MÜƏLLIFDƏN

Bu mənim ilk romanımdır. “Mənim” sözünü deyərkən ehtiyatlandığımı etiraf etməliyəm. Çünki əslində xalqın romanıdır. Qara qanla yazılmış bu tarixi dönəmlər onun taleyinin, keşməkeşli yolunun bir parçasıdır. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi qanla yazılan o tarixin iştirakçısı olmaq mənim də qismətimə düşdü. Xoşbəxtlik – sənətimin qazancıdır... Çoxları kimi mənim də gümanıma gəlməzdi ki, taleyüklü tarixi bir dövr yaşayacağam. Elə bir dövr ki, orada sevinclə qüssə, qürurla təəssüf qoşalaşmış olsun. Böyük Yaradanın imtahanına bax ki, neçə-neçə nəsillərin mübarizəsi ilə əldə edilmiş istiqlal sevincimizlə torpağımızın işğal olunub yağmalanması dərdi bir yerə düşdü, fəlakətimizə səbəb oldu.
Namərd qonşuların növbəti xəyanəti ilə başlayan Qarabağ savaşı ilk günlərdən jurnalist kimi məni də özünə qatdı. Xalqımıza qarşı aparılan bu ədalətsiz müharibə haqqında yalnız məlumatları dünyaya yaymaq, minlərlə insan taleyinin müşahidəçisi olmaq məni qane etmədi. Ona görə ki, başına gələn başmaqçı olar, deyiblər. Uzaq minilliklərin, yaxın yüzilliklərin müxtəlif dönəmlərində tarixi gerçəklikləri qədərincə kağıza köçürməmişik. Zaman keçdikcə müharibənin yaraları sağalır, üstündə göz yaşları tökülmüş qəbirlər, sərdabələr uçub dağılır. Çox şey unudulur... Amma yazılan qalır.
Millətimizin neçə illərdir qan verən yarasını bir roman çərçivəsinə salıb, təsvir etmək mənə mümkünsüz bir cəhd kimi görünürdü. Xalqımızın tarixində misli görünməmiş bu müsibətləri, ağır dərdi qələmə almağa uzun müddət cürət etməmişəm. Onu kiçiltməkdən qorxmuşam...
Hörmətli oxucu! Xahiş edirəm ki, bu kitaba Qarabağ savaşının bütün müsibətlərini özündə geniş ehtiva edən bir əsər kimi yanaşmayasınız. Mən ancaq görə bildiklərimi, duyduqlarımı, şahidi olub gecə-gündüz fikri ilə çuğlaşdığım olayları, tanıdığım insanların talelərini (bir çoxunun adını dəyişmədən) təsvir etməyə çalışmışam. Uzaq Sibirdən, Çin sədindən tutmuş Aralıq dənizinə qədər böyük bir ərazidə məskunlaşmış qədim bir millətin övladlarını başımıza gələnlərdən hali etməkdən ötrü romanı hərbi-siyasi, tarixi, məhəbbət süjeti üstündə qurmuşam...
Sizin rəy və fikirlərinizin romanın 2-ci hissəsi üzərində işləyən müəllif üçün çox böyük faydası olardı.

Tel/fax: 4958537;
e-mail: azernews@azeurotel.com


 

 

 

Copyright © 2002 AZERBAIJAN TODAY. | www.azerbaijantoday.com/qaraqan.
E-mail: cahidbdu@yahoo.com, cahid@azer.net, cahidbdu@hotmail.com, admin@azerbaijantoday.com
yahoo ID: cahidbdu, MSN ID cahidbdu, ICQ 339937971, web: www.ahiska.kimik.biz
designed by: namo Webeditor 5, Namo Interactive Inc.