Oğurlanmış öpüş

İvan oyananda gün artıq əyilmişdi. Əl-üzünə su vurmaq üçün duşxanaya girdi. Hamam sanki başqalaşmışdı. Əslində, burada əlüzyuyanın üstündəki taxçaya qoyulmuş, Aysuya məxsus diş fırçası, pastası, daraq və dezodorantdan savayı yenilik yox idi. Odunla, kömürlə qızdırılan hamamda isti qadın nəfəsi duyulurdu. O, çoxdandı bu nəfəsdən məhrum olmuşdu. Qəribədir, Aksana demək olar ki, hər gün burada yır-yığış eləyirdi. Amma İvan onun varlığına, ruhuna təsir eləyən ilıq qadın nəfəsini duymurdu. İndisə... gözəllik duyğuları onu çuğlamışdı. Bu duyğular maraqlı bir həyatdan xəbər verirdi.
İvan yuyunub özünü sahmana saldıqdan sonra aynabəndə çıxdı. Aysu möhkəm işləyirdi: dolabdan çıxarıb yerə tökdüyü kitabların tozunu alıb iki yerə ayırır, ruscanı və azərbaycancanı başqa-başqa gözlərə yığırdı. Kitabların əksəriyyəti bədii ədəbiyyat, bir qismi isə tarixi oçerklər idi.
İvan kitabxanaçının işini yoxlamağa gəlmiş müfəttiş kimi kitabları ciddi nəzərlərlə gözdən keçirdi. Tanışlığa Azərbaycan bölməsindən başladı. Burada Nizami, Füzuli, Vaqif, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, İlyas Əfəndiyev, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Salam Qədirzadə, Sabir Əhmədov, Anar, Vaqif Bayatlı, Ramiz Rövşən, Kamil Nərimanoğlu və b. yazıçı və şairlərin kitabları vardı. “Rus bölməsi”ndə isə Tolstoyun, Lermontovun, Puşkinin, Qoqolun, Qumilyovun, Veliçkonun, Piqulun və digər yazıçıların kitabları düzülmüşdü. Qeyri-rus və Azərbaycan yazıçılarının tərcümə olunmuş əsərlərini Aysu ayrıca yığmışdı. Üzeyirbəyin kitabının tozunu alarkən onun ilk müəllimliyini Hadrutda başlamasını xatırlayıb qəribə duyğular keçirmişdi.
– Çox gözəl. Buraya divan, kürsü və jurnal stolu da qoysaq, olar əla bir mədəni istirahət guşəsi. Sovet dövrü olsaydı, rəhbərlik adından sizə yazılı təşəkkür edib mükafatlandırardım.
– Şifahi də bəs eləyər. İnsanın əməyini qiymətləndirmək həmişə xoş duyğular oyadır. Təəssüf ki, bizim günlərdə nəinki insanın əməyinə, yaratdıqlarına, heç onun özünə qiymət qoyulmur. İnsan həyatı çox ucuzlaşıb... – deyə Aysu onun atmacasını cavabsız qoymadı.
– Nə etməli, dünyanın beşdə birini tutmuş böyük bir dövlət dağıldı... Müharibədir, çox dəhşətli, amansız, heç bir qanuna tabe olmayan müharibə... Burada insan, kimliyindən asılı olmayaraq, əli avtomatlı əsgərin qarşısında peyda olursa, hədəfə çevrilir.
– Əslində, sovet dövründə də insana dəyərincə qiymət verilmirdi. İnsana müəyyən işi görmək üçün vasitə, istehsal üçün canlı qüvvə kimi baxılırdı, – deyən Aysu əli ilə Rəsul Rzanın kitabını göstərdi, – Şair “Sarı dana” adlı bir şer yazmışdı. Orada kolxoz fermasında bir dananın xəstələndiyi üçün rayon rəhbərlərinin bir-birinə dəyməsi, raykomun birinci katibinin şəxsən kəndə yollanması, bu dananın sağalması üçün əlindən gələni etməsi göstərilir. Danaya baxan gənc qız xəstələndikdə, Ona heç kolxozun sədri də baş çəkmir, qız ölür.
– Qəmgin, ibrətamiz hadisədir. Bu həqiqətən belə idi. Əsas insanın özü yox görəcəyi iş idi. Geniş kütlələri işlətmək üçün cəmiyyətə nümunə göstərməyə bir şey lazım idi. Bəs Nizami Gəncəvi necə baxırdı bu məsələlərə? – deyə İvan dolabdakı “Xosrov və Şirin” poemasını götürüb vərəqləməyə başladı.
– İnsan amili böyük Nizamidə birinci idi. O, cəmiyyətdə ədaləti bərpa etmək üçün bütün əsərlərində adil hökmdar obrazı yaradırdı. Bu onun romantik qayəsi idi.
– Amma deyirlər ki, o, fars şairidir. “Xəmsə”sini türkcə yox, farsca yazmışdır.
– Onun türkcə yazdıqları bizə çatmamışdır. Lakin onun öz əsərlərində türkləri şərəfləndirməsi, Azərbaycanı, xüsusilə Bərdəni, haqq və ədalət, namus və qeyrət rəmzi olan şahzadə Şirini çox incə duyğularla vəsf etməsi, Leyli və Məcnun poemasının sifarişçisi olan Dərbənd hakimi Axsitanın ondan öz dilində yox, farsca yazmağını tələb etməsindən şikayətlənməsi, qıpçaq qızı ilə evlənməsi şairin azəri türkü olduğunu sübut etmirmi? İndi rus dilində yazan bizim Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyovu, Qafqazın, Orta Asiyanın, yerli Sibir tayfalarının, Tatarıstanın rusdilli yazıçı və şairlərini biz kimə aid etməliyik?
– Məsələ məlumdur, – deyə İvan “Xosrov və Şirin”i yerinə qoyub Füzulinin “Leyli və Məcnun”unu götürdü, yarızarafat dedi:
– Deyəsən, klassiklərinizin əsas mövzusu ərəblərin eşq dastanı “Leyli və Məcnun” olub.
– Sizdə heç o da olmayıb, – deyə Aysu istehza ilə gülümsəyib, İvana sərt cavab verdi. – Mənə göstərin, XII əsri demirəm, XVIII əsrə qədər bir rus şairini?
