı: ABŞ və SSRİ. Biri dünyanın bu üzündə idi, digəri o üzündə. Dünyanın tərəzisinin iki gözü də bərabər idi. Sovet dövləti dağılandan sonra dünyada tək bir super dövlət qalıbdır. İndi əgər Rusiya qonşulara qonşutək baxsa, onları yan-yörəsinə təzədən yığa bilsə, dünyanın balansı pozulmaz. Amma çətin...
Onlar gün əyilənə kimi söhbət etdilər, siyasətdən yorulub, ötən günləri yada saldılar. Sonra saata baxan Oruc üzrxahlıq elədi:
-Dəlini qonaq aparırlar, geri qayıtmaq istəmir, deyir ki, bura evimizdən yaxşıdır. Vallah, iş-güc olmaya, oturub sənə qulaq asasan. Yoxsa bu qəzetlərin hərəsi bir şey yazır, cərəyan eləyən hadisələrdən baş açmaq olmur. Amma neyniyim ki, ev-eşikdə işim başımdan aşır. On qoyunum, bir inəyim var. Dərsdən sonra ancaq vaxtım onlara baxmağa çatır. Məni saxlayan o heyvanlardır, bir də qapıdakı meyvə ağacları, bostan. Yoxsa maaşla külfəti dolandıra bilmərəm. Dörd qızın üstə bir oğul tapmışam, o da ən kiçiyidir, mənə əl yetirə bilmir.
“Eh, ehtiyac, ehtiyac!.. Bir vaxtlar elmi axtarışlardan, gələcək uğurlardan danışan Oruc indi ancaq ailəsini dolandırmaq üçün bir parça çörək haqqında düşünür...” Elbəyi təəssüflə fikirləşdi, amma özünə heç nə demədi. O, dostunu kəndin kənarınadək ötürdü. Buradan o yana Oruc qoymadı, “yanına gəlib-eliyən olar”, dedi.
İki dost, iki təmiz insan qucaqlaşıb ayrıldılar... Hər ikisi doluxsunmuşdu, bir-birini buraxmaq istəmirdilər. Özləri-özlərini başa düşə bilmirdilər. Bərk kövrəlmişdilər... Elə bil dünyanın sonu idi...
Ey gidi dünya!.. Onların ağlına belə gəlmirdi ki, hər şey arxada qaldı... Bu gün onların dostluq tarixinin son səhifəsi yazılıb elə buradaca nöqtə qoyuldu... Bu, onların son görüşü idi...

* * *
Elbəyi yoldan aralanıb dikdirə çıxdı, uzaqlaşan Orucu baxışları ilə ötürməyə başladı. İstərdi ki, onunla Xırxaya qədər getsin, bu qəribə yeri bir də ziyarət etsin. Xırxa Qozludərə kəndləri ilə Balyat, Qaracallı kəndlərini ayıran dağ silsiləsinin ortasında sağ-solu sıldırım qaya olan dar bir keçid idi. Bilmək olmurdu, bu qayaları insan əli yarmışdı, yoxsa ulu təbiət özü yol açmışdı... Dağın zirvəsində, su-zad çıxmayan bu keçiddə yaşı bilinməyən bir neçə iri dağdağan ağacı bitmişdi. Bu dağdağanlar Balyat dağlarının o üzündən də, bu üzündən də çox uzaqlardan görünürdü və gündüzlər yolçulara bir nişangah, bəlgə idi. Bu kəndlərdə odun qıt idi. Xəlvətə düşəndə yanacaq naminə ağac nədir, kol-kosa da dəhrə çalan camaat o dağdağanlara toxunmurdu. Xırxanı pir sanırdılar, oradan ötüb keçənlər dua edir, əhdi olanlar yolun kənarında qalaqlanmış daşların üstünə nəzir-niyaz da qoyurdular. Dağdağan da çinar kimi müqəddəs ağac hesab edilirdi. Bu bölgədə çinarlar öz əcəli ilə ölərdi. Onların qurumuş dümağ iri budaqları, sonra nəhəng gövdələri güclü küləkdən sınıb yerə düşər, çürüyüb torpağa qarışardı. Çinarı yandırmaq günah sayılırdı. Dağdağan ağacından isə bədnəzərdən qorunmaq üçün müxtəlif fiqurlar, amuletlər düzəldərdilər...