İvan qaşlarını çatıb gözlərini tavana zillədi, yaddaşını qurdalamağa başladı. Aysu əsirliyini unudub birinci dəfə ürəkdən gülüb dedi:
– İvan Nikolayeviç, özünüzü yormayın, tapmayacaqsınız. Ona görə ki, yoxdur. “İqor polku dastanı”na da toxunmayın. Qazax filoloqu Oljas Süleymenov “AZiYa” kitabında rus ədəbiyyatçılarının fəxrlə göstərdikləri o dastanın türk tayfalarına məxsus olduğunu, sonralar rus dili formalaşmağa başlayanda tərcümə olunduğunu çoxdan sübut edib. Özü də bilirsiniz nəylə? Təkcə tarixi faktlarla yox, dastanın özündə olan söz və ifadələrlə. O kitab burda var, boş vaxtınızda oxuyarsınız, – deyə Aysu dolabdan götürdüyü kitabı İvana uzatdı.
Cavab tapmayan İvan da ürəkdən güldü. Onun kefinin durulmasının səbəbi Aysunun təbii halına qayıtması, onunla tay-tuş kimi davranması idi. Ona görə də bu mübahisədə məğlub olması vecinə deyildi. Necə ki, yeniyetmə vaxtı xoşuna gələn qonşu qıza şahmatda uduzarkən onunla bərabər əl çalmışdı, onun qələbəsinə, özünün məğlubiyyətinə görə sevinmişdi, gedib bir manat otuz qəpiyə “Nağıl” tortu almışdı.
Vəcdə gəlmiş Aysu hücumu dayandırmadı:
– Bizimsə bütün dünyada tanınan V-VII əsrlərə aid “Dədə Qorqud” dastanımız var. Nizamidən başqa onun çağdaşı Xaqanimiz, Məhsəti Gəncəvimiz var. Bunlardan çox-çox əvvəl Sibir qayalarında Orxon– Yenisey abidələrimiz var.
– Tamam, tamam, – deyə mübahisəyə girmək istəməyən İvan mövzunu dəyişdi. – Mənə Füzuli haqda bir az danışın. Çünki iraqlılar, xüsusilə ordakı türkdilli tayfalar onu sizin kimi deyil, Füzuli Bağdadi adlandırırlar.
Bu, Aysu üçün gözlənilməz oldu. Doğrudur, İraq türkmanları, oradakı Bayat tayfaları haqda onun bilgisi vardı. Lakin sevimli şairinin bu təxəllüsünü birinci dəfə idi eşidirdi. Amma özünü o yerə qoymadı, İvanın belə məlumat sahibi olması onu təəccübləndirdi:
– Siz Füzuli yaradıcılığı ilə tanışsınızmı?
– Yox, çox az məlumatım var. Səksəninci illərdə mən Bağdadda işləyəndə onun qəbrinin köçürülməsi ilə bağlı sizin şairlər hay-küy qaldırmışdılar.
Aysu ədəbiyyat tarixindən bildiklərini İvana danışmağa başladı:
– Ola bilər. Füzulinin dövründə Bağdad Şah İsmayıl Xətainin dövlətinə daxil idi və burada rəsmi dil azəri türkcəsi idi. Ümumiyyətlə, Səfəvilər dövləti yarananda İranda rəsmi dil türk dili olub. Şah İsmayıl Xətai Avropa dövlətləri ilə diplomatik yazışmaları türkcə aparırdı. Onun babası Uzun Həsən də dövlət işlərini türkcə aparmışdı. Uzun Həsənin anası Sara Xatun xüsusi səfir funksiyasını yerinə yetirirdi.
– Xanum əfəndi, Şərq üzrə mütəxəssis olsam da mən tarixçi deyiləm. Yalnız ərəb tarixi ilə bağlı məqamlardan məlumatlıyam. Mən Şərq musiqisini, şerini dinləməyi xoşlayıram, onlardan zövq alıram. İndi çox istərdim, o məşhur şairin yaradıcılığı ilə tanış olam, onun bir qəzəlini mənə tərcümə edəsiniz. Ərəbcə olsaydı, özüm oxuyub başa düşərdim.
– Bilirsiniz, ərəbcə də, farsca da mükəmməl bilən o böyük insan həmin dillərdə də yazıb yaratmışdır. Lakin Füzulinin də, bizim əsrin əvvəllərində yazıb yaratmış satirik şair Mirzə Ələkbər Sabirin də ruscaya tərcüməsi mümkün deyil. Hərfi tərcümədə isə onların əsərlərinin siqləti itir.
– Mən başa düşürəm, onlar əruz vəznində yazmışlar. Əruzu da tərcümə eləmək zor işdir. Mən istərdim ki, o qəzəllərdən bir-ikisini sətirbəsətir oxuyasınız, birlikdə tərcümə edək.
Aysu üzünə zoğalı rəngli cild çəkilmiş, nəfis tərtibatlı “Qəzəllər” kitabını götürüb vərəqləyə-vərəqləyə dedi:
– Füzuli eşq şairidir. O, özü gənc yaşlarında ustadının qızına aşiq olmuş, lakin bu ilk sevgi baş tutmamışdır. Şairin nakam sevgisinin vurduğu yara ömrü boyu sağalmamışdır. Əslində o, heç bu yaranın sağalmasını da istəməmişdir. Pərvanə aşiq olduğu şam işığının başına dolana-dolana qanadlarını yandırdığı kimi, Füzuli də eşq oduna yandıqca yanmaq istəyirdi. O, eşqinin verdiyi əzabın, işgəncənin daha şiddətli olmasını arzulayırdı, bundan ləzzət alırdı. Bax, elə götürək bu beyti, – deyə Aysu əzbər bildiyi məşhur qəzəldən bir beyt oxudu:

– Yarəb, bəlayi-eşq ilə qıl, aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

– Hə, bax bunu mənə tərcümə edin, – deyə İvan onu saxladı.
– Bu beyti belə izah etmək olar: Eşq bəlasına mübtəla olmuş aşiq Füzuli əllərini göyə qaldırıb rəbbinə yalvarır ki, onu eşq bəlasına aşina etsin və bir saniyə də onu bu eşq əzabından, eşq bəlasından ayrı salmasın.
Sonra o, məşhur “Məni candan usandırdı” qəzəlindən bir beyt oxuyub izahını verdi:

– Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı?

Burada şair göstərir ki, o, verilən cəfadan usanmışdır, amma sevgilisi ona cəfa verməkdən yorulmaq bilmir. Onun ahından göydəki ulduzlar alışıb yandı, özününsə arzusunun, muradının balaca şamı yanmır ki, yanmır...
Beləliklə, Aysu şairin bir neçə qəzəli ilə İvanı tanış elədi. Qıpqırmızı qızarıb pörtmüş İvan bu dəmlər tamam başqalaşmışdı. Onun donuq, bulanıq baxışları durulmuşdu. İvan qəribə hisslərlə yaşayırdı. O, içməmiş məst olmuşdu. Amma bilmirdi, bu məstlik Füzuli şerinin təsirindəndi, yoxsa onu böyük məhəbbət şairinin vəsf etdiyi gözəllərdən birinin dilindən eşitməsindəndi...