Xırxa yolu kəsə idi, çox dik olduğundan onunla nəqliyyat vasitələrindən ancaq at-eşşəklə getmək olardı. Əslində 50-ci illərdən sonra avtomobil yolları şəbəkəsi genişləndikcə, Xırxanın “yol statusu”nu alıb cığıra çevirmişdilər. Dağın o üzündəki güney camaatı Füzuliyə, Ağdama, Şuşaya, Yevlağa gedib-gəlmək üçün daha Xırxadan aşmırdı, bu kəndlərin aşağısından keçən avtomobil yoluna çıxırdı. Bu yol get-gedə əriyib kiçilən dağ silsiləsinin başına dolanıb yenidən Xırxanın tuşuna gəlir, sonra şimala sarı qıvrılırdı...
Dolanbac yollara baxan Elbəyinin gözləri yol çəkirdi. Onun gözlədiyi xəbəri bu yollar gətirəcəkdi... Hadrat və Qozluçay tərəfdən, Xırxadan, Xudafərin, Cəbrayıl tərəfdən gələn irili-xırdalı yollar “Dörd yol” deyilən yerdə yenidən ayrılmaq üçün birləşirdi... 35 il qabaq on yeddi yaşlı Elbəyi əynində ağ parusin şalvar-pencək, əlində taxta çamadan “Dörd yola” çıxmış, Bakı tikintilərində fəhlə işləyən həmkəndlisi ilə bir neçə saat gözlədikdən sonra yük maşınının kuzovunda Horadiz stansiyasına getmişdi. Sonra isə birinci vaqonda paravozun buraxdığı daşkömür tüstüsünü uda-uda Bakıya gəlmişdi. Buradan yollar onu şərqdə Tyan-Şan dağlarının ətəklərinə qədər, qərbdə Şimali Afrika səhralarınadək aparmışdı...
Çox diyarları gəzmiş, görmüşdü, çox mənzərələrə valeh olmuşdu. Amma onun üçün dünyanın ən gözəl guşəsi Qozludərə idi. Onun ağlı kəsəndə, ətrafındakıları duyub qavramağa başlayanda yaddaş deyilən anlam burada yaranıb formalaşmışdı. Ən ətirli çiçəkləri burada qoxulamışdı ilk dəfə... Bənövşəni, qızılgülü... Ən gözəl meyvələri burada dadmışdı ilk dəfə... Ağ tutu, qozu ... Ən saf, təmiz suyu burada içmişdi ilk dəfə və ona qismət olmayan ən gözəl qızı da burada görmüşdü... O, Günəşi, Ayı burada görmüşdü ilk dəfə... Gecələr göyün ənginliklərindəki saysız-hesabsız ulduzlara buradan baxıb heyrətlənmişdi... Bütün bu duyumlar, görüntülər, səslər onun ruhuna, hüceyrələrinə, qan yaddaşına hopmuşdu və sonralar bütün həyatı boyunca duyduqlarının məhək daşına çevrilmişdi, duyum etalonu, duyum ölçüsü olmuşdu... Onun duyğu üzvləri sonradan görəcəyi, eşidəcəyi, dadacağı, iyləyəcəyi bütün qoxuları, dadları, səsləri, boyaları, gözəllikləri Qozludərədə yaddaşına hopmuş duyğular süzgəcindən keçirib qiymət verirdi... Bəlkə Vətən sevgisinin əsası elə budur?.. İnsanın doğulduğu torpağa bağlılığı bəlkə elə buna görədir?