Füzulinin şerlərinin əfsunundan Aysu da İvanın kimliyini, bu imperiya əsgərinin ata yurduna təcavüz edənlərlə əlbir olmasını unutmuşdu; onu xalqının ədəbiyyatı ilə maraqlanan bir əcnəbi sanırdı.
– Bu eşq şairinin mey haqqında necə, şerləri varmı?
– Əlbəttə, var, bu saat tapım, – deyən Aysu növbəti qəzəli oxumağa başladı:

Cam içrə mey ki, dairə salmış hübab ona,
Ayinədir ki, əks salır aftab ona.

Zahid sual edərsə ki, meydən nədir murad?
Bizdə səfadır, onda küdurət, – cəvab ona...

Çeşmin mərizi oldu könül, ləlinə yetir,
Rənci-xumara düşdü, dəvadır şərab ona.

Təklifi-cənnət eyləmə kuyunda könlümə,
Çün cənnət əhlidir, nə verirsən əzab ona?

Məsduddur Füzuliyə meyxanələr yolu,
Ya rəb, hidayət eylə təriqi-səvab ona!

Qəzəldəki türk sözlərinin mənasını Aysunun tərcüməsi ilə anlayan İvan şeri tam başa düşdü. O, vəcdə gələrək:
– Əla, lap adamın ürəyinə işləyir. Bu qəzəllərdən sonra bir piyalə şərab içməsək, şairin ruhuna hörmətsizlik edərik, – dedi, sonra mətbəxdən bir şüşə evdə çəkilmiş, qan rəngli şərab və iki piyalə gətirib, kitab dolabının boş rəfinə qoydu, piyalələrdən birini ağzınacan doldurdu, o birisinə isə yarısına qədər süzüb dedi:
– Bunu içək o böyük şairin, hal əhlinin ruhunun sağlığına. O şairin ki, on altıncı əsrdən baxıb iyirminci əsrin gözəlini görmüş, onu incə məhəbbətlə təsvir etmişdir. Və o gözəl indi mənim qarşımda durubdur.
“Yenə başlandı” deyə fikirləşən Aysunun əhvalı pozuldu. Bunu sezən İvan onu qabaqladı:
– Bu mənim həyat tərzimdir. Xahiş edirəm, əhvalımı korlamayın, qaldırın piyaləni, bircə qurtum da olsa için. Görürsünüz, sizə lap az süzmüşəm. Söz verirəm ki, bircə piyalə içib dərsimizə davam eləyəcəyik.
– Siz bunu dərsmi hesab edirsiniz?
– Əlbəttə, mən Azərbaycan ədəbiyyatı ilə tanış oluram.
Aysu mübahisənin yersiz olduğunu görüb piyaləni qaldırdı, iki qurtum içib yerə qoydu. İvansa axıradək boşaltdı, sonra dolabdan növbəti kitabı götürüb, üz qabığında müəllifin kirillə yazılmış adını oxudu:
– Molla Pənah Vaqif... Şerlər... – sonra qımışaraq soruşdu: – Yəqin ki, bu, molla şairin dini şerləridir, mərsiyələridir...
– Yox, Vaqif də sevgi şairidir. Lakin o, Füzulidən fərqli olaraq xəyalındakı pəriləri yox, həyatdakı gözəlləri vəsf etmişdir. O, Azərbaycan şerində Füzulinin sevgi ilahəsini göylərdən yerə endirmişdir. Onun şerlərində vəsf olunan gözəllər gündəlik həyatda gördüyü alyanaqlı, saçlarını mərmər sinələrinə tökmüş, qoşaxallı Azərbaycan gözəlləridir. Vaqif Qarabağ hökmdarı İbrahim xanın vəziri olmuşdur. Əslən Qazax mahalından olan şairə elminə, savadına görə xalq Molla təxəllüsü vermişdir.
– Əgər söhbət Qarabağdan düşdüsə, istərdim onun haqqında məni yaxşıca məlumatlandırasınız. Bu başıbəlalı bölgə haqda biliyim çox azdır. Buraya gəlməzdən qabaq Qarabağı öyrənmək istədim. Moskva kitabxanalarında rusca olan mənbələrin çoxunun müəllifləri ermənidir. Azərbaycanlı müəlliflərin Qarabağ haqda əsərlərinə rast gəlmədim. Açığını deyim ki, sovet dövründə Rusiya ucqarlarında Qarabağ nədir, heç Azərbaycanı əməlli-başlı tanımırdılar. O zamanlar Moskvanı Afrika, Hind-Çin, Latın Amerikası maraqlandırırdı. Biz o ölkələri Qafqazla müqayisədə qat-qat dərindən öyrənirdik.
Söhbətin bu axarda dəyişməsi Aysunun ürəyindən oldu. Onun əlinə öz fikirlərini deməklə bərabər rus zabitindən bəzi şeyləri öyrənmək fürsəti düşmüşdü. Təmkinini pozmayan qız soyuqqanlılıqla dedi:
– Əvvəla, onu nəzərinizə çatdırım ki, Qarabağ haqqında qarabağlıların özləri ötən əsrdə, bu əsrin əvvəllərində kifayət qədər yazmışlar: “Qarabağnamə”lər zəngin xəzinədir. Son illərdə də bu mövzuda kitablar nəşr olunmuşdur. İş burasındadır ki, bu kitablar Moskva kitabxanalarına gedib çatmır. Məlum qüvvələr buna mane olurlar. İstəyirlər ki, oradakı mənbələr ancaq erməni müəlliflərinki olsun. Yaxşı, söhbətə hardan, nədən başlayaq? Sizi konkret nə maraqlandırır?
– Başlayaq elə onun adından, toponomiyasından: Qarabağ sözünün mənası nədir və bu ərazi nə vaxtdan belə adlanır...
– Atamın tədqiqatlarına görə, Qarabağ “Böyük bağlı-bağatlı torpaq” deməkdir. “Qara” sözünün türk dilində böyük, torpaq, yer mənası da var. Baxın, İranla Qarabağ bölgəsinin sərhədi olan Araz çayının o tayındakı digər Azərbaycan bölgəsi “Qaradağ” adlanır. Bunun da mənası “ böyük dağ, dağlıq yer” deməkdir. Ulu əcdadlarımız çox-çox qədimlərdə Arazın o tayındakı çılpaq, quru dağlarla sıralanmış, əkin üçün çox da yararlı olmayan əraziyə “Qaradağ” adını vermişdir. Arazın bu tayındakı əkinçilik üçün gözəl şəraitli, bağ-bağatlı, dağları yaşıl meşəli, kiçik çaylarla, bulaqlarla zəngin olan ərazini isə “Qarabağ” adlandırmışlar. Amma bu adların nə zaman verilməsi barəsində bilgim yoxdur.
– Ermənilər qədimlərdə bu yerlərin “Arsax” adlandırıldığını iddia edirlər.
Aysu qımışdı:
– Bunu elm deyir, bizdə də təsdiqləyirlər. Amma bu nəyi dəyişir? Eramızdan öncə Sibirdən tutmuş Kiçik Asiyayadək bu ərazilərdə türk tayfaları, saklar yaşamışlar. Biz elə onların törəmələriyik. “Ərsax” türk sözüdür, mənası “sak kişiləri” deməkdir. “Ər” kişi deməkdir, “sax” isə elə, “sak” sözüdür. Müqayisə eləyin, Saxalin yarımadası, bir vaxtlar Yakutiya adlanan Saxa Respublikası. Uraldan tutmuş Uzaq Şərqədək belə toponimlərə çox rast gəlmək olur. “Sak” toponiminin izləri Azərbaycanda çoxdur. Bizim qədim Şəki şəhərinin və xanlığının adı “sak” sözünün dəyişmiş formasıdır. “Ş” və “S” səsləri bir-birinin məxrəcidir. Məsələn, Azərbaycan və Anadolu türkləri “başabaş, beş”, Şimali Qafqazdakı Pyatiqorsk şəhərinin əsl adı olan “Beştau” kimi sözləri Qazaxıstanda “basabas”, “bes”, “Bestau”, “Şəki”ni isə “Səki” kimi tələffüz eləyirlər. Əsrin əvvəllərində indiki Ermənistanın ərazisinə daxil edilmiş qədim Zəngəzur bölgəsində də Şəki adlı yaşayış məntəqəsi vardı... Səksəninci illərədək orada azərilər yaşayırdılar. “Ər” sözü hələ gedib şumerlərə çıxır. “Şum erləri”, yəni əkinlə məşğul olan kişilər deməkdir. Fransız tarixçisi Elize de Rekyünün 1904-cü ildə ruscaya çevrilib Petroqradda nəşr olunmuş bir kitabı var. Orada göstərilir: Arilər Mesopatamiyada arxeoloji qazıntılara başlayanda ehtimal edirdilər ki, burada onların əcdadlarının qalıqları yatır. Amma ilk nəticələri aldıqda məyus oldular... Burada türk sivilizasiyasının qalıqları yatırdı... Antropoloji cəhətdən Kiçik Asiyada hethetlərinki kimi... Sizin tarix kitablarında onlar “xettı” adlandırılır.
– Çox maraqlıdır. “Ər” sözü gərək ki, bu gün türk dillərində geniş işlənir, – deyə İvan öz biliyini nümayiş etdirmək istədi.
– Doğrudur. Bu söz rus dilinə də girmişdir.
– Necə, necə? – deyə İvan təəccübünü gizlədə bilmədi.
Bu, Aysuya ləzzət elədi:
– Elədir ki, var. Sizin dildəki “bayar” ifadəsi “bay” və “ər” sözlərinin birləşməsindən yaranmışdır. Bu gün “bay, bey, bəy” sözləri bütün türk dillərində işlənir. Qəribədir ki, son əsrlərdə bu söz rus dilinə ikinci dəfə “bek” formasında tərcümə yolu ilə girmişdir. Amma bayar, deneq, tavar, tavariş, ataka kimi sözlər rus dilinə onun formalaşması dövründə keçmişdir.
İvan dikəldi:
– Siz nə danışırsınız? Rus dilində ən çox işlənən bu sözlər türk mənşəlidir?
– Bəli, İvan Nikolayeviç. “Ataka” – “ataq – atmaq” felindən düzəldilmişdir. “Tavar” sözü bizim dilimizdə bu gün “davar” kimi işlənir, xırdabuynuzlular belə adlanır. Qədim türklərdə, elə əksər xalqlarda da mal-dövlətin əsasını iri və xırdabuynuzlu mal-qara, at ilxıları təşkil edərdi. Davarla birgə işləyənləri “davar işi, tavariş” adlandırırdılar. “Deneq” sözü qədim türk sözünün dəyişilmiş formasıdır. Qazaxlar milli pullarını “tenqe” adlandırmışlar. Bizdə bu söz el arasında “tanqah” kimi işlənərdi. Mənim bir nənəm vardı, yaşı yüzü adlamışdı. O, dəyər, pul mənasında həmişə “tanqah” sözünü işlədərdi. Sizin silahdaşlarınız Dəyirmanlıya hücum eləyəndə onu vəhşicəsinə öldürdülər.
Gözləri dolan Aysunun səsi qırıldı, danışa bilmədi. Toy qırğınını xatırlayan İvan onun əlindən tutub özünü doğrultmağa çalışdı:
– Yox, onlar mənim silahdaşlarım deyillər. Mən nəhəng bir dövlətin ordusunun zabitiyəm. Mən əmri yerinə yetirirəm. İnanın ki, belə vəhşilikləri görəndə mən də özümü pis hiss edirəm...
Aysu özünü ələ aldı, “dərsinə” davam elədi:
– Qədim Qarabağ bölgəsinin təbii sərhədləri var: Cənubdan onu İranla Araz çayı, şərqdən, şimali-şərqdən Şirvanşahlar torpağı ilə Kür çayı ayırır. Qərbdə Kəlbəcər, Laçın dağları, cənub-qərbdə Zəngəzur yüksəklikləri əski çağlarda Qarabağa hücumları çətinləşdirirdi. Onun baş şəhəri Şuşa isə dağın başında, qayaların üstə salınmışdır. Qarabağ bölgəsinin dağlıq və düzən hissələrinin olması yaşayış, heyvandarlıq və əkinçiliyin birgə inkişafı üçün çox əlverişlidir. Qışda sürüləri düzən Qarabağdakı qışlaqlarda saxlayır, yayda isə dağlardakı yaylaqlara qaldırardılar. Bu torpaqlar tarixin müxtəlif dönəmlərində Arsax, Arran, Alpan, Qarabağ adlandırılsa da, burada atəşpərəstlik, xristian, nəhayət islam dinləri bir-birini əvəz etsə də əhalisi əsrlərlə beləcə yaşamış, eyni həyat tərzi keçirmiş, eyni dildə danışmışlar.
– O hansı dil olmuşdur?