Oruc Xırxanı aşmamışdan yaxşı görə bilsin deyə yolun qırağındakı qayanın üstünə çıxıb dostuna əl elədi, bu torpaqda, Bu Dünyada son kərə Elbəyi ilə xudafizləşdi...
...Elbəyi dayandığı dikdirdən yola enməyib yuxarı çıxmağa başladı. O, kəndin kənarı ilə otların, çöl çiçəklərinin ətrini uda-uda səhər dayandığı yerə gəldi. Orucla söhbət onu tələbəlik illərinə aparmışdısa, çiçəklərin ətri uşaqlıq illərini xatırlatmışdı. Səhərkinə nisbətən özünü yaxşı hiss edirdi. Ürəyinin sıxıntısı bir az səngimişdi. “Sabah gərək sakitləşdirici dərmanlar tapdıram. Yoxsa...” – deyə pıçıldadı, amma “yoxsa”nın dalını gətirməkdən qorxdu. Ona xəstələnmək olmazdı. Hər halda Aysunu xilas edənədək ayaq üstə olmalıydı...
“Sənə gələn dərd-bəla mənə gəlsin, qızım”, deyə Hadrut tərəfə baxan Elbəyi, Allah bilir, neçənci dəfə idi pıçıldadı, yavaş-yavaş aşağı enməyə başladı.
Axşam yeməyindən imtina eləyən Elbəyi bir kasa qatıqla kifayətləndi. Onun üçün ayrılmış otağa keçib buradakı kiçik stolun arxasında əyləşdi. Qalın bloknotunu açdı. Bir müddət baxışları naməlum bir nöqtəyə dikilmiş halda xəyala daldı. Sonra qələmi götürüb, dolmuş ürəyini kağıza boşaltdı...
* * *
Həmin gecə Elbəyi pis yatmadı, səhər tezdən durdu. Hər halda yuxudan oyananda başı ağrımırdı, fikir – düşüncəsi qarışıq deyildi. Bu gün ağır və həlledici gün idi. Meyitləri dəyişəcəkdilər, Aysu üçün nə qədər pul istəmələrini xəbər verməli idilər. Elbəyi evdə qərar tuta bilmədi. Bağçada gəzişdi, bir az ağ tut yedi.
– Müəllim, çay-çörək hazırdır. Gəlin, bir loxma kəsək, – deyə ev sahibi Tərxan kişi onu səslədi.
Elbəyi üzüyola uşaq kimi fövrən yuxarı, aynabəndə qalxdı:
– Mən qəlyanaltımı səhər-səhər ağ tutla elədim.
– Əşi, tutun öz yeri, isti çörəklə pendirin, yağ-balın öz yeri.
Elbəyi gülümsəməyə çalışdı:
– Neyniyə bilərəm, qonaq ev yiyəsinin dəvəsidir, harada istəsə, orada xıxırdar.
– Elə demə, müəllim, bura sənin öz evindir.
Onlar süfrə arxasına keçdilər, “Bismillah” deyib əllərini nemətlərə uzatdılar. Tərxan kişi düz deyirmiş, doyunca tut yeməsinə baxmayaraq isti təndir çörəyi ilə pendirdən bircə tikə ağzına qoymaqla Elbəyinin iştahı açıldı.
Çaylar təzələndi, söhbət başladı. Dünən onlar görüşməmişdilər. Tərxan kişi obaşdan duraraq iş dalınca Horadizə getmişdi, gecədən çox keçmiş qayıtmışdı.
– Müəllim, bu işlərin axırı noolajaq?
– Hansı işlərin?
– Bu Gəncədə olanları deyirəm.
Elbəyi qəddini dikəldib soruşdu:
– Gəncədə nə olub ki?
– Bə bilmirsən, Gəncədə hökumətə qarşı çıxıblar. Dünən buntçularla hökumət qoşunu arasında atışma olubdu. Xeyli adam qırılıbdı. Bakıdan gedən hökumət adamlarını həbs eliyiblər. Horadizdə danışırdılar ki, onlar bununla dayanmıyajaq, düz Bakıya qədər gedəjəklər.