– Qədim türk dili, oğuzların dili. Doqquz oğuz tayfası çox qədimlərdən bu torpaqlarda yaşayıb. Əgər onlar min üç yüz il öncə “Dədə Qorqud” kimi çox əski, mükəmməl bir kitab yaradıblarsa, görün, onların mədəniyyətinin qədimliyi haralara kedib çıxır. Bizim bir sıra tarixçilərimiz şumerlərin “Qilqamısı” ilə oğuzların “Dədə Qorqud”unda çox oxşar faktlar, sözlər, toponimlər tapıblar.
– Erməni müəllifləri türklərin buraya gəlməsini XI-XII əsrlərdə səlcuqların adıyla bağlayırlar.
– Doğru deyil. Səlcuqlar Azərbaycana da, Anadoluya da gəldikdə görüblər ki, buralarda onların dilində danışan xalqlar yaşayır. Azərbaycanda onlar qədim saq, hun, az, azər, xəzər, kazax, oğuz, bayat, tat, alpan, qıpçaq, sabir və s. tayfaların törəmələri olmuşlar. Dilin kökü bir olduğu üçün ləhcələr qısa müddətdən sonra bir-birinə çuğlamışdır. Beləliklə, onlarla türk tayfalarının dilləri Azər adı içində birləşmiş, cilalanmış, bir türk dili, türk xalqı kimi formalaşmışdır. Alimlərin əlində olan sənət-sübutlara görə Azər adının ən azı üç min il yaşı var. Bir çox yunan, bizans, ərəb tarixçilərinin əsərlərində Az ərləri, Azərbaycan haqqında tarixi faktlar təkzibedilməzdir. Əgər səlcuqlara qədər burda başqa dildə danışan xalqlar olsaydı, onların dilinin izləri, müəyyən sözlər bu gün danışdığımız dilə keçərdi. Bugünkü Azərbaycan türkcəsinin sözlüyünü qarşıya qoyub sözləri etimologiyasına görə araşdırdıqda hər şey aydın görünür. Dilçilər çox çətinlik çəkmədən qeyri-türk sözlərini – ərəb, fars, latın, rus, fransız, ingilis dillərindən keçmiş sözləri ayırd edirlər. Ortalıqda naməlum mənşəli sözlər qalmır ki, deyəsən: “bu filan xalqın dilidi”. Hər hansı bir dil başqasının təsirinə məruz qaldıqda, assimilyasiya olduqda belə, qalib dildə onun izləri qalır. Bu izlər sözlərdən, yer adlarından ibarətdir. Siz dilçisiniz, belə şeyləri yaxşı bilərsiniz.
– Xanum əfəndi, siz çox orijinal, məntiqi danışırsınız. Bütün bunlar mənim üçün yenidir. Amma belə məsələlərdə bir nəticəyə gəlmək üçün fakt əsas götürülür, sonra məntiq. Bəs alban izləri haqda nə deyə bilərsiniz?
İvanın bu iradı Aysunu küncə qısnaya bilmədi:
– Dildə izlərinə rast gəlinməyib. Dediyim kimi, bu bir daha sübut edir ki, onlar türk tayfaları ilə qohum xalq olmuşlar. Bu birincisi. İkincisi, toponimlərdə – yer adlarında izləri bu gün də yaşayır. Azərbaycanda Alpout, Alpan adlı yaşayış məskənləri vardır. Qazaxıstanda və Orta Asiya xalqları arasında özlərini “alpan” adlandıran tayfalar vardır. Üçüncüsü, “alp” sözü qədim türk dilində “yüksəklik, ucalıq” kimi işlənirdi. Bir çox sərkərdələr bu sözü özlərinə təxəllüs götürmüşdülər. XII əsrdə Alp Arslan Azərbaycan hökmdarı idi.
İvan qımışdı:
– Bəs necə oldu ki, bu xristian albanlar müsəlmana çevrildilər?
– İslama qədərki dövrdə Araz çayının o tayında, Cənubi Azərbaycanda atəşpərəstlik hökm sürürdü. Şimali Azərbaycanda isə əsasən xristianlığı qəbul etmişdilər, özü də ermənilərdən əvvəl. Qafqazda birinci olaraq III əsrdə əsası qoyulmuş xristian Alpan kilsəsi Şəkinin Kiş kəndindədir. Müsəlmanlar atəşpərəstlərə islamı qılıncla qəbul etdirdilər. Amma xristianlarla belə davranmadılar. Çünki islam dini “Tövrat” və “İncil”ə iman gətirənləri “Əhlu-l-kitab” hesab edirdi. Öz dinində qalmaq istəyənlər, bildiyiniz kimi vergi verirdilər.
– O vergiyə ərəbcə “cizyə” deyirdilər. Bəs sonra xristian albanlar – sizin adlandırdığınız o alpanlar haraya buxarlandılar?
– Yeri gəlmişkən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi ərəb əlifbasında “p” səsi yoxdur. Güman edilir ki, buna görə də bizim yazılı ədəbiyyatda “alpan” sözü “alban” kimi işlənmişdir. Bunu da bilməmiş olmazsınız ki, islamı qəbul etdikdən sonra Azərbaycanda 20-ci illərin sonunadək ərəb əlifbasıyla yazıb oxumuşlar. Buna görə mənim “alpan” sözünü işlətməyim sizi çaşdırmasın, – deyə haşiyə çıxan Aysu sözünə davam elədi. – Qaldı Alpan kilsəsi ilə erməni kilsəsinin münasibətinə, onların arasında yaranışlarından çox ciddi rəqabət vardı. İslam Azərbaycanda yayılmağa başladıqdan sonra Albaniyanın düzən hissəsində – Beyləqandan tutmuş Bərdəyə, Şəkiyədək islamı qəbul etdilər. Dağlıq yerlərdə isə xristianlıq davam elədi. Lakin Alpan kilsəsi erməni kilsəsindən asılı vəziyyətə düşdü. Min il sonra yenidən bir çox ailələr islamı qəbul etdilər.
– Nəyə görə? – deyə İvan təəccüblə soruşdu.
– On doqquzuncu əsrin əvvəllərində Rusiya Azərbaycanı tutduqdan sonra bir sıra dağlıq rayonlarda öz varlığını qoruyub saxlamış Alpan kilsəsinin axırına çıxdı.
– Bu ola bilməz. Necə yəni axırına çıxdı? Onları dağıdıb məhv elədi?
– Ona oxşar bir şey oldu. 1836-cı ildə çarın fərmanı ilə Alpan kilsəsi ləğv edilərək ermənilərə peşkəş olundu. Bununla iki kilsə arasında min ildən çox davam edən savaş bitdi. Ermənilər çardan mükafat aldıqları kilsələrin xaçını dəyişdirdilər, onların əmlakını və torpağını mənimsədilər. Xristian alpanları isə erməniləşdirməyə başladılar. Çünki doğum, ölüm, nikah, təhsil işlərini kilsə aparırdı. Buna dözməyən bir sıra alpan ailələri dönüb müsəlman oldular. Bizdə kənd var ki, yarısı müsəlman, yarısı xristiandır. Ailələr var ki, yarısı xristian, yarısı müsəlmandır. Azərbaycanda erməni qriqoryan kilsəsində ibadət edən elə tayfalar var ki, ermənicə danışmırlar.