Elbəyi gözləmədiyi sualdan diksindi, cavab verməkdə aciz qaldı, sustalmış halda divana söykənib gözünü yumdu.
Tərxangilin balaca televizoru işləmirdi. Dünən başı Orucla söhbətə qarışdığından aynabəndin yuxarı başında qoyulmuş köhnə dəbli radionu da açmamışdı, ölkədə baş verənlərdən xəbərsiz qalmışdı. O, özünü ələ aldı, gözünü açaraq şaşırmış Tərxanın sualını cavablandırdı:
– Çox böyük fəlakət ola bilər. Qazandığımızı itirmək qorxusu var. 20-ci il təkrarlana bilər...
Sonra cəld gedib radionu açdı...Tərxanın dedikləri düz idi. Təzə bunu eşitdi ki, Gəncəətrafı rayonlar Surətə təslim olmuşdur.
Elbəyi paltarını dəyişdi, Qaratikanlıya gedəcəyini deyib üzrxahlıq elədi.
– Müəllim, bu günü bütün Qozludərə camaatı gözləyir. Mən də gedəjəm, intəhası su nobatım çatıbdı. Gözlüyə bilsən, yarımca saata ağacları sulayardım...
Elbəyi onu gözləyə bilərdi, doğrudan da hələ tez idi. Amma bir yandan evdə gözləməyə qərarı çatmırdı, digər yandan öz düşüncələri ilə yol yoldaşı olmaq istəyirdi. Eşitdiyi son xəbərlər onu sarsıtmışdı.
– Tərxan, hələ tezdir, sən tələsmə, işini gör, sonra gələrsən.
Həyətə girən UAZ maşınının siqnalı onun sözünü ağzında qoydu. Başını kabinədən çıxaran sürücü aynabənddən boylanan Tərxana salam verib, Elbəyi müəllimi xəbər aldı.
– Burdadır, buyurun evə, – deyən Tərxan ona yaxınlaşan Elbəyiyə sarı çönüb soruşdu: – Xeyir ola, bu ki bizim rayonun KQB-sinin maşınıdır?!
Maşından enən Toğrulu görcək Elbəyinin ürəyi dağa dönsə də kövrəldi, güclə Tərxana “Bizim kürəkəndir” deyib aşağı endi. Toğrul onu qucaqlayanda özünü saxlaya bilməyib hönkürdü. Professorun qısa vaxtda belə üzülməsi Toğrulu sarsıtdı, ona təskinlik verməyə söz tapmadı...
Elbəyi özünü ələ alıb toxtadı. Ev yiyəsi qonaqlara çay-çörək təklif elədi. Toğrul xaki rəngli mülki paltarda olsa da belinə tapança bağlamışdı. Onun etirazına baxmayaraq Elbəyi uzun yoldan sonra bir stəkan çay içməyi, yüngül qəlyanaltı eləməyi məsləhət bildi, bu gün qarşıda onları çox iş gözlədiyini vurğuladı. Toğrul qayınatasının sözünü yerə salmadı, bir stəkan çayı güclə içdi. Ağzına qoyduğu bir tikə yemək boğazından keçmədi. Birinci dəfə idi bu hal onda olurdu. Əfqanıstanda ölüm-dirim döyüşlərində belə o, yeməyindən qalmamışdı.
Elbəyi Toğrulu danışdırmaq üçün sözə başladı:
– Deməli, hərbi çevriliş haqqında gəzən söz-söhbət düz çıxdı. Bunun ardınca xalqı qırğına vermək üçün vətəndaş müharibəsi salacaqlar. Ermənilər də fürsəti fövtə verməyib, yeni torpaqlar işğal eləyəcəklər. Dəyirmanlıya hücum elə bu çevrilişlə bağlıdır. Erməni komandanlığı bunu bildiyi üçün qarışıqlıqdan istifadə etdi. Görəsən, bu olay Aysunu qurtarmağa əngəl törətməyəcək ki?
– Məncə yox. İndi baxaq görək bu vasitəçilər bir şey eliyə biləcəklərmi? Bunu Qönçə xala verdi, – deyə Toğrul əlindəki çantadan çıxardığı kağıza bükülü pulu və qızıl əşyaları ona uzatdı.
– Saymayıbsan ki?
– Yox. Miqdarı üstündə yazılıb.
– Yaxşı, bunu mənə niyə verirsən? Sən daha yaxşı saxlayarsan. İndi gedək Qaratikanlıya. Vasitəçilər ora gələcəklər.
Bir azdan onların oturduğu maşın dağ yamacı ilə üzüaşağı qıvrılan yolla çökəkdəki Qaratikanlı kəndinə üz tutdu. Yol boyu heç nə danışmadılar. Hərəsi öz daxili aləminə qapılmışdı... Hər ikisi Aysu haqqında fikirləşirdi.
Qardaşıgilin düşərgahına yaxınlaşan Elbəyini ağlaşma səsi diksindirdi.
Əzizim, laçın ağlar,
Göydə göyərçin ağlar.
Balası ölən ana,
Çəngələr, saçın ağlar.

Eləmi yasəmənsiz,
Gül bitməz yasəmənsiz.
Oğlu ölmüş analar,
Getməyin yasa mənsiz.

“Görəsən yenə nə bədbəxtlik baş verib, kimi öldürüblər?”
O, bu düşüncələr içində içəri keçdi. Aynabənddə xalçanın üstündə oturmuş qadınlar, ortada qardaşı arvadı, ağı deyib ağlayırdılar. Qardaşı Tapdıq, birisi hərbi geyimli olan iki nəfərlə pəncərənin yanında qoyulmuş divanda oturmuşdu. Tapdıq cib dəsmalını gözünə sıxıb sakitcə ağlayırdı. Qardaşını belə görən Elbəyinin ürəyi elə çırpındı ki, sanki indicə köksünü yarıb çölə çıxacaqdı.
– Noolub, qardaş? – deyə soruşan Elbəyi heysiz halda Tapdığın yanındakı yumşaq kürsüyə çökdü. Onun sinəsindən qopan bu adi iki kəlmə sualdan çox iniltiyə bənzəyirdi. Tapdıq cavab əvəzinə hönkürdü. Hərbi geyimli, rütbəsi bilinməyən 30-35 yaşlı oğlan üzünü Elbəyiyə tutub qırıq-qırıq sözə başladı:
– Professor, işlər yaxşı deyil... Ermənilər Ərturla Narçiçəyin meyidlərini vermədilər, kiminsə cəsədləri aradan çıxardığını dedilər. Amma başqa kanalla öyrəndik ki, onların komandanı bəylə gəlinin bu şəkildə dəyişdirilməsinə icazə verməyib. Səbəb də bunu gətirib ki, guya biz qanlarına qəltan edilmiş bəylə gəlinin şəklini çəkib qəzetlərə verəjəyik, xaricə yayajayıq, erməniləri ifşa eliyəjiyik.
– Bəs Aysu? Mənim qızım?!.
Oğlan baxışlarını yerə dikdi, sanki qızı qaytara bilməməyin günahı ondaymış kimi köksünü ötürdü, məyus halda dedi:
– Çox israr elədik, ayağımızı çox dirədik, nə istəyirlərsə verməyə hazır olduğumuzu bildirdik. And-aman elədilər ki, onlardan asılı deyil.
Mülki geyimli kişi də söhbətə qoşuldu:
– Elbəyi müəllim, mən də çox çalışdım, köhnə tanışlarım olan yerli ermənilərlə əlaqəyə girdim. Buncığazı öyrənə bildim ki, qız sağ-salamatdır, lakin komandirlərin əlindədir. Nə vaxt onu dəyişməyi, yaniki pul alıb qaytarmağı özləri müəyyən eliyəjəklər. Allah kərimdir, deyib dözməkdən başqa çarə yoxdur...