– Qəribədir, birinci dəfədir eşidirəm. Kimdir onlar?
– Udinlər. Ötən əsrin ortalarından onların da soyadları “yan” şəkilçisi ilə bitir. Qriqoryan kilsəsinin bütün ayinlərini icra edirlər. Artıq tam erməniləşmiş, öz mənşəyi unutdurulmuş digər tayfalardan fərqli olaraq udinlər öz dilini, adət-ənənəsini qoruyub saxlaya bilmişlər.
– Onlar Qarabağın harasındadırlar?
– Udinlər Qarabağ civarlarından şimalda, Qəbələ və Oğuz bölgələrində yaşayırlar. Onların toplum halında məskunlaşdığı ən böyük yer Nic kəndidir. Ermənilər “miasum” hərəkatına başlayanda onlar qoşulmadılar. “Miasum”un mənasını bilirsinizmi?
– Bilirəm, “birləşmək” deməkdir. Bu hərəkat haqqında, Ermənistan parlamentinin Qarabağı özünə birləşdirmək qərarı haqqında geniş məlumatım var, – deyə İvan dilləndi. – Sözünüzü kəsdiyimə görə bağışlayın. Buyurun, çox maraqlı şeylər danışırsınız.
Aysu şagirdinin marağını cəlb etmiş müəllim həvəsiylə söhbətinə davam etdi:
– Ara qarışanda, o bölgədəki ermənilər köçüb getdikdə, udinlər yerlərindən tərpənmədilər... “Biz sizin kimi gəlmə deyilik ha, ordan bura, burdan ora köçək” dedilər.
– İndi onlar erməni-qriqoryan kilsəsində ibadətlərini davam etdirirlərmi?
– Bəli. Amma çalışırlar ki, Alpan kilsəsini bərpa etsinlər.
– Necə davranırlar, özlərini necə aparırlar?..
– Normal!.. Dövlət idarələrində çalışır, orduda qulluq eləyirlər. Familiyalarındakı “yan” şəkilçisini tullamışlar.
Birdən-birə sustalan Aysu susdu: “Axı bütün bunları nə üçün danışıram?.. Bu söhbətlərin nə faydası? Qarşımdakı bu rus hərbçisi, dünyanı gəzmiş, sirli, müəmmalı bu zabit məni nə dərəcədə anlayır? Bəlkə dediklərimlə özümə ziyan edirəm?” – deyə fikirləşdi. Onun yorulduğunu duyan İvan yaranmış pauzanı doldurdu:
– Mən belə bir mühazirəni heç yerdə dinləməmişəm. Dedikləriniz mənim üçün yeni olsa da onların doğruluğuna şübhə etmirəm. Lakin tam qəbul etmək üçün mənə vaxt, əlavə məlumat və dediyiniz kitabları oxumaq da lazımdır.
İvanın yerində deyilmiş sözlərində Aysu bir səmimilik duydu, bu onun xoşuna gəldi, bozarmış sifəti allandı. Aysunun özünün də bildiyi bir nöqsanı vardı: sifəti ona “xəyanət” edirdi... İçindəki duyğular, keçirdiyi hisslər üzündə güzgü kimi əks olunurdu. İndi qızın haldan-hala düşməsi peşəkar kəşfiyyatçı, insan psixologiyasını yaxşı öyrənmiş İvanın nəzərindən yayınmadı.
– Bir az fasilə eləyək. Qoy kompot gətirim, – deyib yemək stoluna tərəf tələsdi... Onun gətirdiyi çiyələk kompotu Aysuya ləzzət elədi. “Bu İvan çox qəribə adamdır” – deyə fikirləşən Aysu ürəyindəkiləri dilinə gətirdi:
– İvan Nikolayeviç, siz çox qəribə insansınız. Mənə elə gəlir ki, mələklə şeytan sizin cisminizdə yanaşı yaşayır.
Onun belə açıq danışması İvanın lap ürəyindən oldu. İstəyirdi bu qızla bir-birinin daxili aləminə girsinlər. O, qızın sözlərinə ürəkdən gülüb soruşdu:
– Mənim üçün çox maraqlıdır: bir bədəndə iki şəxsiyyəti necə görürsünüz?
– Bilirsiniz, indi siz yüksək intellektə malik, ədəbiyyatı, sənəti qiymətləndirən, zərif insani duyğularla yaşayan bir adam təsiri bağışlayırsınız. Amma hərbi paltarı geyəndə tamam başqa adam olursunuz.
– Yəni şeytan oluram, hə?
– Yox, əstəğfürullah, sizi təhqir etmək fikrim yoxdur.
– Siz narahat olmayın, Aysu xanum. Belə şeylərdən incimirəm. Yadınızda qalsın, dövlət qurumlarında çalışan məmur və qulluqçuların tutduqları vəzifə və gördükləri işlə şəxsi xarakterləri, daxili aləmləri bir çox hallarda bir-birinin tərsidir. Qaldı ki, mənim cismimdə şeytanla mələyin qoşa yerləşməsinə, burda pis bir şey görmürəm... Şeytan da mələkdir... Sadəcə o, Allahın dərgahından qovulmuşdur. Sizin yezidi kürdlərlə tanışlığınız varmı?
– Yox, – deyə Aysu çiyinlərini çəkdi. – Onlar haqda oxumamışam, atam da heç nə danışmayıb.
– Yezidi kürdlər şeytana sitayiş edirlər, onu “Tavus” mələk” adlandırırlar, digər mələklərdən – Həzrəti Cəbrayıldan, Əzrayıldan, İsrafildən üstün tuturlar.
Aysunun ona maraqla qulaq asmasını görən İvan ruhlandı:
– Onlar müsəlmanlara deyirlər: sizin peyğəmbəriniz bəni-insan olmuşdur, yaşayıb ölmüşdür. Bizim sitayiş etdiyimiz mələksə oddandır, nə istəyir eləyir. Bütün şər qüvvələr ona tabedir. Ona heç Allahın da gücü çatmır.
– Yaxşı deyiblər ki, çox gəzən çox bilər. Siz onları hansı ölkədə görübsünüz?