– Yox, bu məsələni taleyin hökmünə buraxmayacağıq... Allah kərimdir, kərimin də quyusu dərindir, deyiblər. Biz çalışmalıyıq. Bu məsələ ilə bağlı məni ən xırda, əhəmiyyətsiz görünən şeylər də maraqlandırır. Xahiş edirəm, mənim suallarıma cavab verəsiniz. Gəlin, əvvəlcə tanış olaq. Təhlükəsizlik nazirliyinin əməkdaşı kapitan Toğrul Ocaqlı.
Toğrul ilk əvvəl vasitəçilərin ad-familiyasını, iş yerlərini, vəzifələrini öyrəndi, sonra onlarla əlaqədə olan ermənilər haqda bütün məlumatları qeyd elədi. “Təhlükəsizlik nazirliyi” sözlərini eşidən vasitəçilər bir az özlərini itirdilər. Hərbi paltarlı oğlan hərbçi deyildi, hansısa yerli müdafiə təşkilatının üzvü idi. Toğrul girovların və ölənlərin dəyişdirilməsi ilə məşğul olan bu iki nəfərin vətəndaşlıq borcu və xeyirxahlıqla yanaşı özlərinin də şəxsi maraqları olmasını istisna etmədi, hər ehtimala qarşı onları hürkütməmək üçün dedi:
– Qız mənim nişanlımdır. Bilirəm ki, belə işlər pulsuz baş tutmur. Ona görə çəkinmək-zad lazım deyil. Gəlin, bu işə əncam çəkmək üçün birlikdə yollar axtaraq. Belə başa düşdüm ki, ermənilərlə əlaqələr iki ayrı-ayrı kanalla aparılır. Birisi açıq surətdə hərbçilərlə, ikincisi, gizli olaraq köhnə kirvələrlə. İndi mənə lazımdır, birincisi, qızın dəqiq yerini öyrənmək. İkincisi, “Komandirlər” deyəndə kimlər nəzərdə tutulur? Mənə konkret ad lazımdır. Bu xəbərləri verənlərə mükafat təyin eləyirik. Çox yaxşı olardı ki, qızın yaxını kimi məni onlardan ən etibarlısı ilə tanış eləyəsiniz. Bu mümkündürmü? – deyə Toğrul mülki geyimli kişidən soruşdu.
– Məncə mümkündür...
Qayınatasının bu sual-cavaba fikir verməməsi Toğrulu narahat etməyə başladı. Əslində Elbəyi heç Toğrulu eşitmirdi. “Allah kərimdir, dözməkdən başqa çarə yoxdur” sözləri sanki neştər olub onun ürəyinə sancılmışdı və kəskin ağrılar yandıra-yandıra bədəninin sol yanına yayılmağa başlamışdı. Sağ əli ilə ürəyini tutaraq, qızının düşdüyü ağır vəziyyəti xəyalına gətirən Elbəyi heysizləşdi, başı oturduğu kreslonun söykənəcəyindən köksünə düşdü, bircə kərə “Evim yıxıldı, balam əldən getdi!..” deyə bildi. Kişinin gözlərinin axıb başının yavaş-yavaş yan tərəfə sürüşməsini görən Toğrul əl atıb onu yıxılmağa qoymadı.
Sıçrayıb qalxan Tapdıq qışqırdı:
– Qardaş, bizə rəhmin gəlsin!..
Onun qışqırığı arvadların səsini kəsdi. Elbəyinin sağ əlinin ürəyinin üstə olmasını görən mülki geyimli qonaq üzünü Tapdığa tutub çımxırdı:
– Ə, özünü ələ al! Ürəyidi, xəstəxanaya bir adam qaçırt. Balyatdı Yusif həkim bura köməyə gəlib. Ancaq onu gətirin. Bilikli həkimdi.
Sonra onlar köməkləşib bənizi qaçmış, xırıltısı getdikcə artan Elbəyini divana uzatdılar, yaxasını açdılar...


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.