– Yezidi kürdlərlə İraqda təmasda olmuşam. Onlar Mosuldan qərbdə Suriya sərhədinə yaxın rayonlarda yaşayırlar. Mən onların bir vaxtlar məskunlaşdığı Sincər şəhərində olmuşam. 60-70-ci illərdə hakimiyyətin əleyhinə çıxmış yezidi kürdləri bu şəhərdən də, yaşadıqları digər məskənlərdən də sürmüşlər. İraq hökuməti ipə-sapa yatmayan bu satanistləri dağlardakı kəndlərdən düzənliyə endirdi, onlar üçün böyük qəsəbə saldırdı. Yeri gəlmişkən deyim ki, satana sözü ərəbcədəki şatana, şeytan sözləri ilə eyni kökdəndir.
– Bunu heç bilmirdim. Müsəlman kürdlərdən onlar çoxmu fərqlənirlər?
– Çox... Əvvələn, bir-birinin dilini anlamırlar. İkincisi, yezidi kürdlər müsəlmanları bir nömrəli düşmən sayırlar. Hesab edirlər ki, şeytana qarşı ən kəskin mövqe tutan müsəlmanlardır. Müsəlmanlar cümləbaşı “Allah şeytana lənət eləsin” deyirlər. Bu ona bərabərdir ki, yəhudinin yanında Musa, xristianın yanında İsa, müsəlmanın yanında Məhəmməd peyğəmbəri söyürsən. Savaşmasınlar deyə yezidi kürdlərlə iş görən ərəblər onların yanında bu ifadəni işlətməməyə çalışırlar. Daha sonra onların qiyafələri də müsəlman kürdlərinkindən fərqlənir. Yezidilərin kişiləri saç-saqqal uzadır, saçlarından bir neçə hörük hörürlər, başlarına ucu şiş papaq qoyurlar. Gecə onlarla rastlaşanda, elə bil şeytan özü gəlib durub qarşında... Yezidi kürdlər əkinçilik və heyvandarlıqla məşğul olurlar, qapalı həyat tərzi keçirirlər. Müsəlmanlarla – istər ərəb və türk, yaxud kürd olsun, fərqi yoxdur, məhdud şəkildə əlaqə saxlayırlar.
– Bəs onların qadınları necədir?
– Mən Sincər civarında qadın tayfasını çox az görmüşəm: uzun, əlvan güllü paltar geyirlər. Onların da gözləri kişilərinki kimi alışıb yanır. Lakin kişilərin gözündəki vahimə yaradan iblisanə parıltıdan fərqli olaraq qadınların odlu baxışı adamda ehtiras doğurur. Orada özünü sevgisinə qurban etmiş yezidi qadın haqqında eşitdiklərim məni çox təsirləndirdi, – deyə nəfəsini dərən İvan özünə bir piyalə qırmızı çaxır süzdü, birnəfəsə içdikdən sonra arxayın-arxayın siqaret yandırdı.
– İvan Nikolayeviç, danışın də, o nə hadisə idi, – deyə Aysu qeyri-ixtiyari kürsüsünü ona sarı çəkdi. Adətən, yaxın adamı maraqlı bir əhvalat danışanda Aysu belə edərdi, çənəsinin altına girərdi.
Yaxın oturan qızın cismindən, saçlarından gələn qadın ətri İvanın dərindən ciyərlərinə çəkdiyi havayla bütün varlığına yayılaraq bədəninə qızışma gətirdi, onu qəribə xoş bir əhval-ruhiyyə sardı. Belə duyğuları o, on-on beş il əvvəllərdə yaşamışdı. İvan özünü ələ alıb qızın xahişini yerinə yetirdi...
– Sincərdən 50-60 kilometr cənubda düzənlikdə Baac adlanan qəza mərkəzi vardı. Bizimkilər orda vacib obyekt tikməli idilər. Tanışlıq üçün oraya getmişdim. Yerli ərəblə qəsəbəni gəzərkən balaca bir dükanın sahibini göstərib dedi: “O oğlanı görürsənmi? Biçarə yezidi qızına evlənmişdi”. Mən boylu-buxunlu, yaraşıqlı sifətində dərd-qəm izi görünməyən dükançını nəzərdən keçirib, müsahibimdən bu əhvalatı axıracan danışmasını xahiş elədim. Çünki yezididən qız almaq bu yerlərdə mümkünsüz idi. Müsahibim dedi ki, bu oğlan yezidilərin köçürüldüyü, təzə salınmış qəsəbədə dükan açmışdı, alveri də pis getmirdi. Çünki yezidilər yaşadıqları rayondan nadir hallarda çıxırdılar, böyük şəhərlərə gedib ticarət eləmək məsələlərində zəif idilər. Əlqərəz, bu baqqal oğlan ərli bir yezidi qadını ilə sevişir. Qadın buna, bu da qadına vurulur. Oğlan dükanı satır, qadını götürüb aradan çıxır. Yezidilər polisə şikayət edirlər. Polis onları tapa bilmir. Düz bir ildən sonra yezidilər özləri dalda bir yerdə – Suriya sərhədinə yaxın kənddə gizlənmiş sevgililərin yerini öyrənib polisə nişan verirlər. Aşiqi-məşuqları tapıb gətirirlər. Qanuna görə əgər qadın iddia etsəydi ki, onu zorla götürüb qaçırıblar,oğlanı ağır cəza gözləyirdi. Yox, əgər qadın desəydi ki, onu heç kəs məcbur etməyib, özü sevdiyi oğlana qoşulub qaçıb, işə xitam verilirdi. Bunu qadına başa salıblar. Sevgilisinə axıracan sadiq qalan qadın məhkəmədə bildirib ki, onu heç kim məcbur etməyib, özü sevdiyi oğlana qoşulub gedibdir. Yezidilərlə hökumət arasında yeni konfliktin yaranmasını istəməyən polis, adətən, onların icmadaxili işlərinə qarışmırdı. Buna görə də qadını qanuni ərinə təhvil veriblər. Qadının əri, qohumları onu götürüb evlərinə aparıblar. Biçarə qadını necə cəzalandırsalar yaxşıdır?
İvan sözünə ara verib bir piyalə də çaxır içdi, ona qulaq kəsilmiş Aysuya məhəbbətlə baxıb söhbətinə davam elədi:
– Uzun sözün qısası, onlar qadının əllərini yük maşınının arxasına bağlayıblar. Sonra maşınla bütün qəsəbəni dövrə vuraraq qadın tikə-tikə olana qədər sürütləyiblər. Onu da deyim ki, yezidilərin öz aralarında namus məsələsi müsəlmanlardakı qədər güclü deyil. İş bundaydı ki, o qadın müsəlmanı sevmişdi.
Sözünü qurtaran İvan mütəəssir olmuş Aysunu başdan-ayağa süzdü. Birdən onda qarşısıalınmaz vəhşətli bir arzu baş qaldırdı. Aysunu qolları arasına alıb yataq otağına aparsın, bu gözəl rəsm əsərini ona baxmaq həsrəti ilə yanan tamaşaçısından gizlətmiş paltarları öz əlləri ilə soyundursun, qızı incə öpüşlərə qərq etsin, bayaqdan onu məst edən qadın qoxusunu içsin... İvan içindən gələn bu hisslərin təsiri altında öz qurbanına hücum edən ac qurd-təki qəfil hərəkətlə qızın belini qucdu. Onun danışdığı faciəvi əhvalatın təsirindən ayılmamış qızcığaz bu gözlənilməz həmlədən özünü itirdi, bilmədi neyləsin. İvan onu bağrına basıb saçlarının qoxusunu içinə çəkə-çəkə boyun-boğazını öpməyə başladı. O, sanki bir dəstə ətirli gülü, bənövşəni, inciçiçəyini qoxulayırdı... Özünə gələn Aysu çırpınmağa başladı. İvan ürkək, təcrübəsiz bala ceyranı günlərlə izləyib, nəhayət, yaxalaya bilmiş yalquzaq kimi öz ovundan möhkəm yapışmışdı. Ceyran başını qovzayıb yalquzağın “ağzından” çıxardı, qorxudan irilənmiş ahu gözlərini İvanın həm şərabdan, həm də onunla təmasdan xumarlanmış gözlərinə dikdi, inilti ilə pıçıldadı: “Bu sizə yaraşmaz, İvan Nikolayeviç...”
İvan bu ürkək baxışlara, qorxu qarışıq yalvarışla dolu sözlərə dözə bilmədi, qolları boşaldı... Bu köməksiz baxışlar onun yadına xoşagəlməz bir xatirəni saldı... Zorlanmaq təhlükəsi qarşısında qalmış belə baxışları o, birinci dəfə çox-çox illər bundan öncə görmüşdü...
İvanın tərəddüdündən istifadə eləyən Aysu qızıl ilan ağzından qurtarmış quşcığaz kimi kənara sıçradı, cib dəsmalıyla, onu murdarlayıblarmış kimi, boyun-boğazını sildi. Sonra yaxasının açılmış düyməsini bağladı, sövq-təbii olaraq qapıya tərəf boylandı. Biçarə qız, unutmuşdu ki, burada onları görəcək, haraya gələcək, yaxud gördüyünü başqasına danışacaq kimsə yox idi. İvan indi onun taleyində hakimi-mütləq idi. İnsaf yalnız və yalnız onun vicdanına qalmışdı...
Gözlərini yumub süstləşmiş İvanı kabinetindən gələn telefon zəngi ayağa sıçratdı. Beş dəqiqədən sonra o, hərbi geyimdə otaqdan çıxdı, hələ özünə gəlməmiş, başını əlləri arasına alaraq acı-acı hıçqıran Aysuya yaxınlaşdı, aralarında heç nə olmamış kimi:
– Hərbi təyyarəçilər hər havaya qalxanda vidalaşırlar... Onların arvadları axşam ərləri evə dönənədək ayaq üstə qalıb həyəcan keçirirlər. Hər uçuş ölüm riskidir. Bizlər isə hərbi tapşırığa gedəndə yaxın bildiklərimizlə sağollaşırıq, – dedi, girəvələyib qızın əlini öpdü. Onun sözlərindən çaş qalmış Aysu əlini çəkməyi unutdu, maraqdan çox həyəcanla soruşdu:
– Sizə nə ola bilər, axı? Siz demişdiniz ki, səngərdən güllə atmırsınız, döyüşlərdə iştirak eləmirsiniz.
– Orası elədir. Cəbhə xəttində hər şey ola bilər: snayper gülləsi, uzaqvuran topların mərmisi, havadan atılan bomba... Amma məni qorxudan arxadan atıla biləcək güllədir. Elə bilirsiniz mən bu ermənilərə inanıram? Lazım gələndə məni aradan götürmək onlar üçün bir qurtum su içmək kimi asandır. Di sağ olun, baş verənlərə görə üzr istəyirəm... Söhbətlərinizlə mənə xoş dəqiqələr bağışladınız.
– Sağ-salamat qayıdın...
Bu sözlər qızın dilindən bilaixtiyar çıxdı. İvanınsa üzü güldü, çox məmnun oldu... Dodaqları bala batmış kimi yalmandı... Ona elə gəlirdi ki, məqsədinə çatmaq üçün həlledici addım atılmışdır.
Bir azdan onun UAZ-ı darvazadan çıxdı.
Pəncərədən maşının arxasınca baxan Aysu İvan çıxarkən ona qeyri-ixtiyari dediyi sözlərə görə özünü qınadı. Sonra səhvini əsaslandırdı... Birdən İvanın başına bir şey gəlsə onun taleyi necə olacaq? Yox, erməni muzdlularının əlinə düşüb zorlanmaqdansa ölüm yaxşıdır. Amma özünü öldürmək asan məsələ deyil. Bunun üçün köməkçi vasitələr lazımdır. Ermənilərin əlinə keçməmək üçün qaya da yoxdur ki, özünü atsın, vəssalam. İndi o özünə necə əl qaldıra bilər? Özünü asmaq, bıçaqlamaq, damarını kəsmək, zəhər içmək... Zəhər tapmaq ola bilsin onun üçün çətin olacaq. Özünü bıçaqlayıb öldürə bilmək hər adamın işi deyil. Birdən bıçağı elə yerə vurar, ölməz, şikəst olar. Deməli, iki yol qalırdı... Bəs, gələcək oğlu? Yox, o, ikicanlı olmağını qəti yəqinləşdirməyincə qərar qəbul edə bilməz... Bu gün vaxtıydı, xəstələnməliydi. Amma xəstələnmədi. Əgər sabah, uzağı birisigün də xəstələnməsə, deməli yuxusu çin çıxmışdı, uşağa qalmışdı. Dördüncü həftədən sonra lap dəqiqləşəcəkdir. Onu yaşada biləcək, ölümlə mübarizədə dayaq dura biləcək yeganə stimul analıq hissi idi. Bu hiss diqtə edirdi ki, o, sevgisinin meyvəsini öz canı və qanı ilə yetişdirib bu dünyaya gətirməlidir. Bunu nəyin bahasına olursa-olsun etməli idi. Bu, qarşısıalınmaz bir istək, vacibiyyət idi. Ulu Tanrı bu duyğuları – nəslini davam etdirmək üçün hər bir fədakarlığa getmək əzmini bütün analara yaranışından bəxş etmişdir, aşılamışdır... Kiçik böcəklərdən tutmuş canlıların ən kamili olan insan üçün proqramlaşdırmışdır...


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.